AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Sənin zəif vücudunun önündə əyilmək də ucalmaqdır, ay ana!”
Bəxtiyar Vahabzadə
Zəfəri bizə yaşadan qəhrəmanları
gözünün nuru, qəlbinin hərarəti,
min bir əziyyətlə böyüdüb xalqımıza
bəxş edən, Vətən sevgisi, qələbə əzmi,
döyüş ruhu ilə silahlandıran,
xeyir-dua ilə yola salan valideynlərə,
xüsusən də dəyanətli, cəfakeş
Analara hörmət və ehtiramla ithaf olunur.
Artıq Vətən müharibəsində qazanılan qələbəmizdən 6 il ötür. 44 günü özünəməxsus duyğularla yaşayan və tapşırılan vəzifəni canla-başla yerinə yetirməyə çalışanlar olaraq, fikirlərimizi bölüşmək, anaların zəhmətini, haqqını ödəmək mümkün olmasa da, onların ali dünyasına kiçik toxunuşlarla cəhd edərək yazını analara ithaf etmək cəsarətini özümüzdə tapdıq. Bu yazı ilə qarşılarında baş əyərək təşəkkürümüzü bildirmək, bacardığımız qədər onların müqəddəsliyini vəsf etmək istəyi keçdi qəlbimizdən. Dərdlərini təzələdiyimizə görə ağsaçlı, qəlbi yaralı analarımız bizi üzürlü saysınlar...
...Ana laylası həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar min bir arzunun səsidir. Əvvəlcə beşik başında analar, sonra isə beşikdəki körpələr böyüyüb Vətən sərhədlərində torpağın, xalqın, anaların keşiyini çəkirlər. Qəribə oxşarlıq və bağlılıqdır. Yer üzünün ilk əsgəri analar, ilk himni də ana laylasıdır. Ana sevgisinin, ana dühasının yanında sözlər aciz qalır. Qələbəmizdə əhəmiyyətli payı olan şəhid anaları övladlarını ölüm-dirim savaşına yola salarkən dünyanın ən böyük acısı ilə ən uca şərəfini eyni anda yaşayan, Vətən üçün canından can qoparan, lakin “Vətən sağ olsun” deyib başını dik tutan qəhrəmanlar analardır.
Abdulla Şaiqin fikrincə, “ata ağıl, ana da coşqun ürəkdir”. Məhz o coşqun ürəklərdən ruh alan qəhrəman Vətən oğulları düşmənə qalib gələrək yurd həsrətinə son qoydular. Müharibə dağıntılar, ağrı-acılar, məğlubiyyət sarsıntıları, qələbə sevinci, itkilər yaşadan təzadlı, amansız bir prosesdir. Müharibə minlərlə yarımçıq qalmış, doğulmamış arzular, ata üzünə həsrət övladlar, ürəyi dağlı bacılar, sevgililər, həyat yoldaşını itirən qadınlardır. Və övlad itkisinin ağrı-acısı ilə qıvrılan, dərdini pünhan yaşayan, dilində “Oğlumla fəxr edirəm”, deyib, qəlbində dərd yağışına tutulan həsrətli, qəlbi kövrək analar! Dərd yükünə baxmayaraq başını dik tutan, döyüş meydanında övladının qisasının alındığını görüb təskinlik tapan, yurdumuzun işğaldan azad edilməsinə sevinən, Şanlı Qələbədən öyünən, əbədi Zəfərdən qürurlanan ağsaçlı analar!
27 Sentyabr - 8 Noyabr! Altı il öncə həyəcanlı, nigaran və intizarda idik. Vətənimiz haqlı savaşına başlamışdı, bütün duyğularımız cəbhədən gələn xəbərlərə köklənmişdi. Davranışımızı, əhvali-ruhiyyəmizi, mənəvi-psixoloji durumumuzu, ətrafdakılara qarşı davranışımızı məhz cəbhədən gələn xəbərlər təyin edirdi. Həmin xəbərlərlə səhəri açır, gecəni qarşılayır, qələbə ümidi ilə yuxuya gedir və səhər qələbə sevincli xəbər eşitmək ümidi ilə oyanırdıq. Vətən müharibəsi başladığı ilk gündən Zəfərimizə qədər olan zaman kəsiyində qəlbimizə və beynimizə, ruhumuza hakim kəsilən duyğular - itkilərimiz üçün kədər, döyüşlərin nəticələrinə görə nigaranlıq, qələbə müjdəli xəbərlərin bəxş etdiyi sevinc, damarında azərbaycanlı qanı axan hər kəsin qəlbində ən ali yerə ucalan Zəfərimizə görə qürur hissi oldu. Ali Baş Komandanın dediyi kimi: “Axıdılan qanların hədər olmadığı, qələbə müjdəli səhərə oyanmağımız, yurd yerlərimizin azad edilməsi, döyüş meydanında işğalçı Ermənistan ordusunun məğlubiyyəti yaşadığımız bu duyğuların müqəddəsliyini ehtiva edir”. Vətən torpaqları azadlığa, biz isə yurdumuza məhz Vətənə məhəbbətlə böyüyən övladların sayəsində qovuşduq. Bu xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, iradəsi, xalqın dəstəyi, dövlətimizin gücü, ordumuzun qüdrəti, başlıcası şəhid olan övladlarımız, sağlamlığını itirən fədakar döyüşçülərimiz, onları xalqımızın tarixi adət-ənənələrinə sadiqliklə, milli dəyərlərə ehtiramla tərbiyə edən ailələr - xüsusən analar ərməğan etdilər. Vətən üçün ölümsüzlüyü fəth edən şəhidlərin xatirələri əbədi yaşayacaq, yaralanaraq sağlamlıqlarını itirən döyüşçülərimiz isə igidliyin, şücaətin simvolu kimi bizim üçün bir həyat məktəbi olacaqlar.
Vətən savaşımızdan sonra torpaq həsrəti, ata-baba yurduna qayıdış arzuları, bərpa-quruculuq işləri ilə bağlı planlarla əvəzləndi. Bu qələbə bizi bizlərə qaytardı, yaddaşımızı təzələdi, qəhrəman xalq olduğumuzu bir daha xatırlatdı, mənəviyyatımıza əbədi hakim kəsildi. Tarixi qələbəmizlə azərbaycanlılar dünyaya bir daha sübut etdilər ki, xalqın böyüklüyü ərazinin genişliyi və ya əhalinin çoxluğu deyil, birlikdir, iradədir, dönməzlikdir, əzmdir, mərdlikdir, şücaətdir, dövlətinə sədaqətdir, torpağın hər qarışı uğrunda göz qırpmadan canından keçməkdir, iman və öz gücünə inamdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən “Anım Günü”, “Zəfər” Bayramı tədbirlərində müxtəlif duyğular yaşayarkən qəlbimiz minnətdarlıq hissi ilə çırpınır. Azərbaycan var olduqca, əsrlərin süzgəcindən süzülüb gələn, tarixinə qızıl hərflərlə yazılan, azərbaycansevərlərin birliyindən, həmrəyliyindən güc alan bu günlərin əzəmətini qədim xalqımız hər zaman qəlbində yaşadacaq və məmnunluqla öz qəhrəmanlarının adını hər zaman uca tutacaq. Unutmamaq və unutdurmamaq hər birimizin vətəndaşlıq və mənəvi borcumuzdur.
Keçirilən tədbirlərdə qələbəmizdə payı olan hər kəs minnətdarlıqla anılır, şəhidlər hörmət və ehtiramla yad edilir. Bu illər ərzində şəhid ailələrinin sərgilədikləri təmkinli davranış, mərdanə duruş, döyüşlərdə yaralanaraq sağlamlığını itirənlərin ailələrinin səbir hissi hamımızı qürurlandırır. Torpaqlarımızın müdafiəsində iki oğlu bir gündə şəhid olanlar, yeganə övladını Vətənin azadlığı uğrunda qurban verənlər, qardaşını, həyat yoldaşını itirənlər var. Gəlin bir neçə qısa həyat hekayəsi dinləyək.
“Oğlum məndən şəhid olarsa, ağlamamağımı, mətin olmağımı istəmişdi”
Əfzələddin Xaqani yazır: “Mən bütün qüvvətli düşmənlərimin yolunu ona görə kəsə bildim ki, zəif bir qarıdan qolum güc almışdı”.
Keçən illər ərzində övlad itkisinin ağrı-acısına, bu faciənin qəlblərdə dinməyən qəm-qüssəsinə baxmayaraq, onlar başlarını dik tutub, cəsur övladlar yetişdirdikləri üçün fəxarət hissi duyduqlarını dəfələrlə dilə gətirmişlər. Bu bir azərbaycanlı xanımın Vətən sevgisi, dövlətinə sədaqəti, vətənpərvərliyi, ucalığı deyil, bəs nədir?! Vətən fədailərini də məhz belə analar yetişdirdilər. 44 günlük Vətən müharibəsində övladını çiyinlərində son mənzilə yola salan, “bir övlad itirdim, minlərlə əsgər mənim övladım oldu”, “əgər dünən o tək mənim övladım idisə, indi bütün Azərbaycanın övladıdır” deyərək şəhidini anladan analar gördük.
Əməkdar İncəsənət xadimi Abdulla Qurbani danışır ki, cavan bir ananın yeganə övladı döyüşlərdə itkin düşmüşdü. 40 gündən sonra şəhidimizin nəşi tapıldı və son mənzilə yola salmaq üçün anası yaşayan kənddəki evinə aparıldı. Bayrağa bükülmüş tabutu qarşılayanda 40 gün övladından xəbər gözləyən ananın saçları artıq ağappaq idi. Abdulla müəllim onun əlindən öpüb təsəlli vermək istəyəndə ana deyir: “Oğlum məndən şəhid olarsa, ağlamamağımı və mətin olmağımı istəmişdi” (anası ilə sağollaşan hər bir əsgər, hər bir döyüşçü bunu ailəsindən, anasından istəmişdi).
“Şəhidlər ölmür, gedən yalnız onların cismidir, ruhu həmişə bizimlədir. Şəhidlərin xatirəsi onları tanıyanlar, sevənlər tərəfindən daima əziz tutulacaqdır. Fəxr edirəm ki, oğlum Vətən yolunda şəhid oldu. Nə qədər dərdli olsam da, yeganə təsəllim odur ki, şəhidlərimizin qisası alındı, amalımıza çatdıq, torpaqlarımız azad edildi”. Çox sağ olun, ana!
“Vətənimizin azadlığı övladınızın canı bahasına başa gəlib,
biz də sizin əlinizi öpməyi özümüzə borc bilirik”
Şair Çingiz Əlioğlu: “Bir ana
borcunu qaytarmaq üçün,
taledən beş ömür alasan gərək”.
Bir dəfə yenə də şahidi olduğu hadisədən Abdulla Qurbani iftixar və fərəh hissi ilə danışır: “Göyçay rayonunda anım mərasimi keçirilirdi. Şəhidin xatirəsinə inşa edilən Şəhid bulağı yola yaxın məsafədə idi. Yoldan keçən maşınlar dayanır, sürücülər və sərnişinlər də tədbirə qatılırdılar. Tədbirin sonuna yaxın bir neçə nəfər də maşından düşüb bizə yaxınlaşdı. Sərnişinlərdən biri yanımızda dayanan şəhid anasına üz tutdu: “Biz Füzuli rayonundanıq. Oğlunuz şəhid oldu, ancaq üstümüzdən qaçqın, məcburi köçkün damğası götürüldü. Yurd-yuvamız sizin kimi anaların yetişdirdiyi oğullar sayəsində azaddır. Biz qayıdacağıq. İstərdim biləsiz ki, üzərimizdə haqqınız, qəlbimizdə hörmətiniz böyükdür. Vətən qarşısında oğlunuz öz borcunu şərəflə yerinə yetirdi. Hər birimizin anası olaraq əllərinizdən öpməyi özümə mənəvi borc bilirəm”. Bu, hər bir Vətəninə, torpağına bağlı azərbaycanlının atmaq istədiyi addımdır. Biz onların da əvəzinə yaşamağa borcluyuq, çünki yaşayırıqsa, onların amalını davam etdiririksə, deməli, unutmuruq, xatırlayırıq”.
“Sanki hər döyüşçü ilə yaralanır, hər şəhidlə şəhid olurdum”
Hüseyn Cavid haqlı olaraq söyləyirdi ki,
anasız nəinki
övlad, millət belə yetimdir.
Rimayə ana hər zaman çalışıb ki, Vətənə layiqli övlad böyütsün. Vətənin dar günündə iki övlad yola salıb Vətən savaşına. Oğlanlarından fəxrlə danışan ana xatırlayır: “2020-ci ilin sentyabrında müharibə başlandı. Xalq olaraq Prezidentimizə arxalanıb torpaqlarımızın azad edilməsi naminə bir yumruqda birləşdik. Oğlum Aslan hərbi xidmətdə idi. Sentyabrın 23-də danışdıq: “Az qalıb, ana, oktyabrın 2-3-ü evdəyəm”, - dedi. Amma oktyabrın 3-nə qədər Aslandan xəbər gəlmədi. Döyüşlər gedirdi, çox nigaran idim, oğlum da başda olmaqla, bütün balalarımızın sağ-salamat qayıtmaları üçün gecə-gündüz dualar edirdim. Hospitalda çalışırdım, bir gün oğlumu da yaralı vəziyyətdə burada görəcəyim düşüncələrini özümdən uzaqlaşdırmağa çalışırdım. Oktyabrın 3-ü idi, çox yorulmuşdum, birdən tanımadığım nömrədən zəng gəldi. Əməkdaşlarımızın diqqəti məndə idi, telefonu açdım, həyəcan içində “alo” dedim. O idi, oğlum idi, Aslan. Səsini eşitdim, ağlamaqdan özümü güclə saxladım: “Mənəm, ana”. Hansı hisslər keçirdiyimi sözlə ifadə edə bilmirəm: “Səninlə fəxr edirəm, oğul! Özünü qoru, diqqətli ol, döyüşçü yoldaşlarını darda qoyma, yolunu gözləyirəm!” - deyə səsim titrədi. Sözlərini son nəfəsimədək unutmaram: “Şəhid olsam, ağlama, övladlıq borcunu ödəməliyəm, ana”, - deyib telefonu söndürdü. Müharibə bitənədək Aslanın səsini bir daha eşitmədim. Müharibənin 15-ci günü idi. Günlərlə növbədən sonra qalıb döyüşçülərimizə qulluq edirdik. Bir gün növbədən çıxıb evə gedirdim. Həmin gün oğlum Mirzə evə tez gəlmişdi. Hazırlıq görürdü. Məqsədini soruşanda dedi ki, ola bilsin ön xəttə getdim mən də. “Ana, bizə çəkdiyin əziyyəti halal elə. Birdən qayıtmadıq”. Ağladığımı görüb, boynuma sarıldı, sakit səslə “Vətəni qorumaq oğulların işidir, - bunu bizə sən öyrətdin”. Heç nə deyə bilmədim...
Artıq müharibə bitmişdi. Həsrətlə cəbhədən oğullarımızın yolunu gözləyirdik. Aprelin 3-ü idi. Küçədə avtomobil dayandı. Qapıdan özümü çölə atdım. Ayaqlarım məni saxlamadı, müvazinətimi itirdim, yerə çökdüm. Maşının qapısı açıldı, Aslan idi gələn. Bir daha heç vaxt görə bilməyəcəyimi düşündüyüm oğlum qarşımda dayanmışdı. Mənə tərəf yüyürdü, əlimdən tutub qaldırdı, qucaqlayıb bu sözləri dedi: “Ana, siz anaların duaları sayəsində biz hər şeyə sinə gərə bildik. Qələbə ilə qayıdacağıma söz vermişdim, sözümü tutdum - biz qalib gəldik, ana”. Mən xoşbəxt idim. O biri oğlum Mirzə hərbçi peşəsini seçdiyi üçün xidmətini davam etdirirdi.
İki övladını müharibənin vəhşətindən min bir ümidlə gözləyən Rimayə ana deyir ki, müharibə həyatımın kabusu idi. Hospitalda növbədə olan günlər oğlanlarımı şəhidlərin, yaralıların arasında görməyin dəhşəti ilə yaşayırdım. Hər dəfə yaralı gələndə ağlayır, onların arasında oğlanlarımı axtarırdım. Ana üçün bu çox ağır sınaq idi. Sanki hər döyüşçü ilə yaralanır, hər şəhidlə şəhid olurduq.
Oğullar Vətənin görən gözü, vuran əlidirlər. Hər ana övlad acısını, həsrətini ürəyinə gömüb oğlunu müharibəyə yola saldı. Hər kəs öhdəsinə düşəni layiqincə yerinə yetirdi, ürəyinin səsinə, qəlbinə hakim olan hisslərin əmrinə tabe olaraq dünyanın harasında olmasına baxmayaraq “Vətən çağırır”, deyib haraya gəldi, ürəyində Azərbaycan dediyimiz igidlər diyarına sevgi daşıyan hər kəs əlinə silah alıb torpağı qorumağa qalxdı. Hamı səmimi idi duyğularında, bir yumruqda birləşib Zəfər üçün, torpaq həsrətinin bitməsi üçün əlindən gələni etdi. Amma müharibənin əsas ağırlığını canlarından keçənlər, döyüşənlər, yaralananlar, sağ dönənlər və onların yolunu gecə-gündüz gözləyən ailə üzvləri çiyinlərində daşıdılar. Onlar qədər ağladıqmı, nigaran qaldıqmı, həyəcan keçirdikmi?! Ağladıq da, canımız yandı da, dualarımızı əskik etmədik, Yaradana yalvardıq ki, yağış yağıb yollarını islatmasın, günəş gözlərini qamaşdırmasın, balalarımızın ayağına daş dəyməsin. Amma ana qədər qüssələnə, onun qədər içdən qovrula bilməzdik. Analar dəyanətini, təmkinini itirmədilər, övladları ilə qürurlandılar, xatirələrini uca tutdular.
Qalan ömürlərini şəhidlərin yarımçıq ömürlərinə fəda etməyə, onların həyata keçməyən arzularını yaşatmağa, şəhidlərin yadigar qalan övladlarını onların adına layiq böyütməyə and içdilər, şanlı zəfərin igid övladlarının mətin anaları. Onların dərdi dərdimiz, sevinci sevincimiz, nakam övladları başımızın tacıdırlar. Bu gün həm qürurlu, həm sevincliyik. Torpaqlarımız azad olunub, suverenliyimiz bərpa edilib. Digər tərəfdən şərəf və ləyaqət uğrunda həyatın zövqünü yaşamamış yarım qalmış ömürlər. Tək təsəllimiz şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarımızın azad edilməsi uğrunda savaşımızda Zəfərimiz, Ali Baş Komandanın da dediyi kimi, baş tacımız olan şəhidlərimizin qisasını döyuş meydanında almağımızdır. Bu gün artıq başımızı dik tutaraq gələcəyə daha böyük inamla, ümidlə baxırıq. Azad edilmiş, Konstitusiya haqlarımız tam təmin olunmuş bütün ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir. Ölkəmizin hər guşəsində üçrəngli bayrağımız vüqarla dalğalanır və Azərbaycanımızın möhtəşəmliyini dünyaya sübut edir.
Vətən müharibəsindən 6 il, 60 il, 200 il, 2000 il ötəcək. Bu illər, əsrlər ərzində çox şey dəyişəcək dünyada. Vətənimiz var olduqca Şanlı tariximiz neçə-neçə Zəfər bayramları ilə bəzədiləcək, neçə illər qeyd edəcəyimiz anım günləri ilə qübarımızın təlatümünə baş əyəcəyik. Lakin xalqımızın həyatında, tarixində, yaddaşında dəyişməyən tək bir amil olacaq. Qürur, ehtiram, minnətdarlıq hissi. Qələbəmizdə əməyi olan hər kəsin, suverenliyimiz uğrunda gedən döyüşlərdə yaralanan hər əsgərlə yaralanan, hər şəhidlə şəhid olan Azərbaycan anasının qarşısında baş əyir, əllərindən öpür, övladlarının Vətənin rifahı naminə göstərdikləri şücaətləri qəhrəmanlıq dastanına çevirib göz bəbəyi kimi qoruyacağımıza, gələcək nəsillər üçün ərməğan edəcəyimizə söz veririk.
Sevinc QULİYEVA “Azərbaycan Ordusu”,
Eldar ABASƏTOĞLU Bakı şəhəri