Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Noyabr 2026 16:50

Konstitusiyanın qəbul olunmasından 31 il keçir

Hər bir ölkənin ana qanunu onun Konstitusiyasıdır. Bütün qanunlar Konstitusiya əsasında yaradılır, formalaşır. Tarixi müstəqillikdən əvvəl də Konstitusiya vardı. O sovet Azərbaycan Respublikasının Konstitusiyası idi. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdir. Bu səbəbdən də Azərbaycanda  Konstitusiya quruluşu SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Beləliklə, ilk ana qanunumuz sovet dövlətinin konstitusiyasına uyğun yaradılmışdı. 

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.  Azərbaycan xalqının adət-ənənəsindən, milli-mənəvi dəyərlərindən tam uzaq bir qanun idi. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSRİ-nin yeni Konstitusiyası qüvvəyə minib. 

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul ediləndən sonra Azərbaycan SSRİ-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSRİ Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili  Azərbaycan dilidir”. 

Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayıb və müstəqilliyin ilk illərində həmin Konstitusiya qüvvədə olub. 

Azərbaycan xalqı 1990-cı illərdə və ondan əvvəl başlanan müstəqillik və azadlıq uğrunda mübarizənin önündə olub. Xalq hər zaman özünün milli-mənəvi, dini, dünyəvi, dövlətçilik dəyərlərini üstün tutub. Bu dəyərləri qoruyub saxlamaq üçün tarixin ən ağır sınaqlarından keçib. Ötən əsrin doxsanıncı illərin əvvəlləri Azərbaycan üçün tarixin ən çətin sınaq dövrü olub. Həmin illərdə ölkəmizin ərazi bütövlüyünə qarşı erməni təcavüzü müharibə müstəvisinə qədər yüksəlmişdi. Hakimiyyətdəki siyasi böhran vətəndaş müharibəsi həddinə gəlib çıxmışdı. Zamanın bu çətin dönəmində hakimiyyətin yeni Konstitusiyanı qəbul etmək barədə düşünməyə vaxtı yox idi. Bu yalnız xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. 

1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsi 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarət dövlətin ana qanunu hazırlandı. Həmin il noyabrın 12-də ümumxalq referendum ilə Konstitusiya qəbul olundu. Yeni Konstitusiya noyabrın 27-də qüvvəyə minib. Azərbaycan xalqının bütün dəyərlərini özündə ehtiva edən bu Konstitusiyaya sonradan ümumxalq səsvermə yolu ilə 3 dəfə - 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı ildə əlavə və dəyişikliklər edilib.

Konstitusiyada deyilir: “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: - Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. 

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu”.

Ana qanun bu qeyd olunan prinsiplər əsasında qəbul olunmaqla xalqın, dövlətin inkişafını təmin edir. Azərbaycanın Konstitusiyasında hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsindən irəli gələn bütün müddəalar öz əksini tapıb. 

Ölkəmizdə hər il 12 noyabr - Konstitusiya Günü dövlət bayramı kimi qeyd olunur. Xalqımız ilk müstəqil dövlətin qəbul etdiyi Konstitusiya Aktına hörmət edir, göstərilən qayda və tələbləri rəhbər tutur. Hər il olduğu kimi, bu il də xalqımız Konstitusiyanın qəbul olunmasının 31-ci ildönümünü qeyd edir. Bu münasibətlə xalqımızı təbrik edirik!

 

Bəxtiyar ƏLİYEV “Azərbaycan Ordusu”