AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tariximizdə elə günlər, elə hadisələr var ki, onların dəyəri zaman keçdikcə özünü daha çox büruzə verir, mənəvi gücü nəsildən-nəslə ötürülür. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfər xalqımızın yaddaşına əbədi həkk olunan belə tarixi hadisələrdəndir. Bu tarixi hadisə döyüş meydanında əldə edilən hərbi uğurlarımızı bir daha göstərdi. Bu uğurlar milli birliyin, sarsılmaz iradənin, Vətən sevgisinin və dövlətçilik əzminin təntənəsi idi. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək bütün dünyaya sübut etdi ki, torpaqlarının azadlığı uğrunda daim mübarizə aparanı, haqqına və tarixi ədalətə söykənən xalqı heç bir qüvvə öz yolundan döndərə bilməz.
“Dəmir yumruq” rəmzi Azərbaycan xalqının birliyini, dövlətimizin qətiyyətini və ordumuzun sarsılmaz gücünü ifadə edən tarixi simvola çevrildi. Bu yumruq xalqın iradəsini, Azərbaycan Ordusunun döyüş əzmini, şəhidlərimizin müqəddəs amalını və dövlətin milli maraqlarını özündə birləşdirdi. Bütün bunlar tarixi Zəfərə gedən yolun başlanğıcı oldu. Bu şərəfli yol uzun illər ərzində formalaşan dövlətçilik siyasətindən, ordunun möhkəmləndirilməsindən, xalqın milli ruhunun qorunmasından və xalqımızın öz haqqını təmin etmək əzmindən keçirdi.
Hər bir dövlətin güclü ordusu olmalı və xalqının təhlükəsizliyini əzmlə qorumalıdır. Bu baxımdan müstəqil Azərbaycanın güclü orduya sahib olması dövlətçilik tariximizin ən mühüm məsələlərindən biri idi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ordu quruculuğunun sistemli şəkildə həyata keçirilməsi, hərbi idarəetmənin təkmilləşdirilməsi, milli hərbi kadrların hazırlanması və Silahlı Qüvvələrin dövlətin əsas dayaqlarından biri kimi möhkəmləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın müdafiə qüdrətinin artırılmasına, milli ordunun formalaşmasına və dövlət müstəqilliyinin etibarlı qorunmasına zəmin yaratdı. Dahi Şəxsiyyətin dövlətçilik məktəbində Vətənə sədaqət, milli maraqların qorunması və güclü dövlətçilik ideyası xüsusi yer tuturdu. Bu ideyalar sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyəti artırıldı, maddi-texniki bazası gücləndirildi, müasir silah və texnikalarla təchiz olundu. Hərbi qulluqçuların peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Bu da müdafiə sənayesinin inkişafına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, təlim və tədris prosesinin təkmilləşdirilməsinə zəmin yaratdı. Bu prosesdə əsas məqsəd hərbi imkanların artırılması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışını təmin etmək idi. Azərbaycan dövləti bu problemləri həll etmək məqsədilə bütün siyasi və diplomatik imkanlardan istifadə etsə də, Ermənistanın işğalçılıq siyasəti münaqişənin sülh yolu ilə həll olunmasına mane olurdu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı Vətən müharibəsinin başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid oğulları döyüş meydanında böyük əzmkarlıq, yüksək peşəkarlıq və misilsiz qəhrəmanlıq nümayiş etdirdilər. Hər bir uğurlu əməliyyat ordunun hazırlığının, düzgün hərbi planlaşdırmanın və şəxsi heyətin Vətənə sədaqətinin göstəricisini əks etdirdi.
Müharibənin gedişində azad edilən yaşayış məntəqələri xalqımızın qəlbində illərlə yaşatdığı ümidləri reallığa çevirdi. Cəbrayılın, Zəngilanın, Qubadlının və digər yaşayış məntəqələrinin işğaldan azad olunması, strateji əhəmiyyətli yüksəkliklərə nəzarətin təmin edilməsi Azərbaycan Ordusunun əməliyyat üstünlüyünü daha da möhkəmləndirdi. Hər bir uğurlu döyüş əməliyyatı yeni qələbələrə yol açdı, hər bir azad edilən kənd, qəsəbə və şəhər xalqımızın qələbə əzmini daha da artırdı.
Qədim Şuşa şəhərinin azad edilməsi isə Vətən müharibəsinin ən parlaq səhifələrindən biri kimi tarixə düşdü. Çətin şəraitdə keçirilən bu əməliyyat Azərbaycan Ordusunun cəsarətini, döyüş hazırlığını və yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Şuşa qələbəsi hərbi baxımdan mühüm nəticə olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və tarixi yaddaşımızın təntənəsi idi.
Noyabrın 8-də Şuşanın azad edilməsi müjdəsini Ali Baş Komandan İlham Əliyev xalqa Şəhidlər xiyabanından çatdırdı.
Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat isə hərbi əməliyyatların dayandırılmasına və münaqişənin yeni mərhələyə keçməsinə şərait yaratdı. Beləliklə, Azərbaycan öz hərbi-siyasi məqsədlərinə nail olaraq ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüşə imza atdı. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə sübut etdi ki, güclü dövlət, qüdrətli ordu və xalq birliyi qarşıya qoyulan ən çətin vəzifələrin həllində həlledici rol oynayır.
Tarixi Zəfərin qazanılmasında dövlətimizin qətiyyətli siyasəti, Vətənin igid oğullarının şücaəti və xalqımızın mənəvi dəstəyi dayanır. Torpaq, Vətən sevgisi könüllü döyüşçülərin və arxa cəbhədə çalışan insanların mənəvi dəstəyi ümumi qələbə əzmini gücləndirirdi. Xalqla ordu arasında yaranmış sarsılmaz birlik Vətən müharibəsinin ən mühüm dayaqlarından biri oldu.
Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin adları Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Döyüşdə yaralananlar isə göstərdikləri şücaətlə qəhrəmanlığın canlı nümunəsinə çevrildilər. Tarixi Zəfərimizin hər bir səhifəsi onların adı ilə bağlıdır.
Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi uğurlar müasir müharibənin xarakterini, texnologiyanın və düzgün əməliyyat planlaşdırmasının əhəmiyyətini də nümayiş etdirdi. Pilotsuz uçuş aparatlarından, dəqiq zərbə vasitələrindən, kəşfiyyat imkanlarından və müxtəlif qoşun növlərinin uzlaşdırılmış fəaliyyətindən səmərəli istifadə döyüş əməliyyatlarının gedişinə ciddi təsir göstərdi. Lakin müasir texnologiya nə qədər qələbə qazandırsa da, onun arxasında peşəkar hərbi qulluqçular, dəqiq qərarlar, düzgün idarəetmə və yüksək döyüş ruhu olan vətənpərvər insanlar dayanmalıdır. Azərbaycan Ordusu bütün bu amillərin vəhdətini nümayiş etdirərək müasir hərb tarixində özünəməxsus təcrübə yaratdı.
Tarixi Zəfərdən sonra qarşıda yeni vəzifələr yarandı. Azad edilmiş ərazilərdə həyatın bərpası, infrastrukturun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış I Dövlət Proqramı prosesi uğurla davam etdirilir. Bu proqram Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə, yaşayış məntəqələrinin bərpasına, bölgədə yeni və dayanıqlı həyatın qurulmasına xidmət edir. Yeni yolların, yaşayış komplekslərinin, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət ocaqlarının və digər sosial obyektlərin inşası Zəfərin quruculuq mərhələsini təşkil edir.
Bununla yanaşı, müasir dövrün tələbləri Azərbaycan Ordusunun qarşısında yeni vəzifələr qoyur. Regional təhlükəsizlik mühiti, hərbi texnologiyaların sürətli inkişafı və müharibə təcrübəsinin dəyişməsi Azərbaycan Ordusunun daim təkmilləşdirilməsini zəruri edir. Belə ki, peşəkar kadr hazırlığı, müasir döyüş üsullarının mənimsənilməsi, hərbi intizamın möhkəmləndirilməsi və şəxsi heyətin mənəvi-psixoloji hazırlığı ordunun döyüş qabiliyyətinin əsas şərtləridir.
Xalqımızın “Dəmir yumruq” ətrafında birləşməsi dövlətimizin inkişafı, milli maraqlarımızın qorunması və gələcək hədəflərimizə çatmaq üçün mühüm mənəvi sərvətdir. Vətənə sədaqət, dövlətə inam, orduya ehtiram və milli həmrəylik cəmiyyətimizin möhkəm dayaqları olaraq qalmalıdır. Çünki tarixi Zəfərimizin dəyəri yalnız qazanılmış Qələbə ilə ölçülmür. Bu dəyər həm də həmin Qələbənin yaratdığı məsuliyyəti necə daşımağımızda, şəhidlərimizin bizə əmanət etdiyi torpaqlarımıza necə sahib çıxmağımızda və gələcəyimizi necə qurmağımızda özünü göstərir.
Bu gün Azərbaycan Ordusu müstəqil dövlətimizin təhlükəsizliyinin, suverenliyinin və milli maraqlarının qorunmasında mühüm rol oynayır. Vətən müharibəsində qazanılan tarixi Zəfər bir daha sübut etdi ki, milli birliklə möhkəmlənən dövlət və yüksək döyüş ruhuna malik ordu qarşısına qoyduğu məqsədlərə çata bilər.
“Dəmir yumruq” xalqımızın birliyinin, dövlətimizin qətiyyətinin və Azərbaycan Ordusunun gücünün rəmzi kimi yaddaşlarda yaşayır. Bu rəmzin arxasında bütöv bir xalqın iradəsi, şəhidlərimizin müqəddəs xatirəsi dayanır. Tarixi Zəfər hərb tariximizin şərəfli salnaməsinə çevrilib. Bu salnamə gələcək nəsillərə bir həqiqəti çatdırır: Vətən sevgisi ilə birləşən xalq, güclü dövlət və qüdrətli ordu Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin və gələcək uğurlarının ən etibarlı təminatıdır.
Kifayət ƏLİYEVA
“Azərbaycan Ordusu”