AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi, hərbi qulluqçuların fiziki imkanlarının inkişaf etdirilməsi və qarşıya qoyulan tapşırıqları istənilən şəraitdə yerinə yetirmək bacarığının təkmilləşdirilməsi istiqamətində mütəmadi məşğələlər keçirilir. Bu prosesdə fiziki hazırlıq xüsusi yer tutur. Çünki hərbi qulluqçunun peşəkarlığı yalnız nəzəri bilikləri və silahdan istifadə bacarığı ilə deyil, eyni zamanda, gücü, çevikliyi, dözümlülüyü və iradəsi ilə də müəyyən olunur. Bu baxımdan fiziki hazırlıq məşğələləri şəxsi heyətin xidmət və döyüş qabiliyyətinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır. Məşğələlər zamanı hərbi qulluqçuların fiziki göstəricilərinin yaxşılaşdırılması, fərdi imkanlarının inkişaf etdirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi əsas diqqət mərkəzində saxlanılır. Kollektiv şəkildə keçirilən məşqlər isə şəxsi heyətdə qarşılıqlı dəstək nizam-intizama və komanda ruhunun möhkəmlənməsinə töhfə verir.
Fiziki hazırlıq məşğələlərində iştirak edən hərbi qulluqçulardan biri gizir Natiq İsmayıl oğlu Süleymanzadədir. Əslən Qərbi Azərbaycandan olan Natiq Süleymanzadə 2017-ci ildən hərbi xidmətdədir. Vətən müharibəsində və antiterror əməliyyatında iştirak edən hərbi qulluqçu Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəlpə yarası alıb. Döyüşlərdən sonra müvafiq sərəncamlara əsasən “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.
Gizir Natiq Süleymanzadə fiziki hazırlığın hərbi qulluqçunun xidmətində və döyüş fəaliyyətində mühüm rol oynadığını bildirir: “Fiziki hazırlıq hər bir hərbi qulluqçu üçün vacibdir. Xidmət zamanı elə vəziyyətlər yaranır ki, fiziki dözümlülük və iradə əsas rol oynayır. Döyüşlərdə iştirakım mənə bir daha göstərdi ki, hərbçi istənilən çətinliyə hazır olmalıdır. Buna görə də məşğələlərə məsuliyyətlə yanaşıram və fiziki hazırlığımı daim təkmilləşdirməyə çalışıram”.
Fiziki hazırlığa cəlb olunmuş digər hərbi qulluqçular - baş çavuş İsmayıl Əhədli, kiçik çavuşlar Səməndər Baxışov, Ülfət Məmmədzadə, Zeyəddin Yusubov və Rəcəb Daşdəmirov da məşğələlərdə fəal iştirak edirlər. Onların hazırlıq prosesində əsas diqqət fiziki göstəricilərin yüksəldilməsinə, dözümlülüyün artırılmasına və fərdi imkanların inkişafına yönəldilir. Məşqlər zamanı hər bir hərbi qulluqçu öz nəticələrini yaxşılaşdırmağa çalışır, eyni zamanda, komanda yoldaşlarının uğurlarına dəstək olur.
Bu hazırlıq prosesində davamlılıq və məsuliyyət xüsusi əhəmiyyət daşıyır. Fiziki göstəricilərin yüksəldilməsi müntəzəm məşqlər, düzgün yanaşma və şəxsi iradə tələb edir. Hərbi qulluqçular üçün məşğələlər həm də öz imkanlarını qiymətləndirmək, fiziki cəhətdən zəif tərəflərini müəyyənləşdirmək və onların üzərində işləmək imkanı yaradır. Fiziki hazırlıq müəyyən normativlərin yerinə yetirilməsi ilə məhdudlaşmır. İdman hərbi qulluqçuda özünəinamın, iradənin, məsuliyyətin və çətinliklərə qarşı mübarizə əzminin formalaşmasına da xidmət edir. Xüsusilə kollektiv məşqlər zamanı yaranan sağlam rəqabət hər kəsi daha yaxşı nəticə göstərməyə həvəsləndirir. Orduda fiziki hazırlığın davamlı inkişaf etdirilməsi şəxsi heyətin sağlamlığının qorunmasına, xidmət qabiliyyətinin yüksəldilməsinə və döyüş tapşırıqlarının icrasına hazırlığın möhkəmləndirilməsinə imkan verir. Hər bir məşq hərbi qulluqçunun öz imkanlarını genişləndirməsi, fiziki göstəricilərini yaxşılaşdırması və peşəkar hazırlığını artırması baxımından əhəmiyyətlidir.
Möhkəm fiziki hazırlıq, sarsılmaz iradə və yüksək döyüş ruhu hərbi qulluqçunun əsas keyfiyyətlərindəndir. Bu keyfiyyətlərin gündəlik məşğələlərdə inkişaf etdirilməsi Azərbaycan Ordusunun şəxsi heyətinin istənilən şəraitdə qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazır olmasının mühüm şərtlərindən biridir.
Tamilla HÜSEYNLİ
“Azərbaycan Ordusu”