AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkar hazırlığının yüksəldilməsi, hərbi bölmələrin əməliyyat imkanlarının genişləndirilməsi və müasir beynəlxalq standartlara uyğun fəaliyyət qabiliyyətinin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu prosesdə beynəlxalq hərbi əməkdaşlıq, birgə təlimlər və qiymətləndirmə tədbirləri mühüm yer tutur. Belə tədbirlər, ilk növbədə, şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılmasına, mövcud imkanların müəyyənləşdirilməsinə və əldə olunan təcrübənin təkmilləşdirilməsinə xidmət edir.
Bu istiqamətdə keçirilən tədbirlərdən biri də NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “Mi-17-1V” tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi olub. Oktyabrın 29-da başa çatan qiymətləndirmənin əsas məqsədi bəyan edilmiş helikopter cütlüyünün əməliyyat imkanlarının NATO standartlarına uyğunluğunun yoxlanılması və sertifikatlaşdırılması idi. Bununla yanaşı, tədbir ekipaj heyətinin və aidiyyəti bölmələrin müxtəlif əməliyyat şəraitində fəaliyyət qabiliyyətinin kompleks şəkildə qiymətləndirilməsi baxımından da əhəmiyyət daşıyıb.
Qiymətləndirmənin başlanğıcında iştirakçılara təlimin məqsədi, icra mərhələləri, təhlükəsizlik qaydaları və digər vacib məsələlər barədə ətraflı məlumat verilib. Xüsusilə uçuşların və praktiki fəaliyyətlərin təhlükəsiz təşkili, müəyyən edilmiş prosedurlara riayət olunması, eləcə də ekipaj üzvləri arasında qarşılıqlı fəaliyyətin düzgün qurulması diqqətə çatdırılıb. Daha sonra proqrama uyğun olaraq, təlim poliqonunda real atış tapşırıqları icra edilib, yanğınsöndürmə üzrə praktiki məşqlər keçirilib. Hərbi qulluqçuların fərdi hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə nəzəri və praktiki sınaqlar təşkil olunaraq məqbullar qəbul edilib. Təlimin əsas mərhələlərində helikopter cütlüyünün müxtəlif əməliyyat tapşırıqlarını yerinə yetirmək imkanları yoxlanılıb. Plana uyğun olaraq, yaralıların təxliyəsi, humanitar yüklərin və şəxsi heyətin daşınması, eləcə də aşağı hündürlükdə uçuşlar həyata keçirilib. Yaralıların təxliyəsi zamanı ekipajın çevik fəaliyyəti, uçuşun düzgün təşkili və təhlükəsizlik tələblərinə əməl olunması əsas meyarlardan olub. Humanitar yüklərin və şəxsi heyətin daşınması tapşırıqları isə helikopterlərin nəqliyyat və təminat məqsədli fəaliyyətlərdə istifadə imkanlarını nümayiş etdirib. Aşağı hündürlükdə uçuşlar zamanı pilotların idarəetmə bacarıqları, uçuş şəraitini düzgün qiymətləndirmək və təhlükəsizlik qaydalarına riayət etmək qabiliyyətləri yoxlanılıb. Bununla yanaşı, aviasiya vasitələrində yarana biləcək müxtəlif nasazlıqların aradan qaldırılması zamanı heyətlərin fəaliyyəti də qiymətləndirilib. Belə sınaqlar gözlənilməz texniki vəziyyətlərdə ekipajların düzgün və çevik qərar qəbul etmək, müəyyən edilmiş prosedurlara uyğun hərəkət etmək bacarıqlarını müəyyənləşdirməyə imkan verib. Beləliklə, uçuş fəaliyyəti, şəxsi heyətin fərdi hazırlığı, texniki məsələlər və bölmələrarası koordinasiya vahid qiymətləndirmə prosesinin tərkib hissəsi kimi yoxlanılıb. Qiymətləndirmə çərçivəsində Azərbaycan HHQ komandanının müavini - Hava Döyüş komandiri general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının (SHAPE) Tərəfdaşlıq Baş İdarəsinin rəisinin müavini - Hərbi Əməkdaşlıq İdarəsinin rəisi briqada generalı Theodoros Stefou ilə görüşüb. Görüşdə Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Birgə həyata keçirilən fəaliyyətlər, bölmələrin hazırlıq səviyyəsi və qarşıya qoyulan tapşırıqlar barədə təqdimatlar verilib. Tərəflər sülhməramlı əməliyyatlara hazırlığın yüksəldilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdən sonra NATO nümayəndə heyəti təlim sahəsində olub, bölmələrin təchizatı ilə tanış olaraq istifadə olunan avadanlıq və texniki vasitələrə baxış keçirib, onların NATO standartlarına və tələblərinə uyğunluq səviyyəsini yoxlayıb. Tədbirin yekununda isə NATO qiymətləndiricilər qrupu bəyan edilmiş helikopter cütlüyünün, onun ekipaj heyətinin və aidiyyəti bölmələrin imkan və qabiliyyətlərini yüksək qiymətləndirib. Bu nəticə, eyni zamanda, şəxsi heyətin hazırlığının və mövcud texniki imkanların beynəlxalq meyarlar əsasında yoxlanıldığını göstərib. Ümumilikdə, qiymətləndirmə hərbi aviasiya bölməsinin əməliyyat qabiliyyətinin müəyyənləşdirilməsi, şəxsi heyətin təcrübəsinin artırılması və gələcək hazırlıq fəaliyyətinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olub.
Azərbaycanın NATO ilə əməkdaşlığının əsası müstəqilliyimizin ilk illərində qoyulub. 1992-ci ildə ölkəmizin Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlayan siyasi dialoq 1994-cü il mayın 4-də Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına daxil olması ilə yeni mərhələyə qədəm qoyub. Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan Çərçivə Sənədi ölkəmizin Alyansla əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirib və sonrakı tərəfdaşlıq fəaliyyətləri üçün zəmin yaradıb. Sonrakı illərdə əməkdaşlığın əhatə dairəsi daha da genişlənib. Azərbaycan 1997-ci ildən Planlaşdırma və Analiz Prosesində (PARP), 2004-cü ildən isə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (IPAP) iştirak edir. Bu mexanizmlər müdafiə planlaşdırılması, hərbi idarəetmə, bölmələrin hazırlığı və təhlükəsizlik sektorunda təkmilləşdirmə tədbirlərini əhatə edir. Hərbi təhsil sahəsində qurulan əməkdaşlığın inkişafında isə 2008-ci ildən həyata keçirilən Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) da mühüm rol oynayır. Proqram çərçivəsində hərbi təhsil müəssisələrinin imkanlarının inkişaf etdirilməsi, tədris proqramlarının təkmilləşdirilməsi və müasir təlim metodlarının mənimsənilməsi istiqamətində fəaliyyətlər həyata keçirilir. Azərbaycan-NATO əməkdaşlığının əsas praktiki istiqamətlərindən biri də Əməliyyat İmkanları Konsepsiyası Proqramıdır. Proqram tərəfdaş ölkələrin bəyan etdikləri hərbi bölmələrin hazırlıq səviyyəsinin müəyyənləşdirilməsini, əməliyyat imkanlarının yoxlanılmasını və beynəlxalq əməliyyatlarda iştirak üçün zəruri qabiliyyətlərinin qiymətləndirilməsini nəzərdə tutur. Bu çərçivədə şəxsi heyətin nəzəri bilikləri, praktiki bacarıqları, texniki təminat, idarəetmə və qarşılıqlı fəaliyyət imkanları müəyyən edilmiş meyarlar əsasında yoxlanılır. NEL-2 qiymətləndirilməsi də bəyan edilmiş bölmənin əməliyyat imkanlarının ətraflı şəkildə sınaqdan keçirilməsinə, mövcud hazırlıq səviyyəsinin müəyyənləşdirilməsinə və gələcək fəaliyyətin təkmilləşdirilməsinə xidmət edir. Ölkəmizin NATO ilə əməkdaşlığı təlim və təhsil sahələri ilə məhdudlaşmır. Azərbaycan hərbi qulluqçuları Kosovoda və Əfqanıstanda həyata keçirilən beynəlxalq missiyalarda iştirak edərək sülhməramlı fəaliyyət, təhlükəsizlik və müxtəlif ölkələrin silahlı qüvvələri ilə qarşılıqlı fəaliyyət sahəsində təcrübə qazanıblar. Bu iştirak Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfənin mühüm istiqamətlərindən biri olub. Eyni zamanda, birgə təlimlər, kurslar və təcrübə mübadiləsi hərbi qulluqçuların peşəkar inkişafına, müasir yanaşmaların öyrənilməsinə və bölmələrin qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsinə şərait yaradır. Beləliklə, Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində həyata keçirilən fəaliyyətlər hərbi təcrübə mübadiləsinin genişləndirilməsinə, müasir yanaşmaların öyrənilməsinə və hərbi qulluqçuların peşəkarlığının artırılmasına imkan verir. Hərbi Hava Qüvvələrinin “Mi-17-1V” tipli helikopter cütlüyünün NEL-2 qiymətləndirilməsində nümayiş etdirdiyi nəticələr də bu əməkdaşlığın praktiki istiqamətlərindən birini əks etdirir. Müasir ordu quruculuğunda silah və texnikanın mövcudluğu ilə yanaşı, onlardan səmərəli istifadə etməyi bacaran, müxtəlif şəraitlərdə düzgün qərarlar qəbul edən və qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirən şəxsi heyətin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, beynəlxalq qiymətləndirmələr və hərbi əməkdaşlıq tədbirləri Azərbaycan Ordusunun əməliyyat imkanlarının inkişafına xidmət edir.
Tamilla HÜSEYNLİ
“Azərbaycan Ordusu”