AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın müasir dövlətçilik tarixində əldə etdiyi nailiyyətlər möhkəm siyasi təmələ, milli maraqlara əsaslanan inkişaf strategiyasına və xalqın iradəsinə söykənir. Bu təməlin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun davam etdirilib. Dövlətin iqtisadi və müdafiə imkanlarının artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və milli hədəflərin reallaşdırılması istiqamətində ardıcıl addımlar atılıb.
2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin inkişafında yeni mərhələnin başlanğıcı olub. Sonrakı illərdə həyata keçirilən siyasətin mühüm tarixi nəticələri 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin tam bərpası ilə özünü göstərib. Müstəqil dövlətin gücü, ilk növbədə, iqtisadi potensialından, təhlükəsizliyini təmin etmək imkanlarından və əhalinin rifahından asılıdır. Bu məqsədlə ölkədə iqtisadiyyatın inkişafı, regionların sosial infrastrukturunun yenilənməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Sənaye, kənd təsərrüfatı, sahibkarlıq və turizmin inkişafı iqtisadiyyatın şaxələndirilməsinə, yol və nəqliyyat infrastrukturunun yenilənməsi isə bölgələr arasında əlaqələrin güclənməsinə şərait yaradıb.
Azərbaycanın iqtisadi inkişafında enerji strategiyası xüsusi yer tutur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Cənub Qaz Dəhlizi ölkəmizin enerji ixracı imkanlarını genişləndirən mühüm layihələrdəndir. 2020-ci ildə Trans-Adriatik boru kəməri vasitəsilə kommersiya qaz tədarükünə başlanması Azərbaycan qazının Avropa bazarına çatdırılmasında yeni mərhələ açıb. Bu layihələr Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, Avropanın enerji təchizatının şaxələndirilməsinə də töhfə verib.
Ölkəmizin əlverişli coğrafi mövqeyi nəqliyyat və logistika sahəsində də geniş imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkələrində rolunu artıran layihələrdəndir. Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələrin inkişafı yükdaşımaların genişlənməsinə, ticarət əlaqələrinin güclənməsinə və ölkəmizin regional logistika mərkəzlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
İqtisadi inkişafla yanaşı, milli təhlükəsizliyin təmin olunması da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, silah və texnika təminatının yenilənməsi, hərbi təhsilin təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Döyüş hazırlığının artırılması və hərbi idarəetmənin təkmilləşdirilməsi ordunun əməliyyat imkanlarını genişləndirib.
Azərbaycan Ordusunun döyüş qabiliyyəti 2020-ci ildə Vətən müharibəsində aydın şəkildə nümayiş olundu. Sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibədə hərbi qulluqçularımız yüksək peşəkarlıq, qətiyyət və qəhrəmanlıq göstərdilər. Xalqımızın həmrəyliyi, arxa cəbhənin dəstəyi, zabit və əsgərlərimizin fədakarlığı Qələbənin əldə olunmasında mühüm rol oynadı. Döyüş əməliyyatları nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutdu. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın birliyini, milli iradəsini və Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi.
Dövlət suverenliyinin tam bərpası istiqamətində növbəti mühüm mərhələ 2023-cü ilin sentyabrında gerçəkləşdi. Sentyabrın 19-da Qarabağ iqtisadi zonasında başlayan antiterror əməliyyatı sentyabrın 20-də başa çatdı. Nəticədə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa olundu.
Ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə yol açdı. Bölgədə yollar, körpülər, elektrik və su təchizatı sistemləri, yaşayış binaları, məktəblər və digər sosial obyektlər inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması bu prosesin əsas məqsədlərindəndir. İnsanların illərlə həsrətində olduqları yurdlarına dönməsi tarixi Zəfərin mühüm nəticələrindən biridir.
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindəndir. Milli maraqların qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xarici siyasətimizin başlıca prinsipləridir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına 2012–2013-cü illər üçün qeyri-daimi üzv seçilməsi və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi beynəlxalq münasibətlər sistemində fəal iştirakının göstəriciləridir.
Bakıda keçirilən beynəlxalq tədbirlər də ölkəmizin qlobal əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirir. 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirildi. 2026-cı il mayın 17-dən 22-dək isə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası - WUF13 təşkil olundu. Bu tədbirlər iqlim dəyişikliyi, dayanıqlı şəhərsalma və beynəlxalq əməkdaşlıq kimi aktual məsələlərin müzakirəsi üçün mühüm platforma yaratdı.
Dövlətin davamlı inkişafı milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi ilə də bağlıdır. Ana dilimiz, mədəniyyətimiz və zəngin tarixi irsimiz milli kimliyimizin əsasını təşkil edir. Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik ortaq məqsədlər naminə birləşməyin gücünü bir daha təsdiqlədi. Dövlət-xalq-ordu birliyi Azərbaycanın təhlükəsizliyinin və dövlətçilik iradəsinin mühüm dayaqlarından biridir.
Azərbaycanın inkişaf yolu Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davamlılığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğunun nəticələrini və xalqımızın milli iradəsini əks etdirir. Vətən müharibəsində qazanılan tarixi Zəfər və dövlət suverenliyinin tam bərpası müasir tariximizin ən mühüm hadisələrindəndir. Qarşıda duran əsas vəzifə əldə olunmuş nailiyyətləri qorumaq, Azərbaycan Ordusunun müdafiə qabiliyyətini daim gücləndirmək, azad edilmiş ərazilərdə quruculuq işlərini davam etdirmək və əhalinin rifahını yüksəltməkdir. Güclü dövlətin dayaqları ardıcıl inkişaf, məsuliyyətli idarəçilik və milli həmrəylikdir. Azərbaycanın gələcək uğurları da bu prinsiplərin davam etdirilməsindən asılıdır.
Emil MURADLI
“Azərbaycan Ordusu”