AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Milli Müdafiə Universitetinin (MMU) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş “Müdafiə və milli təhlükəsizliyin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirildi. Tədbirdə müdafiə və milli təhlükəsizlik sahəsində aktual məsələlər, müasir hərb elminin inkişaf istiqamətləri və təcrübə mübadiləsi müzakirə olundu.
Konfransın açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edildi, abidələrinin önünə gül dəstələri qoyuldu. Bir dəqiqəlik sükutdan sonra Dövlət Himni səsləndirildi və videoçarx nümayiş etdirildi.
MMU-nun rektoru general-mayor Gündüz Əbdülov açılış nitqi ilə çıxış etdi.
Daha sonra professor general-mayor Arif Həsənovun moderatorluğu ilə panel müzakirəsi keçirildi. Paneldə MMU-nun rektoru general-mayor Gündüz Əbdülov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Elşad Nəsirov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi İltimas Məmmədov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov çıxış etdilər. Müzakirələrdə dəyişən əməliyyat mühiti, gələcəyin döyüş məkanı, hərbi təhsil və kadr hazırlığı, rəqəmsal ordu, süni intellekt, kibertəhlükəsizlik və yeni müdafiə texnologiyaları əsas mövzular oldu.
Hərbi təhsilin müasir tələblərə uyğunlaşdırılması məsələsinə toxunan general-mayor Gündüz Əbdülov peşəkar hərbi təhsil ekosisteminin yaradılmasının vacibliyini vurğuladı: “Bu prosesdə yalnız təhsilalanların deyil, idarəçilərin və təhsilverənlərin də üzərinə mühüm vəzifələr düşür. Hərbi təhsilin inkişafı bütün iştirakçıların birgə fəaliyyətini tələb edir”.
Rektor müasir gəncliyin düşüncə tərzinin və informasiya imkanlarının əvvəlki nəsillərdən fərqləndiyini də diqqətə çatdırdı: “İndiki gənclər 1970-1980-ci illərin məhdud informasiya mühitində formalaşan nəsil deyil. Bir çox məsələlərdə əvvəlki nəsli üstələyirlər. Buna görə də onlarla sağlam ünsiyyət qurmaq, dünyagörüşlərini və potensiallarını düzgün istiqamətləndirmək vacibdir”.
General-mayor Gündüz Əbdülov hərbi qulluqçuların xidmət və hazırlıq sistemində nəzərdə tutulan yeniliklər barədə də məlumat verdi: “Yaxın həftələrdə yeni islahat mərhələsinə başlanılması planlaşdırılır. Bu çərçivədə çavuş sisteminin yenilənməsi, gizirlərin peşəkar çavuşlar arasından seçilməsi, eləcə də fərqlənən əsgərlərin taqım komandirinin müavini vəzifəsinə hazırlanması istiqamətində işlər aparılır”.
Təhsil proqramlarının texnoloji inkişafın sürətinə uyğun yenilənməsi məsələsini önə çəkən gömrük xidməti general-mayoru Qulu Novruzov bilik sistemində baş verən dəyişikliklərdən danışdı: “Əvvəlki dövrlərdə formalaşmış yanaşmalar öz aktuallığını itirir, yeni reallıqlar isə təhsil və idarəetmə sistemlərinin yenidən nəzərdən keçirilməsini tələb edir. Universitetlərdə qəbul edilən tədris proqramlarının yararlılıq müddəti təxminən 2-4 il olduğu halda, süni intellektin təsiri ilə baş verən dəyişikliklər daha qısa müddətdə meydana çıxır. Buna görə də təhsil müəssisələri texnoloji yeniliklərə hazır olmalıdır”.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Elşad Nəsirov da təhsil müəssisələrində təhsil proqramlarının çevik yenilənməsinin vacibliyini vurğuladı. Onun sözlərinə görə yeniliklərin tətbiqi üçün 4-5 il gözləmək mümkün deyil. Təhsil proqramları və hazırlıq yanaşmaları ən geci bir il ərzində yenilənməlidir. Akademiya rəisi, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin kadr hazırlığında üzərinə düşən məsuliyyətə diqqət çəkdi: “Ali təhsil müəssisələrinin ümumi maraq dairəsi və səriştəyönümlü təhsil yanaşması oxşar olsa da, xüsusi təyinatlı təhsil müəssisələri əvvəlcədən müəyyən edilmiş konkret vəzifələrə uyğun kadr hazırlayırlar. Hazırlanan mütəxəssis gələcək xidmət yerinin tələblərinə cavab verməlidir. Əks halda, həmin ştatın boş qalması riski yaranır”.
Süni intellektin təhsil və elmin inkişafındakı rolundan danışan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov universitetdə bu istiqamətdə görülən işləri diqqətə çatdırdı: “106 illik tarixə malik universitetimizin fəaliyyətini davam etdirməsi dəyişən dövrün tələblərinə uyğunlaşmaq bacarığı ilə bağlıdır. ADNSU-da kompüter elmləri və süni intellekt istiqamətləri üzrə tədrisə xüsusi diqqət yetirilir. Universitetin tərkibində Süni İntellekt İnstitutunun yaradılması da bu sahənin inkişafına verilən önəmin göstəricisidir”.
Rektor texniki imkanlarla yanaşı, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının da əhəmiyyətini qeyd etdi: “Süni intellektin inkişafı sahəsində dünya ölkələri ilə eyni başlanğıc mövqeyində olmaq Azərbaycan üçün əlavə imkanlar yaradır. Mövcud potensialdan düzgün istifadə etməklə bir sıra ölkələri qabaqlamaq mümkündür”.
Süni intellekt müzakirəsi zamanı çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi İltimas Məmmədov bu vasitənin kiberhücumlarda tətbiqinin yaratdığı risklərə toxunaraq kibertəhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğuladı: “İnternet istifadəçilərinin sayının və şəbəkə sürətinin artması kibertəhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. Kiberhücumların böyük hissəsində süni intellekt imkanlarından istifadə olunur. Bu texnologiyalar daha az resursla genişmiqyaslı hücumlar həyata keçirməyə şərait yaradır. Buna görə də süni intellektin müdafiə məqsədilə tətbiqi vacibdir”.
İltimas Məmmədov Vətən müharibəsi dövründə Azərbaycanın intensiv kiberhücumlara məruz qaldığını və bu hücumların qarşısının alınmasında xidmətin mütəxəssislərinin fəaliyyətini qeyd etdi: “Vətən müharibəsi dövründə Azərbaycan dünyanın müxtəlif yerlərindən intensiv kiberhücumlara məruz qalıb. Xidmətin mütəxəssisləri bir sıra hücumları hələ baş verməmiş aşkarlayaraq zərərsizləşdiriblər”.
Şöbə rəisi son dövrdə dövlət qurumlarının internet resurslarına qarşı həyata keçirilən hücumlara da toxunaraq bildirdi ki, baş verən kiberhücumların yaratdığı çətinliklər xidmətin operativ fəaliyyəti nəticəsində qısa müddətdə aradan qaldırılıb.
Ümumilikdə konfrans çərçivəsində milli təhlükəsizlik, hərbi, fundamental və humanitar elmlər, eləcə də hərbi təbabət istiqamətləri üzrə bölmə iclasları keçirildi, elmi məruzələr dinlənildi. Yekun tədbirində konfrans iştirakçılarına sertifikatlar təqdim olundu.
Konfransın nəticələri göstərdi ki, müdafiə və milli təhlükəsizlik sahəsində yeni çağırışlara uyğunlaşmaq üçün hərbi təhsilin təkmilləşdirilməsi, peşəkar kadr hazırlığı, qabaqcıl texnologiyaların tətbiqi və kibertəhlükəsizliyin gücləndirilməsi vacibdir. Elmi bilik və praktiki təcrübənin bir araya gətirildiyi bu platforma həmin istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə və müdafiə potensialının inkişafına xidmət edir.
Tamilla HÜSEYNLİ
“Azərbaycan Ordusu”