AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Zəfər Muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı Şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb. Şanlı Qələbəmizin hekayəsini - Azərbaycan xalqının illər boyu arzuladığı Vətənə qayıdış ümidinin gerçəkləşməsini, birliyin, gücün və səbirin ən ali təntənəsini təqdim edən bu muzeydə doğma torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək tarix yazan şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur. Eləcə də muzeyi əhatə edən divarın üzərində ehtiram əlaməti olaraq 44 günlük Vətən müharibəsində şəhid olmuş 2914 qəhrəmanın adı həkk edilib.
Səkkiz sərgi zalında ziyarətçilərə Qarabağ və Şərqi Zəngəzurun qədim tarixi, zəngin mədəniyyəti, onun əsrlər boyu qorunub yaşadılan milli irsi, Ermənistanla münaqişənin tarixi kökləri və onun xronoloji ardıcıllığı təqdim olunur. Muzeyin ekspozisiya quruluşunda 44 günlük Vətən müharibəsinin şanlı salnaməsi, 8 noyabrda Şuşanın azad olunması ilə Azərbaycanın çoxdan gözlənilən Qələbəsi xüsusi yer alaraq, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması barədə məlumatlar təqdim edilir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri muzeyin mövzu ekspozisiya planına daxil edilərək xüsusi tərtibatda ziyarətçilərə nümayiş olunur.
Xalqımız üçün səkkiz rəqəmi xüsusi məna daşıyır. Otuz ilə yaxın davam edən işğalın başa çatdığı, miflərin, “yenilməz ordunun” darmadağın edildiyi və qəhrəmanlığın simvolu olan 8 rəqəmi... 8 Noyabr metrostansiyası, 8 Noyabr prospekti, Zəfər parkındakı 8 Noyabr memorial abidəsi və nəhayət, 8 zaldan ibarət Zəfər muzeyi... Muzeyin açılışı da elə ötən il noyabrın 8-də 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimizin beşinci ildönümündə oldu.
Tarixi Vətənə qovuşduran 8 addım - Zəfər Muzeyindən yazı hazırlamaq məqsədilə muzeyi ziyarətə gəlmişik. Muzeyə yaxınlaşarkən “Qarabağ Azərbaycandır!” yazılmış lövhənin qarşısında bir anlıq dayanırıq. Gözlərimiz önündən altı il öncə məğrur xalqımızın 44 gündə düşmənlə savaşda haqqın, ədalətin bərpası üçün apardığı mübarizələr, döyüş meydanında göstərdiyi qəhrəmanlıqlar, fədakarlıqlar kinolenti kimi gəlib keçir. Muzeyin önündə qalib dövlətin Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin fotosunun geniş və möhtəşəmliklə əks olunduğunu görürük. Divara həkk edilən Vətən fədailərinin adlarını oxuduqca daxilimizdə qürur və kədər hissləri bir-birinə qarışır. Girişdə Vətən müharibəsində Zəfərin qazanılmasının başlıca amili olan, xalq-ordu-dövlət birliyinin təcəssümü, parlaq qələbəmizin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışından fikirlər xüsusi yer alıb.
Muzeyin ekspozisiya zalları ilə tanışlığımız başlayır. “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlanan ilk zal ziyarətçini həmin torpaqların çal-çağırlı vaxtlarına aparır. Zalın divarlarındakı barelyeflər bölgənin qədim tarixi abidələrini əks etdirir, videomateriallar isə Qarabağın memarlıq irsindən və çoxəsrlik tarixindən bəhs edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə divardakı kitab instalyasiyasında xüsusi yer ayrılıb. Mərkəzdəki interaktiv kitablar Qarabağın təbiətini, ədəbi irsini, musiqisini və xalq sənətlərini kəşf etməyə imkan yaradır. Zalın sonundakı ekranlar Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərin həyatını daha yaxından tanımağa şərait yaradır. Bu məkan Qarabağın keçmişi, bu günü və gələcəyə daşıdığı ruhu birləşdirən yaddaş simvoluna çevrilir.
“Ermənistan-Azərbaycan münaqişəsi. Tarixə baxış” adlanan növbəti zal Qarabağ münaqişəsinin ağrılı, lakin unudulmaz səhifələrini özündə yaşadır. Zaldakı eksponatları izlədikcə əzəli və əbədi torpaqlarımızın başının üstünü alan qara buludlar, anidən çökən qaranlıq, üzlərdə donan təbəssüm göz önünə gəlir. Lakin o günlərin qayıdacağına ümid verən bir işıq da sezilir…
Burada diqqət çəkən məqamlardan biri də zalın mərkəzində yerləşən Qarabağda işğal dövründə dağıdılmış binaların taleyinə həsr olunan kompozisiyadır. Ağdamdan gətirilmiş daşlardan yaradılan bu əsər həyatın yenidən dirçəlişini simvolizə edir. Böyük ekranda qaçqın və məcburi köçkünlər, Xocalı soyqırımı və mina qurbanları, eləcə də işğal dövründə dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur. Zalda münaqişənin tarixi kökləri, xronologiyası, eyni zamanda, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Burada Ermənistan tərəfindən törədilmiş terror aktları və müharibənin ağır nəticələrinə dair faktlar da əksini geniş tapıb.
Muzeyin üçüncü “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” zalı Vətən müharibəsinə həsr olunub. Zalın mərkəzində LED monolitlər süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçi üçün döyüş atmosferi yaradır. Həmin hissədə quraşdırılmış 5 vertikal monitorda döyüş əməliyyatları, hərbi uğurlar və mülki əhaliyə qarşı hücumlarla bağlı materiallar təqdim olunur. İnteraktiv monitorlar vasitəsilə ziyarətçilər 44 gün ərzində baş vermiş bütün önəmli hadisələri, eləcə də dövlət başçısının xalqa və mətbuata müraciətlərini izləyə bilərlər. Holoqrafik ekranlar müasir hərbi texnikanı və əsgərlərin avadanlıqlarını 3D formatda nümayiş etdirir, mərkəzdəki interaktiv xəritələr isə azad olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların mərhələlərini ardıcıllıqla canlandırır.
Zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan rəşadətli Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri nümayiş olunur. Burada Prezident İlham Əliyev tərəfindən 44 günlük Vətən müharibəsi və Zəfər Günü ilə bağlı qəbul edilmiş bir sıra fərman və sərəncamlar sərgilənir.
“Şanlı Zəfər. Şuşanın azad olunması” zalı mistik gücə malikdir. Vətən müharibəsinin unikal məqamları, qəhrəmanların şəhid və yaralı döyüş yoldaşlarını çiyninə alaraq yalın əllə sıldırım qayalara dırmaşdıqları Şuşa əməliyyatı göz önünə sərilir.
Zalın mərkəzindəki Şuşa maketi sanki döyüş meydanını xatırladır, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitor şəhərin müharibə dövründə və bərpadan sonra olan görüntülərini təqdim edir. Böyük ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan Ordusunun rəşadətini və qəhrəmanlığını əks etdirir.
“Qəhrəmanlar yolu” adlı zalda böyük monitorda Qarabağın gün batımı fonunda döyüşçülərin qürurla irəlilədikləri anlar təsvir olunur. Burada Vətən müharibəsi qəhrəmanlarına təqdim olunan orden və medallar nümayiş edilir. Həmin zal ziyarətçiləri xalqın birliyi və qələbə sevincinin simvolizə edildiyi növbəti zala aparan dəhliz rolunu oynayır.
Muzeyin altıncı “Qarabağ Azərbaycandır!” zalına daxil olarkən altı il əvvəl baş verənlər - üçrəngli bayraqları başı üzərinə qaldıraraq küçələrə axışan sakinlərin Qələbə sevinci, onların bir-birini qucaqlayaraq təbrik etməsi, ərşə ucalan dualar, alqışlar, şəhidlər üçün axıdılan göz yaşları - bir film fraqmenti kimi yada düşür.
Zalın mərkəzində Murano şüşəsindən hazırlanmış Şanlı Zəfərin və Qarabağın dirçəlişinin simvoluna çevrilmiş Xarıbülbül çiçəyinin instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfər sevincinin səhnələri nümayiş olunur.
“Dövlət suverenliyinin bərpası. 20.09.2023” zalı isə izləyiciləri Vətən müharibəsinin məntiqi davamı olan antiterror əməliyyatına aparır. Azərbaycan Ordusunun bölmələri qarşısında 24 saat tab gətirməyərək ağ bayraq qaldıran Ermənistan ordusunun tör-töküntülərinin biabırçı məğlubiyyəti, Azərbaycanın dövlət suverenliyinin tam bərpasını və müasir tarixindəki əsas qələbələr təqdim edilir. Monitorlar vasitəsilə Vətən müharibəsindən əvvəl və Zəfər günündən sonra şəhid olanların əziz ruhuna ehtiram ifadə olunur.
Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” zalı isə işğal edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiya şəhid övladlarının səsi ilə Qarabağın gələcəyi üçün ümid dolu mesajlar verir. Üç işıqlı keçid bərpa, ekoturizm və inkişafla əlaqədar görüləcək işlərdən soraq verir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur, interaktiv ekranlarda bərpa layihələri nümayiş edilir.
Ekspozisiya zalının çıxışında qonaqlar üçün xatirə kitabı yerləşdirilib. Həmçinin “Danışan fotolar” adlı bölmədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin fotoşəkilləri var.
Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, milli-mənəvi dəyərlərimizə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Burada, həmçinin Azərbaycan tarixini və mədəniyyətini özündə əks etdirən suvenirlərin satıldığı kiçik satış məntəqəsi də fəaliyyət göstərir.
Azərbaycanın hərb tarixini və milli-mənəvi dəyərlərini özündə qürurla yaşadan Zəfər Muzeyi zəngin ekspozisiyası ilə şanlı Qələbəmizi təbliğ edir, dünyada tanıdır.
Tarixi Vətənə qovuşduran 8 addım - Zəfər Muzeyi xalqımızın sarsılmaz iradəsinin və milli birliyinin rəmzidir. Muzeyə gələn hər bir ziyarətçi Azərbaycanın tarixi ədaləti və xalqımızın haqq işi uğrunda mübarizəsinin və parlaq Qələbənin əzəmətini hiss edir, qürurunu yaşayır...
Lalə HÜSEYNOVA
“Azərbaycan Ordusu”