Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2026 08:53

Şərqdə ilk qadın təyyarəçi

Tarixən bütün dünyada və dünyanın hər yerində cərəyan edən hadisələrdə qadınlar mühüm mövqeyə malik olublar. Elə müharibələrdə də qadınlar kişilərdən öz şücaəti, qorxmazlığı ilə geridə qalmayıblar. Azərbaycanda da qadına münasibət həmişə yüksək olub. Qadın anadır, bacıdır, həyat yoldaşıdır və eyni zamanda, qosqoca bəşəriyyətdə yaradıcılıqla məşğul olan müqəddəs bir varlıqdır. Azərbaycan qadını XX əsrin əvvəllərindən - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründən kişilərlə çiyin-çiyinə, bərabər hüquqlu vətəndaş kimi cəmiyyətdə daha çox fəal olub. Ataların gözəl bir deyimi var: “Aslanın erkəyi, dişisi olmaz”. Azərbaycan tarixində nümunə olaraq neçə-neçə qadının adını çəkə bilərik. Adına dastanlar yazılan, əfsanəyə çevrilmiş hünərvər, mərd qadınlardan biri də Leyla Məmmədbəyovadır. Leyla Ələsgər qızı Məmmədbəyova Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi kimi adını tariximizin şanlı səhifəsinə qürurla yazıb.

1909-cu il sentyabrın 17-də dünyaya göz açan Leyla Məmmədbəyova ilk əmək fəaliyyətinə 1930-cu ildən başlayıb. O, sənət təhsilini Bakı aeroklubunda alıb və ilk uçuşunu 1931-ci ildə yerinə yetirib. Hələ ötən əsrin 30-cu illərinin əvvəlində Moskvada nəşr olunan “CCCP нa стрoйke”, yəni, “SSRİ tikintidə” jurnalında Leyla adlı gənc qızın fotosu dərc edilmiş və fotonun altında bu sözlər yazılmışdı: “Şərqdə ilk qadın təyyarəçi”. Leyla həmin dövrün canlı əfsanəsi idi. Hələ çadradan başlarını çıxarmağa cəsarət etməyən qadınlar ona tamaşa etməyə gəlirdilər. L.Məmmədbəyova fabrik və zavodlarda çalışan gənc qadın işçilərin qarşısında çıxışlar edirdi.

Təhsilini 1932-ci ildən Moskvada davam etdirən L.Məmmədbəyova 1933-cü il martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq keçmiş Sovet İttifaqında ikinci qadın paraşütçü kimi tarixə düşüb. 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri qazanıb. 1941-ci ilədək artıq aviasiya mayoru olan Leyla Məmmədbəyova sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirib.

Dörd uşaq anası olan L.Məmmədbəyovanın İkinci Dünya müharibəsində iştirak etmək barədə müraciətinə imtina edilib. Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə alıb. O, 1941-1945-ci illərdə yüzlərlə desantçı və dörd min paraşütçü hazırlayıb cəbhəyə yollayıb. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. L.Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırıb. Sonrakı illərdə orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin Bakı filialında sədr müavini kimi çalışıb. 1961-ci ildə təqaüdə çıxıb. 

İkinci Dünya müharibəsinin ağır sınaq illərində minlərlə soydaşımızın sırasında arxa cəbhədə gecə-gündüz çalışaraq Qələbəyə layiqli töhfələr bəxş edən mərd, vətənpərvər Azərbaycan qadını L.Məmmədbəyovanın şərəfli ömür yolu biz qadınlara örnəkdir. Onun adı qəlbimizdə daima yaşayır. Xalqımız L.Məmmədbəyovanın əziz xatirəsini dərin ehtiramla yad edir. Onu da qeyd edək ki, L.Məmmədbəyovanın böyük oğlu Firudin İkinci Dünya müharibəsində, kiçik oğlu Xanlar isə Birinci Qarabağ müharibəsində iştirak edib.

1989-cu ildə dünyasını dəyişən L.Məmmədbəyovaya şeirlər yazılıb. 1995-ci ildə haqqında sənədli film çəkilib. 1934-cü ildə çəkilən “İsmət” bədii filmi məhz Leyla xanıma həsr olunub. 

 

Lalə HÜSEYNOVA

“Azərbaycan Ordusu”