AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Torpaqlarımızın hər qarışı şəhidlərimizin müqəddəs qanı, döyüş əməliyyatlarında sağlamlıqlarını itirən silahdaşlarımızın unudulmaz igidliyi və xalqımızın əyilməz iradəsi ilə yoğurulub. Tarix elə qüdrətli səhifələrə malikdir ki, oradan səslənən hər bir nida xalqın milli qürurunu, əsrlər boyu yaşatdığı azadlıq eşqini və haqq səsini əks etdirir.
Azərbaycan xalqının şanlı yaddaşında payızın ilk ayı - sentyabr artıq sadəcə təqvim yarpağı deyil, ədalətin bərqərar olduğu, illərlə həsrətini çəkdiyimiz doğma torpaqlarımıza üçrəngli bayrağımızın əbədi olaraq sancıldığı qürur mənbəyidir. Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, havadarlarının açıq dəstəyi ilə yurdumuza uzanan yağı əlləri xalqımızı ağır, lakin sarsılmaz sınaqlarla üz-üzə qoydu. Beynəlxalq təşkilatların, o cümlədən illərlə fəaliyyətsizliyi ilə yadda qalan ATƏT-in Minsk Qrupunun ikili standartları fonunda BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qaldı. Lakin Azərbaycan heç vaxt bu haqsızlıqla barışmadı. Dövlətimiz, xalqımız öz gücünə arxalanaraq qələbəyə gedən müqəddəs yolu məhz dəmir birliyi ilə açdı.
Bu haqsızlıqlar xalqımızı parçalamaq əvəzinə, daha sıx yumruq kimi birləşdirdi. 2016-cı ilin Aprel döyüşləri düşmənə Azərbaycan əsgərinin polad iradəsini və dəmir yumruğunun gücünü göstərən ilk qəti xəbərdarlıq oldu. Zamanın axınına nəzər saldıqda, 2018-ci ilin mayında Günnüt əməliyyatı Azərbaycan Ordusunun qüdrətini bir daha bütün dünyaya bəyan etdi. Şərur rayonunun Günnüt kəndi, ətrafdakı strateji yüksəkliklər - Ağbulaq, Qızılqaya, Qaraqaya dağları və Dərələyəz mahalının Arpa kəndi ətrafındakı minlərlə hektar ərazi azad edildi. Bu parlaq qələbə ordumuzun döyüş əzmini zirvəyə qaldırdı.
2020-ci ilin Tovuz döyüşləri zamanı hərbi qulluqçularımızın şücaəti ürəklərdə sönməz bir qisas odu yandırdı, bütün ölkəni ayağa qaldırdı. Həmin günlərdə hər bir azərbaycanlı özünü Ali Baş Komandanın əmrinə müntəzir olan əsgər saydı, minlərlə vətənpərvər gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışaraq könüllü şəkildə cəbhəyə üz tutdu. Bu, dövlətin, xalqın və ordunun əbədi birliyinin təntənəsi idi.
Tarixə qızıl hərflərlə yazılan 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi, məhz həmin müqəddəs ruhun nəticəsində Zəfərlə taclandı. İllərlə düşmənin keçilməz sandığı sədlər igid oğullarımızın canı-qanı bahasına, misilsiz fədakarlıqlar hesabına darmadağın edildi. Azərbaycan əsgəri ölümün gözünə dik baxaraq, sinəsini sipər edib, dəmir iradə ilə irəli atıldı. Bu tarixi Zəfərin qazanılmasında dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi, müdrik rəhbərliyi və Azərbaycan Ordusuna verdiyi ardıcıl dəstək həlledici amillərdən biri oldu. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan Şuşa əməliyyatı isə hərbçilərimizin peşəkarlığı ilə yanaşı, qanımızdakı Vətən eşqinin necə yenilməz olduğunu sübut etdi.
Postmünaqişə dövründə də Azərbaycan Ordusu torpaqlarımızın təhlükəsizliyini qorumaq üçün qətiyyətli addımlarını davam etdirdi. 2022-ci ilin martında həyata keçirilən Fərrux əməliyyatı nəticəsində Xocalı rayonunun Fərrux dağı və strateji yüksəklikləri qeyri-qanuni ünsürlərdən təmizləndi. Həmin ilin avqustunda isə düşmənin növbəti hərbi təxribatına cavab olaraq şanlı ordumuz tərəfindən uğurlu “Qisas” əməliyyatı reallaşdırıldı, Qırxqız və Sarıbaba yüksəklikləri nəzarətə götürüldü.
Lakin havadarlarına güvənən erməni tərəfi bu dərslərdən heç bir nəticə çıxarmadı. 2023-cü il sentyabrın 19-da törədilən xain terror aktı nəticəsində mülki vətəndaşlarımız və hərbçilərimiz şəhid oldu. Bu qanlı təxribat artıq səbir kasamızı daşdırdı. Hərb tariximizin şah əsəri kimi, 2023-cü ilin 19-20 sentyabr tarixlərində cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı zamanı rəşadətli ordumuz Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qeyri-qanuni erməni silahlı dəstələrini sərrast zərbələrlə məhv etdi. Ağ bayraq qaldırmağa məcbur edilən erməni hərbçiləri - separatçılar təslim oldu, qondarma xunta rejiminin fəaliyyətinə birdəfəlik son qoyuldu.
Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və azad edilmiş digər yurd yerlərimizdə dalğalanan üçrəngli bayrağımız hər birimizə qürur hissi bəxş edirsə, bu, hər şeydən əvvəl canını Vətənə fəda edən şəhidlərimizin müqəddəs ruhu, hərbçilərimizin döyüşlərdə göstərdiyi igidlikləri sayəsindədir. Şəhidlərimizin tökülən hər damla qanı, igid oğullarımızın döyüş meydanında yazdığı dastanlar bu torpağın əbədi olaraq Azərbaycanın ayrılmaz parçası olduğunu bütün dünyaya sübut etdi. Zəfər bizimdir, haqq bizimdir, qürur mənbəyimiz isə hər zaman canından keçən qəhrəman övladlarımız və onların əziz xatirəsini uca tutan bütöv Azərbaycan xalqıdır!
Bəxtiyar ƏLİYEV “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi