Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2026 20:07

“Şəhid ailələri - qəhrəmanlarımızın əmanəti” adlı tədbir keçirildi

“N” hərbi hissəsində şəhid ailələri ilə görüş keçirildi. Tədbirdə şəhidlərimizin valideynləri, övladları, döyüş yoldaşları, hərbi hissənin rəhbərliyi və şəxsi heyəti iştirak edirdi. Tədbirin proqramına əsasən görüşdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Açılış nitqi ilə qonaqları salamlayan general-mayor Akif Pirverdiyev müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevin şəhid ailələrinə  ünvanlanmış nitqini səsləndirdi. “Hörmətli atalar, analar, bacılar, qardaşlar, əziz şəhid ailələri və tədbir iştirakçıları! Sizi səmimi-qəlbdən salamlayır, hər birinizə dərin hörmət və ehtiramımı bildirirəm. Bu gün Sizləri Azərbaycan Respublikası Müdafiə nazirinin Müavini - Quru qoşunları Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-polkovnik Hikmət Mirzəyevin təşəbbüsü ilə özümüzə borc bilərək görüşə dəvət etmişik. İlk növbədə, dəvətimizi qəbul etdiyiniz üçün sizlərə öz minnətdarlığımızı və dərin hörmətimizi ifadə etmək istəyirəm. 
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük Qələbəmizlə başa çatdı. Otuz ilə yaxın işğalda olan torpaqlarımız onların döyüş əzmi, mübarizliyi və canları bahasına azad olundu.
Mərd oğullarımız Zəfər tariximizi öz qanları ila yazdılar. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır. Sizin, övladlarınızın, həyat yoldaşlarınızın igidliyi, şücaəti sayəsində xalqımız firavan həyat yaşayır.
Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə yüksək dövlət qayğısı göstərilməsinin əsasını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qoyub. Ulu Öndər Heydər Əliyev tərəfindən 26 avqust 1994-cü ildə imzalanan Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında Fərman müharibə əlillərinin sosial etiyaclarının ödənilməsi istiqamətində atılan ilk addımdır. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib. Məhz bu gün ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə problemlərin həlli istiqamətində göstərişlər verilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlar şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayır. Dövlət başçısı çıxışlarında hər zaman bu insanların problemlərinin həllinə diqqət yetirilməsinin vacibliyini vurğulayır. Bir sözlə, dövlətimiz tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır.
Sonda bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, əziz xatirələrini ehtiramla yad edirik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yaşasın Azərbaycan!.
Vətən Müharibəsi Qəhrəmanı şəhid Cavid Mahmudovun anası Nəsibə Mahmudova çıxış edərək tədbir iştirakçılarını salamlayıb. “Bayrağımızı ucaldan, ərazi bütövlüyümüzü təmin edən, dövlət və dövlətçiliyimizi qoruyan, bu yolda canını qurban verən şəhid anası olaraq bu gün qarşınızda çıxış edirəm. Bu gün həm kədərli, həm də qürurluyam. Oğlum Biləsuvar rayonunun Aşağı Cürəli kəndində böyüyüb boya-başa çatıb. Cavidimin təkcə anası deyil, həm də müəllimi olmuşam. Ona Vətən məfhumunun vacibliyini uşaqlıq yaşlarından bir valideyn olaraq öyrətmişik. Qismət elə gətirdi ki, oğlum məktəbini bitirdikdən sonra öz arzularının arxasınca gedərək hərbçi olmağı qarşısına əsas məqsəd qoydu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub, oranı yüksək nəticələrlə başa vurub. Xidmətinə hər zaman məsuliyyətlə yanaşıb, tabeliyindəki əsgərlərə doğma münasibət göstərib. Əsgərləri ilə hər zaman fəxr edərdi. Onları da öz canından ayırmazdı. Övladım öz işi ilə bağlı çox danışmağı xoşlamazdı. Müharibəyə getdiyini də bilmədik. Müharibədə ölüm labüddür. Şəhidlik elə bir zirvədir ki, hamı o ünvana ucalmaq istəyir. Mənim oğlum bu gün şəhiddir, uca zirvədədir. Hər bir şəhid yaxınına möhkəm cansağlığı və səbir arzu edirəm”, - şəhid anası deyib.
Sonra söz Salyan rayonundan olan şəhid Kamran Quliyevin anası Arzu xanıma verilib: “Kamran bu hərbi hissədə xidmət edib. Bundan əvvəl şəhidlərimiz üçün hərbi hissənin ərazisində salınan memorial kompleksin açılışında iştirak etmək üçün gəlmişdim. Övladımın hələ gənc yaşlarından Vətənə xüsusi bağlılığı var idi. Danışanda deyirdi ki, ən böyük arzusu Vətən uğrunda şəhid olmaqdır. Elə də oldu. Digər şəhid övladları kimi, oğlum da Vətənə qucaq açdı, bizi geridə qoydu. Bizə arxa çevirib, Vətənə arxa oldu şəhidlərimiz. Bu gün iki oğul övladı Vətənə əmanət qalıb Kamranımın. Arzum budur ki, şəhidlərimiz unudulmasınlar, ailələri, doğmaları unudulmasınlar. Şəhidlər unudulanda ölürlər. Onları yüksək ehtiramla yad etmək lazımdır. Gələcək nəsillərə onların qəhrəmanlıqlarını düzgün öyrətmək lazımdır ki, gənclərimiz şəhidlərimizi özlərinə örnək bilsinlər, vətənpərvərlik məfhumunu onların sayəsində dərindən anlasınlar. Şəhidlərimiz canından pay verdilər, amma Vətən torpağının bir qarışını düşmənə vermədilər. Allah şəhidlərimizin şəhadətini mübarək eləsin, yaralananlara möhkəm cansağlığı versin. Şəhidlərimizin büküldüyü o şanlı bayraq daim zirvələrdə dalğalansın. Bugünkü tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarıq. Əziyyət çəkmisiniz, biz şəhid ailələrini bir araya gətirmisiniz. Öz dəyərli vaxtını ayırıb bu tədbirdə iştirak üçün gələnlərə də xüsusi minnətdarlığımı bildirirəm”.
2023-cü ilin antiterror əməliyyatının Şabran rayonundan olan şəhid Sahil Aslanovun anası Xurma xanım oğlunun timsalında bütün qəhrəman oğullarla fəxr etdiyini deyib: “Tədbir iştirakçılarını salamlayıram. Mən oğlumla fəxr edirəm. Hər bir şəhidimlə fəxr edirəm. 44 günlük Vətən müharibəsi zamanı Füzulidə yaralansa da, Şuşaya qədər irəliləyib. Sahil Qisas əməliyyatının da iştirakçısı olub. Qismət elə gətirdi ki, 2023-cü ilin antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhadət zirvəsinə yüksəldi. Arzum budur ki, bir daha müharibə olmasın. Anaların, bacıların, həyat yoldaşları və övladların gözləri yaşlı qalmasın. Hər əsgər sağ-salamat öz doğmasının yanına qayıtsın. Kiçik oğlum da bu yaxınlarda Vətənə övladlıq borcunu qardaşının adına layiq yerinə yetirdi, qayıtdı. Şəhid olmasa Vətən olmaz. Bu məqam ucalardan ucadır. Oğlumun xidmət yoldaşları bizə tez-tez ziyarətə gəlirlər. Onların hər biri mənim üçün Sahildir, öz doğma övladlarımdan ayırmıram. Allah Azərbaycan əsgərini qorusun! Ordumuz günü-gündən güclənsin. Xalqımızın birliyi daimi və əbədi olsun!”
Cəlilabad rayonundan olan şəhid Ramazan Hüseynzadənin anası Pərvanə xanım da öz növbəsində bu gün şəhidlərimiz və müharibə iştirakçısı oğlanlarımız sayəsində əzəli və əbədi torpaqlarımızın azad olduğunu qeyd edib: “Ramazanın böyük əmisi Birinci Qarabağ müharibəsi şəhidi, digəri isə döyüşdə sağlamlığını itirən qazidir, atası isə müharibə iştirakçısıdır. 2020-ci il sentyabrın 27-də başlayan haqq savaşımızda hər iki oğlum iştirak edib. Xalqımızın qan yaddaşı olan Xocalının düşməndən azad edilməsi uğrunda şəhid olan oğlumun ruhu bu gün şaddır. Çünki Xocalı kimi bütün tarixi ərazilərimizdə üçrəngli şanlı bayrağımız dalğalanır. Şəhid anası və müharibə veteranı anası kimi, mən də öz övladlarımla və ailəmlə fəxr edirəm. Çox şükür ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında əzəli və əbədi torpaqlarımız işğaldan azad edilib. Qürurluyam ki, oğlum da bu müqəddəs döyüşlərin iştirakçısı olub və bu ümdə amal uğrunda canından keçərək, şəhidlik zirvəsinə ucalıb. Bu gün xalqımızın hər bir nümayəndəsi şəhidlərimizlə fəxr edir, yazılan misilsiz tarixlə fəxr edir, igid oğullarımızla fəxr edir.
Şəhid atası Əflatun Mayıllı oğlunun timsalında minlərlə döyüşçünün müqəddəs amal uğrunda irəli atıldığını və bu ümdə vəzifənin uğurla icrası üçün canını və qanını əsirgəmədiyini vurğulayıb: “Düşmən ötən əsrin sonlarında öz havadarları hesabına tarixi torpaqlarımızı işğal etdi. Lakin Azərbaycan əsgəri öz xalqının ona olan etimadından və Ali Baş Komandanın qətiyyətindən güc alaraq, əzəli və əbədi torpaqlarımızı öz canı və qanı ilə azad etdi. Bu cür vətənpərvərlik nümunələri müasir dövrdə çox azdır. Şəhidlərimizin amalı bir idi - öldü var, döndü yoxdur! Oğlum gənc və evin tək oğlu idi. Komandirləri buna görə onu dəfələrlə çətin tapşırıqlardan kənarlaşdırmaq istəsələr də, oğlumun cavabı bir olub - burada hamımız bir amal uğrunda döyüşürük. Bizim şəhidlərimiz minlərlədir. Lakin məhz o minlərlə sönmüş çıraq sayəsində, bu gün milyonlarla çıraq yanır. Yeni Əflatunlar, Poladlar, Mübarizlər böyüyürlər. Müharibə bir də bizim evlərdən uzaq olsun, sülhümüz əbədi olsun”.
Sonuncu çıxış edən “Azərbaycan Bayrağı” ordenli şəhid polkovnik-leytenant Həmdəm Ağayevin qızı Aysu bir zamanlar atasının çıxış etdiyi kürsüdə bu gün çıxış etmənin verdiyi hüzn və qüruru xüsusi vurğulayıb: “Çox hörmətli şəhid ailələri, zabitlər və görüş iştirakçıları. Hər birinizi ürəkdən salamlayıram. Mən ömrünün böyük hissəsini Azərbaycan Ordusuna xidmətə həsr etmiş polkovnik-leytenant Həmdəm Ağayevin qızıyam. Mən bu gün bu kürsüdə, bir zamanlar atamın çıxış etdiyi kürsüdə çıxış etdiyim üçün qürurluyam. Atamla xidmət edənlər onun necə vətənpərvər, cəsur bir zabit olduğunu yaxşı bilirlər. O, həm qayğıkeş ata, mərhəmətli insan və həyat müəllimi idi. Döyüşlər zamanı öz əsgəri ilə birlikdə səngərdə ol, düşmən üzərinə gedərkən “irəli” deyil, “ardımca” deyə səslənərək döyüşçüləri qələbəyə ruhlandırırdı. Yaralansa da, müalicədən imtina edərək, müqəddəs vəzifəni son damla qanına, son nəfəsinə qədər icra etməyi özünə həyat amalı bilərək döyüşdü. Əsgərlərini öz övladlarından ayırmayan atam, öz övladlarını döyüş meydanında tək qoymaq istəmədi. Polkovnik-leytenant Həmdəm Ağayev haqqında danışmaq üçün dəqiqələr kifayətsiz qalır. Şəhidlik yüksək məqamdır. Ən uca zirvədir. Burada öz övladını gənc yaşda Vətən torpağına tapşıran şəhid valideynləri qarşısında baş əyirəm. Qarşıdan 8 Noyabr - Zəfər bayramı gəlir. Bu Zəfəri bizə öz qanı və canı ilə bəxş edən şəhidlərimizin ruhları qarşısında baş əyir, onların əziz xatirələrini yüksək ehtiramla yad edirik. Biz onlara bir ömür borcluyuq. Şəhid Həmdəm Ağayevin doğulduğu Ağdərənin Sırxavənd kəndi bu gün işğaldan azad edilib. Atamın və atamın timsalında bu gün bütün şəhidlərimizin ruhları şaddır. Çünki Vətənimizin hər qarışında şanlı bayrağımız dalğalanır. Qoy bu bayrağın varlığı daimi olsun. Əzəli və əbədi torpaqlarımızın həqiqi sakinləri öz yurdlarına qayıdırlar. Azərbaycanımız bu gün müstəqil, suveren dövlət olaraq inkişafını dinamik templə davam etdirir. Allah Azərbaycanımızı, ordumuzu, xalqımızı qorusun”.
Tədbirdə çıxış edənlər tədbirin keçirilməsində rolu olan, hər kəsə təşəkkürünü bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Çıxışlar başa çatdıqdan sonra tədbirin bədii hissəsində şəhid övladları və Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib, əbədi-bədii kompozisiyalar təqdim olundu.
Görüşdə həmçinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri və rəqs ansamblının təqdim etdikləri milli musiqi və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Bədii hissə başa çatdıqdan sonra tədbir iştirakçıları üçün çay süfrəsi təşkil edildi.
Sonda xatirə şəkilləri çəkdirildi.

“Azərbaycan Ordusu”