AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
“Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik”.
Bir vaxtlar doğma yurd-yuvalarından ayrılmağa məcbur edilən zəngilanlılar bu gün Böyük Qayıdışın sevincini yaşayırlar. Araz sahilində Azərbaycanın üçrəngli bayrağının dalğalanması ilə başlanan yeni mərhələ indi quruculuq, inkişaf və öz torpaqlarına geri qayıdan zəngilanlılarla davam edir. Bu prosesin təməlində isə Müzəffər Ali Baş Komandanın siyasi meydanda, qəhrəman Azərbaycan əsgərinin döyüş meydanında qazandığı tarixi Zəfər, Böyük Qələbə dayanır.
Zəngilanın taleyini dəyişən 2020-ci il oktyabrın 20-si hərbi əməliyyatların uğurla başa çatdığı günlərdən biri olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ idi. Vətən müharibəsinin 24-cü günündə şəhərin və ətraf yaşayış məntəqələrinin işğaldan azad edilməsi ilə cənub-qərb istiqamətində yaranmış hərbi-siyasi vəziyyət köklü şəkildə dəyişdi. Azərbaycan Ordusunun irəliləyişi düşmənin uzun illər ərzində qurduğu müdafiə sisteminin zəifliyini üzə çıxartdı, dövlət sərhədlərimizin bərpasına və sonrakı əməliyyatların uğurla davam etdirilməsinə əlverişli şərait yaratdı.
Qazanılan hər bir uğur, hər bir nəticə təsadüfi deyildi. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar dəqiq planlaşdırma, müasir döyüş üsullarının səmərəli tətbiqi, bölmələrin çevik fəaliyyəti, şəxsi heyətin yüksək döyüş ruhu və mənəvi-psixoloji hazırlığı ilə səciyyələnirdi. Zəngilan istiqamətində əldə olunan uğur da həmin amillərin vəhdətinin, hərbi qulluqçularımızın peşəkarlığının nəticəsi idi.
Zəngilan Azərbaycanın qədim yaşayış məskənlərindən, zəngin təbiəti və əlverişli coğrafi mövqeyi ilə seçilən bölgələrindəndir. Araz çayı boyunca uzanan əraziləri, dağlıq relyefi, meşələri və su ehtiyatları rayonun təbii sərvətlərini müəyyənləşdirməklə yanaşı, onun strateji əhəmiyyətini də artırır.
Lakin digər yurd yerlərimiz kimi, bu torpağın taleyində də uzun illər ağır bir mərhələ yaşandı. İşğal, ədalətsiz müharibə doğma Zəngilanımızdan da yan keçmədi. 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilanın əhalisi doğma evlərini tərk etmək məcburiyyətində qaldı. İşğal dövründə yaşanan faciələr yüzlərlə ailənin taleyində silinməz izlər buraxdı. Rayonun sakinləri doğma yurdlarından ayrı düşdülər, yaşayış məntəqələri dağıntılara məruz qaldı, təbii sərvətləri talan edildi, tarixi və mədəni irsinə ciddi ziyan vuruldu.
Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan əhalisinin uzun müddət mühasirə şəraitində müqavimət göstərməsi də həmin dövrün ağır mənzərəsini əks etdirir. 1993-cü ilin oktyabrında zəngilanlılar son anadək doğma torpaqlarını müdafiə etdilər. İnsanlar Araz çayını keçərək İran ərazisindən çıxmağa, daha sonra Azərbaycanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmağa məcbur oldular. Bir zamanlar doğma evlərində qurduqları həyatlarını geridə qoyan ailələrin yaddaşında yurd həsrəti illərlə yaşadı.
2020-ci ilin payızında başlayan Vətən müharibəsi bu həsrəti sona çatdırdı. Ordumuz müxtəlif istiqamətlərdə ardıcıl uğurlar qazanaraq düşmənin müdafiə mövqelərini yarır, yaşayış məntəqələrimizi bir-bir işğaldan azad edirdi. Cəbrayıl istiqamətində əldə etdiyimiz uğurlu nəticələr Zəngilana doğru irəliləyiş üçün də əlverişli şərait yaratdı. Döyüş meydanında qazanılan hər bir uğur növbəti əməliyyatların imkanlarını daha da genişləndirirdi.
Oktyabrın 18-də Zəngilan istiqamətində əməliyyatların fəal mərhələsi başladı. 2020-ci il oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciət edərək Zəngilanın azad olunmasını bütün Azərbaycana çatdırdı. Dövlətimizin başçısının “Zəngilan bizimdir! Qarabağ bizimdir!” sözləri həmin günün sevincini, xalqın inamını və qələbə əzmini ifadə edirdi.
Bu sözlər uzun illər doğma yurdlarından ayrı düşmüş zəngilanlılar üçün xüsusi məna daşıyırdı. Onların həsrətlə gözlədikləri günün gəldiyi, doğma torpaqlarına yenidən qayıtmaq arzuları gerçəkləşdiyi, illərlə yaşadıqları ayrılığın sona çatması demək idi. Zəngilanın azad olunmasının əhəmiyyətini yalnız şəhərin və kəndlərinin düşmən işğalından azad olunması ilə məhdudlaşdırmaq olmaz. Bu əməliyyatın nəticələri bütövlükdə hərbi vəziyyətə, dövlət sərhədlərimizin təhlükəsizliyinə və sonrakı əməliyyatların gedişinə təsir göstərdi.
Azərbaycan Ordusunun Zəngilan istiqamətində irəliləməsi ilə Ağbənd qəsəbəsinin və Vejnəli yüksəkliyinin azad edilməsi nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa olunaraq nəzarətə götürüldü. Bu, ölkəmizin suveren hüquqlarının həmin ərazilərdə təmin olunması baxımından mühüm nailiyyət idi. Eyni zamanda, Zəngilanın azad edilməsi Ermənistanın işğal altındakı ərazilərlə əlaqələrinin və hərbi təminat imkanlarının məhdudlaşdırılmasına da təsir göstərdi. Bartaz, Sığırt və Şükürataz yüksəkliklərinin, eləcə də digər strateji mövqelərin azad olunması bölmələrimizin ərazidəki hərəkət imkanlarını genişləndirirdi. Dağlıq və mürəkkəb relyefə malik ərazilərdə yüksəkliklərə nəzarət düşmənin mövqelərini müşahidə etmək, mümkün təhlükələrin qarşısını vaxtında almaq və hərbi əməliyyatları daha səmərəli idarə etmək baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Qazandığımız bütün uğurların arxasında müasir texnologiyaların tətbiqi ilə ənənəvi döyüş üsullarının düzgün əlaqələndirilməsi dayanırdı. Vətən müharibəsi Azərbaycan Ordusunun pilotsuz uçuş aparatlarından, kəşfiyyat vasitələrindən və dəqiq zərbə imkanlarından səmərəli istifadə etdiyini nümayiş etdirdi. Bununla belə, müasir texnologiyaların tətbiqi qələbənin yalnız bir tərəfini təşkil edirdi. Ən müasir vasitələrdən səmərəli istifadə üçün onları idarə edən hərbi qulluqçuların hazırlığı, komandir heyətinin çevik qərarvermə qabiliyyəti və bölmələr arasında əlaqələndirilmiş fəaliyyət vacib idi. Zəngilan döyüşlərində bu keyfiyyətlərin Azərbaycan Ordusunda yüksək səviyyədə olduğu bir daha təsdiq olundu.
Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilanda Dövlət Bayrağımızı ucaltması azad edilmiş torpaqlarımızda suverenliyimizin bərpasını simvolizə edən əlamətdar hadisəyə çevrildi. Zəngilanın azad edilməsi ilə başlanan yeni mərhələnin əsas məqsədlərindən biri doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz geri qayıdışını təmin etməkdir. Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılması bu məqsədin ardıcıl həyata keçirildiyini göstərir.
Uzun illər dağıntılar içərisində qalmış ərazilərdə yollar çəkilir, yaşayış məntəqələri salınır, lazımi olan infrastruktur yenidən qurulur. Bütün görülən bu işlərin isə yalnız bir məqsədi var - insanların doğma torpaqlarında davamlı həyat qurmasıdır. Zəngilanın Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müasir yaşayış evləri, təhsil və sosial xidmət obyektləri, kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi əsasında formalaşdırılan bu yaşayış məntəqəsi işğaldan azad edilmiş ərazilərdə yeni inkişaf modelinin nümunəsinə çevrilib.
Ağalıda həyatın yenidən canlanması Zəngilanın gələcəyinə dair real mənzərə yaradır. Evlərinə qayıdan ailələr üçün doğma torpaqda yaşamaq, uşaqların məktəbə getməsi, insanların gündəlik fəaliyyətlərini bərpa etməsi azadlığın nəticələridir.
Zəngilanın yenidən qurulması zamanı bölgənin təbii xüsusiyyətlərinin, coğrafi mövqeyinin və iqtisadi imkanlarının nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Şəhərin müasir yaşayış mühitinə çevrilməsi ilə yanaşı, onun regional iqtisadi əlaqələrdəki mövqeyinin gücləndirilməsi də qarşıya qoyulan məqsədlərdəndir.
Bu baxımdan Zəngilan Beynəlxalq Hava Limanının açılması mühüm hadisə oldu. 2022-ci il oktyabrın 20-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan hava limanı bölgənin nəqliyyat imkanlarını genişləndirən əsas infrastruktur layihələrindən biridir. Hava limanının istifadəyə verilməsi Zəngilanın ölkədaxili və beynəlxalq əlaqələrə daha fəal qoşulmasına, yük və sərnişin daşımalarının inkişafına əlavə imkanlar yaradır.
Digər mühüm istiqamət Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisidir. Zəngəzur dəhlizinin tərkib hissəsi kimi nəzərdə tutulan bu yol regional nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Dəmir yolları və digər nəqliyyat infrastrukturu ilə birlikdə bu layihələr Zəngilanın tranzit imkanlarını artıracaq, iqtisadi əlaqələri genişləndirəcək və bölgənin uzunmüddətli inkişafını təmin edəcəkdir.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Zəngilan şəhərinin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi təsis olunub. Bu tarix hər il qeyd edilməklə Azərbaycan xalqının yaddaşında Zəngilanın azadlığı uğrunda aparılan mübarizəni, ordumuzun qəhrəmanlığını və doğma torpaqlara qayıdışın əhəmiyyətini yaşadır.
Bu gün Zəngilanın küçələrində yenidən həyatın canlanması, şəhərdə yeni yaşayış komplekslərinin inşa edilməsi və nəqliyyat infrastrukturunun inkişafı azadlığın gerçək mənasını göstərir. Zəngilan artıq keçmişin ağır xatirələrini daşıyan bir bölgə deyil, həm də Azərbaycanın gələcək inkişaf məkanına çevrilir.
Zəngilanın azadlığı döyüş meydanında qazanıldı, onun gələcəyi isə quruculuqla möhkəmlənir. Bu gün doğma yurduna qayıdan hər bir ailə, inşa edilən hər bir ev və yenidən canlanan hər bir yaşayış məntəqəsi Azərbaycan əsgərinin tarixi missiyasının nəticəsidir. Zəngilanın səmasında dalğalanan üçrəngli bayrağımız isə bir həqiqəti daim xatırladacaq: Ordumuz doğma Vətənimizin müdafiəsinin, ərazi bütövlüyümüzün, suverenliyimizin və təhlükəsizliyimizin etibarlı təminatçısıdır.
Elçin İMANOV
“Azərbaycan Ordusu”