AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qadın deyəndə ilk olaraq zəriflik, qayğı və ailə anlayışları yada düşür. Amma tarixdə elə dövrlər olub ki, qadınlar ən ağır sınaqdan keçməli, hətta silaha sarılaraq döyüş meydanına çıxmalı olublar. Müharibələr göstərib ki, cəsarət və dözüm yalnız kişilərə aid xüsusiyyət deyil. Qadınlar da təhlükə qarşısında geri çəkilməyib, Vətən uğrunda canları bahasına mübarizə aparıblar.
Qadınların döyüşlərdə iştirak etməsi yeni hadisə deyildi. Hələ qədim dövrlərdə Afina və Sparta uğrunda gedən müharibələrdə qadın döyüşçülərin olduğu haqqında məlumatlar var. Makedoniyalı İsgəndərin yürüşlərində də qadınların onun qoşunları ilə birlikdə hərəkət etdiyi tarixi mənbələrdə qeyd olunur. Rus tarixçisi Nikolay Karamzin isə qədim slavyan qadınlarının döyüşlərdə iştirakından yazıb. Onun məlumatlarına əsasən, slavyan qadınları bəzən ərləri və ataları ilə birlikdə müharibəyə gedirdilər. Hətta 626-cı ildə Konstantinopolun işğalı zamanı öldürülən slavyanlar arasında qadınların da olduğu bildirilir.
XX əsrdə müharibələr daha geniş miqyas aldı və qadınların hərbi fəaliyyətdə iştirakı da artdı. Birinci Dünya müharibəsi zamanı İngiltərədə qadınlar hərbi xidmətə qəbul edilməyə başladılar. Onlar nəqliyyat, rabitə və digər sahələrdə çalışırdılar. Bu proses sonrakı müharibələr zamanı daha da genişləndi.
İkinci Dünya müharibəsi illərində isə qadınlar artıq ordunun bir çox sahələrində görünürdülər. Onlar tibb işçisi, rabitəçi, sürücü, snayper, pulemyotçu, topçu, kəşfiyyatçı və digər vəzifələrdə xidmət edirdilər. Bəziləri təyyarə və tank idarə edir, bəziləri isə birbaşa ön xətdə döyüşürdülər. Ordu sıralarında bir çox xalqların nümayəndəsi bu mübarizədə iştirak edirdi. Onların sırasında Azərbaycan qadınları da yer alırdı.
Müharibənin ilk günlərindən Azərbaycanda cəbhəyə getmək istəyən qadınların sayı artmağa başladı. Mövcud məlumatlara görə müharibə illərində Azərbaycandan cəbhəyə gedən 681 min nəfərin təxminən 10 mini qadın idi. Bundan başqa, respublikada 15 min tibb bacısı və sanitar, 750 rabitəçi və 1500 sürücü hazırlanmışdı. Bu qadınların bir hissəsi birbaşa cəbhədə, digər hissəsi isə yaralıların müalicəsi, rabitə və nəqliyyat kimi mühüm sahələrdə xidmət göstərirdilər.
Azərbaycan qadınlarının müharibədəki fəaliyyəti bununla da bitmirdi. Cəbhəyə gedən kişilərin yerini arxa cəbhədə də qadınlar tuturdular. Onlar zavodlarda, neft mədənlərində, dəmir yollarında və kənd təsərrüfatında işləyirdilər. Bəzən bir qadın eyni vaxtda həm ailəsinin qayğısına qalırdı, həm də cəbhə üçün lazım olan işləri görürdü. Azərbaycan qadınları qələbəyə yalnız silahla deyil, zəhmətləri ilə də töhfə verirdilər.
Azərbaycan qadınlarının arasında xüsusi cəsarəti ilə seçilənlərdən biri də Ziba Qəniyeva idi. 1923-cü ildə Şamaxıda anadan olan Ziba müharibədən əvvəl Moskvada teatr sənəti üzrə təhsil alırdı. Müharibə başlayanda isə təhsilini yarımçıq qoyaraq cəbhəyə getmək qərarına gəldi. Atıcılıq və kəşfiyyat hazırlığı keçərək, Moskva uğrunda döyüşlərdə iştirak etdi.
Ziba Qəniyeva həm snayper, həm də kəşfiyyatçı kimi fəaliyyət göstərirdi. O, düşmən mövqeləri haqqında məlumat toplamaq üçün dəfələrlə ön xətdən keçərək təhlükəli tapşırıqları yerinə yetirirdi. 1942-ci ildə ağır yaralanması onun döyüş yolunu yarımçıq qoydu. Buna baxmayaraq, onun müharibə illərində göstərdiyi cəsarət və fədakarlıq Azərbaycan qadınlarının hərb tarixində xüsusi yer tutdu.
İkinci Dünya müharibəsində döyüşən qəhrəman azərbaycanlı qadınların arasında dənizçilər də var idi. Şövkət Səlimova Azərbaycan tarixində ilk qadın gəmi kapitanı kimi tanınır. Müharibə vaxtı onun idarə etdiyi gəmilər cəbhəyə neft, neft məhsulları, avadanlıq və sursat aparırdı. Eyni zamanda, yaralı əsgərlərin də daşınmasında iştirak edirdi.
Müharibə illərində qadınların həyatında böyük dəyişikliklər baş verdi. Onlar bir gün əvvəl məktəbə gedən, işləyən, ailə ilə yaşayan adi insanlar idilər. Müharibə başlayanda isə həyatlarının istiqaməti dəyişdi. Bəziləri hərbi forma geyindi, bəziləri xəstəxanalarda yaralıların yanında oldu, bəziləri də zavodlarda və neft mədənlərində gecə-gündüz çalışdı.
Bu qadınların həyatlarına baxanda müharibənin yalnız səngərdə baş vermədiyini görürük. Müharibə bəzən xəstəxanada, zavodda, neft mədənində, gəmidə və hətta uzaqlarda qalan ailələrin evində də yaşanırdı. Qadınlar bütün bu yerlərdə öz üzərlərinə düşən işi yerinə yetirirdilər.
Döyüşlərdə iştirak etmiş rus qadınları da xüsusi qəhrəmanlıqlar göstəriblər. Onların döyüş xatirələri isə olduqca maraqlı və eyni zamanda, kədərlidir. Bu xatirələri qısa olaraq təqdim edirik:
“Peşəm kişi saçı düzəltmək idi. Bir gün yanıma qız gəldi, saçları uzun və çox gözəl idi. Ancaq mən onun saçlarını necə kəsəcəyimi bilmirdim. Komandir içəri daxil olaraq “saçlarını kişi kimi kəs” əmrini verdi. Tərəddüd etdim və onun qadın olduğunu vurğuladım. “Yox, o qadın deyil, əsgərdir. Müharibə bitdikdən sonra qadın olacaq”, - deyə sərt cavab verdi.
“Qızlarla birgə qatarda gedirdik. Əsgərlər də bizim tüfəng tutmağımıza baxıb gülürdülər. Biz silahları qucağımızda kukla saxlayan kimi tutmuşduq”.
“Adamlar qışqırıb ağlayırdılar. Ancaq “müharibə” sözünü eşidirdim. Düşünürdüm ki, sabah institutda imtahandı, nə müharibə? Axı əsas imtahandır”.
“Bir gün xərəkdə yaralı əsgər gətirib yerə qoydular. Kimsə əlindən tutub onun öldüyünü bildirdi. Biz isə yavaş-yavaş geri çəkilməyə başladıq. Birdən yaralı köksünü ötürdü. Həkimlər onu silkələyir, naşatır spirti qoxladırdılar. Ancaq o, yenə də bərk-bərk yatırdı. Biz onda bildik ki, o, üç həftədir ki, yatmayıbmış”.
“İnsanlar ölümdən qorxur, ölmək istəmirdilər. Bir yaralını çiynimdə aparanda ölümünün yaxın olduğunu hiss edib məni bərk-bərk qucaqladı, sonra əlləri yanına düşdü. Onlar elə bilirdilər ki, ölüm yaxınlaşdıqda əgər tibb bacısını qucaqlasa, ölüm qorxacaq və ondan uzaq duracaq. Bəziləri isə ölüm haqda düşünmək istəmir və ucadan mahnı oxuyurdular”.
Böyük Vətən müharibəsi tarixində qadınların adı kişilər qədər çox çəkilmir. Lakin onların gördüyü işlər qələbənin mühüm səhifələrindən biridir. Bu gün onların həyat yolunu xatırlamaq yalnız keçmişə nəzər salmaq deyil. Bu, həm də Vətən qarşısında məsuliyyətin və sədaqətin qadın, kişi cinsinin olmadığını anlamaqdır. Çünki tarixdə elə qəhrəmanlar var ki, əllərində silahdan əvvəl böyük bir iradə daşıyıblar. Azərbaycan qadınlarının müharibə illərindəki fədakarlığı da həmin iradənin ən parlaq nümunələrindən biridir.
Hüsniyyə NƏSİROVA
“Azərbaycan Ordusu”