Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2026 19:01

Mən şəhidəm, cismim Vətən torpağında, ruhum Vətən ucalığındadır!

Düz altı il bundan öncə əzəli və əbədi torpaqlarımızda qanunsuz məskunlaşmış erməni silahlı birləşmələri Azərbaycana qarşı hərbi təxribat törədərək, döyüş mövqelərimizi və mülki insanlarımızın yaşadığı evləri müxtəlif silah və artilleriya qurğuları ilə atəşə tutdu. Məkrli niyyətlə törədilmiş əməl nəticəsində mülki şəxslərimiz, hərbi qulluqçularımız həlak oldu. Müzəffər Ali Baş Komandanın verdiyi döyüş əmri ilə başlayan əks-hücum əməliyyatı daha sonra 44 günlük Vətən və ya İkinci Qarabağ müharibəsi olaraq tarixləşdi. Müharibə dövründə hər bir azərbaycanlının qəlbi döyüş meydanında hərbi qulluqçularımızla birgə döyünürdü. Şüarımız və amalımız bir idi - öldü var, döndü yoxdur. Xalqının və Ali Baş Komandanının ona olan sonsuz etimadını doğrultmağı özünə övladlıq və vətəndaşlıq borcu bilən hərbi qulluqçularımız yaşından və rütbəsindən asılı olmayaraq ancaq irəli addımlayırdılar. Hər gün cəbhədən gələn xəbərlər hər bir soydaşımızın ruhuna sığal çəkir və Böyük Qələbə gününün uzaqda olmadığına inamını artırırdı. Bu savaşda xalqımızın iradəsini sarsıtmaq üçün mənfur əməllərə əl atan düşmən döyüş meydanından kilometrlərlə uzaqda olan mülki infrastrukturumuzu müxtəlifçaplı və uzaqmənzilli ballistik raketlərlə atəşə tutdu. Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Qadağan olunmuş silahlardan, ağ fosforlu bombalardan, ballistik raketlərdən istifadə edirdi. Nəticədə yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Azyaşlı, qoca, körpə və qadınlarımız bu çirkin əməl nəticəsində şəhid olsalar da, Azərbaycan xalqının iradəsi qırılmadı. Baş verənlərdən qisas hissi daha da artan Vətən müdafiəçilərimiz düşmənə döyüş meydanında qan uddurdular.
Düşmənin 30 il ərzində işğalda saxladığı yerlərdə müdafiə sədləri qurması döyüşçülərimizin irəliləməsinə mane və ya maneə olmadı. Öz havadarları sayəsində formalaşan, onlar tərəfindən dəstəklənən düşməni öz gücü, cəsarəti hesabına məğlub etməyi bacaran Azərbaycan əsgəri misilsiz şücaəti ilə əsl vətənpərvərlik nümunəsi nümayiş etdirdi. Mərmilərin dən-dən töküldüyü döyüş meydanında əsgərlərimiz Vətən sevgisinin çətiri altında müqəddəs vəzifəni ləyaqətlə və layiqincə yerinə yetirmək üçün bir sipər oldular. Yanında şəhid olan yoldaşının ruhunu əbədi şad etmək üçün düşmən üzərinə irəliləyən, onu lərzəyə salan əsgərlərimiz bir şəhidimizin əvəzini düşmənə qat-qat itki verdirməklə çıxırdı. Bu müqəddəs amal uğrunda Hərbi Andına sadiq qalan əsgərlərimiz canını və qanını əsirgəmədilər. Qanı ilə Vətən torpaqlarını bütünləşdirən şəhidlərimiz və sağlamlıqlarını itirən döyüşçülərimizin misilsiz şücaəti sayəsində uzun müddət işğal altında qalan torpaqlarımızda şanlı üçrəngli bayrağımız dalğalandı. Vətən şəhid qanı ilə bütünləşdi. Qan tökərək, şəhid verərək haqq savaşımızı tamamladıq.
Müharibə zamanı 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmənin uzun illər ərzində bizə meydan oxuduğu yerlərdə bayrağımız ucaldıldı. Azğınlaşmış düşmənin “təcrübəli komandirləri” əsgərlərimiz tərəfindən cəhənnəmə vasil oldular. Nəticədə düşmən diz çökdü, ağ bayraq qaldıraraq təslim oldu. İmzalanmış Üçtərəfli Bəyanata əsasən yüzlərlə şəhər və kəndimiz bir güllə atılmadan geri qaytarıldı. İkinci Qarabağ müharibəsində qazanılan Böyük Qələbə ilə təkcə ərazi bütövlüyümüz bərpa edilmədi, separatçı rejimin və faşizmin də süqutu tezləşdi. İşğaldan azad edilmiş tarixi ərazilərimizdə erməni vandalizminin təzahürləri var idi. Diqqətlə nəzər salsaq, görərik ki, düşmənin uzun illər qanunsuz yerləşdiyi ərazilərin çox cüzi hissəsində insan yaşayışı faktoru var idi. Əksər şəhərlərimiz yerlə-yeksan edilmişdi, tarixi abidələrimiz və dini ocaqlarımız darmadağın olunmuşdu. Məscidlərimizdə donuz və digər heyvanları saxlayan düşmən təkcə bizi deyil, bütün müsəlman dünyasını təhqir edirdi. Bu islamafob addım idi, faşizm əməli idi ki, qazanılan zəfərlə bu faktorlar da ortadan qalxdı.
2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edildi. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, əziz ruhlarına ən yüksək ehtiramımızı nümayiş etdiririk. Təqvimlər 27 sentyabr gününü göstərəndə soydaşlarımız əbədiyyət zirvəsinə ucalmış şəhidlərin əziz ruhlarını ehtiram əlaməti olaraq saat 12-də bütün ölkə üzrə bir dəqiqəlik sükutla yad edir. Hərbi Memorial Komplekslər, Şəhidlər xiyabanları, qəbiristanlıqlar ziyarət edilir, şəhidlərin ruhlarına dualar oxunur, tədbirlər təşkil olunur.
Şəhidlik Vətən, xalq, şərəf uğrunda canından keçmək, özünü bu müqəddəs amal uğrunda qurban verərək ömrünü gələcək nəsillərin və ümumilikdə xalqın firavanlığına fəda etməkdir. Şəhadət zirvəsi elə bir uca ünvandır ki, oranın sakini olmağı hər kəs arzulayır, lakin hamıya qismət olmur. Çünki əsgər üçün ən böyük xoşbəxtlik Vətən yolunda canını qurban verməkdir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaqlar! Unutmayaq ki, onlar ən ali qürur mənbəyimizdir. Sağlamlıqlarını Vətən yolunda itirən döyüşçülərimiz bir daha sübut etdilər ki, xalqımız böyük xalqdır, bu xalq heç bir zaman ədalətsizliyə və işğala göz yummayacaq. İkinci Qarabağ müharibəsi xalq-ordu birliyinin əsl nümunəsini dünya ictimaiyyətinə göstərdi. Bu qələbə sarsılmaz iradənin, Vətən sevgisinin və qətiyyətin təntənəsi idi. Düşmənin 30 ilə yaxın işğalda saxladığı torpaqları 44 gün ərzində azad edən Azərbaycan əsgəri dünyada misli görünməyən cəsarət, rəşadət və peşəkarlıq nümayiş etdirdi. Cari əsrin ədalət mübarizəsini qələbə ilə tamamlayan Azərbaycan əsgəri düşməni qısa vaxtda məğlub edərək tariximizdə silinməz iz qoydu. Adıçəkilən tarix onillər, yüzillər boyu yaşayacaq, gələcək nəsil üçün nümunə olacaq. Bu gün müharibə nisgili görmüş, onu dərindən hiss etmiş hər bir kəsin qəlbində müqəddəs bir hiss - Vətənə, torpağa olan sonsuz məhəbbət yaşayır. Bu müqəddəs amala çatmaq üçün gözünü belə qırpmadan, ölümün gözünə düz baxan Vətən oğullarını yad etmək, xatirələrini uca tutmaq hər bir vətəndaşın ən ali borcudur. Bu gün şəhidlər bizim həm kədərimiz, həm də qürur yerimiz, fəxarətimizdir. Gənc nəslə şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, xalqına sadiq hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir.  
Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərimizin şərəfinə ucaldılan qaya parçası abidəsi var. İlk şəhidlərimizi biz məhz bu yerdə verdiyimiz üçün bu abidənin mahiyyəti hər bir azərbaycanlı üçün böyükdür. Düşmənin adıçəkilən yerdə səngərinin yerləşməsi və müxtəlif saylı müdafiə səddinin yerləşməsinə baxmayaraq, hərbi qulluqçularımız bu müdafiə xəttini qanı və canı bahasına yarmağı bacardı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı 2022-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Günündə çıxış etdi. “Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”.
Bu gün ölməz şəhidlərimiz, yaralılarımız və igid əsgərlərimiz sayəsində tarixi torpaqlarımız azaddır. Ərazi bütövlüyümüz təmin olunub, suverenliyimiz tamdır, müstəqilliyimiz əbədi və sarsılmazdır. O torpaqların həqiqi sakinləri artıq öz torpaqlarına qayıdırlar. İnsanlarımız qayıtdıqca, tarixi torpaqlarımızda həyat canlanır. Azərbaycan xalqı bundan sonra həmrəy, qalib və iradəli xalq kimi yaşayacaq. Hər kəs bu gün bir ağızdan “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyir. Torpağı qaytarıb, özü qayıtmayan oğullarımızın ruhları bu gün şaddır. Biz də xalq olaraq, onların ruhlarını ən yüksək ehtiramla yad etməli, onlardan bizlərə əmanət qalanları daim diqqət mərkəzində saxlamalı və gənc nəslə qəhrəmanlarımızı düzgün tanıtmalıyıq. Şəhidlərimizin cismi Vətən torpağında olsa da, ruhları Vətən ucalığındadır.

Fuad CƏFƏROV “Azərbaycan Ordusu”