Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2026 16:08

Hərbi Hava Qüvvələrimizin pilotları - səma şahinlərimiz

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan Böyük Qələbədə Hərbi Hava Qüvvələrimizin şəxsi heyətinin də özünəməxsus rolu oldu. Ordumuzun hər zaman müsbət cəhətdən seçilən qoşun növlərindən hesab edilən Hərbi Hava Qüvvələrinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulsa da, ötən əsrin sonlarından formalaşmağa başlayıb və qısa müddət ərzində Cənubi Qafqazın ən aparıcı və lider qüvvəsi olaraq özünü təsdiqləməyi bacarıb.

Şanlı hərb tariximizə qızıl səhifələr yazan Hərbi Hava Qüvvələrimizin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşa adı ilə bağlıdır. Belə ki, məhz Əbədiyaşar Komandanın rəhbərliyi dövründə Azərbaycan HHQ-nin gücləndirilməsi və onun maddi-texniki bazasının imkanlar daxilində inkişaf etdirilməsi prioritet məsələlərdən idi. Məhz bu işin hərbi təhsilinin fundamental əsaslarının qoyulması məqsədilə 1997-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi fəaliyyətə başladı. Hərbi pilotlarımızın yetişdirilməsi məqsədilə yaradılan bu məktəbin buraxılış mərasimində çıxış edən Ulu Öndər Heydər Əliyev milli şahinlərimizi təbrik etmiş, onlara gələcək xidmətlərində müvəffəqiyyətlər arzulamış və Azərbaycanın müstəqilliyini qorumağın vacibliyini bir daha diqqətə çatdırmışdı. Məhz bu uzaqgörənliyin nəticəsidir ki, zamanında əsası qoyulan Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini və bu gün Dahi Rəhbərin adını daşıyan Heydər Əliyev adına Hərbi İnstitutu (keçmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) bitirmiş pilotlarımız səmamızın keşikçiləri olaraq ölkəmizin suverenliyinin qorunmasında mühüm rol oynayırlar. 

Həmçinin hərbi pilotlarımız öz peşəkarlığını qardaş Türkiyə, Pakistan və digər ölkələrdə keçirilən kurslar və müxtəlifmiqyaslı təlimlərdə daha da artırırlar. Bundan əlavə, Azərbaycan HHQ-nin şəxsi heyəti NATO tərəfindən təşkil olunan kurslar və məşğələlərdə öz ixtisasları üzrə bilik və bacarıqlarını dövrün tələblərinə uyğun təkmilləşdirirlər. Cari il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsinin tədris prosesində iştirak etdik.

Plana əsasən, növbəti uçuş günü şəxsi heyətin müəyyən olunmuş qaydada toplanması və uçuşqabağı brifinqdə iştirakı ilə başlayır. Burada qarşıda duran tapşırıqlar, uçuşun məqsədi, icra ardıcıllığı, hava şəraiti, meteoroloji göstəricilər və digər zəruri məsələlər ətrafında məruzələr komandir tərəfindən dinlənilir və suallar cavablandırılır. Hər bir pilotun diqqət yetirməli olduğu məqamlar, mümkün risklər və onların qarşısının alınması yolları bir daha nəzərdən keçirilir. Hər sahə özünəməxsus spesifikliyi ilə fərqlənir. Belə ki, meteoroloji məlumatlandırma uçuşun təhlükəsiz və səmərəli təşkili baxımından xüsusi əhəmiyyət daşıyır. Hava şəraitinin qiymətləndirilməsi, görünüş məsafəsi, küləyin istiqaməti və sürəti, atmosfer hadisələri barədə məlumatlar uçuşun planlaşdırılmasında əsas amillərdən hesab olunur. Bununla yanaşı, tibbi müayinələr vasitəsilə uçuş heyətinin sağlamlıq vəziyyəti və uçuşa yararlılığı nəzərdən keçirilir. Texniki heyət isə aviasiya vasitələrinin uçuşa hazırlığını, sistemlərin işlək vəziyyətini və müəyyən edilmiş texniki tələblərə uyğunluğunu yoxlayır. Təhlükəsizlik məsələləri də hazırlıq prosesinin ayrılmaz hissəsidir. Uçuşların təşkili zamanı müəyyən olunmuş qaydalar, qarşılıqlı fəaliyyət prinsipləri və fövqəladə hallarda görüləcək tədbirlər şəxsi heyətin diqqətinə çatdırılır. Bütün mərhələlər üzrə hazırlıq tamamlandıqdan və komandirdən müvafiq icazələr alındıqdan sonra uçuş heyəti qarşıya qoyulan tapşırıqların icrasına başlayır.

Brifinq başa çatdıqdan sonra uçuş meydanına yollanırıq. Müşahidələrimiz onu göstərir ki, uçuşa yaxınlaşdığımız hər dəqiqə hərəkətlilik daha da artır. Uçuş meydanında pilotlar aviasiya texnikasına yaxınlaşaraq son yoxlamaları həyata keçirir, texniki heyətlə qarşılıqlı əlaqədə zəruri prosedurları yerinə yetirirlər. Bir qədər sonra mühərriklərin səsi ətrafı bürüyür. Bu, sadəcə uçuşun başlanğıcı deyil, nəzəri hazırlığın, praktiki vərdişlərin və peşəkar bacarıqların sınaqdan keçirildiyi növbəti mərhələdir.

Uçuşların əsas məqsədi şəxsi heyətin hazırlıq səviyyəsini yüksəltmək, pilotların nəzəri biliklərini praktiki vərdişlərlə möhkəmləndirmək, müxtəlif şəraitlərdə düzgün qərarvermə qabiliyyətini inkişaf etdirmək və qarşıya qoyulan aviasiya tapşırıqlarını müəyyən edilmiş qaydada yerinə yetirməkdir. Bu proses pilotların fərdi hazırlığı ilə yanaşı, uçuş heyətinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə də xidmət edir.

Uzunmüddətli və hərtərəfli hazırlıq prosesi başlayır. Səmada atılan hər addımın, verilən hər qərarın arxasında əvvəlcədən hesablanmış fəaliyyət, dəqiq planlaşdırma və ciddi məsuliyyət dayanır. Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti də gündəlik fəaliyyətini məhz bu prinsiplər əsasında qurur.

Kapitan P.Quluzadə söhbət zamanı uçuşqabağı hazırlığın əhəmiyyətini belə ifadə edir: “Uçuşun uğurlu icrası və başa çatması ilk növbədə yerdə aparılan hazırlıqdan asılıdır. Hər uçuşa ciddi məsuliyyətlə yanaşırıq. Brifinq zamanı verilən məlumatlar, meteoroloji göstəricilər və texniki heyətin rəyi fəaliyyətimizin düzgün planlaşdırılmasında mühüm rol oynayır. Səmada hərəkət edərkən qəbul etdiyimiz qərarlar əvvəlcədən formalaşmış nəzəri bilik və praktiki vərdişlərə əsaslanır. Buna görə də döyüş hazırlığının daim təkmilləşdirilməsi bizim üçün vacibdir”.

Növbəti müsahibim kapitan R.İsmayılov isə diqqətini peşəkar hazırlığın davamlılığına yönəldir: “Hər bir uçuş yeni təcrübə, bilik və bacarıqların möhkəmləndirilməsi deməkdir. Biz müxtəlif tapşırıqların icrası zamanı diqqətimizi, çevikliyimizi və vəziyyəti düzgün qiymətləndirmək qabiliyyətimizi inkişaf etdiririk. Pilot üçün əsas şərtlərdən biri nəzəri biliklərini praktikada uğurla tətbiq etmək, eyni zamanda, uçuş zamanı müəyyən olunmuş qaydalara və təhlükəsizlik tələblərinə ciddi riayət etməkdir. Bu sahədə üzərimizdə daim çalışır, bilik və bacarıqlarımızı daha da artırırıq”.

Kapitan N.Mirzəyevlə söhbət əsnasında uçuş heyətinin kollektiv və fərdi fəaliyyətinin əhəmiyyətindən danışırıq: “Aviasiya təminatı tapşırıqlarında əldə olunan yekun nəticə həm fərdi pilotun, həm də kollektivin hazırlığından asılıdır. Burada uçuş heyətinin, texniki personalın və uçuşların təşkilində iştirak edən digər mütəxəssislərin fəaliyyəti vahid məqsədə xidmət edir. Hər kəs öz vəzifəsini dəqiq yerinə yetirdikdə ümumi fəaliyyətin səmərəliliyi artır və nəticə etibarilə qarşıya qoyulan tapşırığa nail olunur. Bizim üçün hərbi nizam-intizam, qarşılıqlı etimad və məsuliyyət peşə fəaliyyətimizin əsas prinsipləridir”.

Uçuşların icrası zamanı pilotların fəaliyyəti müəyyən olunmuş tapşırıqların xarakterinə uyğun olaraq davam edir. Onlar qarşıya qoyulmuş təlim elementlərini uğurla yerinə yetirirlər. Hər bir mərhələnin nəticələri uçuşdan sonra qiymətləndirilir, qeydə alınan məqamlar təhlil olunur, zəruri hallarda növbəti hazırlıq mərhələləri üçün müvafiq tapşırıqlar müəyyənləşdirilir.

Burada diqqət çəkən digər mühüm məqam texniki heyətin fəaliyyətidir. Çünki aviasiya texnikasının etibarlılığı, onun uçuşa hazırlığı və xidmət müddətində texniki vəziyyətinə nəzarət ümumi hazırlıq sisteminin vacib tərkib hissəsi olaraq texniki heyətin üzərinə düşür. Pilotların səmada nümayiş etdirdikləri peşəkarlığın arxasında yerdə öz vəzifəsini dəqiqliklə yerinə yetirən hərbi qulluqçuların əməyi dayanır. Beləliklə, Hərbi Hava Qüvvələrinin uçuş heyətinin fəaliyyəti bir-biri ilə sıx bağlı olan çoxsaylı hazırlıq və icra mərhələlərindən ibarətdir. Burada hər bir detal, hər bir yoxlama və hər bir qərar ümumi məqsədə - aviasiya vasitələrinin daim hazırlıqlı saxlanılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına və qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə xidmət edir.

Səmada görünən uçuş bir neçə dəqiqəlik və ya saatlıq fəaliyyət təsiri bağışlasa da, onun arxasında böyük zəhmət, ciddi hazırlıq və kollektiv məsuliyyət dayanır. Böyük Qələbənin qazanılmasında hərbi qulluqçularımızın yüksək vətənpərvərlik hissi, döyüş hazırlığı və peşəkarlığı əsas rol oynadı. Bu gün ordumuzun hər sahəsi kimi, Hərbi Hava Qüvvələri də müasir döyüş vasitələri və texniki avadanlıqlarla təchiz olunub. Hərbçilərimiz ölkə daxilində və onun hüdudlarından kənarda arsenalımıza yeni daxil olan hərbi texnikaların incəliklərini öyrənir və peşəkarlaşırlar. Azərbaycan hərbi aviasiyasının gücü də məhz bu peşəkarlığın, intizamın və daim təkmilləşən hazırlıq sisteminin vəhdətində təzahür edir.

Hərbi Hava Qüvvələrimiz qısamüddətli zaman kəsiyində inkişaf edərək, unudulmaz döyüş yolu keçərək, İkinci Qarabağ müharibəsində qazanılan Böyük Zəfərin qazanılmasında mühüm pay sahibi oldu. O zaman səmalarda tarix yazan pilotlarımızın bugünkü varisləri də onların açdığı buludların arasında süzülərək, hava hüdudlarımızı layiqincə qoruyurlar.

 

Fuad CƏFƏROV

“Azərbaycan Ordusu”