AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qalib ordumuzun gücünü şərtləndirən başlıca amillərdən biri şəxsi heyətin yüksək döyüş hazırlığına malik olması, onun möhkəm hərbi intizamı, iradəsi və istənilən şəraitdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmək bacarığıdır. Bu keyfiyyətlər isə təsadüfən formalaşmır. Onların arxasında müntəzəm olaraq keçirilən təlim-məşqlər, döyüş əməliyyatlarında qazanılmış təcrübə, sonsuz Vətən sevgisi və məsuliyyət hissi dayanır. Bu gün ordumuzun sıralarında xidmət edən hər bir hərbi qulluqçu yaxşı anlayır ki, əldə olunmuş tarixi Zəfərin qorunması daim yüksək hazırlıq tələb edir.
44 günlük Vətən müharibəsində və ondan sonrakı digər uğurlu əməliyyatlarda, o cümlədən ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası ilə nəticələnən antiterror əməliyyatında Azərbaycan hərbçisinin nümayiş etdirdiyi şücaət, qətiyyət və döyüş qabiliyyəti hərb tariximizə qızıl hərflərlə yazıldı. Qazanılan qələbələr, əldə olunan uğurlar bir daha təsdiqlədi ki, döyüş meydanında üstünlük yalnız müasir silah və texnikanın imkanlarından deyil, həm də onlardan məharətlə istifadə edən hərbi qulluqçuların bilik və bacarıqlarından, eləcə də döyüş ruhu və mənəvi-psixoloji hazırlığından asılıdır.
Bu baxımdan, Azərbaycan Ordusunun müxtəlif qoşun növləri və bölmələrində şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır, dövlət və ordu rəhbərlikləri tərəfindən daim diqqət mərkəzində saxlanılır. Məhz buna görə də keçirilən təlim və məşğələlərin, eləcə də kompleks yoxlamaların əsas məqsədi hərbi qulluqçuların praktiki vərdişlərini təkmilləşdirmək, qarşıya qoyulan vəzifələrin icrasına daim hazır olmalarını təmin etmək və hazırlıq səviyyələrini obyektiv qiymətləndirməkdir.
Belə bölmələrimizdən biri də bu yaxınlarda Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən keçirilən yoxlama zamanı ən yüksək nəticəni göstərən “N” hərbi hissəsinin snayper bölməsidir. Hər kəsə məlumdur ki, snayper ixtisası yüksək diqqət, səbir, soyuqqanlılıq, fiziki dözümlülük və güclü mənəvi-psixoloji hazırlıq tələb edən hərbi ixtisaslardandır. Bu sahədə peşəkarlıq yalnız sərrast atəş açmaq bacarığı ilə ölçülmür. Müşahidə qabiliyyəti, şəraitin düzgün qiymətləndirilməsi, diqqətin uzun müddət bir istiqamətə cəmləşdirilməsi, hərbi intizam və məsuliyyət hissi də snayper hazırlığının ayrılmaz tərkib hissələrindəndir.
Bölmənin şəxsi heyəti ilə görüşmək, onların hazırlıq prosesi ilə yaxından tanış olmaq, eləcə də təəssüratlarını öyrənmək məqsədilə azad olunmuş ərazidə dislokasiya olunan bölməyə yollandıq. Mayor Fərid Qarayevə gəlişimizin məqsədi barədə məlumat verdik. Zabit bölmənin xüsusi hazırlanmış təlim şəhərciyində olduğunu bildirdi. Mayor F.Qarayev ilə birlikdə həmin şəhərciyə yollandıq. Yol boyu etdiyimiz söhbət zamanı zabit şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılmasının vacibliyini vurğuladı.
O qeyd etdi ki, ordunun əsas gücü Vətəninə sədaqətli, mənəvi cəhətdən möhkəm, öz vəzifəsini dərindən dərk edən və üzərinə düşən tapşırıqları məsuliyyətlə yerinə yetirən hərbi qulluqçulardır.
Mayor F.Qarayev bildirdi ki, bölmənin yoxlama zamanı əldə etdiyi yüksək nəticə şəxsi heyətin gündəlik fəaliyyətinə, hazırlığına və xidmətə münasibətinə verilən qiymət kimi dəyərləndirilə bilər. Belə uğurlar davamlı zəhmətin, hərbi intizamın, planlı və məqsədyönlü hazırlığın məntiqi nəticəsidir.
Nəhayət, təlim şəhərciyinə çatdıq. Ərazini nəzərdən keçirərkən burada yaradılmış imkanlar və şəhərciyin hər bir detalının düşünülmüş şəkildə hazırlanması komandanlıq tərəfindən şəxsi heyətin təlim prosesinə verilən önəmi aydın şəkildə hiss etdirirdi. Təlim şəhərciyi, sözün əsl mənasında, bizdə xoş təəssürat yaratdı. Belə şərait hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsinə, praktiki vərdişlərinin möhkəmləndirilməsinə, peşəkarlıqlarının artırmasına əlverişli zəmin yaradır. Ərazini müşahidə etdikcə bir daha aydın olurdu ki, yüksək nəticələrin əldə olunmasında şəxsi heyətin hazırlığı ilə yanaşı, təlim üçün yaradılan şərait də mühüm rol oynayır.
Baş leytenant Nəcməddin Mirzalıyevlə tanış olduq. Söhbət zamanı həm onun xidmət yolu, həm də bölmənin hazırlıq prosesi ilə maraqlandıq. Əslən Ağcabədi rayonundan olan Nəcməddin 2012-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) keçirilən “Gizir hazırlığı kursu”nu bitirib. Sonrakı illərdə ölkəmizdə və xaricdə təşkil olunan müxtəlif səviyyəli kurslarda iştirak edərək həmin kursları müvəffəqiyyətlə başa vurub. 2022-ci ildə “Gizirlərin zabit vəzifələrinə hazırlıq kursu”nu bitirdikdən sonra “kiçik leytenant” rütbəsi ilə xidmətini davam etdirib.
Vətən qarşısındakı övladlıq borcunu layiqincə yerinə yetirən baş leytenant N.Mirzalıyev 44 günlük Vətən müharibəsində, “Qisas” və antiterror əməliyyatında iştirak edib. Döyüşlərdə göstərdiyi xidmətə və fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Mayor F.Qarayev qeyd etdi ki, Nəcməddinin xidmət yolu seçdiyi peşəyə sədaqətin, bilik və bacarıqların davamlı inkişafının, eyni zamanda, döyüş təcrübəsinin hərbi qulluqçunun formalaşmasında oynadığı rolun nümunəsidir. Müxtəlif hazırlıq kurslarında iştirak etməsi də ixtisasını daim öyrənməyi, təcrübəsini artırmağı və öz üzərində çalışmağı tələb etdiyini göstərir.
Snayper ixtisasının çətinlik və məsuliyyətindən danışan Nəcməddin bildirdi ki, sərrastlıq bu ixtisasın əsas göstəricilərindən biri olsa da, snayperin peşəkarlığı daha geniş anlayışdır. “Yüksək hazırlıqlı hərbi qulluqçu öz vəzifəsini dərindən bilməli, dəyişən şəraitə uyğunlaşmağı bacarmalı, diqqətini uzun müddət cəmləşdirməli və hər zaman məsuliyyətli davranmalıdır. Bu ixtisasda tələskənliyə yer yoxdur. Səbir, təmkin və düzgün qiymətləndirmə bacarığı bu ixtisasın ayrılmaz tərkib hissələridir. Hərbi qulluqçunun fiziki imkanları ilə mənəvi iradəsi bir-birini tamamladıqda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün daha möhkəm zəmin yaranır”.
Snayper hazırlığına dair söhbətimiz zamanı aydın oldu ki, bu ixtisasda nəzəri biliklərlə praktiki vərdişlərin vəhdəti xüsusi əhəmiyyət daşıyır. Hərbi qulluqçu silahının və nişangahının xüsusiyyətlərini bilməli, müntəzəm məşğələlərdə qazandığı bacarıqları möhkəmləndirməli, diqqətini və müşahidə qabiliyyətini inkişaf etdirməlidir. Bununla yanaşı, fiziki hazırlıq, dözümlülük və müxtəlif şəraitlərdə soyuqqanlılığı qorumaq bacarığı da bu hazırlığın tərkib hissələridir.
Snayperlərin hazırlanması prosesinə toxunan gənc zabit qeyd etdi ki, bu proses namizədlərin seçilməsindən başlayaraq bir neçə istiqaməti əhatə edir. “Bu ixtisasa yiyələnmək istəyən hərbi qulluqçunun sağlamlığı, fiziki imkanları, diqqəti, səbri və praktiki bacarıqları nəzərə alınır. Çünki snayper olmaq yüksək məsuliyyət tələb edir və burada davamlı inkişaf, özünə nəzarət və intizam əsas şərtlərdəndir”.
Həmsöhbətim onu da vurğuladı ki, bölmənin şəxsi heyətinin döyüş təcrübəsinə malik olması da onların xidmətə və ixtisaslarına münasibətində özünü göstərir. Döyüş şəraitinin məsuliyyətini yaşamış hərbi qulluqçu üçün hazırlıq yalnız gündəlik xidmətin tərkib hissəsi deyil, həm də qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinin vacib şərtidir.
Baş leytenant N.Mirzalıyevlə söhbətimizi günün nizam qaydalarına uyğun təşkil olunan hazırlıq prosesi ətrafında davam etdirdik. “Gördüyünüz kimi, bölmənin şəxsi heyəti “Snayper müdafiədə”, “Snayper hücumda” və digər çalışmalar üzrə öz bacarıqlarını artırırlar. Burada məqsəd yalnız müəyyən normativləri yerinə yetirməkdən ibarət deyil. Əsas vəzifə hər bir hərbi qulluqçunun öz ixtisasına dərindən yiyələnməsi, bacarıqlarını inkişaf etdirməsidir. Snayper hazırlığında müşahidə qabiliyyətinin, diqqətin və səbrin inkişaf etdirilməsi də xüsusi yer tutur. Ətraf mühitdə baş verən dəyişiklikləri düzgün qiymətləndirmək, diqqəti yayındırmadan fəaliyyət göstərmək və məsuliyyətli qərarlar vermək hərbi qulluqçunun hazırlığının mühüm göstəricilərindəndir. Bununla yanaşı, maskalanma mədəniyyəti, şəraitə uyğun hərəkət etmək bacarığı və fiziki dözümlülük də bu ixtisasın tələb etdiyi keyfiyyətlər sırasındadır”.
“Xüsusi hazırlanmış təlim şəhərciyində yaradılmış şərait də bu hazırlığın yüksək səviyyədə təşkilinə imkan verir. Şəxsi heyətin peşəkarlığının artırılması üçün mövcud olan imkanlar məşğələlərin səmərəli keçirilməsinə, biliklərin möhkəmləndirilməsinə və əldə olunan təcrübənin inkişafına xidmət edir. Yoxlama zamanı əldə olunan yüksək nəticə də məhz belə davamlı hazırlığın bəhrəsidir”, - deyə baş leytenant N.Mirzalıyev dedi.
Düşünürəm ki, əldə edilən nailiyyətlər nə qədər sevindirici olsa da, bu onların hazırlıqlarının son mərhələsi deyil. Əksinə, bu uğurlar bölmədə daha yüksək nəticələrə nail olmaq üçün əlavə məsuliyyət və stimul yaradır. Burada şahidi olduqlarımız bir daha göstərir ki, yüksək nəticə əldə etmək üçün şəxsi heyətin əzmi, komandanlığın diqqəti və təlim prosesinin düzgün təşkili bir-birini tamamlamalıdır. Snayper bölməsinin yoxlama zamanı fərqlənməsi də bu amillərin vəhdətindən xəbər verir.
Baş leytenant N.Mirzalıyev ilə söhbətimizi yekunlaşdırıb bölmənin hərbi qulluqçuları ilə həmsöhbət olmaq qərarına gəldik. “Bölmənin döyüş hazırlığının yüksək səviyyədə olması yalnız onun şəxsi heyətinin fərdi hazırlıq səviyyəsi ilə ölçülmür. Qarşılıqlı etimad, birlik, yoldaşlıq və ümumi vahid məqsədə sədaqət də uğurun mühüm şərtlərindəndir. Hərbi xidmət hərbi qulluqçulardan çətinlikləri birlikdə dəf etməyi, bir-birinə güvənməyi və ümumi vəzifənin yerinə yetirilməsi naminə səylərini birləşdirməyi tələb edir”. Bu fikirləri baş leytenant Əli Bağırov səsləndirdi. Zabit şəxsi heyət arasında olan möhkəm mənəvi bağların mövcudluğunun bölmənin ümumi hazırlıq səviyyəsinə müsbət təsir göstərdiyini bildirdi: “Çətin sınaqlardan keçmiş hərbçilər üçün yoldaşlıq, etimad və birlik anlayışları daha böyük dəyər daşıyır. Hərbi kollektivdə fərdi nailiyyətlərin ümumi uğura çevrilməsi də məhz bu amillərlə bağlıdır. Bir hərbi qulluqçunun məsuliyyətli davranışı, digərinin əzmkarlığı və hamının bir məqsədə yönəlməsi bölmənin fəaliyyətində vahid güc yaradır. Yoxlama zamanı əldə olunan yüksək nəticəyə də bu baxımdan yanaşmaq olar. Həmin uğur ayrı-ayrı hərbi qulluqçuların deyil, bütövlükdə kollektivimizin hazırlığının və birgə zəhmətinin göstəricisidir”, - deyə baş leytenant vurğuladı.
Hərbi kollektivdə münasibətlər gündəlik xidmətin ayrılmaz tərkib hissəsidir. Qarşılıqlı hörmət və etimad şəxsi heyətin birgə fəaliyyətini möhkəmləndirir, hər bir hərbi qulluqçunun özünü kollektivin ayrılmaz üzvü kimi hiss etməsinə şərait yaradır.
Yoxlama zamanı əldə edilən yüksək nəticə də fərdi bacarıqların kollektiv hazırlıqla tamamlandığını göstərir. Hər bir hərbi qulluqçunun öz vəzifəsini məsuliyyətlə yerinə yetirməsi və tək məqsəd naminə çalışması bölmənin uğurunu şərtləndirən amillərdəndir.
Döyüş təcrübəsi hərbi qulluqçunun peşəkar formalaşmasında mühüm rol oynayır. Təlimlər zamanı əldə olunan bilik və bacarıqlar real döyüş şəraitində sınaqdan keçirildikdə onların əhəmiyyəti daha dərindən dərk olunur. Döyüş yolu keçmiş hərbçilər məsuliyyətin, nizam-intizamın və qarşılıqlı etimadın əhəmiyyətini şəxsi təcrübələrindən bilirlər. Gizir Məlikovla söhbətimizdə döyüş təcrübəsinin hərbi xidmətə təsiri barədə danışdıq. Həmsöhbətim qeyd etdi ki, döyüş təcrübəsi hərbi qulluqçuya yalnız müəyyən bilik və vərdişlər qazandırmır. “O, həm də xarakteri möhkəmləndirir, çətinliklər qarşısında iradəli olmağı, döyüş yoldaşına güvənməyi və üzərinə düşən vəzifəyə daha məsuliyyətlə yanaşmağı öyrədir. Döyüş şəraitində qazanılan təcrübənin təlim prosesində tətbiqi hazırlığın təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Döyüş yolu keçmiş hərbi qulluqçular üçün hərbi xidmətin hər bir mərhələsi məsuliyyətlə ölçülür. Onlar hazırlığın, nizam-intizamın və qarşılıqlı etimadın nə qədər vacib olduğunu yaxşı bilirlər. Qazanılmış təcrübə gündəlik xidmət zamanı düzgün nəticələr çıxarmağa, qarşıya qoyulan vəzifələrə daha ciddi yanaşmağa və peşəkarlığı daim artırmağa kömək edir.
Vətən müharibəsi Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, onun yüksək döyüş ruhunun, iradəsinin və mənəvi gücünün də təntənəsinə çevrildi. Bu tarixi sınaqdan alnıaçıq, üzüağ çıxmış hərbi qulluqçularımız bu gün də öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirir, əldə etdikləri təcrübəni hazırlıq prosesinin təkmilləşdirilməsinə yönəldirlər. Belə bir təcrübənin mövcudluğu bölmənin ümumi hazırlığına da müsbət təsir göstərir. Çünki döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular xidmətin mahiyyətini, üzərlərinə düşən vəzifələrin məsuliyyətini və hazırlığın əhəmiyyətini dərindən dərk edirlər.
Azərbaycan hərbçisi üçün Vətənə xidmət yalnız peşə və vəzifə deyil, həm də böyük mənəvi dəyərdir. Xüsusilə tarixi Zəfər qazanmış ordunun sıralarında xidmət etmək hər bir hərbi qulluqçunun üzərinə əlavə məsuliyyət qoyur. Çavuş V.Qaragözov ilə söhbətimizin əsas mövzusu da məhz bu qürur və məsuliyyət hissi oldu. O vurğuladı ki, Vətən müharibəsində qazanılmış Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi hadisədir. “Bu Zəfərin əldə edilməsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, döyüş meydanında nümayiş etdirdiyi iradə və Vətənə sonsuz sədaqət xüsusi yer tutur. Ordumuzun sıralarında xidmət edən hər bir hərbi qulluqçu həmin şanlı tarixin davamçısıdır. Bu gün ən başlıca vəzifəmiz qazanılmış Qələbəni qorumaq, peşəkarlığımızı daim artırmaq və dövlətimizin müdafiə qüdrətinin möhkəmləndirilməsinə töhfə verməkdir”.
Həqiqətən də, Azərbaycan əsgəri Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıqla xalqımızın qürur mənbəyinə çevrildi. Bu gün isə həmin qəhrəmanlıq ənənələrini davam etdirmək, qazanılmış nailiyyətləri qorumaq və daim döyüş hazırlığını yüksək səviyyədə saxlamaq hər bir hərbi qulluqçunun qarşısında duran mühüm vəzifələrdəndir. Bölmənin şəxsi heyətinin xidmətə münasibətində bu məsuliyyət aydın hiss olunur. Onlar əldə edilmiş uğurları yüksək qiymətləndirməklə yanaşı, gələcək vəzifələrin də eyni əzmkarlıqla yerinə yetirilməsinin vacibliyini anlayırlar. Çünki qalib ordunun hərbi qulluqçusu olmaq böyük şərəf olduğu qədər, həm də yüksək hazırlıq və məsuliyyət tələb edir.
Hər kəsə məlumdur ki, istənilən sahədə, o cümlədən hərbi xidmətdə mühüm prinsiplərdən biri əldə olunan nəticələrlə kifayətlənməmək, bilik və bacarıqları daim artırmaq və təkmilləşdirməkdir. Müasir dövrün tələblərini və son döyüş əməliyyatlarını analiz etsək, anlayaraq ki, hərbi qulluqçu daim yeniliklərə açıq olmalı, hazırlığını artırmalı və üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmalıdır.
Bu gün dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusunun qüdrəti onun şəxsi heyətinin yüksək döyüş hazırlığında, sarsılmaz iradəsində və Vətənə sonsuz sədaqətində təcəssüm olunur. Ordumuzun sıralarında xidmət edən hər bir hərbi qulluqçu dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasının ən müqəddəs vəzifə olduğunu dərindən dərk edir.
Şanlı Zəfərimizin qazanılmasında misilsiz qəhrəmanlıq göstərən hərbi qulluqçularımız bu gün də döyüş hazırlığını artırır, peşəkarlıqlarını təkmilləşdirir və Vətənin müdafiəsinə daim hazır olduqlarını öz xidmətləri ilə nümayiş etdirirlər. Bölmələrdə qazanılmış tarixi nailiyyətlərin qorunması, ordumuzun döyüş qüdrətinin daha da möhkəmləndirilməsi gündəlik fəaliyyətin əsas istiqamətlərindəndir.
Snayper bölməsinin Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən keçirilən yoxlama zamanı ən yüksək nəticəni göstərməsi də bu fəaliyyət istiqamətinin bir hissəsidir. Bu uğur dəqiqliyin, səbrin, iradənin, döyüş təcrübəsinin və kollektiv birliyin vəhdətindən yaranır.
Elçin İMANOV
“Azərbaycan Ordusu”,
fotolar
kiçik gizir
Coşqun CƏFƏROVUNDUR