AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin taleyüklü mərhələlərindən birinə çevrildi. Otuz ilə yaxın davam edən işğala son qoyulması, ərazi bütövlüyünün bərpa olunması və tarixi ədalətin təmin edilməsi Azərbaycan xalqının birliyini, dövlətimizin siyasi iradəsini və Azərbaycan Ordusunun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə hərbi potensialın, şəxsi heyətin yüksək hazırlığının, müasir texnologiyalardan səmərəli istifadənin və hərbi qulluqçularımızın Vətənə sədaqətinin nəticəsi idi. Şuşanın azad edilməsi ilə hərbi əməliyyatların taleyi həll olundu, noyabrın 8-də qazanılan tarixi Zəfər isə Azərbaycan xalqının yaddaşına əbədi həkk edildi. Qələbə ölkəmizin qarşısında yeni mərhələnin başlanğıcını qoydu. İşğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin edilməsi, əldə olunan nəticələrin möhkəmləndirilməsi və ordunun müasir dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi əsas vəzifələrə çevrildi. Döyüş meydanında qazanılan təcrübə Azərbaycan Ordusunda idarəetmə, döyüş hazırlığı, hərbi təhsil və texnoloji imkanların təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar üçün mühüm zəmin yaratdı.
Müasir müharibələrin təcrübəsi göstərir ki, döyüş meydanında üstünlük əldə etmək qədər həmin üstünlüyü qorumaq, dəyişən şəraitə uyğunlaşmaq və gələcək təhlükələrə hazır olmaq da vacibdir. Vətən müharibəsi hərbi qüvvələrin idarə olunması, bölmələr arasında qarşılıqlı fəaliyyət, kəşfiyyat məlumatlarının operativ emalı, dəqiq zərbələrin endirilməsi və texnoloji imkanlardan istifadə baxımından mühüm nəticələr ortaya çıxardı. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycan Ordusunda struktur və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, döyüş hazırlığının müasir tələblərə uyğunlaşdırılması, hərbi təhsil sisteminin yenilənməsi və texnoloji imkanların genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. İslahatların əsas istiqamətlərindən biri komanda-idarəetmə sisteminin daha çevik və səmərəli qurulmasıdır. Müasir döyüş şəraitində əməliyyat mühitinin sürətlə dəyişməsi komandirlərdən təşəbbüskarlıq, məsuliyyət və situasiyanı düzgün qiymətləndirmək bacarığı tələb edir. Bu baxımdan tapşırıq əsaslı idarəetmə yanaşmasının inkişaf etdirilməsi, qarşıya qoyulan məqsədin bütün səviyyələrdə düzgün anlaşılması və bölmələrin dəyişən şəraitə uyğun qərarlar qəbul etmək imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə hərbi gücün mühüm göstəricilərindən biri də texnologiyaların tətbiqi və rəqəmsal imkanlardan istifadə səviyyəsidir. Pilotsuz uçuş aparatları, avtomatlaşdırılmış idarəetmə sistemləri, süni intellekt, kibertəhlükəsizlik və məlumatların operativ emalı hərbi əməliyyatların xarakterini dəyişdirən əsas amillər sırasındadır. Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq bu texnologiyaların hərbi sahədə tətbiqi də inkişaf prioritetlərindən biri kimi müəyyənləşdirilib. İdarəetmə, planlaşdırma, məlumatların emalı, hərbi təhsil, elmi fəaliyyət və logistika sahələrində rəqəmsal həllərdən istifadə imkanlarının genişləndirilməsi ordunun müasir tələblərə uyğun inkişafına xidmət edir. Digər mühüm istiqamət milli müdafiə sənayesinin inkişafıdır. Azərbaycanda reaktiv yaylım atəş sistemlərinin, NATO standartlarına uyğun atıcı silahların, müasir gecəgörmə və termal optik cihazların, müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının, dolanan döyüş sursatlarının və kəşfiyyat vasitələrinin istehsalı istiqamətində işlər görülüb. Bir sıra hərbi təyinatlı məhsulların seriyalı istehsalının mənimsənilməsi yerli istehsal imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Müdafiə sənayesinin inkişafı ordunun təchizat imkanlarını artırmaqla yanaşı, texnoloji biliklərin, mühəndislik bacarıqlarının və elmi potensialın hərbi sahəyə cəlb edilməsinə də şərait yaradır.
Ordunun gücü yalnız silah və texnikanın müasirliyi ilə ölçülmür. Həmin imkanlardan istifadə edən şəxsi heyətin hazırlığı, bilik və bacarıqları, intizamı və mənəvi-psixoloji dayanıqlığı hərbi potensialın əsasını təşkil edir. Buna görə də Azərbaycan Ordusunda hərbi təhsil sisteminin yenilənməsi və peşəkar kadr hazırlığının təkmilləşdirilməsi islahatların mühüm istiqamətlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 20 may 2022-ci ildə yaradılan Milli Müdafiə Universiteti bu prosesdə mühüm yer tutur. Universitetin fəaliyyətinin əsas istiqamətləri hərbi təhsilin müasir tələblərə uyğun təşkili, peşəkar hərbi kadrların hazırlanması, tədris yanaşmalarının təkmilləşdirilməsi və hərbi elmin inkişafıdır. Bu məqsədlə Bakı və Gəncə şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında yaradılan hərbi kolleclər peşəkar gizir və miçman heyətinin hazırlanmasında yeni mərhələnin əsasını təşkil edir. Eyni zamanda, xidmət müddətində öz potensialı ilə seçilən hərbi qulluqçuların “Gizir hazırlığı kursu”na, ali təhsilli hərbi qulluqçuların isə “Zabit hazırlığı kursu”na cəlb olunması üçün imkanlar yaradılıb.
Həyata keçirilən dəyişikliklərdən biri də intellektual potensiala malik gənclərin bilik və bacarıqlarının ordu quruculuğuna yönəldilməsidir. İnformasiya texnologiyaları, kompüter elmləri, kibertəhlükəsizlik, süni intellekt və digər sahələrdə hazırlığı olan çağırışçıların potensialından istifadə edilməsinə xidmət edən “İntellektual qabiliyyətli bölmələr” layihəsi bu baxımdan diqqətəlayiq təşəbbüslərdəndir. Qəbul proseslərinin elektronlaşdırılması və müraciət mexanizmlərinin sadələşdirilməsi də hərbi təhsil sahəsində aparılan islahatların nəticələrindəndir. Müvafiq məlumatlara əsasən, son illərdə hərbi təhsil müəssisələrinə müraciət edənlərin sayı üç dəfədən çox artıb.
Azərbaycan Ordusunun inkişafında ehtiyatların hazırlanması, hərbi qulluqçuların praktiki vərdişlərinin möhkəmləndirilməsi və döyüş hazırlığının davamlı yüksəldilməsi də mühüm yer tutur. Müasir döyüş təcrübəsi nəzərə alınmaqla, ehtiyatda olan hərbi vəzifəlilərlə keçirilən təlim toplanışlarının məzmunu təkmilləşdirilir, yeni silah və texnikadan istifadə qaydalarının mənimsənilməsinə diqqət yetirilir. Gələcəkdə pilotsuz sistemlər, radioelektron mübarizə və kibertəhlükəsizlik kimi istiqamətlərin ehtiyatların hazırlanmasında daha geniş yer tutması nəzərdə tutulur.
Döyüş hazırlığının təkmilləşdirilməsində müharibədən cəmi bir il sonra yaradılan komando bölmələrinin də xüsusi rolu var. Çətin relyefdə və mürəkkəb şəraitdə tapşırıqları yerinə yetirmək üçün hazırlanan komandoların fəaliyyəti yüksək fiziki dözümlülük, peşəkarlıq, çevik qərarvermə və bölmələr arasında sıx qarşılıqlı fəaliyyət tələb edir. Komando hazırlığının müasir döyüş təcrübəsinə uyğunlaşdırılması, taktiki vərdişlərin möhkəmləndirilməsi və şəxsi heyətin müxtəlif əməliyyat şəraitində fəaliyyət imkanlarının artırılması ordunun ümumi döyüş qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
Bütün bunlarla yanaşı, hərbi xidmətin səmərəliliyi şəxsi heyətin mənəvi-psixoloji hazırlığından birbaşa asılıdır. 2024-2026-cı illərdə Azərbaycan Ordusunda psixoloji təminat sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. İxtisaslı hərbi psixoloqların hazırlanması və xidmətə cəlb olunması, Türkiyədən dəvət olunan mütəxəssislərin iştirakı ilə təlimlərin təşkili, Psixoloji Təminat İdarəsinin yaradılması və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin fəaliyyətə başlaması bu sahədə institusional imkanların genişləndirilməsinə xidmət edir. Bu tədbirlər hərbi qulluqçuların fiziki və peşəkar hazırlığı ilə yanaşı, psixoloji dayanıqlığının gücləndirilməsinə də yönəlib.
2020-ci ilin 10 noyabr tarixli Üçtərəfli Bəyanatından sonra regionda hərbi əməliyyatların genişmiqyaslı mərhələsi başa çatsa da, Azərbaycan Ordusunun qarşısında yeni təhlükəsizlik çağırışları dayanırdı. Həmin dövrdə işğaldan azad edilən ərazilərdə mövqelərin möhkəmləndirilməsi, qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısının alınması və əldə edilən hərbi-strateji üstünlüyün qorunması zərurəti yaranmışdı. Vətən müharibəsindəki məğlubiyyətlə barışmayan separatçılar isə hər vəchlə Azərbaycan tərəfini provokasiyaya cəlb etməyə çalışır, bununla da yenidən aktiv müharibə şəraiti yaratmağa cəhd edirdilər. 2021-ci ilin mayında Azərbaycan-Ermənistan dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı gərginlik artdı. Həmin ilin noyabrında sərhədin müxtəlif istiqamətlərində silahlı toqquşmalar baş verdi. Bu hadisələr müharibədən sonrakı dövrdə regionda təhlükəsizlik məsələlərinin həll olunmadığını, sərhəd mübahisələrinin və qarşılıqlı hərbi təxribatların yeni qarşıdurmalar yarada bildiyini göstərirdi. 2022-ci ilin martında Qarabağ bölgəsində vəziyyət yenidən gərginləşdi. Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəkliklər istiqamətində yaranan vəziyyətlə əlaqədar Azərbaycan Ordusu müvafiq tədbirlər həyata keçirdi. Martın sonlarında Fərrux kəndi və ətraf yüksəkliklər üzərində nəzarət təmin edildi. Fərrux əməliyyatı işğaldan azad olunan ərazilərdə mövqelərin qorunması və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm hadisələrdən biri oldu. Amma məğlubiyyətlə barışmayan separatçılar xislətindən əl çəkmirdi. Fərrux əməliyyatından cəmi bir neçə ay sonra - 2022-ci ilin avqustun əvvəlində Qarabağda qanunsuz erməni silahlı dəstələrinin təxribatları nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu. Baş verən hadisədən sonra ordumuz avqustun 3-də “Qisas” adlı cavab əməliyyatı həyata keçirdi. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, Sarıbaba istiqamətindəki bir sıra yüksəkliklər və digər əhəmiyyətli mövqelər nəzarətə götürüldü, qanunsuz silahlı dəstələrin bir sıra hərbi obyektləri sıradan çıxarıldı. 2022-ci il sentyabrın 12-dən 14-dək Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı döyüş toqquşmaları baş verdi. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutdu.
Qarşıdurmalar zamanı hərbi qulluqçularımız arasında itkilər qeydə alındı, hərbi infrastruktura ziyan dəydi. Azərbaycan Ordusunun bölmələri təxribatların qarşısını almaq və atəş nöqtələrini susdurmaq məqsədilə cavab tədbirləri həyata keçirdi. Sentyabr döyüşləri müharibədən sonrakı dövrün ən ciddi silahlı qarşıdurmalarından biri oldu. Döyüşlər nəticəsində strateji əhəmiyyətli yüksəkliklər və bir sıra mövqelər üzərində nəzarət təmin edildi. Separatçı rejim 2022-ci ilin sonlarından etibarən hərbi istiqamətlə paralel Qarabağ iqtisadi rayonunda qanunsuz iqtisadi fəaliyyət, təbii sərvətlərin qanunsuz istismarı və Laçın yolu ətrafında yaranan vəziyyət regionda gərginliyi artıran məsələlər sırasında idi. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolu ətrafında keçirdiyi etiraz aksiyası da bu dövrün mühüm hadisələrindən oldu. 2023-cü ilin əvvəlində sərhədin müxtəlif istiqamətlərində və Qarabağ iqtisadi rayonunda Azərbaycan Ordusunun mövqelərinə qarşı atəş açılması halları davam etdi. Fevralın 21-dən 22-nə keçən gecə dövlət sərhədinin bir neçə istiqamətində, eləcə də Qarabağ iqtisadi rayonundakı mövqelərimiz atəşə tutuldu. Martın 13-dən 14-dək isə Azərbaycan Ordusunun mövqelərinə 19 dəfə fasilələrlə atəş açıldığı barədə Müdafiə Nazirliyi məlumat yaydı. 2023-cü ilin martında Şuşa istiqamətində baş verən təxribatlar və qanunsuz silahlı birləşmələrin fəallaşması təhlükəsizlik məsələlərini daha da aktuallaşdırdı. Azərbaycan Ordusu mövqelərin mühafizəsi və yaranan təhlükələrin qarşısının alınması üçün tədbirləri davam etdirdi. 2023-cü il aprelin 11-də Laçın istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu, hərbi qulluqçularımız arasında şəhid olan və yaralananlar da oldu. Aprelin 23-də isə Laçın-Xankəndi yolu üzərində dövlət sərhədində sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladı. Bu addım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədinə nəzarətinin təmin edilməsi, silah-sursatın və qanunsuz hərbi daşımaların qarşısının alınması məqsədi daşıyırdı. Sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkənin suveren hüquqlarının həyata keçirilməsi baxımından mühüm mərhələ idi. Eyni zamanda, bu hadisə Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrlə bağlı gərginliyi daha da artırdı.
2023-cü ilin mayında Azərbaycan Ordusunun mövqeləri həm dövlət sərhədinin müxtəlif istiqamətlərində, həm də Qarabağ iqtisadi rayonu atəşə tutuldu. Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində atəş açılması halları qeydə alındı. Mayın 12-də Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini D-30 topları və minaatanlardan atəşə tutdu. Həmin ay ərzində təxribatlar dəfələrlə təkrarlansa da, Azərbaycan Ordusunun bölmələri müvafiq istiqamətlərdə adekvat cavab tədbirləri gördü.
Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələnsə də, törədilən bu təxribatlar Qarabağ iqtisadi rayonundakı qanunsuz silahlı birləşmələrin fəaliyyətinin davam etdiyini, mövqelərin möhkəmləndirildiyini və Üçtərəfli Bəyanatın icrası ilə bağlı problemlərin mövcudluğunu göstərirdi. Azərbaycan tərəfi bölgədə təhlükəsizliyin təmin edilməsi, qanunsuz hərbi fəaliyyətin qarşısının alınması və dövlət suverenliyinin həyata keçirilməsi məsələlərini gündəmdə saxlasa da, qanunsuz silahlı birləşmələrin bölgədə qalması davamlı təhlükəsizliyin təmin olunmasına mane olurdu. 2023-cü ilin yayında Qarabağ iqtisadi rayonunda vəziyyət gərgin olaraq qalırdı. Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, ərazilərin minalanması, qanunsuz silahlı birləşmələrin hərbi mövqelərini möhkəmləndirməsi və bölgədə hərbi infrastrukturun saxlanılması ilə bağlı məsələlər təhlükəsizlik risklərini artırırdı. Sentyabrın 19-da isə vəziyyət yeni mərhələyə keçdi. Həmin gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda minanın partlaması nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları və mülki şəxslər həlak oldular, digər şəxslər yaralandı. Eyni gün baş verən digər təxribatlar və Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması təhlükəsizlik vəziyyətini daha da ağırlaşdırdı. Müdafiə Nazirliyinin məlumatına görə, baş verən genişmiqyaslı təxribatlar, mina terroru və qanunsuz silahlı birləşmələrin hərbi fəaliyyətinin davam etməsi antiterror əməliyyatının başlanmasına səbəb oldu. Əsas məqsədlər qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası idi. Bir gündən az davam edən əməliyyat sentyabrın 20-də saat 13:00-da əldə olunan razılaşma ilə dayandırıldı. Razılaşmaya əsasən, qanunsuz erməni silahlı birləşmələri silahı yerə qoymalı, döyüş mövqelərini tərk etməli və tərk-silah olunmalı idi. Bununla da Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi.
Qələbənin eyforiyasına qapılmadan öz üzərində işləyən ordunun həyata keçirdiyi antiterror əməliyyatı Vətən müharibəsində qazanılan Zəfərin və sonrakı illərdə icra edilən hərbi tədbirlərin ardınca ölkəmizin müasir tarixində yeni mərhələ açdı. 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilən nəticələr 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ilə tamamlandı. Bu mərhələ Azərbaycan Ordusunun qarşıya qoyulan tapşırıqları yerinə yetirmək qabiliyyətini, idarəetmə və koordinasiya imkanlarını, şəxsi heyətin hazırlığını və müasir döyüş təcrübəsinin əhəmiyyətini bir daha gündəmə gətirdi.
Onu da qeyd etmək lazımdır ki, suverenliyin bərpası sadəcə hərbi-siyasi nəticə ilə məhdudlaşmırdı. Bu hadisə işğaldan azad edilən ərazilərdə təhlükəsiz həyatın qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması və həmin ərazilərin ölkənin iqtisadi, sosial və mədəni həyatına yenidən inteqrasiyası üçün yeni imkanlar yaratdı. Azad edilən ərazilərin bərpasını, müasir yaşayış məntəqələrinin salınmasını, infrastrukturun yaradılmasını və əhalinin doğma torpaqlarında təhlükəsiz yaşayışını təmin etmək məqsədilə Böyük Qayıdış proqramı həyata keçirilir. Yenidən qurulan kəndlər, istifadəyə verilən yaşayış evləri, bərpa edilən yollar, yaradılan məktəblər, tibb müəssisələri və digər sosial obyektlər Qarabağda həyatın mərhələli şəkildə canlanmasına xidmət edir. Uzun illər doğma yurdlarının həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin geri qayıdışının Zəfərin insan talelərində yaratdığı dəyişikliklərin göstəricilərindən biri olduğunu qeyd etməsək, olmaz.
Böyük Qayıdış proqramı çərçivəsində 2022-ci ilin iyulunda Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad edilən digər ərazilərdə də davam edir. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarında, eləcə də Xankəndi şəhərində bərpa-quruculuq işləri və məskunlaşma prosesi həyata keçirilir. Yeni yaşayış məntəqələrinin salınması ilə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsi, sahibkarlığın inkişafı, təhsil və səhiyyə xidmətlərinin təşkili, sosial infrastrukturun qurulması istiqamətində tədbirlər görülür. Bu da bir faktdır ki, qayıdışın davamlı olması üçün insanların yalnız yaşayış evləri ilə təmin edilməsi kifayət etmir. Doğma torpaqlarda işləmək, təhsil almaq, ailə qurmaq, övlad böyütmək və normal həyat şəraitinə malik olmaq imkanları yaradılmalıdır. Bu baxımdan Böyük Qayıdış proqramı bərpa-quruculuq layihəsi olmaqla yanaşı, uzunmüddətli sosial və iqtisadi inkişaf prosesidir. İşğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin edilməsi, infrastrukturun qurulması və yaşayış məntəqələrinin bərpası paralel şəkildə həyata keçirilən bir-biri ilə əlaqəli gedişatdır. İnsanların doğma yurdlarına təhlükəsiz qayıdışının əsas şərtləri ərazilərin minalardan təmizlənməsi, yolların və kommunikasiya xətlərinin qurulması, dövlət xidmətlərinin təşkili və sosial obyektlərin istifadəyə verilməsidir. Beləliklə, bu gün azad olunan ərazilərdə aparılan quruculuq işləri sadalanan şərtlərin hər birini təmin etməklə, 30 il yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə könüllü, təhlükəsiz, ləyaqətli qayıdışını və reinteqrasiyasını təmin edir.
Yazının əvvəlində qeyd etdiyim kimi, Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycan Ordusunun potensialını nümayiş etdirdisə, sonrakı islahatlar həmin potensialın davamlı inkişafına yönəlib. 2023-cü ildə dövlət suverenliyinin tam bərpası Azərbaycanın ərazi bütövlüyünün və müstəqil dövlət idarəçiliyinin təmin olunması baxımından yeni mərhələ açdı. Bu gün Böyük Qayıdış proqramı çərçivəsində uzun illər müharibə meydanına çevrilən, talan edilən torpaqlarda həyatın yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması və həmin ərazilərin ölkənin ümumi inkişafına inteqrasiyası Qələbənin real nəticələrini gündəlik həyatın bir hissəsinə çevirir. Qələbə döyüş meydanında qazanıldı, suverenlik bərpa edildi, indi isə həmin tarixi nailiyyətlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün quruculuq və inkişaf prosesi davam edir. Azərbaycan Ordusunun gücləndirilməsi, hərbi sahədə islahatların ardıcıl aparılması və işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz həyatın təmin edilməsi bu böyük yolun bir-birini tamamlayan istiqamətləridir. Bu yolun mərkəzində müstəqil Azərbaycanın təhlükəsizliyi, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı dayanır. Zəfər keçmişin qürur mənbəyi olmaqla yanaşı, həm də gələcəyin məsuliyyətidir. Bu məsuliyyət güclü ordu quruculuğunun davam etdirilməsini, müasir çağırışlara uyğunlaşmağı və azad edilən torpaqlarda həyatın davamlı şəkildə bərpasını tələb edir. Qələbədən suverenliyə, suverenlikdən Böyük Qayıdışa uzanan yol Azərbaycanın müasir tarixində hərbi gücün, dövlət iradəsinin və quruculuq əzminin vahid məqsəd naminə birləşməsinin ifadəsidir.
Tamilla HÜSEYNLİ
“Azərbaycan Ordusu”