AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi və “Zərif qadınlar” ədəbi qrupunun təşkilatçılığı ilə keçirilən anım tədbirlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və hörmətlə yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhid ailələri ilə görüşlər keçirildi, xatirə şəkilləri çəkdirildi.
Şəhidlərin əziz xatirəsinin yaşadılması, qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsi, eləcə də Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrin və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyan “Bir şəhid, bir hekayə, bir şeir” antologiyasının V cildinin təqdimat mərasimi keçirildi.
Anım tədbirində şəhid ailələrinin üzvləri, yazıçılar, Ali Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ziyalılar və ictimaiyyət təmsilçiləri ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun, Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin, həmçinin Naxçıvan Hərbi Kollecinin bir qrup zabit, müəllim və kursant heyəti iştirak etdilər.
“Zərif qadınlar” ədəbi birliyinin üzvü, yazıçı-şairə Sevinc Səbzəliyeva tədbiri giriş sözü ilə açdıqdan sonra Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirildi.
Daha sonra tədbirdə rəsmi çıxışlar dinlənildi. İlk olaraq “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mübariz Gülməmmədov, şəhid Göydağlı Ramazanın atası Əbülfət Əliyev və şəhid Raqib Hüseynovun anası Rəna xanım çıxış etdilər.
Şəhid baş leytenant Toğrul Məmmədovun qardaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Ali Sevim, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Zərif qadınlar” ədəbi qrupunun təsisçi-rəhbəri, yazıçı-publisist Təranə Arifqızı, layihənin rəhbəri, yazıçı Harun Yıldırım, redaktor-yazar Salih Sedat Ersöz, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Banu Həsənova, pedaqoq Samil Qəribov və sonda “Bir şəhid, bir hekayə, bir şeir” kitab layihəsinin ərsəyə gəlməsində əməyi olan şəxslərdən biri, layihənin V cildinin Seçki Kurulu üzvü, şair-yazıçı Könül Ordubadinin çıxışı dinlənildi.Tədbirdə layihənin Azərbaycan üzrə müəlliflərindən, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Rza, eləcə də antologiyanın müxtəlif cildlərinin hazırlanmasında iştirak edən türkiyəli yazarlar Kevser Dostağüler, Şifanur Özçelik Şirin, Mecbure İnal Vela, Zeki Akalın, Emine Akkurt, Gökmen Sakin, Saliha Yavaş, Adnan Şahin və Banu Sancakın adları qeyd olundu.
Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan və Türkiyə yazarlarının birgə səyi ilə ərsəyə gələn layihə çərçivəsində indiyədək beş cild kitab hazırlanıb. Nəşrlərin üç cildi Türkiyə, iki cildi isə Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr edilib. Layihənin rəhbəri Harun Yıldırımdır. Adı çəkilən antologiyada şəhidlərin həyat yolu, döyüş şücaəti, Vətən sevgisi və xalqı qarşısında göstərdikləri fədakarlıq bədii söz vasitəsilə öz əksini geniş tapıb. Bu nəşrlər qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasına, Azərbaycan və Türkiyə xalqları arasında mənəvi bağlılığın gücləndirilməsinə və şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına mühüm töhfə verir.
Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyə şəhidlərinə həsr olunmuş şeirlər bədii qiraət vasitəsilə təqdim edildi. Səsləndirilən poetik nümunələrdə şəhidlərin qəhrəmanlığı, Vətənə məhəbbət, milli birlik və Azərbaycan-Türkiyə qardaşlığı tərənnüm olunub.
Tədbirin sonunda şəhid ailələrinə və qonaqlara antologiyanın kitabları hədiyyə edildi. Daha sonra layihənin rəhbəri Harun Yıldırıma “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi adından plaket və hədiyyə, Azərbaycan və Türkiyədən olan digər yazarlara isə təşəkkürnamələr və hədiyyələr təqdim olundu.
* * *
Naxçıvanda, eyni zamanda, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, dövlət və hökumət nümayəndələri, ziyalılar və tələbə-gənclərin iştirakı ilə “Zirvə” adlı antologiyanın da təqdimat mərasimi keçirildi.
Əvvəlcə mərasimdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək belə tədbirlərin məhz təhsil müəssisəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O, bildirdi ki, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq yolundan bəhs edən kitabların təhsil müəssisələrində təqdim edilməsi və kitabxanalara hədiyyə olunması mühüm əhəmiyyət kəsb edir.
Belə nəşrlər tələbələrin vətənpərvərlik ruhunda yetişməsinə, milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə, öz qəhrəmanlarını daha yaxından tanımasına və onların şərəfli həyat yolunu öyrənməsinə böyük töhfə verir.
Sonra “Zərif Qadınlar” ədəbi qrupunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Təranə Arifqızı tədbirin mahiyyəti, ədəbi qrupun məqsəd və məramı barədə məlumat verdi. Layihənin rəhbəri, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sevil Gülnur çıxış edərək “Zirvə” antologiyasının ərsəyə gəlməsi və layihənin ideya istiqaməti haqqında danışdı. O, bildirdi ki, kitabda ölkəmizin müxtəlif regionlarından olan şəhidlərimizin və qazilərimizin həyat və döyüş yoluna həsr edilən, 24 müəllif tərəfindən qələmə alınan məqalə və şeirlər yer alıb. Antologiyanın əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizin qəhrəmanlığını tanıtmaq və bu mənəvi irsi gələcək nəsillərə çatdırmaqdır.
Mərasim Naxçıvan şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədovun çıxışı ilə davam etdi. O, şəhid ailələrinə və qazilərə dövlətimizin göstərdiyi diqqət və qayğının, ehtiramın əhəmiyyətindən danışdı. Vətən uğrunda fədakarlıq göstərən qəhrəmanlarımızın xatirəsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu vurğuladı.
Naxçıvan Qaziləri İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Əli Əlisoy çıxışında Vətən uğrunda döyüşən qəhrəmanların göstərdiyi şücaətdən, qazilərə və şəhid ailələrinə mənəvi dəstəyin vacibliyindən danışdı.
Daha sonra şəhid anaları da çıxış edərək övladlarının Vətən sevgisindən, onların müqəddəs amal uğrunda göstərdikləri fədakarlıqdan söz açdılar. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin bacısı Naibə xanım və şəhid Rasim Məmmədovun anası Nazilə xanım öz ürək sözlərini mərasim iştirakçıları ilə bölüşdülər. Onların çıxışları tədbir iştirakçıları tərəfindən duyğulu anlarla qarşılandı.
Çıxış edənlər layihənin rəhbəri Sevil Gülnura, “Zərif Qadınlar” ədəbi qrupunun təsisçisi və rəhbəri Təranə Arifqızına, Sevinc Səbzəliyevaya və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər. Onlar şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına, qazilərimizin qəhrəmanlıq yolunun təbliğinə və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edən bu təşəbbüsün əhəmiyyətini vurğuladılar.
Mərasim çərçivəsində aktyor Zakir Fətəliyev Təranə Arifqızının Vətənə, şəhidlərə və qəhrəmanlığa həsr olunmuş şeirlərini bədii qiraətlə səsləndirdi.
Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri isə vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərimizi və qəhrəmanlıq salnaməmizi əks etdirən bədii kompozisiya ilə çıxış etdilər.
Sonda “Zirvə” antologiyası qonaqlara təqdim edildi.
* * *
Sədərək rayon İcra Hakimiyyətinin və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sədərək rayonundan olan şəhidlərin xatirəsinə həsr edilmiş anım tədbiri keçirildi.
Tədbirdə Sədərək rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov və birliyin həmtəsisçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov çıxış etdilər.
Çıxışlarda Sədərəyin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində tutduğu mühüm məqama toxunuldu, rayon sakinlərinin ağır sınaqlarla üzləşdikləri dövrlərdə nümayiş etdirdikləri dözüm, iradə və vətənpərvərlikdən bəhs edildi. Tarixi faktlara əsaslanan çıxışlarda Sədərəyin müdafiəsi ilə bağlı hadisələrə, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda mübarizəyə və ölkəmizin ərazi bütövlüyünün bərpasına aparan tarixi yola nəzər salındı.
Qeyd olundu ki, şəhidlərimizin hər biri Azərbaycanın azadlığı və təhlükəsizliyi naminə öz həyatını qurban verib, onların xatirəsinin əbədi yaşadılması isə ölkəmizin hər bir vətəndaşının mənəvi borcudur.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixinə şanlı Zəfər kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşərək tarixi qələbə qazandı. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə müharibənin taleyində həlledici dönüş yarandı. Bu Zəfər xalqımızın birliyini, ordumuzun gücünü və şəhidlərimizin qanı bahasına əldə olunan qələbənin əhəmiyyətini bir daha nümayiş etdirdi.
2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Bu tarixi hadisə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində mühüm mərhələ kimi qiymətləndirildi. Əməliyyat zamanı qəhrəmanlıq göstərən hərbçilərimizin şücaəti, dövlətimizin suverenliyinin qorunması naminə canlarından keçən şəhidlərimizin fədakarlığı xüsusi vurğulandı.
Qeyd olundu ki, bütün bu tarixi mərhələlərdə Sədərək rayonu Vətən uğrunda 68 şəhid verib. Onların hər birinin həyat və döyüş yolu Azərbaycanın qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların Vətənə sədaqəti gənc nəsillər üçün örnək olacaq.
Tədbir çərçivəsində Sədərək rayonundan olan şəhidlərə həsr edilən videoçarx və 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən sənədli film nümayiş olundu. Sonda məktəblilərin ifasında Vətənə, torpağa və şəhidlərimizin əziz xatirəsinə həsr edilən şeirlər dinlənildi.
* * *
Culfa rayon İcra Hakimiyyətinin və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Culfa rayon Mədəniyyət Sarayında rayon şəhidlərinin əziz xatirəsinə həsr olunan anım tədbiri keçirildi.
Tədbirdə çıxış edən Culfa rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə şəhidlərimizin Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlıqlardan, xalqımızın azadlığı və ərazi bütövlüyü naminə canlarından keçən igidlərimizin xatirəsinin daim uca tutulmasının vacibliyindən bəhs etdi. Qeyd olundu ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, onların Vətən sevgisi və fədakarlığı gələcək nəsillər üçün örnək olacaq.
İcra başçısı çıxışında bildirdi ki, Azərbaycan xalqı tarix boyu torpaqlarını qorumaq uğrunda ağır sınaqlardan keçib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı ilə ölkəmizin suverenliyi tam bərpa olundu. Bu qələbə xalqımızın birliyinin, dövlətimizin qətiyyətinin və Azərbaycan Ordusunun qüdrətinin təntənəsi olmaqla yanaşı, şəhidlərimizin uğrunda canlarından keçdikləri müqəddəs amalın gerçəkləşməsi kimi tariximizə yazıldı.
Daha sonra “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov çıxış edərək təşkilatın şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinin yaşadılması, ailələrinə diqqət və qayğının göstərilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən danışdı. Bildirildi ki, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən icra hakimiyyətləri ilə birgə təşkil etdiyi anım tədbirləri şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, onların qəhrəmanlığının cəmiyyətə çatdırılmasına xidmət edir.
Tədbirdə şəhid Vəli Quliyevin anası Həqiqət xanım, şəhid Yaqub Nəcəfovun atası Məhəmməd müəllim və Vətən müharibəsi qazisi Rza Əlirzayev də çıxış etdilər. Çıxışlarda Azərbaycan xalqının tarixi sınaqlara baxmayaraq, torpaqlarına sahib çıxmaq əzmi, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri və ölkəmizin qazandığı tarixi nailiyyətlərdən bəhs olundu. Qeyd edildi ki, 44 günlük Vətən müharibəsində, 2022-ci ildə keçirilən “Qisas” əməliyyatlarında və 2023-cü ilin sentyabrında baş verən antiterror əməliyyatında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasında həlledici rol oynaydı.
Tədbirin sonunda şəhidlərimizin əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edildi, videoçarx nümayiş olundu.
* * *
Naxçıvan Əlahiddə Ümumqoşun Orduda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan baş leytenant Elnur Elsəvər oğlu Zeynalovun anım gününə həsr olunan “Asan gün dünən idi” adlı tədbir keçirildi.
Anım tədbirində şəhid ataları adından çıxış edən şəhid Amin Gülməmmədovun atası Mayis ata, şəhid anaları adından çıxış edən şəhid Raqib Hüseynovun anası Rəna ana, Əlahiddə Ümumqoşun Ordunun zabiti Naib Cəfərov, qazi İlkin Baxşəliyev, Naxçıvan şəhər İcra Hakimiyyəti Aparatının Şəhid Ailələri və Müharibə İştirakçıları ilə İşin Təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov şəhid Elnur Zeynalovun həyat və döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən, qəhrəmanlığından söz açdılar. Tədbir çərçivəsində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın döyüş yolunu əks etdirən “Xüsusi Təyinatlılar” adlı sənədli film nümayiş olundu.
Sonda şəhidin qardaşı Ruslan Zeynalov çıxış edərək ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə, eyni zamanda, tədbirin təşkilatçılarına və iştirakçılara şəhidin xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.
Bəxtiyar ƏLİYEV
“Naxçıvan Şəhid Ailələri”
İctimai Birliyinin mətbuat katibi