Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Noyabr 2026 16:50

Birliyimizdən doğan Zəfər, Zəfərimizdən doğan qürur!

Azərbaycan xalqının hərb tarixinə şanlı səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı dövlətimizin gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini və xalqımızın sarsılmaz birliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə və ölkəmizin suverenliyinin tam bərpası hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrildi. Bu tarixi nailiyyətlərin əsasında hərbi qulluqçularımızın peşəkarlığı, qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və xalqımızın həmrəyliyi dayanır. 
Məhz bu tarixi hadisələrin əhəmiyyətini bir daha vurğulamaq, Zəfər sevincini bölüşmək, şəhidlərimizin əziz xatirəsini yad etmək və şəhid ailələrinə ehtiram göstərmək məqsədilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Birliyimizdən doğan Zəfər, Zəfərimizdən doğan qürur!” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, eləcə də 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasından danışdı. O, hər iki hərbi əməliyyat zamanı Azərbaycan hərbi qulluqçularının göstərdiyi igidliyi, fədakarlığı və yüksək döyüş hazırlığını xüsusi vurğuladı.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşması və inkişafındakı tarixi xidmətlərinə də toxunan Komitə sədri bu gün ordu quruculuğu sahəsində həyata keçirilən işlərdən bəhs etdi, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının əhəmiyyətini qeyd etdi. Kərim Rzayev çıxışının sonunda “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaşasın Azərbaycan Ordusu! Yaşasın birliyimiz!” sözlərini səsləndirdi.
Tədbirdə şəhid ailələrinin üzvləri, o cümlədən şəhid valideynləri də çıxış etdilər. Onlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Komitənin fəaliyyətində fərqlənən şəxslərin əməyinə də diqqət yetirildi. Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin keçmiş üzvlərinə və sədrlərinə, eləcə də Komitənin aparat əməkdaşlarına fəxri fərmanlar təqdim olundu. Təltif olunanların həmkarlar ittifaqı fəaliyyətinin təşkilində və əlaqələndirilməsində, şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsi istiqamətində gördükləri işlər yüksək qiymətləndirildi.
Tədbirin son hissəsində “44” bədii filminin təqdimatı keçirildi. Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə həsr olunan ekran əsərində Azərbaycan hərbi qulluqçularının döyüş yolu, fədakarlığı, Vətənə bağlılığı və mənəvi dünyası bədii obrazlar vasitəsilə əks etdirilir. Filmin süjet xəttində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilovun, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmirin və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimovun obrazları xüsusi yer tutur. Bu obrazlar vasitəsilə müharibənin müxtəlif tərəfləri, döyüşçülərin məsuliyyəti, çətin sınaqlar qarşısında göstərdikləri iradə və Vətən naminə fədakarlıq ön plana çəkilir.
Filmin bədii rəhbəri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli və Maksim Smetanadır. Ekran əsəri Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.
Şəhid ailələrinin nümayəndələri film haqqında fikirlərini bölüşərək ekran əsərinin ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə təşəkkürlərini bildirdilər. Daha sonra tədbir iştirakçılarına “44” bədii filmi nümayiş etdirildi.
Zəfər Gününə həsr olunmuş tədbir xalqımızın birliyini, şəhidlərimizin xatirəsinə ehtiramı və Vətən uğrunda göstərilən qəhrəmanlığın unudulmazlığını bir daha nümayiş etdirdi. Azərbaycan əsgəri döyüş meydanında tarix yazdı. Bu gün həmin tarixin kino vasitəsilə yaşadılması və gələcək nəsillərə çatdırılması milli yaddaşımızın qorunmasına xidmət edən mühüm addımlardandır.
Emil MURADLI
“Azərbaycan Ordusu”