Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2026 09:40

Üçrəngli bayrağımız milli qürurumuz və Zəfərimizin rəmzidir

Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli kimliyini, müstəqillik iradəsini, dövlətçilik ənənələrini və azadlıq məfkurəsini özündə yaşadan müqəddəs rəmzlərimizdəndir. Onun hər dalğalanışında xalqımızın şanlı tarixi, mübarizə əzmi, milli birliyi və gələcəyə inamı təcəssüm olunur. Bu bayraq əsrlər boyu azadlıq arzusu ilə yaşayan xalqımızın müstəqil dövlət qurmaq istəyinin və suverenliyinə sahib çıxmaq iradəsinin ifadəsidir. Məhz buna görə də üçrəngli bayrağımız hər bir azərbaycanlı üçün təkcə dövlət atributu deyil, həm də Vətənə bağlılığın, milli qürurun və fədakarlığın rəmzidir.

Hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü bu müqəddəs rəmzə ehtiramımızı ifadə etməklə yanaşı, dövlətçilik tariximizin mühüm səhifələrini bir daha xatırladır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla təsis edilən bu əlamətdar gün xalqımızın milli istiqlal tarixində xüsusi yer tutur. Üçrəngli bayrağımızın tarixi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə sıx bağlıdır. Həmin il noyabrın 9-da Bakıda keçirilən hökumət iclasında mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayraq qəbul edildi. Bu hadisə Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm mərhələ oldu.

Bayrağımızın rəngləri xalqımızın milli ideallarını, mənəvi dəyərlərini və dünyagörüşünü ifadə edir. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğumuzu təcəssüm etdirir. Bu rənglərin bir bayraqda birləşməsi xalqımızın milli mənəvi köklərinə bağlılığını, müasir dünyaya inteqrasiya istəyini və ümumbəşəri dəyərlərə sədaqətini nümayiş etdirir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız endirilsə də, onun xalqımızın yaddaşında yaşatdığı istiqlal ideyası heç vaxt sönmədi. Onilliklər sonra milli azadlıq hərəkatının yüksəlişi ilə bayrağımız yenidən ucalmağa başladı. Bu tarixi prosesdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri oldu. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında onun respublikanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırıldı. 1991-ci il fevralın 5-də isə üçrəngli bayrağımız yenidən Azərbaycan Respublikasının Dövlət Bayrağı statusunu aldı. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası ilə bu bayraq müstəqil Azərbaycanın suverenliyinin və dövlətçiliyinin əsas rəmzlərindən birinə çevrildi.

Bu gün müstəqil Azərbaycanın Dövlət Bayrağı ölkəmizin beynəlxalq nüfuzunun, suverenliyinin və milli birliyinin təcəssümü kimi dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların iqamətgahları qarşısında qürurla dalğalanır. Dövlət başçısı İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncamı da milli rəmzimizə göstərilən ehtiramın bariz nümunəsidir. 2010-cu il sentyabrın 1-də təntənəli açılışı keçirilən meydan dövlətçilik qürurumuzun rəmzinə çevrildi. 2024-cü il noyabrın 8-də meydanın yenidən açılışı zamanı Prezident İlham Əliyevin Azərbaycan Bayrağını ucaltması isə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra xüsusi tarixi məna daşıdı. Burada fəaliyyət göstərən Dövlət Bayrağı Muzeyində yaradılan “Zəfər qalereyası” da üçrəngli bayrağımızın Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə vəhdətini nümayiş etdirir. 

Lakin bayrağımızın ən böyük mənəvi təntənəsi onun uzun illər işğal altında qalan torpaqlarımızda yenidən dalğalanması oldu. 30 ilə yaxın müddətdə xalqımızın qəlbində yaşatdığı azadlıq arzusu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində gerçəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etdi. Bu Zəfərin əsas qəhrəmanı isə Vətən torpağının hər qarışı uğrunda döyüşən, misilsiz şücaət və fədakarlıq göstərən Azərbaycan əsgəri oldu. Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində üçrəngli bayrağımız illərlə həsrətində olduğumuz şəhər və kəndlərimizdə yenidən ucaldı. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə və digər azad edilmiş ərazilərimizdə dalğalanan bayrağımız xalqımızın iradəsinin, birliyinin və sarsılmaz dövlətçilik əzminin təntənəsinə çevrildi.

Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı Azərbaycan Bayrağını ucaltması hər birimiz üçün unudulmaz tarixi anlar oldu. Bu anlarda bayrağımızın hər dalğası şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramı, hərbçilərimizin fədakarlığını və qəhrəmanlığını ifadə edirdi.

Azərbaycan Respublikasının Konstitusiyasında Dövlət Bayrağının dövlət rəmzi kimi təsbit edilməsi, onun təsvirinin və istifadəsi qaydalarının qanunlarla müəyyənləşdirilməsi bu müqəddəs atributun hüquqi statusunu və toxunulmazlığını təmin edir. Konstitusiyanın 75-ci maddəsi hər bir vətəndaşın dövlət rəmzlərinə hörmətlə yanaşmasını tələb edir. Ancaq bayrağa ehtiram yalnız qanunla müəyyən edilmiş vəzifə deyil, həm də hər bir azərbaycanlının mənəvi borcudur. Çünki bu bayraq uğrunda canından keçən şəhidlərimizin qanı, Vətən uğrunda mübarizə aparan igidlərimizin qəhrəmanlığı, xalqımızın müstəqillik arzusu yaşayır.

Türk şairi Mithat Cemal Kuntay tərəfindən yazılmış “Vətən” şeirinin misraları ilə desək:

Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq, uğrunda ölən varsa, Vətəndir!

Bu gün üçrəngli bayrağımızın azad torpaqlarımızda əzəmətlə dalğalanması böyük tarixi Zəfərimizin ən aydın ifadəsidir. Bu, bir daha göstərir ki, Dövlət Bayrağı yalnız dalğalandırılan parça deyil, onu ucaldan xalqın gücünün, birliyinin və müstəqilliyinə sahib çıxmaq əzminin təcəssümüdür. Üçrəngli bayrağımız bundan sonra da müstəqil Azərbaycanın səmasında əbədi dalğalanacaq, gələcək nəsillərə azadlıq, qürur və Zəfər tariximizi xatırladacaq.

Elçin İMANOV

“Azərbaycan Ordusu”