AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2020-ci il oktyabrın 17-si Vətən müharibəsinin 21-ci günü… Şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və ətraf kəndləri işğaldan azad etməklə uzun illərin həsrətinə son qoydu, xalqımıza böyük sevinc, qürur və inam hissi bəxş etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi Qələbə Azərbaycan hərb salnaməsinin ən parlaq səhifələrindən birinə çevrildi. Dövlət başçımızın 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi təsis edildi. Beləliklə, vaxtilə işğalın ağrısını yaşadan tarix xalqımızın yaddaşında azadlığın və Zəfərin rəmzlərindən biri kimi əbədiləşdi.
Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Nəticədə minlərlə insan doğma yurdunu tərk etməyə məcbur qalmış, yaşayış məntəqələri dağıdılmış, bölgənin zəngin tarixi-mədəni irsinə ağır zərbə vurulmuşdu. Vaxtilə həyatın qaynadığı küçələr, evlər, məktəblər və mədəniyyət ocaqları xarabalığa çevrilmiş, qədim abidələrin bir qismi vandalizmə məruz qalmışdı. Düşmən şəhəri və ətraf əraziləri dağıtmaqla yanaşı, işğalı uzun müddət davam etdirmək məqsədilə cəbhə xəttində mürəkkəb mühəndis-istehkam sistemi qurmuşdu. Lakin bütün bu maneələr doğma torpaqlarımıza qayıtmaq əzmini sındıra bilmədi.
Füzulinin azadlığı uğrunda mübarizənin tarixi Vətən müharibəsindən əvvəlki illəri də əhatə edir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilən Horadiz əməliyyatı zamanı rayonun bir sıra yaşayış məntəqələrinin azad edilməsi torpaqlarımızın geri qaytarılması istiqamətində mühüm mərhələ oldu. Azərbaycan Ordusunun həmin dövrdə qazandığı uğurlar xalqımızın mübarizə əzmini gücləndirdi, gələcək qələbələr üçün zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatına cavab olaraq Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Beləliklə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası uğrunda müharibə başlandı. Bu, təkcə ordumuzun deyil, bütün Azərbaycan xalqının müharibəsi idi. Cəbhədə döyüşən hərbçilərimizin arxasında milyonlarla insanın dəstəyi və qələbəyə olan sarsılmaz inamı dayanırdı.
Müharibənin ilk günlərindən Füzuli istiqamətində ağır döyüşlər gedirdi. Ermənistan ordusu uzun illər ərzində bu ərazidə müxtəlif mühəndis maneələri qurmuşdu. Düşmən həmin istehkamları keçilməz sədd kimi təqdim edir, bu səddlərin Azərbaycan Ordusunun irəliləyişini dayandıracağına ümid bəsləyirdi. Lakin Azərbaycan əsgərinin yüksək döyüş və mənəvi-psixoloji hazırlığı, qələbə əzmi bu fikirləri alt-üst etdi. Ordumuzun bölmələri maneələri dəf edərək düşmənin müdafiə sistemini yarmağa, strateji yüksəklikləri nəzarətə götürməyə və sonrakı əməliyyatlar üçün əlverişli şərait yaratmağa nail oldu.
Əməliyyatların ilk günündə Füzuli istiqamətində əldə edilən uğurlar döyüşlərin sonrakı gedişinə ciddi təsir göstərdi. Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz və Yuxarı Əbdürrəhmanlı kəndlərinin azad edilməsi cəbhənin bu hissəsində düşmən müdafiəsinin yarılmasının başlanğıcı oldu. İlk qələbələr yalnız ərazi baxımından deyil, mənəvi cəhətdən də böyük əhəmiyyət daşıyırdı.
Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin cənub-şərq istiqamətində ən mürəkkəb və strateji əhəmiyyətli əməliyyatlardan biri idi. Əməliyyatların gedişinə uyğun çevik qərarlar verilir, bölmələr qarşıya qoyulan tapşırıqları ardıcıl şəkildə yerinə yetirirdilər. Döyüşçülərimiz güclü müqavimətə baxmayaraq, hər gün yeni əraziləri işğaldan azad edir və Füzuliyə doğru irəliləyirdilər.
Oktyabrın ilk günlərində Cəbrayıl rayonunun bir sıra kəndlərinin, Füzulinin ayrı-ayrı yaşayış məntəqələrinin və mühüm yüksəkliklərin azad edilməsi düşmənin təminat yollarına təzyiqi artırdı. Oktyabrın 9-da Hadrut qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin azad olunması, eləcə də Füzuli istiqamətində əldə edilən uğurlar əməliyyatın gedişində mühüm dönüş yaratdı. Ardınca oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatınbulaq və Qarakollu kəndlərinin azad edilməsi ordumuzun mövqelərini daha da möhkəmləndirdi. Növbəti günlərdə həyata keçirilən əməliyyatlar nəticəsində yeni yüksəkliklər və yaşayış məntəqələri nəzarətə götürüldü. Beləliklə, ardıcıl qazanılan hərbi uğurlar Füzulinin azad olunacağı günü daha da yaxınlaşdırırdı.
Füzuli əməliyyatının uğurunu şərtləndirən əsas amillərdən biri də bölmələrin manevr qabiliyyəti və komandirlərin mövcud döyüş şəraitinə uyğun taktiki qərarlar qəbul etməsi idi. Şəhərə yaxınlaşdıqca döyüşlərin gərginliyi artır, igid oğullarımız qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün böyük iradə nümayiş etdirirdilər. Bu, yüksək döyüş ruhunun və Vətən sevgisinin birgə təzahürü idi.
Oktyabrın 16-dan 17-nə keçən gecə Füzulinin azad olunması istiqamətində həlledici mərhələ başladı. Əvvəlki günlərdə həyata keçirilən əməliyyatlar nəticəsində şəhərin ətrafındakı mövqelər nəzarətə götürülmüş, düşmənin imkanları xeyli zəiflədilmişdi. Nəhayət, 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndlər işğaldan azad edildi. Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin azadlığına qovuşması ilə bu istiqamətdə mühüm hərbi uğur əldə olundu.
Bu qələbə 44 günlük Vətən müharibəsinin gedişində həlledici mərhələlərdən biri idi. Füzulinin azad edilməsi cənub istiqamətində Azərbaycanın mövqelərini möhkəmləndirdi, sonrakı əməliyyatlar üçün yeni imkanlar açdı. Eyni zamanda, bu tarixi hadisə uzun illər doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayan füzulililərin qəlbində böyük sevinc hissi yaratdı. İşğal dövründə şəhərin xarabalığa çevrilməsi, evlərin və tarixi-mədəni abidələrin dağıdılması xalqımızın yaddaşında ağrılı izlər buraxmışdı. İndi isə Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində həmin torpaqlarda üçrəngli bayrağımız yenidən dalğalanır.
Prezident İlham Əliyevin həmin gün xalqa çatdırdığı müjdə xalqımızın yaddaşında əbədi yaşayacaq. Dövlətimizin başçısı həmin tarixi anı belə ifadə etmişdi: “Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!” Bu sözlər təkcə hərbi qələbənin elan edilməsi deyildi. Onlar uzun illər davam edən həsrətin sona çatmasının, tarixi ədalətin bərpasının və Azərbaycan xalqının öz torpaqlarına sahib çıxmaq əzminin ifadəsi idi. Füzuli uğrunda döyüşən hər bir hərbi qulluqçunun fədakarlığı həmin tarixi müjdənin arxasında dayanırdı.
Bu qələbənin qiyməti şəhidlərimizin qanı, döyüşlərdə sağlamlığını itirmiş silahdaşlarımızın və bütün hərbi qulluqçularımızın misilsiz fədakarlığı ilə ölçülür. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə Vətənimizin igid oğulları son nəfəsinədək mübarizə apardılar. Onların bir qismi bu torpaqların azadlığını görsə də, qələbə sevincini ailələri ilə bölüşmək üçün geri dönmədi, şəhid oldu. Bu qəhrəmanların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, göstərdikləri şücaət gələcək nəsillər üçün Vətənə sədaqət nümunəsi olaraq xatırlanacaqdır. Bu gün Füzulidə və azad olunmuş digər yurd yerlərimizdə dalğalanan bayrağımız onların qanı və canı bahasına əldə edilən tarixi Qələbənin müqəddəs rəmzidir.
Füzulinin azad edilməsi rayonun həyatında yeni bir mərhələnin başlanğıcı oldu. İllərlə dağıntılar içində qalmış yaşayış məntəqələrində həyatın bərpası, əhalinin doğma yurdlarına qayıdışı və müasir infrastrukturun yaradılması dövlətimizin qarşısında duran əsas vəzifələrə çevrildi. İşğalın ağır izləri şəhərin tarixi-mədəni irsində də özünü göstərirdi. Bu gün Azərbaycan dövləti azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini ardıcıl şəkildə həyata keçirir. Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi bu istiqamətdə mühüm addımlardan biri oldu. Şəhərdə yaşayış məhəllələri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, inzibati binalar və istirahət məkanları yaradılır. Elektrik enerjisi və su təminatının yaxşılaşdırılması, müasir nəqliyyat infrastrukturunun qurulması, yolların çəkilməsi və digər layihələr Füzulinin dayanıqlı inkişafına xidmət edir. Bir vaxtlar xarabalığa çevrilmiş şəhər müasir memarlıq görkəmi qazanır.
Bu quruculuq prosesində nəqliyyat layihələri xüsusi əhəmiyyət daşıyır. Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları bölgənin digər ərazilərlə əlaqəsini möhkəmləndirir. Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşa edilərək istifadəyə verilməsi isə Qarabağın nəqliyyat imkanlarının genişləndirilməsində mühüm rol oynadı. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan hava limanı bölgənin beynəlxalq əlaqələrinə yeni imkanlar qazandırdı. Enerji və su təchizatı sahəsində görülən işlər də şəhərin inkişafına mühüm töhfə verir. Bundan başqa, Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsi qardaş xalqların azad edilmiş torpaqlarımızın dirçəlişinə verdiyi töhfələrin ifadəsidir.
Böyük Qayıdış prosesi Füzulinin dirçəlişinin ən mühüm göstəricilərindəndir. Uzun illər doğma yurdlarından ayrı düşmüş ailələrin öz evlərinə qayıtması, uşaqların yeni məktəblərdə təhsil alması, sakinlərin gündəlik həyatlarını doğma şəhərində qurması tarixi Qələbənin nəticələridir.
Bununla yanaşı, Füzulinin minalarla çirkləndirilməsi bərpa işlərini çətinləşdirən ciddi problemlərdəndir. Yüz mindən çox minanın basdırıldığı bildirilən ərazilərdə təhlükəsizliyin təmin olunması, minaların zərərsizləşdirilməsi və yaşayış məntəqələrinin istifadəyə hazırlanması böyük zəhmət tələb edir. Lakin bütün çətinliklərə baxmayaraq, dövlətimizin ardıcıl siyasəti və həyata keçirilən layihələr nəticəsində Füzuli gündən-günə dəyişir. Görülən işlər şəhərin gələcək inkişafı üçün geniş imkanlar yaradır.
Bu gün Füzuli yalnız işğaldan azad edilmiş bir şəhər deyil. O, Azərbaycan Ordusunun qəhrəmanlığının, dövlətimizin qətiyyətinin və xalqımızın sarsılmaz iradəsinin canlı təcəssümüdür. Otuz ilə yaxın davam edən işğalın sona çatması, doğma torpaqlarımızda üçrəngli bayrağımızın yenidən dalğalanması və şəhərin sürətlə dirçəlməsi tariximizin yeni səhifəsində birləşən qəhrəmanlıq və quruculuq salnaməsidir.
17 oktyabr Füzuli sakinlərinin yaddaşında doğma yurda qovuşmağın, bütün Azərbaycan xalqının yaddaşında isə tarixi ədalətin bərpasının rəmzlərindən biri kimi yaşayacaq. Füzuli Zəfəri Azərbaycan Ordusunun döyüş hazırlığını peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Bu qələbə sübut etdi ki, torpaqlarını azad etmək əzmində olan xalqın qarşısında heç bir qüvvə dura bilməz, onun iradəsini heç bir istehkam, heç bir müdafiə səddi qıra bilməz. Bu gün yenidən qurulan Füzuli şəhidlərimizin bizə əmanət etdiyi müqəddəs Vətən torpağıdır. Azərbaycan Ordusu isə həmin əmanətin keşiyində ayıq-sayıq dayanan, dövlətimizin suverenliyini və xalqımızın təhlükəsizliyini qoruyan qüdrətli gücdür. Bu gün hər birimiz deyirik ki, azad edilmiş yurd yerlərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin qüdrətinin parlaq nümunəsi, qəhrəman Azərbaycan əsgərinin şücaəti ilə qazanılan Zəfər isə əbədidir.
Elçin İMANOV
“Azərbaycan Ordusu”