Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2026 16:35

Şuşa - bir ömrün ən doğma ünvanı

Bir şəhəri tanımaq üçün onun küçələrini gəzmək kifayət etmir. Bəzən o şəhəri bir insanın xatirələrindən dinləmək, onun səsindəki həsrəti duymaq lazımdır. Mən Şuşanı anamın danışdıqlarından, xatirələrindən tanımışam. Anam Şuşada doğulub. Uşaqlığı, gəncliyi, ilk sevincləri, unuda bilmədiyi günləri bu şəhərlə bağlıdır. Anam hər dəfə doğma şəhərindən söz açanda sanki illər geriyə qayıdır, yaddaşının qapısını açır və məni də özü ilə o günlərə aparır. 

Onun danışdıqlarında Şuşa sadəcə dağların qoynunda yerləşən gözəl bir şəhər deyil. O, uşaqlıq xatirələrinin qorunduğu, gənclik arzularının yaşadığı, hər küçəsinin, hər daşının bir məna daşıdığı doğma yurddur.

Anam danışır ki, Şuşanın havası başqa idi. Dağlardan gələn sərin meh, təmiz hava, təbiətin gözəlliyi insana ayrı bir rahatlıq verirdi. Şəhərin küçələri, həyətləri, bulaqları, insanları onun yaddaşında silinməz izlər buraxıb. Bəzən bir uşaqlıq hadisəsini xatırlayıb gülümsəyir, bəzən də səsi dəyişir, gözlərində uzaqlara dikilən bir həsrət görünür. Mən o anlarda anlayıram ki, insanın doğulduğu yer onun yaddaşından heç vaxt silinmir.

Anamın gəncliyi də Şuşada keçib. O illərin xatirələrini danışanda sözlərinin arasında həm sevinc, həm də bir daha geri qayıtmayacaq günlərin nisgili duyulurdu. Hər kəsin həyatında elə anlar var ki, onların qiymətini sonradan anlayır. Uşaqlıqda adi görünən bir küçə, dostlarla keçirilən bir gün, doğma evin həyəti illər sonra insanın ən böyük sərvətinə çevrilir. Anam üçün Şuşada keçən günlər də məhz belədir. Mən onun xatirələrini dinlədikcə bir həqiqəti daha dərindən anlayıram, Vətən sevgisi bəzən böyük sözlərdən deyil, insanın doğma evini necə xatırlamasından başlayır. Anamın Şuşaya olan sevgisi mənə də keçib. Mən bu şəhəri onun xatirələrində görmüş, onun həsrətində hiss etmişəm.

Şuşanın tarixi isə bir ailənin xatirələrindən daha böyük, bütöv bir xalqın yaddaşı qədər qədimdir. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Əsrlər boyu Şuşa Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilib. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir bəy Hacıbəyli, Bülbül kimi görkəmli şəxsiyyətlər bu şəhərin adını tarixə yazıblar. Şuşa musiqinin, poeziyanın, sənətin və zəngin milli ənənələrin Vətəni olub.

Amma 1992-ci il mayın 8-də bu gözəl şəhərin üzərini qara buludlar aldı. Şuşa işğal olundu. Minlərlə insan doğma evini tərk etməyə məcbur qaldı. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilidi, 165 nəfər yaralandı, onlardan 150 nəfər əlil oldu, 552 körpə valideynlərini itirdi, 20 mindən artıq əhali isə məcburi köçkün vəziyyətinə düşmüşdü. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər hələ də məlumat yoxdur. 

İnsanların bir qismi özü ilə yalnız bir neçə əşya deyil, bütöv bir ömür, yarımçıq qalmış arzular və heç vaxt unuda bilməyəcəkləri xatirələr apardı. Şuşa işğal olunanda mənim üçün bu şəhər anamın danışdığı gözəl bir məkan, onun keçmişi idi. Ancaq illər keçdikcə anladım ki, anamın həsrəti təkcə şəxsi bir həsrət deyil. Bu, doğma yurdunu itirmiş minlərlə insanın ortaq ağrısıdır. İllər keçsə də, Şuşa onun xatirəsində hər zaman yaşayıb. Bəzən bir küçənin adını çəkir, bəzən hansısa evdən, qonşudan, uşaqlıq ilərində yaşadığı hadisədən danışır. İnsan doğulduğu evdən uzaq düşə bilər, amma o evin xatirəsini ürəyindən çıxara bilməz. Hər dəfə anam Şuşadan danışanda mən bu ayrılığın nə qədər ağır olduğunu daha yaxşı hiss edirdim. İnsan doğulduğu yeri unuda bilərmi? Şuşadan ayrı düşən insanlar üçün də bu şəhər illərlə bir həsrət, ümid, bir gün qayıtmaq arzusu olub. 

2020-ci ilin noyabrında Şuşa əməliyyatında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri ağır texnika və artilleriyadan geniş istifadə etmək əvəzinə, meşəliklərdən, sıldırımlı qayalardan və dağ yollarından keçərək düşmənlə əlbəyaxa döyüşlərlə şəhərə daxil oldular. Və nəhayət, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsini rəsmi elan etdi. Onun həmin gün səsləndirdiyi “Şuşa, sən azadsan!” sözləri xalqımızın yaddaşında tarixi an oldu və 28 illik həsrətə son qoyuldu. Şuşanın azad edilməsi 44 gün davam edən Vətən muharibəsinin ən şanlı qələbəsi oldu. Bu yalnız hərbi qələbə deyildi, doğma yurda böyük qayıdış idi. Şanlı Zəfər illərlə həsrət çəkən insanların qəlbində ümidin yenidən alovlanması, yarımçıq qalan xatirələrin doğma yurda qayıtmaq arzusu ilə birləşməsi idi. Şuşanın azadlığı xalqımızın yaddaşına Zəfər kimi yazıldı.

 

Ali Baş Komandan xalqa üz tutub,

Müqəddəs savaşdan xəbərlər verir. 

Onun hər sözündə qətiyyət, qürur,

Sənin haqqın idi bu Zəfər! - deyir.

 

Həmin gün anamın nə hiss etdiyini düşünəndə onun illərdir danışdığı bütün xatirələr gözümün önündən keçir. Bir vaxtlar uşaqlıq yollarında gəzən, gəncliyini bu şəhərdə yaşayan anamın doğma yurdunun azadlığa qovuşması necə böyük sevinc idi. Əminəm ki, həmin an onun ürəyindəki illərlə susmayan həsrətin bir hissəsi sevincə çevrilmişdi.

2024-cü il mayın 10-da Şuşaya qayıdan ilk sakinlərlə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onların 32 ildən sonra doğma şəhərə döndüklərini vurğuladı. O, bu günü tarixi hadisə adlandırdı, Şuşanın azərbaycanlıların qəlbində xüsusi yer tutduğunu və şəhərin dirçəldiləcəyini bildirdi. Prezident çıxışında bu qayıdışın arxasında dayanan güclü ordumuzun, şəhidlərimizin və sağlamlığını itirənlərin fədakarlığını da xüsusi qeyd etdi.

Bu gün Şuşa yenidən qurulur, öz gözəlliyinə qovuşur. Tarixi abidələri bərpa olunur, küçələrində həyat canlanır. Şəhərin azadlığı ilə yanaşı, onun yaddaşı da yenidən öz doğma ünvanına qayıdır. Mənim üçün Şuşa həm də anamın hekayəsidir. Onun uşaqlığı, gəncliyi, sevincləri və həsrəti bu şəhərin adı ilə bağlıdır. Bəlkə də, buna görə Şuşa haqqında düşünəndə gözümün önünə, ilk növbədə, tarixi abidələr deyil, anamın danışdığı xatirələr gəlir. İndi daha yaxşı anlayıram ki, bir şəhərin azadlığı yalnız onun torpağının azadlığı demək deyil. Bu, insanların yaddaşının, ümidlərinin, doğma evlərinə bağlılığının yenidən nəfəs almasıdır. İnsanlar artıq doğma yurdlarını xatirələrlə bərabər, gerçək həyatda da yaşada bilərlər. Çünki yurd insanın təkcə yaşadığı yer deyil, onun kökü, kimliyi və qəlbinin bir parçasıdır. 

Anamın Şuşası indi azaddır. Onun xatirələrində yaşayan şəhər bu gün Azərbaycanın qüruruna çevrilib. Şuşa mənim üçün anamın keçmişi, bu günümüzün qüruru və gələcəyə ötürəcəyimiz ən qiymətli xatirələrdən biridir. Şuşa azaddır - və onunla birlikdə neçə-neçə insanın illərlə ürəyində yaşatdığı ümid də azaddır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur!”.

 

Pərvanə İMAMƏLİYEVA

“Azərbaycan Ordusu”