AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabr Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, milli dövlətçilik ənənələrimizin, müstəqillik iradəmizin və qəhrəmanlıq salnaməmizin mühüm səhifələrini əks etdirən aylardandır. Bu ayda qeyd olunan 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü xalqımızın keçdiyi şərəfli yolun, azadlıq uğrunda mübarizəsinin və dövlətçilik əzminin rəmzi kimi xüsusi məna daşıyır. Vətən müharibəsində əldə edilən tarixi Qələbə xalqımızın öz gücünə və gələcəyinə inamını daha da möhkəmləndirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbi qulluqçularımızın peşəkarlığı və yüksək döyüş ruhu nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün həmin torpaqlarda xidmət aparan Azərbaycan Ordusunun hərbi qulluqçuları isə əldə olunan nailiyyətlərin qorunması, təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirlər. Azad Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız xalqımızın iradəsinin, dövlətimizin suverenliyinin və tarixi Qələbəmizin ifadəsidir. Vətənin keşiyində dayanan əsgərlərimiz üçün üçrəngli bayrağımızın kölgəsində xidmət etmək həm böyük qürur, həm də müqəddəs məsuliyyətdir. Əlamətdar günləri işğaldan azad edilən ərazilərdə qarşılayan hərbi qulluqçularımız bayram sevinclərini xalqımızla bölüşür, bütün həmvətənlərimizə səmimi təbriklərini və xoş arzularını çatdırırlar.
“Azərbaycan Ordusu”
Baş leytenant Valid Mərdanlı: “Mən fəxr edirəm ki, qalib Azərbaycan Ordusunun hərbi qulluqçusuyam. Bu gün daşıdığım hərbi forma mənim üçün sadəcə geyim deyil, həm də böyük məsuliyyətin, şərəfin və Vətənə sədaqətin rəmzidir. Zəfər Gününü qeyd edərkən xalqımızın keçdiyi çətin və şərəfli yolu bir daha xatırlayıram. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərdi. Həmin günlərdə döyüş meydanında nümayiş etdirilən cəsarət, iradə və qətiyyət bu gün də bizə güc verir. Zəfərin arxasında illərlə aparılan hazırlıq, yüksək döyüş ruhu və Vətən sevgisi dayanır. Hər dəfə üçrəngli bayrağımızın dalğalandığını görəndə qəlbimdə böyük qürur hissi yaranır. Çünki bu bayraq artıq xalqımızın qəhrəmanlığının və tarixi Zəfərinin rəmzinə çevrilib. Bizə əmanət edilən torpaqları qorumaq, dövlətimizin təhlükəsizliyini təmin etmək, şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq, döyüş əməliyyatlarında yaralanan silahdaşlarımızın fədakarlığını unutmamaq hər birimizin borcudur. Bu gün xidmət etdiyim hərbi hissədə bilik və bacarıqlarımı durmadan təkmilləşdirirəm. Çünki Ana Vətənin müdafiəsi hər an hazır olmağı tələb edir. Arzum budur ki, ölkəmizin səmasında hər zaman sülh olsun, bayrağımız daim qürurla dalğalansın. Zəfər Günümüz mübarək!”
Leytenant Fərid Süleymanov: “Zəfər Günü mənim üçün tarixdə qazanılmış bir uğurdan daha böyük məna daşıyır. Bu gün xalqımızın birliyinin, ordumuzun qüdrətinin və Vətənə bağlılığımızın təcəssümüdür. Azərbaycan hərbçisi kimi belə bir tarixi qələbəni qazananların davamçısı olduğum üçün özümü xoşbəxt və qürurlu hiss edirəm. Uşaqlıqdan eşitdiyim Qarabağ həsrətinin sona çatması xalqımızın yaddaşında əbədi yaşayacaq. 2020-ci ilin payızında Azərbaycan əsgərinin döyüş meydanında yazdığı tarix hər birimizə qürur mənbəyidir. O günlərdə nümayiş etdirilən qəhrəmanlıq sübut etdi ki, Vətən sevgisi insanı ən çətin sınaqlardan belə üzüağ çıxarır. Bu qələbə bizə yalnız torpaqlarımızı deyil, həm də milli qürurumuzu qaytardı. Bu gün mənim əsas məqsədim üzərimə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmək, hərbi biliklərimi artırmaq və peşəkar hərbi qulluqçu kimi formalaşmaqdır. Bilirəm ki, hər bir hərbi qulluqçunun hazırlığı bütövlükdə ordumuzun gücünə töhfə verir. Biz istənilən tapşırığı dəqiqliklə icra etməyə hazırıq. Mənim üçün ən böyük mükafat xalqımızın əmin-amanlıq içində yaşaması və gələcək nəsillərin müharibə görməməsidir. Şəhidlərimizin Vətən uğrunda canlarından keçərək bizə miras qoyduqları müqəddəs dəyərləri qorumaq hər bir azərbaycanlının borcudur. Onların qəhrəmanlığı qarşısında baş əyir, döyüşlərdə yaralananlara şəfa arzulayıram. Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı olacaq. Qalib xalqın hərbi qulluqçusu olmaq mənim üçün böyük şərəfdir!”
Baş gizir Novruz Dadaşov: “Salam, əziz həmvətənlər! Hər bir azərbaycanlının qəlbində xüsusi yerləri olan Zəfər Günü və Dövlət Bayrağı Gününü Azərbaycan hərbçisi kimi qarşılayıram.
Bu gün Qarabağda həyat yenidən canlanır, doğma yurdlarına qayıdan insanların evlərində işıqlar yanır, toy-bayram səsləri eşidilir. Bütün bunlar Zəfərin bizə bəxş etdiyi ən böyük xoşbəxtliklərdəndir. Mənim arzum budur ki, gələcək nəsillər 8 Noyabrı tarix kitablarından oxusun, müharibənin ağrısını yaşamadan qalib ölkənin vətəndaşı kimi böyüsünlər. Bu qüruru bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, müharibədə yaralanan həmvətənlərimə ehtiramımı bildirirəm. Zəfər sevincimiz daim olsun! Bayramlarınız mübarək!”
Gizir Məhəmmədəmin Qasımov: “Salam, Azərbaycan! Hər gün xidmət etdiyim bölmədə qürurla dalğalanan üçrəngli bayrağımıza baxanda onun mənim üçün ifadə etdiyi mənanı bir daha anlayıram. Bu bayraq altında and içmişəm, bu bayrağın şərəfini qorumaq üçün xidmət edirəm. Onun dalğalandığı hər yerdə özümü daha güclü, daha məsuliyyətli hiss edirəm. Mən istəyirəm ki, bayrağımızı görən hər bir azərbaycanlı özünü güvəndə və qürurlu hiss etsin. Uşaqlarımız onun altında böyüsün, gənclərimiz onunla fəxr etsin, idmançılarımız beynəlxalq arenalarda onu yüksəltsin, hərbi qulluqçularımız isə onu daim ucalarda saxlasınlar. Bu gün bayrağımız Vətənimizin digər yerlərində olduğu kimi, azad edilmiş torpaqlarımızda da dalğalanır. Onun hər bir dalğasında bir xalqın arzusu, əzmi və gələcəyə inamı var. Mən Azərbaycan Ordusunun hərbi qulluqçusu olaraq söz verirəm ki, bu bayrağın ucalığına layiq xidmət edəcəyəm. Qoy üçrəngli bayrağımız həmişə zirvələrdə olsun! Bayramlarınız mübarək!”
Əsgər Vüsal Dəmirçiyev: “8 Noyabr - Zəfər Günü xalqımızın yaddaşına qızıl hərflərlə yazılan, hər bir azərbaycanlının qəlbində qürur və sevinc hissi yaşadan əlamətdar gündür. Azərbaycan xalqı bu günlərdə öz gücünü, birliyini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdiyi tarixi Qələbəni qeyd edir. Bu münasibətlə xalqımızı ürəkdən təbrik edir, hər bir ailəyə sevinc və xoş günlər arzulayıram.
İşğaldan azad edilmiş torpaqlarda xidmət etmək mənim üçün böyük şərəf və qürurdur. Vaxtilə düşmən tapdağında olan bu ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Burada xidmət etdikcə Vətən torpağının hər qarışının nə qədər qiymətli olduğunu daha dərindən anlayıram. Bu torpaqlar uğrunda döyüşən, canından keçən qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad edirəm. Bizim bu gün burada xidmət etməyimiz onların göstərdiyi qəhrəmanlığın və fədakarlığın davamıdır.
Şuşanın azad olunması isə Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. Şuşa təkcə bir şəhər deyil, Azərbaycan xalqının mənəvi sərvəti, mədəniyyətimizin beşiyi və milli qürurumuzun rəmzidir. Arzu edirəm ki, azad edilmiş yurd yerlərimiz də inkişaf etsin, küçələrdə uşaqların səsi eşidilsin, hər evdən sevinc və xoşbəxtlik əskik olmasın.
Əlamətdar günlər münasibətilə xalqımızı bir daha təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, hərbçiləriməz cansağlığı arzulayıram. Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Zəfər Gününüz və Dövlət Bayrağı Gününüz mübarək!”
Əsgər Aqil Orucov: “Zəfər Günü hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Bu tarix xalqımızın illərlə gözlədiyi arzunun gerçəkləşdiyi, torpaqlarımızın işğaldan azad olunduğu və dövlətimizin gücünün nümayiş etdirildiyi gündür. Mən də bu sevinci yaşayan Azərbaycan vətəndaşı və Vətənimizin müdafiəçisi kimi xalqımızı bu əlamətdar bayram münasibətilə təbrik edirəm.
Bu gün işğaldan azad edilmiş ərazilərdə xidmət keçmək mənim üçün həm məsuliyyət, həm də böyük fəxrdir. Xidmət etdiyimiz bu torpaqlara baxdıqca düşünürəm ki, xalqımız nə qədər çətin sınaqlardan keçib. Bu torpaqların azadlığı üçün qəhrəman oğullarımız böyük fədakarlıq göstəriblər. Onların arasında öz həyatını Vətənə qurban verən igidlərimiz də var. Biz şəhidlərimizin əziz xatirəsini heç vaxt unutmamalı, onların bizə əmanət qoyduğu Vətəni göz bəbəyimiz kimi qorumalıyıq.
Mən istəyirəm ki, gələcək nəsillər müharibə görməsin, onlar Vətənimizin gözəl günlərində yaşasınlar. Biz əsgərlər isə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini qorumağa hər zaman hazırıq.
Bu gözəl bayramlar münasibətilə hər bir azərbaycanlını təbrik edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Arzu edirəm ki, xalqımız daim bir olsun, Azərbaycanımızın başı həmişə uca, bayrağı isə hər zaman zirvələrdə dalğalansın. Zəfərimiz əbədi olsun”.
Əsgər Pərviz Atakişiyev: “Bir ilə yaxındır ki, Vətənə xidmət edirəm. Bununla qürur duyuram. Vətəni qorumaq, ona şərəflə xidmət etmək hər bir oğulun mənəvi borcudur. “Vətəni qorusan sənindir, qorumasan yadındır”, deyimi necədə yerində deyilib. Mən doğulanda və böyüyüb özümü dərk etməyə başlayanda ən çox eşitdiyim “ölkəmiz müharibə şəraitindədir”, “torpaqlarımız ermənilər tərəfindən işğal edilib” kimi sözlər olub.
Ona görə də işğalçılara qarşı qəzəbim artırdı. Böyüyüb əsgər olacağımı və düşmənə qarşı döyüşüb torpaqlarımızın azad edilməsində iştirak etmək istəyirdim. Amma tale elə gətirdi ki, mən həmin döyüşlərdə iştirak edə bilmədim. Qalib ordumuz işğal altındakı ərazilərimizi azad etdi. Cəmi 44 gün davam edən müharibə xalqımızın və ordumuzun şanlı qələbəsi ilə yekunlaşdı.
Düşməndən azad edilmiş ərazilərimizdə xidmət etmək qürurvericidir. 30 ilə yaxın ermənilər əsrarəngiz təbiəti olan doğma torpaqlarımızı işğal altında saxlayıblar. Bu gün azad edilmiş şəhər və rayonlarımız, yaşayış məntəqələrimiz yenidən bərpa olunur. Bir çox yerlərə yerli əhali köçürülür. Onların dinc, əmin-amanlıq şəraitində yaşamaqları üçün daim ayıq-sayıq xidmət edirik.
Bu günlərdə torpaqlarımızın düşmən işğalından azad edilməsinin 6-cı ildönümü qeyd edirik. Bu münasibətilə bütün silahdaşlarımı və xalqımızı 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm. Əmin edirəm ki, sələflərimizdən bizə miras qalan Vətən torpaqlarını bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq”.
Əsgər Rauf Abbasov: Bayramlar içərisində ən mühüm, ən müqəddəs bayramlardan biri də Zəfər Günü bayramıdır. Bunu bizə yaşadan 6 il bundan əvvəl tarixi Qələbəni qazanan ordumuz olub. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgəri 30 ilə yaxın ermənilərin işğalı altında olan torpaqlarımızı azad etdi. 2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Şuşa şəhərinin düşməndən azad edildiyi barədə televiziyadan elan etdiyi gün yadımdadır. Həmin gün xalqımız bayram edirdi. Şuşa Qarabağın tacıdır. Şuşasız Qarabağı təsəvvür etmək mümkün deyil. Ölkəmizə neçə-neçə mədəniyyət xadimi, şair və yazıçıları bəxş etmiş şəhər həm də Azərbaycanın mədəniyyət paytaxtı hesab olunur.
Hazırda qalib Azərbaycan Ordusunun əsgəri kimi azad edilmiş ərazilərimizdə xidmət edirəm. Burada xidmət etmək, sözün əsl mənasında, qürurvericidir. Bu torpaqların azad edilməsi uğrunda xalqımızın neçə-neçə qəhrəman oğlunun qanı tökülüb. Biz şəhidlərin canı-qanı bahasına azad etdiyimiz torpaqları göz bəbəyi kimi qoruyuruq. Düşmənin on illər ərzində işğal altında saxladığı bu yerlərdə daşı-daş üstə qoymayıb. Şəhərlərdən tutmuş kəndlərə qədər hamısı yerlə-yeksan edilib. Azad ediləndən sonra burada bərpa-quruculuq işləri sürətlə davam edir. Vaxtilə ev-eşiklərini tərk etməyə məcbur qalan soydaşlarımız hissə-hissə doğma yurdlarına qayıdırlar. Onlar yeni tikilmiş hər cür şəraiti olan evlərə köçürlər.
Qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı hər kəsi təbrik edirəm”.
Kiçik çavuş Saleh Cəfərov: “8 Noyabr - Zəfər Günü xalqımızın tarixində əbədi yaşayacaq ən möhtəşəm hadisələrdən biridir. Bu şanlı Qələbə Azərbaycan xalqının birliyinin, Müzəffər Ali Baş Komandanın qətiyyətinin və ordumuzun qəhrəmanlığının təntənəsidir. Mənim üçün bu tarixi günün xüsusi əhəmiyyəti var, çünki Vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində həyata keçirilən antiterror əməliyyatında iştirak etmişəm. Döyüş əməliyyatlarında iştirak etmək mənə Vətən qarşısında məsuliyyətin nə qədər böyük olduğunu bir daha göstərdi. Belə məqamlarda hərbi qulluqçunun iradəsi, peşəkarlığı, intizamı və silahdaşlarına inamı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Ordusunda xidmət etmək mənim üçün böyük şərəf olmaqla yanaşı, üzərimə ciddi məsuliyyət də qoyur. Zəfərin qürurunu, bayrağımızın əzəmətini yaşadırıq. Daim döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, bilik və bacarıqların təkmilləşdirilməsi hər bir hərbi qulluqçunun əsas vəzifələrindəndir. Azərbaycan Ordusunun sıralarında xidmət etməyimlə qürur duyur, Vətənə layiqli xidmət göstərməyi özümə ən böyük mənəvi borc hesab edirəm. Digər əlamətdar günlər kimi, Dövlət Bayrağı Günü də mənim üçün xüsusi məna daşıyır. Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlətçiliyimizin müqəddəs rəmzidir. Əslən Göygöl rayonundanam, lakin Vətənimizin hər qarışını öz doğma yurdum hesab edirəm. Bayrağımızın azad torpaqlarımızda dalğalanması hər birimizə sonsuz qürur və sevinc bəxş edir. Mənim üçün bu bayrağın keşiyində dayanmaq, onun şərəfini qorumaq və dövlətimizə sədaqətlə xidmət etmək böyük xoşbəxtlikdir. Arzu edirəm ki, üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşasın”.
Çavuş Rəsul Məmmədli: “8 Noyabr - Zəfər Günü mənim üçün həm böyük qürur, həm də Vətən uğrunda göstərilən fədakarlıqları xatırladan əlamətdar tarixdir. Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş hərbi qulluqçu kimi bu tarixi Qələbənin necə böyük mübarizə və qəhrəmanlıq bahasına əldə olunduğunu yaxşı anlayıram. Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmək həyatımın ən yaddaqalan və məsuliyyətli mərhələlərindən biri olub. Həmin döyüşlərdə yaralanmağım da Vətənə xidmət yolunda keçdiyim sınaqlardan biridir. Buna baxmayaraq, Vətənə bağlılığım və hərbi xidmətə sədaqətim mənim üçün hər zaman dəyişməz olub. Döyüş meydanında insan silahdaşlarının dəyərini, qarşılıqlı etimadın və birliyin əhəmiyyətini daha dərindən anlayır. Bu gün xidmətimi davam etdirməkdən, Azərbaycan Ordusunun sıralarında olmaqdan qürur duyuram. Hesab edirəm ki, hərbi qulluqçu daim yüksək hazırlığı, möhkəm iradəsi və intizamı ilə seçilməlidir.
9 Noyabr - Dövlət Bayrağı Günü də mənim üçün Vətənə sədaqətin və milli qürurun ifadəsidir. Üçrəngli bayrağımız xalqımızın azadlığını, müstəqilliyini və dövlətçilik ənənələrini özündə təcəssüm etdirir. Onun azad torpaqlarımızda dalğalanması hər bir Azərbaycan vətəndaşı kimi məni də qürurlandırır. Bayrağımızın şərəfini qorumaq, Vətənimizin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək hər bir hərbi qulluqçunun müqəddəs borcudur. Mən Azərbaycan Ordusunda xidmət etməyi həyatımın ən böyük şərəflərindən biri hesab edirəm. İnanıram ki, xalqımızın birliyi, dövlətimizin qüdrəti və ordumuzun gücü sayəsində üçrəngli bayrağımız daim ucalarda dalğalanacaq”.