Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2026 19:01

İnformasiya təhlükəsizliyi günümüzün tələbidir

Qloballaşan dünyamızda cərəyan edən hadisələr sosial həyatı durmadan dəyişir. Cəmiyyətin informasiyaya olan tələbatı informasiya cəmiyyətində indiki qədər aktual olmayıb. Biz elə bir dövrdə yaşayırıq ki, informasiya siyasəti hər bir dövlətin diqqət yetirdiyi əsas problemə çevrilib. Ona görə ki, informasiyalar çoxaldıqca qayğılar artır. Cəmiyyətə hansı informasiyaları vermək məsələsi gündəmə gəlir. İnsanlar hər şeylə maraqlanırlar. “Associated Press” agentliyinin keçmiş rəhbəri Kent Kuperin dilə gətirdiyi “Cəmiyyətin informasiya almaq hüququ var” ifadəsi, 1953-cü ildə Harold Krossun yazdığı kitaba başlıq seçildikdən sonra jurnalistlərin yaddaşına möhkəm həkk olunub. Jurnalistlər də cəmiyyətin tamhüquqlu nümayəndəsi kimi informasiya toplayıb və dərc etməyə borcludurlar. Media subyektlərinin informasiya siyasəti olduğu kimi, hər bir dövlətin də informasiya siyasəti var. Dövlət də informasiyanın təminedici vasitələrdən çıxaraq, savaş növünə çevrilməsini nəzərə almalıdır.
İngilis tədqiqatçısı Entoni Smitin belə bir fikrini yada salmaq yerinə düşər: “İnformasiya əsri bərqərar olduqca, dövlət sərhədlərinin silinmə prosesi başlanacaq. Bir vaxtlar mətbuat ölkə hüdudlarında və hökumətlərin icazə verdiyi çərçivədə fəaliyyət göstərirdi. Bu gün isə, belə demək olar: İnsan məkanı fəth edib, bütün dünya sanki onun ovcundadır”.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dönəmdə - 1993-cü ildə vahid informasiya siyasətinin formalaşması və təhlükəsizliyinin təminatı, informasiya mühitinin yaradılması sahəsində böyük işlər həyata keçirildi. Media subyektlərinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılaraq beynəlxalq standartlara uyğunlaşdırıldı.
 Media subyektləri (MS) haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Media haqqında”, “Dövlət sirri haqqında”, “Rabitə haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Elektron sənəd və elektron imza haqqında” qanunlardan və digər normativ aktlardan ibarətdir. Onu da bildirək ki, “Dövlət sirri haqqında” Qanuna bu kateqoriyaya aid siyahıya sonralar hərbi sahəyə, dövlətin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə dair məlumatlar daxil edilmişdir.
Sərhədləri aşan informasiyaların məzmununa diqqət yetirmək çox vacibdir. Elə informasiyalar var ki, cəmiyyətdə xoşagəlməz fəsadlar törədə bilər. Alman filosofu Fridrix Nitsşenin dediyi kimi, “Bəzən bir söz də fırtına qopara bilər”.
Bəs dövlətin informasiya təhlükəsizliyi nədir? Dövlətin informasiya təhlükəsizliyi - dövlətin informasiya mühitinə təsir etmək yolu ilə ona əhəmiyyətli ziyanın vurulmasını mümkünsüz edən vəziyyətdir.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında söz, fikir və məlumat azadlığı, hər kəsin məlumat almaq və yaymaq hüququ, MS üzərində hər hansı senzuranın yolverilməzliyi birmənalı formada təsbit edilmişdir.
Azərbaycanın müasir informasiya təminatı və təhlükəsizliyi siyasəti hüquqi, təşkilati-texniki və iqtisadi metodlarla tənzimlənir. Hüquqi metodlar informasiya sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktların, informasiya təminatı və təhlükəsizliyi ilə bağlı normativ metodiki sənədlərin işlənib hazırlanması və qəbulunu nəzərdə tutur. Təşkilati-texniki metodlara informasiya-telekommunikasiya sistemlərinin normal fəaliyyətinə təhlükə yaradan texniki qurğuların, proqramların aşkarlanması və s. daxildir. İqtisadi metodlar isə informasiya təminatı və təhlükəsizliyinin təmin olunması sahəsində iqtisadi tədbirlərin görülməsi və onların maliyyələşdirilməsi ilə əlaqədardır. 
İnfomasiya və milli təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin əsas tərkib hissələrindən biri kimi, milli maraqların qorunmasının informasiya sistemini təmin edir. Eyni zamanda, hər bir dövlətin və ya siyasi qüvvənin izlədiyi siyasətin informasiya təminatını həyata keçirir və ya informasiya məkanının qorunmasını təmin edir.
İnformasiya təhlükəsizliyi cəmiyyətin informasiya mühitinin mühafizə olunma dərəcəsidir ki, onun vətəndaşların, təşkilat və dövlətin maraqları naminə formalaşmasının və inkişafının təmin olunmasını həyata keçirir. Geniş mənada informasiya təhlükəsizliyi insanın, cəmiyyətin və dövlətin zəruri informasiya resursları ilə öz davamlı fəaliyyətini təminetmə qabiliyyətidir. İnformasiya təhlükəsizliyinin mahiyyəti informasiya texnologiyalarının, infrastrukturun və resursların yaradılmasında, informasiya fəaliyyətində iştirak edən subyektlərin informasiya və hüquqlarının qorunmasında hüquqi, təşkilati və texniki tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Müasir dövrdə informasiya təhlükəsizliyi ciddi məsələ olduğundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, 16 mart 2020-ci il tarixli 957 nömrəli Fərmanı ilə isə Agentliyin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradıldı. Bu da dövlət tərəfindən informasiya təhlükəsizliyinə verilən diqqətin göstəricisidir.
Sonda onu da vurğulamaq yerinə düşər ki, bu gün internet mediada informasiya təhlükəsizliyi-nin təmin edilməsi təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Dövlət media üçün təhlükəsizlik şəraiti yaratdığı kimi, media da dövlətin təhlükəsizliyi üçün əlindən gələni əsirgəməməlidir.

Lalə HÜSEYNOVA “Azərbaycan Ordusu”