AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Gənclərin ordu sıralarında təmsil olunması, onların ordu ilə bağlı düşüncələri maraq doğurandır. Altı il əvvəl ordumuzun qazandığı tarixi Zəfər gənclərin söhbətlərinin əsas mövzusudur. Müharibələr xalqları, ölkələri inkişafdan, tərəqqidən geri salıb. Buna görə də yüksəlişə can atan xalqlar müharibələrin əleyhinə olublar. Xalqımız da tarixən sülh, əmin-amanlıq içində yaşamaq istəyib. Lakin bizi zorla savaşa cəlb etsələr də, işğalçılar sonda layiq olduqları cavabı alıblar.
Ordumuzda xidmət edən gənclər ölkəmizin son yarım əsrlik tarixini dərindən öyrənməyə çalışırlar. İkinci Qarabağ müharibəsinin başlanma səbəbləri, ermənilərin Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzünün necə baş verdiyi, 6 il əvvəl baş verən müharibənin təhlili maraq doğurur. Baş leytenant Kamal Məmmədov siniflərdə, söhbətgah yerlərində əsgərlərlə bu mövzuda tez-tez görüşür. O deyir: “Əsgərlər İkinci Qarabağ müharibəsi ilə bağlı daha geniş məlumatlar öyrənmək istəyirlər. Amma əsgərlərin arasında ali təhsilli gənclər də var. Onlar hadisələrlə bağlı bir qədər geniş təsəvvürlərə malikdirlər. Əsgərlər daha çox orta məktəbdə oxuduqları tarixə əsaslanırlar. İkinci Qarabağ müharibəsi zamanı igid oğullarımızın göstərdikləri şücaətlər onların söhbətlərinin əsas mövzularıdır”.
Əsgər Dünyamin Məmmədzadə Xəzər Universitetini bitirib. İxtisasca psixoloqdur. Tərtər rayonundan olduğu üçün Qarabağ müharibəsi ilə bağlı məlumatlar onda bir qədər fərqlidir. O, təkcə dərsliklərlə, mətbuatda yazılanlarla kifayətlənmir. Tərtər rayonu həm Birinci, həm də İkinci Qarabağ müharibələri illərində döyüşlərin qaynar nöqtəsi olub. Dünyamin hadisələri valideynlərinin, yaxınlarının, dostlarının dilindən eşidib. Tərtərlilərin müharibə zamanı çox böyük əziyyət çəkdiyini dostlarına danışır. Dünyamin deyir ki, “İkinci Qarabağ müharibəsi başlayanda əhali şəhəri tərk etmək məcburiyyətində qalıb. Çünki ermənilər uzaqmənzilli raketlərdən, artilleriya qurğularından Tərtər şəhərini və döyüş bölgəsinə yaxın kəndləri vururdu. Belə bir anda sakinlər evlərini tərk etməyə bilməzdilər. Bu da müvəqqəti oldu. Azərbaycan Ordusunun bölmələri qısa müddətdə düşmənin əsas atəş nöqtələrini aşkar edərək susdurdu. Sonra isə evlərini tərk etmiş sakinlər öz doğma ocaqlarına qayıtdılar”.
Tərtərin qəhrəman döyüşçülərindən söz açan əsgər Dünyamin Məmmədzadə onu da vurğuladı ki, “Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucov Birinci Qarabağ müharibəsində düşmənlə üzbəüz döyüşüb. Gözündə qorxu olmayan döyüşçü olub. Neçə-neçə düşməni döyüş meydanında məhv edib. Bu gün də onun qəhrəmanlığından tərtərlilər ağızdolu danışırlar”.
Baş leytenant Kamal Məmmədov əsgərin dediklərinə əlavə olaraq deyir: “Birinci Qarabağ müharibəsi yenicə müstəqillik qazandığımız dövrdə başladı. Ordumuz tam formalaşmamışdı. Ölkə daxilində anarxiya, özbaşınalıq hökm sürürdü. Xalqın vətənpərvər oğulları cəbhəyə könüllü gedib düşmənə qarşı döyüşürdülər. Onlar pərakəndə döyüşürdülər və bir çox döyüşlərdə qalib gəlirdilər. Buna baxmayaraq düşmən daha tədbirli idi. Qarabağı və daha 7 rayonu işğal etdi. Əgər o zaman Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı, Azərbaycan indiki müstəqil dövlət olmazdı”.
Əsgər Nizami Ələsgərov söhbətə qoşulur. “O zaman ordu vahid komandanlıq tərəfindən idarə olunmurdu. Döyüşən bölmələr pərakəndə idi. Köhnə döyüşçülərdən eşitmişəm ki, onlar istəyən vaxtı döyüşə gedirdilər, istəməyəndə isə yox. Bu cür döyüşməklə qələbə qazanmaq mümkün deyildi. Vəziyyətin ağır olduğunu görən dövlətimizin başçısı Heydər Əliyev orduda ciddi islahatlar apardı. Özünümüdafiə dəstələrini ləğv etdi. Vahid rəhbərliyə tabe olan ordunu yaratdı. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev Qarabağın və daha 7 rayonun ermənilər tərəfindən işğal edilməsi ilə barışmaz mövqeyini ilk gündən bəyan elədi. Qarşı tərəfə dəfələrlə bildirdi ki, işğal etdikləri ərazilərdən qoşunlarını geri çəksin. Əks halda müharibə qaçılmaz olacaq. Lakin ermənilər buna əhəmiyyət vermədilər. Heç vaxt ərazimizin iyirmi faizini itirməyə razı olmazdıq. Dövlətimizin başçısı sülh danışıqları aparmaqla yanaşı, ordumuzun döyüş hazırlığının da artırılması istiqamətində mühüm addımlar atdı”.
Əsgərlərin zabit Kamal Məmmədovla Qarabağ müharibəsi və ordu quruculuğu barədə görüşdə hər kəs öz düşüncələrini, müharibənin baş verməsi ilə bağlı fikirlərini bildirirdilər. Onlar qeyd edirlər ki, torpaqlarımızı azad etmək üçün müharibə qaçılmaz idi. Düşmən asanlıqla işğal etdiyi torpaqları bizə qaytarmayacaqdı. Necə ki qaytarmadı da.
Əsgər Seymur Mustafayev Goranboy rayonundandır. Goranboy rayonundan düşmənlə təmas xətti keçirdi. Zamanında burada da ağır döyüşlər gedib. Ermənilərin işğal etmək istədikləri rayonlardan biri olub. Goranboylular düşmənə ciddi müqavimət göstərdilər. Seymur deyir: - Goranboyda həmişə vətənpərvər oğullar düşmənə qarşı qətiyyətlə döyüşüblər. 44 gün davam edən müharibə zamanı rayonumuzun yüzlərlə gənci səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbəsinə gəlmişdi. Bu hal təkcə Goranboyda yox, ölkəmizin bütün rayonlarında baş vermişdir. O zaman uşaq olsam da istəyirdim ki, hərbi xidmətə yazılım. Bu cür vətənpərvərliyin nəticəsi idi ki, gənclərimiz inamla döyüş meydanına atılırdılar. Çünki həmin ərəfədə bir çox cəsur döyüşçülərimiz şəhid olublar. Şəhidlərin qanı yerdə qalmamalı, torpaqlarımız işğaldan azad olunmalı idi.
Zabit Kamal Məmmədov əsgərlərin bu cür vətənpərvər ruhda olmalarından qürur duyur. Bu cür yüksək ruhda əsgəri olan Vətən torpaqları heç vaxt işğal altında qala bilməzdi. Əsgərlər döyüş ruhu ilə kifayətlənmirlər. Onlar yiyələndikləri ixtisas üzrə bilik və bacarıqlarına dərindən yiyələnirlər. Zabitin əsgərlərlə döyüş ruhunda olan növbəti maraqlı söhbəti daha da uzana bilərdi. Əsgərlərlə bu cür görüşlərin tez-tez olduğunu deyən zabit Kamal Məmmədov vaxtı az olduğu üçün söhbətin davamına növbəti görüşdə davam edəcəyini bildirir.
Bəxtiyar ƏLİYEV
“Azərbaycan Ordusu”