Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2026 19:00

Zəfərdən doğan qürur, gələcəyə yönələn inam

Azərbaycan xalqının tarixində qazanılan qələbələr var ki, onların əhəmiyyəti dövlətin qüdrətini, xalqın iradəsini, milli birliyin sarsılmazlığını və gələcəyə inamını təcəssüm etdirdi.

2020-ci ilin Vətən müharibəsində qazanılmış tarixi Zəfər də Azərbaycan tarixinin məhz belə möhtəşəm səhifələrindəndir. Bu Qələbə uzun illər davam edən işğala son qoymaqla yanaşı, xalqımızın milli qürurunu özünə qaytardı, dövlətimizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdi və Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi.

Tarixi Zəfərimizin 6-cı ildönümünə yaxınlaşdığımız bu günlərdə keçilən yola nəzər salmaq,  Qələbəyə aparan prosesləri dəyərləndirmək və bu uğurun təməlində dayanan amilləri xatırlamaq xüsusi əhəmiyyət daşıyır. Çünki bu Zəfər bir gündə qazanılmadı. Onun əsasında dövlətçilik ənənələrinə sədaqət, məqsədyönlü ordu quruculuğu, güclü iqtisadiyyat, milli həmrəylik və Azərbaycan xalqının haqq işinə olan sarsılmaz inamı dayanırdı.

Müstəqil Azərbaycanın müdafiə qüdrətinin formalaşması və möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dövlət müstəqilliyinin ilk illərində ölkəmizin üzləşdiyi ağır sınaqlar, Ermənistanın hərbi təcavüzü və nizami ordunun formalaşdırılması zərurəti qarşıya təxirəsalınmaz vəzifələr qoymuşdu. Belə mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətçiliyin qorunması, idarəetmədə sabitliyin yaradılması və milli ordunun möhkəm təməllər üzərində qurulması baxımından həlledici rol oynadı.

Ulu Öndər Heydər Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Belə ki, Silahlı Qüvvələrdə vahid komandanlığın möhkəmləndirilməsi, hərbi intizamın gücləndirilməsi, peşəkar hərbi kadrların hazırlanması və ordunun dövlətə sədaqət ruhunda formalaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti təsdiqləyir ki, müstəqil dövlətin təhlükəsizliyi güclü müdafiə sistemi və xalqın öz ordusuna inamı ilə təmin edilə bilər.

Dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xətti sonrakı illərdə Azərbaycan Ordusunun inkişafı üçün möhkəm zəmin yaratdı. Bu siyasi irs Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Dövlət başçısının rəhbərliyi ilə ölkənin iqtisadi imkanlarının artırılması, müdafiə sənayesinin inkişafı, müasir silah və texnikanın alınması, hərbi infrastrukturun yenilənməsi və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində zəruri islahatlar həyata keçirildi.

Azərbaycan Ordusunun müasirləşdirilməsi təkcə silahlanma ilə məhdudlaşmadı. Döyüş hazırlığının təkmilləşdirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ordunun keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan verdi. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi strateji məqsədə xidmət edirdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi və xalq-ordu birliyi 2020-ci ildə tarixi sınaq qarşısında öz bəhrəsini verdi. Həmin il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan xalqının onilliklər boyu qəlbində yaşatdığı haqq-ədalət arzusunun həyata keçməsi yolunda dönüş nöqtəsinə çevrildi.

44 gün davam edən müharibə Azərbaycan Ordusunun yüksək döyüş ruhunu, peşəkarlığını, cəsarətini və Vətənə bağlılığını nümayiş etdirdi. Döyüş meydanında əldə olunan hərbi uğurlar heç də təsadüfi deyildi. Bu qələbələr illərlə aparılan ordu quruculuğunun, düzgün strateji planlaşdırmanın, müasir hərbi imkanlardan səmərəli istifadənin və hər bir hərbi qulluqçunun üzərinə düşən tapşırığı məsuliyyətlə yerinə yetirməsinin nəticəsi idi.

Vətən müharibəsində Azərbaycan Ordusu bir-birinin ardınca mühüm yaşayış məntəqələrini və strateji yüksəklikləri azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin işğaldan azad olunması qələbəyə aparan yolun mühüm mərhələləri oldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi isə müharibənin taleyinə həlledici təsir göstərdi. Mədəniyyət paytaxtımızın azadlığı Azərbaycan xalqının iradəsinin, qəhrəman şəhidlərimizin şücaətini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin parlaq təcəssümü idi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat hərbi əməliyyatların dayandırılmasını və regionda sülhün, sabitliyin bərpasını təmin etdi. Xalqımız mərd oğulların sayəsində tarixi ədalətin bərpasına nail oldu. Bu tarixi Zəfərin ən böyük qəhrəmanları torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz və döyüşdə yaralanan igid oğullarımız oldu. Onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Döyüşlər zamanı yaralananların həyat yolu isə möhkəm iradənin, dözümün və torpağa bağlılığın ən bariz nümunəsidir. Bu gün azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, insanların doğma yurd-yuvalarına qayıtması məhz igid oğullarımızın göstərdikləri qəhrəmanlığın nəticəsidir. Bununla belə, Azərbaycanın tarixi Zəfəri ölkə qarşısında duran vəzifələrin yalnız bir mərhələsinin başa çatması demək idi. Dövlət suverenliyinin tam təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər də ölkəmizin təhlükəsizlik siyasətinin mühüm tərkib hissəsi oldu.

2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Bununla da konstitusiya quruluşunun ölkənin bütün ərazisində təmin edilməsi istiqamətində yeni mərhələ başladı.

Bu tarixi hadisə Azərbaycanın dövlətçilik salnaməsində mühüm yer tutdu. Ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası xalqımızın çoxəsrlik dövlətçilik arzularının reallaşmasının, milli birliyimizin və qətiyyətimizin təntənəsi oldu. Qarabağda üçrəngli Dövlət Bayrağının dalğalanması Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin edilməsi ilə yeni reallığın yarandığını nümayiş etdirdi. Bu tarixi nəticənin arxasında xalqımızın möhkəm iradəsi, şəhidlərimizin müqəddəs qanı və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri tarixi Zəfərimizin davamı kimi özünü büruzə verir. Belə ki, infrastrukturun bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətimizin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq edilmişdir. Bu Proqram həm keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, həm də işğaldan azad edilmiş ərazilərdə həyatın, iqtisadiyyatın və sosial sahələrin yenidən canlandırılması üçün nəzərdə tutulub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin əsas istiqamətlərindən biri də Azərbaycanın müdafiə qüdrətinin daim gücləndirilməsidir. Çünki əldə olunmuş nailiyyətlərin qorunması, sərhədlərimizin etibarlı müdafiəsi və regionda davamlı sülhün təmin olunması güclü ordunun olmasını tələb edir. Müasir dövrün təhlükəsizlik çağırışları Azərbaycan Ordusunun texnoloji imkanlarının genişləndirilməsini, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasını, çevik idarəetmə sistemlərinin inkişaf etdirilməsini zəruri edir. 

Bu gün Azərbaycan Ordusu müstəqil dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı, xalqımızın qürur mənbəyidir. Ordumuzun gücü həm müasir silah və texnika, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığında, hərbi nizam-intizamında, Vətənə sədaqətində və qarşıya qoyulan tapşırıqları yerinə yetirmək əzmindədir. Vətənin keşiyində duran xalqımızın mərd oğulları bilirlər ki, onların qoruduğu torpaq xalqımızın tarixi, dövlətimizin gələcəyi və şəhidlərimizin bizə əmanət etdiyi müqəddəs Vətəndir. 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın tarixi nailiyyətlərinin təməlində dayanan mühüm amillərdəndir. Bu gün Zəfər tariximizə yalnız keçmişin böyük hadisəsi kimi baxmırıq. Bu Zəfər həm də gələcəkdə müstəqilliyimizin qorunması, ordumuzun daha da gücləndirilməsi və azad edilmiş torpaqlarımızda həyatın yenidən dirçəlməsi üçün zəmin yaratdı. Hər bir vətəndaş bu böyük Qələbənin məsuliyyətini dərk etməli və dövlətinə sədaqətlə xidmət etməlidir.

Zəfərdən doğan qürur xalqımızın mənəvi gücünü artırır, gələcəyə yönələn inamımızı daha da möhkəmləndirir. Xalqımız hər an rəşadətli Azərbaycan Ordusuna güvənərək qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Hərb tariximizin qızıl səhifəsinə yazılmış tarixi Zəfərimiz gələcək nəsillərə bir həqiqəti ötürür. Bu həqiqət - milli birlik, xalqın möhkəm iradəsi, Vətən sevgisi, Azərbaycan Ordusunun şücaəti və ən ümdəsi Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətidir. Yalnız bu məfhumların vəhdəti xalqımıza tarixi Zəfəri qazandırdı.

 

Kifayət ƏLİYEVA

“Azərbaycan Ordusu”