Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2026 09:41

Azərbaycan Ordusunda gənc əsgərlərin qəbulu prosesi uğurla həyata keçirilib

Güclü ordu dövlətin təhlükəsizliyinin və müstəqilliyinin əsas təminatlarından biridir. Müharibənin bitməsinə baxmayaraq, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Artıq dünyada qalib Azərbaycan Ordusu müasir silah və texnika təchizatı, peşəkar şəxsi heyəti, yüksək döyüş hazırlığı və zəngin hərbi təcrübəsi ilə seçilir. Ordumuzun qüdrətinin qorunub saxlanılması və daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər şəxsi heyətin hazırlığına və hərbi xidmətin təşkilinə də xüsusi diqqət yetirilməsini zəruri edir. Bu baxımdan gənclərin həqiqi hərbi xidmətə çağırılması və hərbi hissələrdə qəbul prosesinin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi uğurla başa çatıb.

Yeni çağırışçıların qarşılanması, qeydiyyatı, tibbi və psixoloji müayinəsi, eləcə də ilkin hazırlıq tədbirlərini işıqlandırmaq məqsədilə “N” hərbi hissəsinə yollandıq.

Hərbi hissədə bizi müşayiət edən zabit polkovnik-leytenant Əli Hüseynov gənc əsgərlərin qəbulu ilə bağlı həyata keçirilən tədbirlər, yaradılmış şərait və prosesin təşkili barədə ətraflı məlumat verdi. O bildirdi ki, çağırışçıların qarşılanmasından başlayaraq, onların ilkin hazırlıq mərhələsinədək bütün fəaliyyətlər müəyyən edilmiş qaydada təşkil olunub. “Onların hərbi hissəyə daxil olduğu ilk andan etibarən bütün qəbul tədbirləri nəzarətdə saxlanılır. Əsas diqqət gənclərin tibbi və psixoloji vəziyyətinin öyrənilməsinə və hərbi mühitə uyğunlaşmasına yönəldilir. Eyni zamanda, ilkin hazırlıq məşğələlərinin keyfiyyətli təşkili və şəxsi heyətə göstərilən qayğı Müdafiə Nazirliyi rəhbərliyinin və komandanlığın diqqət mərkəzindədir. Əsas məqsədimiz yeni çağırılan gənc əsgərlərin Azərbaycan Ordusunun sıralarında xidmətə layiqli şəkildə başlamasını təmin etməkdir”.

Zabitin müşayiəti ilə qəbul prosesinin ilk mərhələsinə, yəni, nəzarət-buraxılış məntəqəsinə yollanır, burada təşkil edilmiş qəbul prosesi ilə tanış oluruq. Hərbi xidmətə yeni çağırılmış gənclər burada qarşılanır, müvafiq sənədlər yoxlanılır, üzərlərində olan şəxsi əşyalara baxış keçirilir. Hərbi hissəyə gətirilməsinə icazə verilməyən əşyalar müəyyən edildikdə, onlar müvafiq qaydada təhvil alınaraq saxlanılması üçün aidiyyəti üzrə təqdim edilir. Bütün bu tədbirlərin keçirilməsində əsas diqqət qəbul prosesinin nizamlı təşkili və hərbi hissənin daxili qaydalarına riayət olunması məqsədi daşıyır.

Nəzarət-buraxılış məntəqəsindəki prosedurlar başa çatdıqdan sonra çağırışçılar növbəti mərhələdə qeydiyyata alınır, onlarla fərdi psixoloji söhbətlər aparılır və müvafiq testlər keçirilir. Mayor Rəşad Bağırzadə bildirdi ki, gənc əsgərlərlə psixoloji işin təşkili onların hərbi mühitə uyğunlaşmasında mühüm rol oynayır. “Müvafiq təlimatların tələblərinə uyğun olaraq hər bir çağırışçı ilə fərdi söhbətlər aparılır, psixoloji testlər keçirilir. Bu zaman onların fərdi xüsusiyyətləri, emosional vəziyyəti və hərbi xidmətlə bağlı düşüncələri öyrənilir. Söhbət zamanı gənclərin fikirlərini sərbəst ifadə etmələrinə şərait yaradılır. Onlara hərbi kollektivdə qarşılıqlı hörmətin, yoldaşlığın və nizam-intizamın əhəmiyyəti izah olunur. Psixoloji dayanıqlığın qorunması məqsədilə müvafiq maarifləndirici və dəstəkləyici tədbirlər həyata keçirilir. Əsas məqsədimiz hər bir gəncin mənəvi-psixoloji hazırlığını diqqətdə saxlamaq və onun xidmətə uyğunlaşmasına kömək etməkdir”.

Yeni gələn çağırışçıların tibbi müayinədən keçirilməsi qəbul prosesinin vacib mərhələlərindən biridir. Hər bir gəncin sağlamlıq vəziyyətinə fərdi qaydada yanaşılır və müayinələr müvafiq ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Bu zaman onların ümumi sağlamlıq vəziyyəti, mövcud tibbi göstəriciləri və şikayətləri nəzərə alınır. Eyni zamanda, gənclərə şəxsi gigiyena və sağlam həyat tərzinin əhəmiyyəti barədə tövsiyələr verilir. Burada əsas məqsəd hər bir əsgərin sağlamlığını diqqətdə saxlamaq və ona zəruri tibbi dəstəyi göstərməkdir.

Tibbi və psixoloji qəbul tədbirlərindən sonra gənc əsgərlərin hərbi geyim və digər təminat növləri ilə təchiz olunması həyata keçirilir. Çağırışçılar mövsümə uyğun geyim formaları, ayaqqabı və zəruri ləvazimatlarla təmin edilirlər. Hərbi formanı ilk dəfə geyinən gənclərin simasında sevinc və qürur hissini görmək mümkündür. Onlar üçün bu forma artıq yeni həyat mərhələsinin, Vətən qarşısında müqəddəs övladlıq borcunu ödəmə kimi məsuliyyətli vəzifənin rəmzidir.

Əşya anbarına cavabdeh hərbi qulluqçu gizir İlqar Hüseynov söhbətimiz zamanı bildirdi ki, çağırışçılar müəyyən edilmiş normalara uyğun geyimlə təmin edilirlər. “Hər bir hərbi qulluqçuya ölçülərinə uyğun geyim və ayaqqabı təqdim olunur. Bununla yanaşı, gündəlik xidmət və məişət ehtiyacları üçün nəzərdə tutulan digər ləvazimatlar da verilir. Təqdim olunan geyim və əşyaların düzgün istifadəsi, saxlanılması barədə gənclərə məsləhət verilir”.

Artıq bütün yoxlamalardan keçmiş, bütün təminat növləri ilə tam təchiz olunmuş gənc əsgərlərin hazırlıq prosesi başladı. Təlim hərbi hissəsində onların ilkin hazırlıq məşğələlərinin təşkilini də izlədik. Bu mərhələdə çağırışçılar hərbi xidmətin gündəlik qaydaları, daxili intizam, təhlükəsizlik tələbləri və hərbi nizamnamələrin müddəaları ilə tanış oldular. Hazırlıq proqramına uyğun olaraq fərdi və kollektiv məşğələlər keçirildi.

Kapitan Nadir Quliyev qeyd etdi ki, ilkin hərbi hazırlıq gənc əsgərlərin gələcək xidmət fəaliyyətinin əsasını təşkil edir. Bu mərhələdə hər bir çağırışçının hərbi xidmətin xüsusiyyətlərini mənimsəməsi, intizam qaydalarını öyrənməsi və üzərinə düşən vəzifələri dərk etməsi vacibdir. Gənclərə hərbi nizamnamələrin tələbləri, təhlükəsizlik qaydaları və hərbi qulluqçuların gündəlik fəaliyyətinin əsasları izah olunur. Fərdi hazırlıq zamanı hər bir əsgərin bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir”.

Növbəti fəaliyyət gənc əsgərlərdə ilkin nizam-intizamın formalaşması, komandaların düzgün yerinə yetirilməsi, eləcə də kollektiv fəaliyyət vərdişlərinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyan sıra hazırlığı məşğələsidir. Məşğələlər zamanı çağırışçılara sıra duruşu, dönmə hərəkətləri, sıra ilə yerdəyişmə, rəisə yaxınlaşma və hərbi salamvermə qaydaları öyrədilir. İlk baxışdan sadə görünən bu hərəkətlər, əslində, hər bir hərbi qulluqçuda dəqiqliyin, intizamın və məsuliyyət hissinin formalaşmasına xidmət edir.

Çavuş Ağalı Kəsəmənli bildirdi ki, sıra hazırlığı hər bir hərbi qulluqçunun mənimsəməli olduğu ilkin hərbi bilik və bacarıqlardandır. “Bu məşğələlərdə əsgərlərə sıra duruşu, dönmələr, yerdəyişmələr və komandaların düzgün icrası öyrədilir. Hər bir hərəkətin düzgün icrası üçün komandaların mahiyyəti ətraflı izah olunur. Məşğələlər zamanı fərdi səhvlər müəyyən edilir və onların aradan qaldırılması üçün məsləhətlər veririk. Sıra hazırlığı gənclərdə dəqiqlik, çeviklik və kollektiv məsuliyyət kimi keyfiyyətlərin formalaşmasına kömək edir”.

Sıra hazırlığından sonra diqqətimizi gənc əsgərlərin fiziki hazırlıq məşğələlərinə yönəltdik. Fiziki hazırlıq hərbi qulluqçunun ümumi hazırlığının mühüm tərkib hissəsidir. Gənc əsgərlərlə keçirilən məşğələlər zamanı onların fiziki imkanları və hazırlıq səviyyələri nəzərə alınır. Məşğələlərdə əsas diqqət fiziki dözümlülüyün, çevikliyin və ümumi sağlamlığın möhkəmləndirilməsinə yönəldilir. 

Məşğələlərdən əvvəl müvafiq hazırlıq və isinmə hərəkətləri yerinə yetirilir. Əsgərlərə fiziki hazırlıq zamanı təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi də izah olunur. Fiziki hazırlıq hərbi xidmətin tələblərinə uyğunlaşmaqla yanaşı, gənclərdə iradə, əzmkarlıq və özünəinamın möhkəmlənməsinə də kömək edir.

İlkin hazırlıq məşğələləri ilə yanaşı, gənc əsgərlərin gündəlik sosial-məişət təminatı da diqqət mərkəzində saxlanılır. Yeməkxana kompleksində şəxsi heyətin qidalanması üçün yaradılmış şəraitlə də tanış olduq. Çağırışçıların keyfiyyətli, bol kalorili, əsasən milli xörəklərdən ibarət qida ilə təminatına xüsusi diqqət yetirilir. Menyuda müxtəlif tərəvəzlərdən hazırlanan yeməklərə də yer verilir. Qidaların saxlanılması, hazırlanması və təqdim olunması zamanı sanitar-gigiyenik normalara riayət edilir.

Yeməkxana rəisi baş gizir Cavid Kazımov qeyd etdi ki, şəxsi heyətin keyfiyyətli və normativlərə uyğun qidalanmasının təşkili gündəlik fəaliyyətin əsas istiqamətlərindəndir. “Hərbi xidmətə yeni başlayan gənc əsgərlərin uyğunlaşma dövründə qida təminatına diqqətlə yanaşılır. Onların qidalanması müəyyən edilmiş normalara uyğun təşkil edilir və menyuda milli mətbəximizə məxsus xörəklərə geniş yer verilir. Yeməklərin hazırlanması zamanı məhsulların keyfiyyətinə və sanitar-gigiyenik tələblərə xüsusi diqqət yetirilir. Yeməkxanada təmizlik və səliqə-sahmanın qorunması daim nəzarətdə saxlanılır”.

Gənc əsgərlərin yerləşdirildiyi yataqxana və məişət kompleksində onların istirahəti, şəxsi gigiyenası və gündəlik məişət ehtiyaclarının qarşılanması üçün yaradılmış şəraitlə tanış olduq. Yataq yerlərinin səliqəli saxlanılması, şəxsi əşyaların müəyyən edilmiş qaydada yerləşdirilməsi və ümumi təmizliyin qorunması diqqət mərkəzindədir. Gənc əsgərlərə yataqxanada davranış, şəxsi gigiyena və məişət qaydaları barədə müvafiq məlumatlar da verildi.

Hərbi hissədə yaradılmış şərait, təşkil olunan qəbul və hazırlıq tədbirləri ilə tanış olduqdan sonra gənc əsgərlərlə də həmsöhbət olmaq imkanı tapdıq. Onların hərbi xidmətə başlaması ilə bağlı təəssüratları, Vətən qarşısında daşıdıqları məsuliyyət və Azərbaycan Ordusunun sıralarında xidmət etməkdən duyduqları qürur hissi diqqətimizi cəlb etdi.

Əsgər İnqilab Kərimov: “Azərbaycan Ordusunun sıralarına daxil olmaq mənim üçün böyük şərəf və qürurdur. Bu gün Vətən qarşısında övladlıq borcumu yerinə yetirmək üçün buradayam. Daşıdığım hərbi formanın mənə böyük məsuliyyət həvalə etdiyini yaxşı anlayıram. Komandirlərimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirməyə, hərbi bilik və bacarıqlarımı artırmağa çalışacağam. Burada qazanacağım dostluqlar və təcrübələr mənim üçün çox dəyərli olacaq. İnanıram ki, xidmətimi şərəflə başa vuraraq ailəmin yanına alnıaçıq qayıdacağam”.

Əsgər Vüsal Kərimov: “Bu gün Azərbaycan Ordusunda xidmət etmək mənim üçün həyatımın ən yaddaqalan hadisələrindən biridir. Vətənimizin müdafiəçisi olmaq hər bir Azərbaycan gəncinin qürur duymalı olduğu müqəddəs vəzifədir. Mən də bu şərəfli missiyanın bir parçası olmaqdan məmnunam. Hərbi hissəyə gəldiyim ilk gündən burada yaradılmış şərait və bizə göstərilən diqqət məndə xoş təəssürat yaradıb. Əsgər yoldaşlarımla birlikdə hərbi həyatın qaydalarını öyrənir, yeni biliklərə yiyələnirik. Xidmət müddətində intizamlı olmağa və üzərimə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çalışacağam. Ən böyük arzum Azərbaycan əsgəri adına layiq olmaqdır”.

Əsgər İbrahim İsmayılov: “Bu gün burada olmağım Vətənə olan sevgimin və sədaqətimin ifadəsidir. Hərbi xidmət insanın həyatında mühüm təcrübə qazandığı, məsuliyyət və iradə tələb edən bir mərhələdir. Mən də bu müddət ərzində öz üzərimdə çalışacaq, verilən bilikləri dərindən mənimsəyəcəyəm. Komandirlərimizin tövsiyələrinə əməl edərək hərbi xidmətin qaydalarını öyrənəcəyəm. Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin qorunması hər birimizin müqəddəs borcudur. Mən də bu borcu layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm”.

Əsgər Elcan Qaraşov: “Hərbi xidmətə gələcəyim günü böyük həyəcanla gözləyirdim. Bu gün arzum gerçəkləşib və Azərbaycan Ordusunun əsgəri adını daşıyıram. Burada olarkən hərbi kollektivin birliyini, nizam-intizamı və qarşılıqlı hörməti daha yaxından hiss edirəm. Əsgər yoldaşlarımla birlikdə yeni biliklər öyrənmək, fiziki və mənəvi cəhətdən möhkəmlənmək mənə böyük ruh yüksəkliyi verir. Ailəm də mənimlə fəxr edir və onların etimadını doğrultmaq üçün çalışıram. Vətənə xidmət etməkdən qürur duyuram və inanıram ki, bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyəm. Xidmətimi başa vurduqdan sonra qazandığım təcrübəni həyatımın ən dəyərli xatirələrindən biri kimi qoruyacağam”.

Əsgər Sahib İsgəndərov: “Bu gün daşıdığım hərbi forma mənim üçün Vətənə sədaqətin və məsuliyyətin rəmzidir. Azərbaycan Ordusunun sıralarında xidmət etmək mənə böyük qürur hissi yaşadır. Burada olduğum ilk gündən hərbi xidmətin nə qədər məsuliyyətli və şərəfli bir vəzifə olduğunu daha dərindən dərk edirəm. Bizə göstərilən diqqət və qayğı, yaradılmış şərait xidmətə daha böyük həvəslə başlamağımıza kömək edir. Qarşıma qoyduğum əsas məqsəd hərbi biliklərə yiyələnmək, intizamlı və nümunəvi əsgər olmaqdır. Vətənimizin müdafiəsi naminə üzərimə düşən vəzifəni hər zaman vicdanla yerinə yetirməyə hazıram. Əminəm ki, bu gün başladığım xidmət yolunu böyük qürur və şərəflə başa vuracağam”.

“N” hərbi hissəsində gənc əsgərlərin qəbulundan başlayaraq, onların ilkin hazırlığına, gündəlik təminatına və hərbi kollektivə uyğunlaşmasına qədər həyata keçirilən proseslərlə tanış olduq. Gördüklərimiz bir daha göstərir ki, hərbi xidmətin ilk günündən etibarən şəxsi heyətin qəbuluna, sağlamlığına, mənəvi-psixoloji vəziyyətinə, hazırlığına və sosial-məişət təminatına xüsusi diqqət yetirilir.

Azərbaycan Ordusunun sıralarına yeni qoşulan gənclərin Vətənə övladlıq borcunu ödəmək istəkləri, üzərlərinə düşən vəzifəni dərk etmələri və hərbi formaya bəslədikləri qürur hissi bu prosesin mənəvi tərəfini daha aydın nümayiş etdirir. Hərbi xidmətə atılan ilk addımlardan etibarən onların qarşısında bir məqsəd dayanır: Azərbaycan əsgəri adını şərəflə daşımaq. Əminik ki, gənc çağırışçılar sələflərinin yolunu uğurla davam etdirəcək, Vətənə sədaqətlə xidmət edəcək və xalqımızın etimadını doğruldacaqlar.

 

Elçin İMANOV

“Azərbaycan Ordusu”,

fotolar

Coşqun CƏFƏROVUNDUR