AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 24-də Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi polis hərbi qulluqçularının xatirəsinə həsr olunan anım tədbiri keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etdilər. Ardınca Dövlət Himni səsləndirildi.
Mərasimdə çıxış edən Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimov şəhidlərin Vətən qarşısındakı xidmətlərindən, döyüşlərdə göstərdikləri igidlik və fədakarlıqdan danışıb. O, hərbi polis bölmələrinin xidməti fəaliyyətinə toxunaraq, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən xidmətlərin əhəmiyyətini vurğuladı. Bildirdi ki, hərbi polis hərbi qulluqçularının məsuliyyətli xidməti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəis müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev çıxışında Azərbaycan Ordusunun formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbələrin əhəmiyyətindən bəhs etdi. O, Vətən müharibəsində və antiterror əməliyyatında hərbi polis hərbi qulluqçularının üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini qeyd edib, onların igidliklərinin hərbi qulluqçular üçün örnək olduğunu bildirdi.
Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mövzusunda musiqi nömrələri ifa etdilər. Daha sonra şəhidlərin həyat və döyüş yolunu əks etdirən videoçarxlar nümayiş olundu.
Anım tədbiri başa çatdıqdan sonra şəhid hərbi qulluqçuların ailə üzvləri ilə söhbət etdik. Onlar övladlarının həyatından, hərbi xidmətindən və Vətən müharibəsində keçdikləri döyüş yolundan danışdılar. Valideynlərin xatirələri ilə tanış olduqca hər bir şəhidin özünəməxsus həyat yolu, ailəsinə bağlılığı və Vətən qarşısındakı xidmətləri barədə daha ətraflı məlumat əldə etdik.
Şəhid gizir Natiq Mirhüseynovun atası Balamirzə Mirhüseynov oğlunun həyat və döyüş yolundan danışdı. 1975-ci ildə Lerik rayonunun Orand kəndində anadan olan Balamirzə Mirhüseynov övladının hərbi xidmətini və döyüşlərdə göstərdiyi fədakarlığı qürurla xatırladı. Natiq Mirhüseynov 2018-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursunu” bitirdikdən sonra Lənkəran qarnizonunda Hərbi Polis Post Patrul komandiri vəzifəsində xidmət etməyə başladı. Vətən müharibəsi zamanı Hərbi Polis İdarəsinin Beyləqan bölüyünün tərkibində 25 nəfərlik heyətlə döyüşlərə yollandı. Cəbrayıl, Hadrut və Daşaltı istiqamətlərində gedən ağır döyüşlərdə iştirak etdi. Xidməti vəzifəsini icra edərkən minaya düşərək ağır yaralandı. Natiq Mirhüseynov əvvəlcə Füzulidəki hərbi tibb məntəqəsində əməliyyat olunub, daha sonra Bakıda hərbi hospitalda müalicəsini davam etdirib. O, bir müddət komada qaldıqdan sonra 2021-ci il yanvarın 30-da şəhidlik zirvəsinə ucalıb. Balamirzə Mirhüseynov üçün oğlunun xatirəsini yaşatmaq onun Vətənə xidmətini və döyüş yolunu unutmamaq, göstərdiyi fədakarlığı gələcək nəsillərə çatdırmaq deməkdir. O, şəhid ailələrinə göstərilən diqqətə, Natiqin xatirəsinin yad edilməsinə və Hərbi Polis İdarəsi rəhbərliyinin ailələrlə mütəmadi maraqlanmasına görə minnətdarlığını bildirdi. Belə tədbirlərin ailələr üçün mənəvi əhəmiyyət daşıdığını, övladlarının unudulmadığını görməyin onlara təsəlli verdiyini qeyd etdi.
Şəhid gizir Natiq Mirhüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Şəhid Vaqif İsmayılzadənin anası Simnarə İsmayılova da oğlunun həyatından və döyüş yolundan söz açdı. 1996-cı ildə Beyləqan rayonunda anadan olan Vaqif Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 20-də Füzuli rayonunun Axullu kəndi istiqamətində şəhid olub. Vaqifin Renat və Vüqar adlı iki övladı var. Şəhid anası Simnarə İsmayılova şəhidlərin unudulmamasının, onların həyat və döyüş yollarının gənclərə tanıdılmasının vacibliyini vurğuladı. Şəhid ailələrinə göstərilən dövlət qayğısının və belə anım tədbirlərinin valideynlər üçün mənəvi dayaq olduğunu bildirdi. Övladlarının adlarının ehtiramla anılması və döyüş yollarının xatırlanması ailələrə onların xalqın yaddaşında yaşadığını bir daha hiss etdirir. Hərbi qulluqçu şəhidimiz Vaqif İsmayılzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhid çavuş Toğrul Atakişiyevin anası Vüsalə Atakişiyeva da oğlunun həyatından, hərbi xidmətindən və döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışdı. 2000-ci ildə Beyləqan rayonunda anadan olan Toğrul Hadrut istiqamətində gedən ağır döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 21-də şəhid olub. Vüsalə Atakişiyeva oğlunun xatirəsinə göstərilən ehtirama, şəhid ailələrinə ayrılan diqqətə və qayğıya görə minnətdarlığını ifadə etdi. Oğlunun həyat və döyüş yolunun xatırlanması, adının ehtiramla anılması ailəsi üçün xüsusi məna daşıyır. Toğrulun döyüşlərdə göstərdiyi fədakarlıq Vətən qarşısındakı xidmətinin mühüm göstəricisidir.
Toğrul Atakişiyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhid ailələri ilə söhbətlər bir daha göstərdi ki, övladlarının xatirəsinin yaşadılması və döyüş yollarının unudulmaması valideynlər üçün böyük mənəvi əhəmiyyət daşıyır. Onların qəhrəmanlıq nümunələrinin gənc nəslə aşılanması, Vətən qarşısındakı xidmətlərinin tanıdılması hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm istiqamətlərindəndir. Şəhidlərin Vətən uğrunda göstərdikləri şücaət, döyüş yoldaşlarına sədaqət və torpaqlarımızın azadlığı naminə nümayiş etdirdikləri fədakarlıq Azərbaycan əsgərinin mənəvi gücünü, qətiyyətini və Vətən sevgisini təcəssüm etdirir. Onlar ən çətin anlarda belə üzərlərinə düşən vəzifəni şərəflə yerinə yetirərək hərbi andlarına sadiq qaldılar, xalqımızın azadlıq və qələbə iradəsinin rəmzinə çevrildilər. Şəhidlərin həyat və döyüş yolu yalnız keçmişin qəhrəmanlıq salnaməsi deyil, həm də bu gün xidmət edən hər bir hərbi qulluqçu, eləcə də gələcək nəsillər üçün mənəvi örnəkdir. Onların göstərdikləri igidlik gənclərdə Vətənə bağlılıq, məsuliyyət və torpaqlarımızın müdafiəsinə daim hazır olmaq əzmi formalaşdırır. Şəhidlərin adlarını ehtiramla anmaq, xidmətlərini unutmamaq, döyüş yollarını gələcək nəsillərə çatdırmaq və ailələrinə diqqət göstərmək bu müqəddəs xatirəyə layiqli münasibətin ifadəsidir. Çünki Vətən uğrunda canından keçənlərin qəhrəmanlığı xalqımızın yaddaşında yaşayır, onların əziz xatirəsi isə gələcək nəsillərin vətənpərvərlik ruhunun formalaşmasına xidmət edir.
Emil MURADLI
“Azərbaycan Ordusu”