Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2026 19:00

Peşəkarlıq onun bilik və bacarığındadır

Hər bir insan öz gələcəyini bildiyi və bacardığı sahədə görür. Kapitan Məhəbbət Rzayev orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olub. Texniki fənləri yaxşı mənimsədiyi üçün nəqliyyat sahəsində özünü sınamaq istəyib. Elə həmin il də Azərbaycan Texniki Universitetinə “Nəqliyyatda daşınma və idarə edilmənin təşkili” ixtisasına qəbul olub. Məhəbbət universiteti bitirəndən sonra avtomobil istismarı sahəsində çalışmaq istəyib. Ancaq onun qarşısında Vətənə hərbi xidmət borcu dayanırdı. İstəyirdi ki, hərbi xidməti başa vurandan sonra işə başlasın.

Məhəbbət Rzayev 2016-cı ildə universiteti bitirib. Həmin il də onu hərbi xidmətə çağırıblar. O zaman düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdən birində səngərdə xidmət edib. Hərbidə nəqliyyatsız xidmətin mümkünsüzlüyünü görüb. Tərxis olunandan sonra yenidən ordu sıralarına qayıdacağı barədə düşünüb. Hərbi xidməti tamam olandan sonra Məhəbbət Vətənə xidməti borcunu ləyaqətlə yerinə yetirib doğmalarının yanına qayıdıb. Valideynlərinə bildirib ki, yenidən ordu sıralarına qayıtmaq istəyir. Əsgərlikdə olanda komandirlərindən öyrənib ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Zabit hazırlığı kursu” açılacaq. Həmin kursu oxuyub zabit kimi xidmətə davam edə bilər. Valideynləri də onun arzusuna qarşı çıxmadılar. Ona xeyir-dua verib, gələcək həyatında uğurlar diləyiblər.

Kapitan Məhəbbət Səfiyar oğlu Rzayev Cəlilabad rayonunun Noftulu kəndində anadan olub. 2018-ci ilin martında Təlim və Tədris Mərkəzini bitirib. “Leytenant” hərbi rütbəsində ixtisası üzrə xidmətə başlayıb. Avtomobil xidmət rəisi vəzifəsi onun üçün ilk baxışdan çətin görünsə də, deyir ki, xidmətə başlayandan sonra vəzifəsindən irəli gələn bütün tələbləri dərindən öyrənib. Gənc zabit üçün avtomobil xidməti tanış sahə olduğu üçün qısa zamanda üzləşdiyi bütün çətinliklərin öhdəsindən gəlib. İkinci Qarabağ müharibəsi başlayanda Məhəbbət artıq öz işinin peşəkarı idi. O, xidmətində olan bütün avtomobilləri çıxışa tam hazır vəziyyətə gətirmişdi. Müharibədən əvvəlki dövrü belə xatırlayır: - Vəzifəmi qəbul edəndə çatışmazlıqlar var idi. Qarşıma məqsəd qoydum ki, qısa zamanda bütün nöqsanları aradan qaldıracağam. Gecə-gündüz avtomobil parkında oldum. Sürücülər və təmir briqadası ilə bütün avtomobillərin sazlığını yoxladım. Nasazlıqlarını qeyd edib qısa müddətdə aradan qaldırdım. Avtomobil parkında peşəkar sürücülər və təmirçilər çalışırdılar. Onları müntəzəm xidmətə cəlb etdim. Onun nəticəsi idi ki, döyüş başlayanda bütün avtomobillər cəbhəyə, göstərilən məntəqəyə deyilən vaxtda çatdı.

Kapitan Məhəbbət Rzayev 2020-ci ilin 27 sentyabrında, müharibənin ilk günü Füzuli-Xocavənd-Cəbrayıl istiqamətlərində döyüşən bölmələrə nəzərdə tutulan təminatları çatdırıb. 44 gün davam edən müharibədə Məhəbbət üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Döyüş zamanı birliyin tərkibində avtomobil texnikalarının təminatını, təxliyəsini təşkil edib. Səfərbərlikdən gələn texnikaları qəbul edərək ehtiyac yaranan döyüş nöqtələrinə çatdırıb. Onun xidmətləri yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.  

Müharibədən sonra Məhəbbət Rzayev Laçın-Kəlbəcər istiqamətində xidmətini davam etdirib. Həmin illərdə də üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışıb. Məhəbbətin xidmətindən komandanlıq razılığını bildirir. Tabeliyində olan şəxsi heyətin qayğısına qalmaqla işini yüksək səviyyədə qurub. Onun bu cür çalışqanlığı, işinə məsuliyyətli yanaşması bilik və bacarığından irəli gəlir. Məhəbbətin məsuliyyətli olması onun gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə inamı artırır. 

 

Bəxtiyar ƏLİYEV

“Azərbaycan Ordusu”