Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2026 16:08

Milli oyanışdan müstəqil dövlətçiliyə doğru

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır. Belə günlər xalqın yaddaşında milli iradənin, azadlıq istəyinin və dövlətçilik düşüncəsinin təcəssümü kimi yaşayır. 17 Noyabr - Milli Dirçəliş Günü də məhz bu baxımdan tariximizin mühüm səhifələrindən biridir. Bu tarix Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq, milli hüquqlarını qorumaq və müstəqil dövlət qurmaq əzmini nümayiş etdirdiyi böyük bir xalq hərəkatının başlanğıcı ilə bağlıdır.

XX əsrin 80-ci illərinin sonlarında Sovet İttifaqında ictimai-siyasi vəziyyət getdikcə mürəkkəbləşirdi. Uzun illər vahid dövlətin tərkibində yaşayan respublikalarda milli məsələlər yenidən gündəmə gəlir, xalqlar öz hüquqlarının tanınmasını və gələcəklərini sərbəst müəyyənləşdirmək imkanının yaradılmasını tələb edirdilər. Sovet rəhbərliyinin elan etdiyi yenidənqurma və aşkarlıq siyasəti isə mövcud problemlərin həllinə deyil, bir çox hallarda onların daha aydın görünməsinə səbəb olurdu.

Həmin dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağ ətrafında baş verən hadisələr və sovet rəhbərliyinin bu məsələlərə münasibəti Azərbaycan cəmiyyətində ciddi narazılıq yaratmışdı. Xalq öz doğma torpaqlarının taleyinə biganə qala bilməzdi. İnsanlar baş verənlərə etiraz edir, Azərbaycanın ərazi bütövlüyünün qorunmasını və milli hüquqlarına hörmətlə yanaşılmasını tələb edirdilər. Artıq narazılıq ayrı-ayrı insanların mövqeyi olmaqdan çıxaraq ümumxalq hərəkatına çevrilirdi.

1988-ci ilin noyabrında Qarabağda Topxana meşəsinin qırılması ilə bağlı yayılan məlumatlar da cəmiyyətdə böyük narahatlıq doğurdu. Hadisəyə etiraz edən insanlar Bakının mərkəzində, o vaxt Lenin meydanı (indiki Azadlıq meydanı) adlanan ərazidə toplaşmağa başladılar. Noyabrın 17-də burada fasiləsiz davam edən kütləvi mitinqin əsası qoyuldu. Sonralar tarixə “Meydan hərəkatı” kimi daxil olan bu hadisə Azərbaycanın milli-azadlıq mübarizəsində yeni mərhələnin başlanğıcı oldu.

Meydanı dolduran insanların arasında müxtəlif yaşlarda, müxtəlif peşələrdə çalışan və ölkənin ayrı-ayrı bölgələrindən gələn vətəndaşlar var idi. Onları birləşdirən əsas məqsəd Azərbaycanın haqq səsinin eşidilməsi, Qarabağ ətrafında yaranmış təhlükənin aradan qaldırılması və xalqın hüquqlarının müdafiəsi idi. İnsanlar öz etirazlarını açıq şəkildə bildirir, milli maraqların qorunmasını tələb edirdilər.

Meydan hərəkatının ən mühüm xüsusiyyətlərindən biri xalqın birliyini nümayiş etdirməsi idi. Müxtəlif sosial təbəqələrə mənsub insanlar eyni məqsəd ətrafında birləşmişdilər. Bu birlik cəmiyyətdə milli özünüdərkin güclənməsinə, insanların öz tarixlərinə, dilinə, mədəniyyətinə və dövlətçilik ənənələrinə marağının artmasına təkan verirdi. Uzun müddət sovet ideologiyasının təsiri altında olan cəmiyyətdə milli kimlik və müstəqil dövlətçilik məsələləri daha açıq müzakirə olunmağa başlamışdı.

Sovet rəhbərliyi isə meydanda yaranmış ümumxalq hərəkatına təzyiq göstərmək yolunu seçdi. Noyabrın 22-də Bakıda komendant saatı tətbiq edildi, şəhərə əlavə sovet qoşunları gətirildi. Lakin bu tədbirlər insanların etirazını dayandıra bilmədi. Mitinq dekabrın əvvəlinədək davam etdi. Dekabrın 5-nə keçən gecə sovet qoşunları zirehli texnika tətbiq etməklə meydandakı insanları zor gücünə dağıtdı.

Meydanın boşaldılması xalqın azadlıq istəyini aradan qaldırmadı. Əksinə, həmin günlərdə baş verənlər cəmiyyətdə müstəqilliyin zəruriliyi barədə düşüncələri daha da gücləndirdi. İnsanlar anladılar ki, milli hüquqların, ərazi bütövlüyünün və gələcəyin etibarlı təminatı üçün öz dövlətinin taleyinə özü qərar verməlidir. Beləliklə, 1988-ci ilin noyabrında başlanan hadisələr təkcə etiraz mitinqi kimi deyil, Azərbaycanın müstəqilliyə doğru hərəkatındə mühüm tarixi mərhələ kimi yadda qaldı.

Bu hərəkatın əhəmiyyəti sonrakı illərdə baş verən hadisələr fonunda daha aydın görünür. 1989-cu ildə Azərbaycanda milli-azadlıq mübarizəsi daha geniş miqyas aldı. Xalqın siyasi fəallığı artdı, milli dövlətçilik ideyası ictimai düşüncədə möhkəmləndi. İnsanlar artıq yalnız mövcud problemlərin həllini deyil, Azərbaycanın gələcək siyasi taleyinin müstəqil şəkildə müəyyənləşdirilməsini istəyirdilər.

Bu hadisələr bir daha göstərdi ki, 1988-ci ilin noyabrında başlayan xalq hərəkatı ölkənin gələcək siyasi həyatına ciddi təsir göstərmişdi. Meydanlarda səslənən azadlıq çağırışları, milli birliyin güclənməsi və dövlətçilik düşüncəsinin inkişafı müstəqilliyə aparan prosesin mühüm tərkib hissəsinə çevrilmişdi. Əlbəttə, müstəqilliyin bərpası yalnız bir hadisənin nəticəsi deyildi. Bu, xalqımızın uzun illər ərzində apardığı mübarizənin, tarixi dövlətçilik ənənələrinin və milli iradəsinin nəticəsi idi. 17 Noyabr isə həmin mübarizənin yaddaşlarda xüsusi yer tutan başlanğıc mərhələlərindən biri oldu.

1992-ci il oktyabrın 27-də qəbul edilmiş qanunla 17 Noyabr - Milli Dirçəliş Günü elan edildi. Bununla da xalqımızın azadlıq mübarizəsində mühüm yer tutan həmin tarixi hadisəyə dövlət səviyyəsində hüquqi qiymət verildi. Hər il qeyd olunan bu gün Azərbaycanın müstəqillik tarixini, xalqın milli birliyini və azadlıq uğrunda mübarizəsini xatırladır.

Milli Dirçəliş Gününün əhəmiyyəti yalnız keçmiş hadisələri yada salmaqla bitmir. Bu tarix müstəqilliyin necə böyük çətinliklər hesabına əldə olunduğunu və dövlətçiliyin qorunmasının nə qədər vacib olduğunu xatırladır. Çünki müstəqil dövlətə sahib olmaq qədər onun suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq da mühüm vəzifədir. Bu vəzifənin yerinə yetirilməsində güclü ordu, milli birlik və vətəndaş məsuliyyəti xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın müasir tarixində bu həqiqət 2020-ci ildə Vətən müharibəsi zamanı bir daha təsdiqini tapdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük müharibədə torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi bütün ərazisində bərpa olundu. Beləliklə, xalqımızın uzun illər gözlədiyi tarixi ədalət təmin edildi.

Bu zəfərlər təkcə hərbi uğur deyil, həm də milli iradənin, dövlətçilik əzminin və xalq-ordu birliyinin təntənəsi idi. Bir vaxtlar Azadlıq meydanında Azərbaycanın haqq səsini ucaltmaq üçün bir araya gələn xalqın övladları illər sonra Vətənin müdafiəsi uğrunda çiyin-çiyinə döyüşərək öz tarixlərini yazdılar. Bu iki tarixi mərhələni birləşdirən əsas amil Azərbaycanın azadlığına, müstəqilliyinə və ərazi bütövlüyünə olan sarsılmaz bağlılıqdır.

Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısıdır. Müasir silah və texnika ilə təchiz olunan, peşəkar kadr potensialına malik olan ordumuz qarşıya qoyulan vəzifələri yüksək məsuliyyətlə yerinə yetirir. Hərbi qulluqçularımızın Vətənə sədaqəti, döyüş hazırlığı və peşəkarlığı müstəqil Azərbaycanın gücünü nümayiş etdirir. Ordunun qüdrəti isə yalnız texniki imkanlarla ölçülmür. Bu qüdrətin əsasını Vətən sevgisi, milli-mənəvi dəyərlərə bağlılıq, intizam və xalqın dəstəyi təşkil edir.

Milli Dirçəliş Günü gənc nəsil üçün də mühüm tarixi dərsdir. Bu günün mahiyyətini anlamaq üçün 1988-ci ilin hadisələrini, xalqımızın hansı çətinliklərlə üzləşdiyini və müstəqillik uğrunda hansı mübarizəni apardığını bilmək lazımdır. Tarixini tanıyan, dövlətinin keçdiyi yolu dərk edən gənc öz məsuliyyətini daha yaxşı anlayır. Vətənin müdafiəsinə hazır olmaq, dövlət rəmzlərinə hörmət etmək, milli dəyərləri qorumaq və ölkənin inkişafına töhfə vermək hər bir vətəndaşın borcudur.

Bu baxımdan hərbi qulluqçuların milli tariximizi dərindən öyrənməsi, dövlətçilik ənənələrimizə hörmətlə yanaşması xüsusi əhəmiyyət daşıyır. Çünki Vətənin müdafiəsi yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. Bu, həm də xalqın tarixini, dilini, mədəniyyətini və müstəqil yaşamaq hüququnu qorumaq deməkdir. Milli ruhu güclü olan, keçmişindən nəticə çıxaran və gələcəyə inamla baxan xalq qarşısına qoyduğu məqsədlərə daha əmin addımlarla irəliləyir.

17 Noyabr xalqımızın tarixində milli oyanışın, birlik və azadlıq istəyinin rəmzi kimi yaşayır. Həmin günün əsas mesajı bu gün də öz aktuallığını qoruyur: dövlətin gücü onun xalqının birliyindən, milli iradəsindən və müstəqilliyinə sahib çıxmaq əzmindən qaynaqlanır. Azərbaycan xalqı bu əzmi tarixinin müxtəlif mərhələlərində nümayiş etdirib. Bu gün isə müstəqil, suveren və qalib dövlət kimi gələcəyə doğru inamla addımlayır.

Milli Dirçəliş Günü bizə bir daha xatırladır ki, müstəqillik böyük tarixi dəyərdir. Onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə etibarlı şəkildə ötürmək hər birimizin məsuliyyətidir. Xalqımızın azadlıq mübarizəsindən doğan bu əlamətdar gün milli yaddaşımızda daim yaşayacaq, Vətənə bağlılıq və dövlətçilik düşüncəsinin güclənməsinə xidmət edəcəkdir.

 

Hüsniyyə NƏSİROVA

“Azərbaycan Ordusu”

 

17 Noyabr - Dövlətimiz və xalqımız tərəfindən hər il Milli Dirçəliş Günü kimi bayram edilir. 1988-ci ilin 17 noyabr tarixində paytaxt Bakımızın “Azadlıq” meydanında xalqımızın uzunmüddətli mitinqləri başladı. Xalq kütlələri meydana toplaşaraq Sovetlər birliyinin anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin Azərbaycanda yerləşən daxili qoşunları tərəfindən dağıdılsa da, xalqımızın milli-azadlıq hərəkatının qarşısı alına bilmədi.

1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi SSRİ-ni daha da qıcıqlandırdı və 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına - dinc, əliyalın xalqa qarşı ağır texnika və odlu silahdan istifadə edildi, insanlar qanlarına qəltan oldular. Amma bu qanlı hadisə xalqımızın milli qürurunu, milli mənliyini sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. Qısa müddət ərzində ölkənin müstəqilliyinə real təhlükə olan SSRİ-nin 4-cü ordusu Azərbaycandan çıxarıldı. 

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi bir addım idi. Bununla Ümummilli Lider Heydər Əliyev milli dövlətimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələdə müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun Dövlət Bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 Noyabr isə xalqımızın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən işğalında olan tarixi torpaqlarımız azad edildi.

2023-cü il 19-20 sentyabr tarixlərində üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatı başlanıldı.

23 saat davam edən əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqlarının ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi.

Artıq altı ildir ki, 17 Noyabr - Milli Dirçəliş Günü respublikamızın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması şəraitində qeyd edilir. 

Hazırda azad olunmuş bütün ərazilərimiz dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.

 

Lalə HÜSEYNOVA

“Azərbaycan Ordusu”