Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2026 08:53

“Hərbi xidmətdə dostluq insana əlavə güc verir”

Hərbi xidmət insanı yalnız fiziki cəhətdən möhkəmləndirmir, həm də onun xarakterini formalaşdırır, məsuliyyət, dözümlülük və çətin anlarda yanında olan insana güvənmək kimi keyfiyyətlər aşılayır. Müxtəlif bölgələrdən hərbi xidmətə çağırılan gənclər eyni məqsəd ətrafında birləşərək zamanla bir-birinin sevincinə şərik, çətinliyinə dayaq olurlar. Beləcə, hərbi xidmət illəri onların yaddaşında yalnız xidmət günləri ilə deyil, həm də möhkəm silahdaşlıq və səmimi dostluq münasibətləri ilə qalır.

Əsgərlər Mirsahib Əhmədov və Ömər Həşimovun dostluğu da məhz belə bir mühitdə formalaşıb. Ölkəmizin müxtəlif rayonlarından olan iki gənci birləşdirən əsas dəyərlər Vətənə sevgi, Hərbi Anda sədaqət və üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmək əzmidir. Onlar üçün hərbi xidmət təkcə Vətən qarşısında borcun yerinə yetirilməsi deyil, həm də həyatlarının ən yaddaqalan dostluqlarından birinin başlanğıcıdır.

Söhbət zamanı Cəlilabad rayonunda anadan olan Mirsahib Əhmədov bildirdi ki, hərbi xidmətin ilk günlərindən insan yeni mühitə uyğunlaşmağa, kollektivin bir parçası olmağa çalışır. Bu prosesdə səmimi münasibətlərin və qarşılıqlı dəstəyin xüsusi əhəmiyyəti var. Onun sözlərinə görə, əsgər dostluğu adi dostluq münasibətlərindən fərqlənir. Çünki burada insanlar bir-birini yalnız xoş günlərdə deyil, çətin və məsuliyyətli anlarda da daha yaxından tanıyır, xarakterlərinin müxtəlif xüsusiyyətlərini görürlər.

- Hərbi xidmətdə dostluq insana əlavə güc verir. Bəzən yorğun olduğun, doğmaların üçün darıxdığın anlar olur. Belə vaxtlarda yanında səni anlayan, ruhlandıran bir silahdaşının olması çox dəyərlidir. Ömərlə münasibətimiz də qarşılıqlı hörmət və etimad üzərində qurulub. Bir-birimizə kömək edir, xidmətlə bağlı təcrübəmizi bölüşürük. Məncə, əsl dostluq məhz çətin anlarda özünü göstərir, - deyə Mirsahib fikirlərini bölüşdü.

Ağdaş rayonunda anadan olan əsgər Ömər Həşimov isə qeyd edir ki, hərbi xidmət insanın həyatına yeni dostlar qazandırmaqla yanaşı, onun insanlarla münasibətlərinə də fərqli çalarlar qatır. Burada hər kəs eyni qayda-qanunlara əməl edir, Vətən qarşısında eyni məsuliyyəti daşıyır. Bu isə əsgərlər arasında səmimiyyətin, qarşılıqlı anlayışın və möhkəm bağlılığın yaranmasına zəmin yaradır.

- Mirsahiblə dostluğumuz xidmət müddətində daha da möhkəmlənib. Bir-birimizin xarakterinə bələd olmuşuq. Hərbi xidmətdə hər kəs öz vəzifəsini məsuliyyətlə yerinə yetirməli, eyni zamanda, xidmət yoldaşlarına dəstək olmalıdır. Dostunun uğuruna sevinmək, ehtiyac duyduğu anda ona kömək etmək, çətinliklə qarşılaşanda ruhdan düşməsinə imkan verməmək vacibdir. Biz də çalışırıq ki, hər zaman bir-birimizin yanında olaq, - deyə Ömər bildirdi.

İşğaldan azad olunan ərazilərdə xidmət etmək hər iki əsgərin həyatında xüsusi yer tutur. Möhtəşəm dağları, füsunkar təbiəti və zəngin tarixi ilə seçilən bu diyarın hər qarışı Azərbaycan xalqı üçün əzizdir. Uzun illər işğal altında qalan, həsrətində olduğumuz bu torpaqlarda bu gün Azərbaycan əsgərinin xidmət aparması qürurverici hissdir. Burada Vətənin keşiyində dayanmaq, dövlətimizin təhlükəsizliyinin təmin olunmasına töhfə vermək hər bir hərbi qulluqçu üçün böyük şərəfdir.  Əsgər Ömər Həşimov söhbət əsnasında 8 Noyabr - Zəfər Gününün onlar üçün ifadə etdiyi mənaya da toxundu. Bildirdi ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə hər bir azərbaycanlının qəlbində qürur hissi yaradıb. Bu gün həmin Qələbənin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərdə xidmət etmək isə bu qüruru daha da artırır.

- Burada xidmət etmək bizim üçün xüsusi əhəmiyyət daşıyır. Vaxtilə yalnız xəyallarımızda canlandırdığımız bu torpaqlarda indi Azərbaycan əsgəri kimi xidmət edirik. Burada dayanarkən Vətən müharibəsində şəhidlərimizin göstərdiyi qəhrəmanlığı, döyüşçülərimizin fədakarlığını düşünürük. Onların bizə əmanət etdiyi torpaqları qorumaq hər birimizin borcudur. Biz qalib xalqın, qalib dövlətin nümayəndələriyik. Biz qalib ordunun əsgərləriyik! Bu sözləri demək böyük qürur olmaqla yanaşı, həm də üzərimizə düşən məsuliyyəti bir daha xatırladır, - deyə Ömər vurğuladı.

Mirsahib də həmsöhbətinin fikirlərinə qoşularaq bildirdi ki, Zəfər Gününün hər il qeyd olunması xalqımızın qəhrəmanlıq salnaməsini xatırlamaq, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək və ordumuzun qüdrətini bir daha dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu günün əsgəri olmaq yalnız qürur deyil, həm də tarixi Qələbənin məsuliyyətini daşımaq deməkdir. Hər bir hərbi qulluqçu öz xidməti ilə bu etimadı doğrultmağa çalışmalıdır. 

Müsahiblərimizlə söhbət zamanı aydın olur ki, onların dostluğunda səmimiyyət, qarşılıqlı hörmət və etibar mühüm yer tutur. Hərbi xidmətin gündəlik qayğıları, birgə yaşanan çətinliklər və əldə edilən uğurlar bu münasibətləri daha da möhkəmləndirir. Birinin digərinə verdiyi kiçik bir tövsiyə, vaxtında göstərdiyi kömək, ruhlandırıcı sözü bəzən xidmətin gərginliyini unutdurur. Belə münasibətlər əsgərlərin mənəvi cəhətdən möhkəmlənməsinə, kollektivdə sağlam psixoloji mühitin formalaşmasına da müsbət təsir göstərir. Onlar inanırlar ki, hərbi xidmət başa çatdıqdan sonra da bu günlərin xatirəsi və qazandıqları dostluq qorunub saxlanılacaq. İşğaldan azad olunmuş ərazilərdə keçən günlər, birlikdə yaşadıqları anlar, Vətən qarşısında daşıdıqları məsuliyyət və qazandıqları təcrübə ömürlərinin unudulmaz səhifələrindən birinə çevriləcək.

Bu iki gəncin işğaldan azad olunan torpaqlarımızda eyni amal uğrunda birləşməsi Azərbaycan Ordusunda hökm sürən birlik və qardaşlıq mühitinin bariz nümunəsidir. Onları doğmalaşdıran yalnız hərbi xidmət deyil, həm də müqəddəs Vətən sevgisidir. Bu gün Mirsahib və Ömər kimi minlərlə gənc Azərbaycan əsgəri dövlətimizin təhlükəsizliyinin qorunması naminə üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir.

 

Emil MURADLI

“Azərbaycan Ordusu”