AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan xalqının dövlətçilik tarixi əsrlərin sınağından keçmiş milli iradənin, azadlıq düşüncəsinin və müstəqil yaşamaq əzminin tarixidir. Bu tarixdə elə günlər var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı nəsillərin taleyinə, dövlətin gələcəyinə və milli yaddaşın formalaşmasına da təsir göstərir. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının öz dövlətçilik hüququnu yenidən təsdiq etdiyi, tarixi varisliyini qoruduğu və müstəqil inkişaf yolunu hüquqi baxımdan möhkəmləndirdiyi əlamətdar tarixdir.
Bu günün mahiyyətini dərindən anlamaq üçün Azərbaycanın XX əsrdə keçdiyi mürəkkəb tarixi mərhələlərə nəzər salmaq, milli dövlətçilik ənənələrinin necə yarandığını, qorunduğunu və yenidən bərpa edildiyini izləmək vacibdir. Çünki 1991-ci il oktyabrın 18-də qəbul edilən tarixi sənəd qəfil yaranmış qərarın deyil, uzun illər boyu yaşadılan istiqlal düşüncəsinin, milli özünüdərkin və azadlıq istəyinin qanunvericilik səviyyəsində təsdiqinin nəticəsi idi.
Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələ 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə başlandı. Müsəlman Şərqində ilk parlamentli respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqil dövlət qurmaq iradəsini nümayiş etdirdi. Qısa müddət ərzində dövlət idarəçiliyinin təşkili, parlamentin fəaliyyəti, milli ordunun yaradılması, təhsil və mədəniyyət sahələrində atılan addımlar yeni dövlətin möhkəm təməllər üzərində qurulmasına xidmət edirdi. Qadınlara seçki hüququnun verilməsi də Cümhuriyyətin demokratik dövlətçilik tarixində mühüm hadisələrdən biri idi. Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli Dövlət Bayrağı milli istiqlalın və dövlət suverenliyinin rəmzinə çevrildi. Cümhuriyyətin mövcudluğu cəmi 23 ay davam etsə də, onun yaratdığı dövlətçilik ənənələri xalqın yaddaşında yaşadı. 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsi nəticəsində müstəqil dövlətçilik fəaliyyətinə son qoyuldu. Bununla belə, milli dövlətçilik ideyası aradan qalxmadı. Xalqın tarixi yaddaşında qorunan istiqlal düşüncəsi sonrakı onilliklərdə də öz varlığını saxladı.
Sovet hakimiyyəti illərində Azərbaycan müxtəlif sahələrdə inkişaf yolu keçdi, milli kadrlar yetişdi, elm, təhsil və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə olundu. Bununla yanaşı, ölkənin müstəqil dövlət kimi fəaliyyət göstərmək imkanları məhdud idi. Milli kimliyin, ana dilinin və tarixi irsin qorunması, dövlətçilik düşüncəsinin gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan xalqının milli-mənəvi dəyərlərə bağlılığı və tarixi yaddaşı müstəqillik ideyasının yaşamasında mühüm rol oynadı.
1980-ci illərin sonlarında Sovet İttifaqında baş verən siyasi proseslər, ictimai-siyasi fəallığın artması və Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları milli-azadlıq hərəkatının genişlənməsinə təkan verdi. Xalqın öz hüquqlarını müdafiə etmək, ərazi bütövlüyünü qorumaq və dövlətçilik məsələlərində söz sahibi olmaq iradəsi daha aydın şəkildə ifadə olunmağa başladı. Meydanlarda səslənən tələblər, ictimai müzakirələr və milli həmrəyliyin güclənməsi müstəqilliyə aparan yolun mühüm mərhələlərini təşkil edirdi.
1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda və Azərbaycanın bir sıra ərazilərində törətdiyi qanlı hadisələr xalqımızın yaddaşında dərin iz buraxdı. Dinc insanlara qarşı silahlı müdaxilə çoxsaylı insan tələfatına səbəb oldu. Bu faciə milli iradəni sarsıtmaq əvəzinə, xalqın azadlıq və müstəqillik əzmini daha da gücləndirdi. 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın müstəqillik tarixinin ayrılmaz hissəsidir. Onların fədakarlığı dövlət müstəqilliyinin hansı mənəvi və tarixi məsuliyyətlə qorunmalı olduğunu göstərir. Müstəqilliyə doğru siyasi-hüquqi addımlar 1990-1991-ci illərdə daha ardıcıl xarakter aldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar milli dövlətçilik rəmzlərinin bərpası baxımından mühüm əhəmiyyət daşıdı. Üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, onun Azərbaycan SSR-in ali hakimiyyət orqanı qarşısında dövlət rəmzi kimi tanınması məsələsinin qaldırılması istiqlal ənənələrinin yenidən dövlət həyatına qayıdışını ifadə edirdi. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti üçrəngli bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərar verdi. Bu addımlar milli rəmzlərə qayıdışın və müstəqil dövlətçilik düşüncəsinin möhkəmlənməsinin göstəricisi idi. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edildi. Bu sənəd Azərbaycanın müstəqil dövlətçiliyinin bərpası istiqamətində mühüm siyasi-hüquqi mərhələ oldu. Həmin il oktyabrın 18-də isə Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Bununla da Azərbaycan Respublikasının dövlət müstəqilliyi hüquqi baxımdan təsbit olundu, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi bəyan edildi.
Konstitusiya Aktının qəbul edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı idi. Bu sənəd Azərbaycanın suveren dövlət kimi fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirdi və ölkənin gələcək inkişaf istiqamətini müəyyən edən fundamental sənədlərdən birinə çevrildi. 1991-ci il dekabrın 29-da keçirilən ümumxalq səsverməsində Azərbaycan xalqı dövlət müstəqilliyinə münasibətini ifadə etdi. Beləliklə, müstəqilliyin bərpası həm hüquqi sənədlərlə, həm də ümumxalq iradəsi ilə təsdiqləndi.
Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınması da mühüm əhəmiyyət daşıyırdı. Türkiyə 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət oldu. Sonrakı dövrdə digər ölkələrlə diplomatik münasibətlər quruldu, Azərbaycan beynəlxalq təşkilatlara üzv qəbul edildi. 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzvlük ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi yerini möhkəmləndirdi. Bu hadisələr Azərbaycanın dünya birliyinə suveren tərəfdaş kimi inteqrasiyasının əsasını qoydu.
Müstəqilliyin bərpasından sonrakı ilk illər ölkə qarşısında mürəkkəb vəzifələr yaratdı. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, iqtisadi həyatın sabitləşdirilməsi, ordu quruculuğunun təşkili, ərazi bütövlüyünün qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsi əsas məsələlər sırasında idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması, çoxsaylı soydaşlarımızın doğma yurdlarından didərgin düşməsi dövlətin və xalqın qarşısında ciddi sınaqlar yaratdı. Belə şəraitdə müstəqilliyin qorunması yalnız siyasi-hüquqi məsələ deyil, həm də milli təhlükəsizlik, dövlət idarəçiliyi və cəmiyyətin birliyi ilə bağlı mühüm vəzifə idi.
Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş mərhələsi oldu. Dövlət idarəçiliyində sabitliyin möhkəmləndirilməsi, milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsi, iqtisadi inkişaf üçün zəmin yaradılması və müasir ordu quruculuğunun əsaslarının gücləndirilməsi ölkənin gələcək inkişafına mühüm təsir göstərdi. 1994-cü ilin mayında atəşkəsə nail olunması hərbi əməliyyatların dayandırılması və dövlətin qarşısında duran digər vəzifələrin həlli üçün şərait yaratdı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdı. Dövlət müstəqilliyinin möhkəmləndirilməsində ordu quruculuğu xüsusi yer tutur. Müstəqil Azərbaycanın etibarlı müdafiə sisteminin yaradılması, hərbi qulluqçuların peşəkarlığının artırılması, döyüş hazırlığının yüksəldilməsi və müasir silahlarla təchizatın təmin edilməsi milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Güclü ordu dövlət suverenliyinin qorunmasının, ərazi bütövlüyünün müdafiəsinin və xalqın təhlükəsiz gələcəyinin təminatlarından biridir. Bu baxımdan Azərbaycan Ordusunun formalaşması və inkişafı müstəqil dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Azərbaycanın müstəqillik tarixində yeni və şərəfli mərhələ 2020-ci ildə Vətən müharibəsi zamanı qazanılan tarixi Zəfərlə başlandı. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, qətiyyəti və peşəkarlığı ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşdü. Azərbaycan xalqının həmrəyliyi, hərbi qulluqçuların qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı bu Zəfərin əsas mənəvi dayaqlarını təşkil etdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi hərbi-strateji və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdı. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat hərbi əməliyyatların dayandırılması və regionda yeni reallıqların formalaşması üçün zəmin yaratdı.
Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan xalqının iradəsini, dövlətin gücünü və ordunun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası, milli birliyin təntənəsi və müstəqilliyin müdafiəsi baxımından mühüm hadisə idi. Şəhidlərimizin əziz xatirəsi, döyüşlərdə yaralananların fədakarlığı və hərbi qulluqçularımızın xidmətləri xalqımızın yaddaşında daim yaşayacaq.
2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Bu hadisə müstəqil dövlətimizin tarixində mühüm mərhələ olmaqla, ərazi bütövlüyünün və suverenliyin təmin olunması istiqamətində həyata keçirilmiş ardıcıl siyasətin nəticəsi kimi tarixə düşdü. Azərbaycan Ordusunun qarşıya qoyulmuş vəzifələri yerinə yetirməsi, dövlətimizin müdafiə qüdrətini və təhlükəsizliyinin təmin edilməsində hərbi amilin əhəmiyyətini bir daha nümayiş etdirdi.
Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirən dövlətdir. Ölkənin inkişafı, müdafiə qabiliyyətinin artırılması, iqtisadi potensialın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi dövlət müstəqilliyinin məzmununu zənginləşdirir. Müstəqilliyin qorunması və möhkəmləndirilməsi hər bir nəslin qarşısında duran məsuliyyətdir. Bu məsuliyyət tariximizi dərindən öyrənməyi, milli-mənəvi dəyərlərimizi yaşatmağı, dövlət rəmzlərimizə hörmətlə yanaşmağı və ölkənin təhlükəsizliyinin təmin olunmasına töhfə verməyi tələb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutan Milli Məclis 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Qanunu qəbul etdi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu. Bu qərar xalqımızın dövlətçilik tarixində iki mühüm mərhələnin - 1918-ci ildə müstəqil dövlətin yaradılmasının və 1991-ci ildə dövlət müstəqilliyinin bərpasının əhəmiyyətini aydın şəkildə ifadə edir. Hər iki tarix milli yaddaşımızın, dövlətçilik ənənələrimizin və gələcəyə yönəlmiş inkişaf yolumuzun ayrılmaz hissəsidir.
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq iradəsini, dövlətçilik ənənələrinə sədaqətini və suverenliyə bağlılığını ifadə edən əlamətdar gündür. Bu tarix bizə xatırladır ki, müstəqillik yalnız tarixi sənədlərlə təsbit edilən hüquq deyil, həm də qorunmalı, möhkəmləndirilməli və gələcək nəsillərə etibarlı şəkildə ötürülməli olan milli sərvətdir. Azərbaycan xalqı öz tarixi təcrübəsindən güc alaraq müstəqil dövlətini inkişaf etdirir, milli maraqlarını müdafiə edir və gələcəyə inamla addımlayır. Müstəqilliyin bərpası ilə başlayan bu yol bu gün güclü dövlətçilik, möhkəm müdafiə qüdrəti və milli birliklə davam edir.
Emil MURADLI
“Azərbaycan Ordusu”