Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2026 09:40

Tarixə qızıl hərflərlə yazılan 8 Noyabr

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısını almaq və işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşündə inanılmaz  uğurlar qazandı.

“Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Rəşadətli ordumuzun 44 gün davam edən uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd  -  Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, o cümlədən Ağdərə, Murovdağ  istiqamətlərində bir neçə mühüm strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik işğaldan azad edildi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri azadlığına qovuşdu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi əməliyyatı unikal hərbi əməliyyat adlandırılaraq dünya hərb tarixinə düşdü.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynadı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Dövlət başçısı deyirdi: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi”. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. 

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Ordusuna təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 

44 günlük Zəfər yürüşündə Azərbaycan dövləti, xalqı və ordusu öz qüdrətini dünyaya göstərdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti sayəsində, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası və canlı qüvvəsi darmadağın olundu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi.

XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı qərb mətbuatı orqanlarında, habelə ABŞ-nin Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. 

Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində onu da qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyir: “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılıb. Ötən il Vətən müharibəsində qazanılan qələbəmizin beşilliyi münasibətilə noyabrın 8-də Zəfər muzeyinin açılışı olub. Yaşasın Müzəffər Ali Baş Komandan! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna!

Eyni zamanda, 8 Noyabr - Şuşa Şəhəri Günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin ən şanlı səhifələrindən biri Şuşa şəhərinin Ermənistanın işğalından azad edilməsidir.

İgid əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək, əsl qəhrəmanlıq, mərdlik, rəşadət nümunəsi göstərərək Şuşa şəhərini işğaldan azad etdi. Bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi: Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

2020-ci il noyabrın 8-də rəşadətli ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman Vətən oğulları düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı şəkildə demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Dövlətimizin başçısı xalqa müraciətində bildirdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

2023-cü il sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən bu əməliyyat Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Respublikamızın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Düşmən üç il əvvəl olduğu kimi, yenə də ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu.

Altı il əvvəl azadlığına qovuşmuş Şuşa böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin məkanına çevrilib. İgid hərbçilərimizin Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolu da salınıb və Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər yolu” adlandırıb.

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdi. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. 

Dövlətimizin başçısının 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2021-ci il 31 may tarixində qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu da yaradılıb.

Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin Vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri bərpa olunub. Şuşada bir neçə hotel yenidənqurmadan sonra istifadəyə verilib. Modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Zəfər yolunun üzərindəki Şuşa Hotel və Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Şuşa şəhərində sürətlə məskunlaşma prosesi həyata keçirilir. Şuşa şəhərinin işğaldan azad olunması xəbərini xalqımıza böyük sevinc hissi ilə çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: 

“Əziz Şuşa, sən azadsan! 

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!”

Prezident İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilib.

Eyni zamanda, Şuşa şəhəri həmin il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”, 2023-cü il oktyabrın 5-də İranın Ərdəbil şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilib.

Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 8 Noyabr - Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfəri xalqımıza yaşadan rəşadətli Azərbaycan Ordusunun müdafiə qüdrəti gündən-günə artırılır. Azərbaycan Ordusu respublikamızın ərazi bütövlüyünün, təhlükəsizliyinin təminatçısıdır. Şanlı Zəfərin mübarək, Azərbaycan Ordusu!

 

Lalə HÜSEYNOVA

“Azərbaycan Ordusu”