Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2026 19:01

Zəfərin işığında

Tarix öz yaddaşında elə günləri yaşadır ki, həmin günlərin mənası illər keçdikcə daha dərindən dərk edilir. Xalqımızın taleyində xüsusi yer tutan 8 Noyabr - Zəfər Günü də belə möhtəşəm tarixlərdəndir. Tarixi Zəfərimizə nail olmağımızdan 6 il keçməsinə baxmayaraq, 2020-ci ilin payızında yaşanan o unudulmaz günlər xalqımızın yaddaşında dünən baş vermiş kimi qalır. Çünki qazanılan qələbə yalnız torpaqlarımızın işğaldan azad olunması ilə deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun döyüş qabiliyyətinin dünyaya nümayişi idi. Xalqımızı Böyük Zəfərə aparan yol 2020-ci il sentyabrın 27-də başladı...
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsinin şanlı salnaməsi yazıldı. Xalqımız həmin günlərdə bir amal uğrunda sıx birləşdi. Ön cəbhədə hərbi qulluqçularımız torpaqlarımızın azadlığı uğrunda mübarizə apararkən arxa cəbhədə də xalqımız həmrəy olaraq ordumuzu daim dəstəkləyirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər, ordumuzun hər bir uğuru, azad edilən hər bir yaşayış məntəqəsi xalqımızın qələbəyə inamını daha da artırırdı.
Azərbaycan Ordusunun Zəfər yürüşü asan yol deyildi. Qarşıda illərlə möhkəmlənmiş istehkamlar, dağ-dərələri aşmaq, sıldırım qayalardan keçmək və ağır döyüşlər var idi. Azərbaycan Ordusu qarşısına qoyduğu müqəddəs məqsədə çatmaq üçün döyüş meydanında misilsiz şücaət göstərdi və torpaqlarımızı geri aldı. 44 günün hər anı qələbə soraqlı idi. Çünki vətənpərvər, mərd oğullarımız hər gün yaşayış məntəqələrimizi işğaldan azad edir və xalqımıza qələbə sevincini yaşadırdılar. 
Bu qələbənin ən sevincli günlərindən biri də noyabrın 8-də qədim Şuşa şəhərinin işğaldan azad olunması idi. Şəhərin düşməndən təmizlənməsi Vətən müharibəsinin taleyində ən mühüm dönüş nöqtəsi oldu. Şuşada Azərbaycan Bayrağının dalğalanması xalqımızın uzun illər boyu qəlbində yaşatdığı öz doğma yurdlarına qayıdış arzusunun gerçəkləşməsi idi. Şuşanın azad olunması müjdəsini Prezident İlham Əliyev xalqımıza böyük fəxarətlə çatdırdı: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Bu dəyərli şüarlar Azərbaycan hərb tarixinin ən parlaq səhifələrinə qızıl hərflərlə yazıldı.
2025-ci ildə Qələbənin 5-ci ildönümünə həsr olunmuş Hərbi paradda dövlət başçısı İlham Əliyev çıxış edərək 44 günlük Zəfər yürüşünün miqyasını bir daha diqqətə çatdırdı. Bildirdi ki, 27 sentyabrdan 8 noyabra qədər Azərbaycan Ordusu hər gün irəliləmiş, böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq göstərmişdir.
Bu tarixi Zəfərin əsasında, heç şübhəsiz, uzun illər ərzində həyata keçirilən ordu quruculuğu prosesi dayanırdı. Güclü dövlət, güclü ordu bir-birini tamamlayan amillər kimi Azərbaycanın Zəfər yolunun əsas dayaqlarını təşkil edirdi. Azərbaycan Ordusunun müasir silah və texnika ilə təchiz olunması, hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və peşəkarlığının artırılması Vətən müharibəsində öz parlaq nəticəsini göstərdi.
44 günlük Vətən müharibəsinin ən böyük qəhrəmanları Vətən uğrunda canını fəda edən şəhidlərimizdir. Zəfər tariximizin hər səhifəsində onların müqəddəs izi var. Şəhidlərimiz xalqımızın yaddaşında əbədi yaşayır və yaşayacaqlar. Onlar canları bahasına başa gələn azad torpaqlarımızı bizlər üçün əmanət etdilər.
27 Sentyabr - Anım Gününün 6-cı ildönümü münasibətilə təşkil olunan silsilə tədbirlər ölkəmizin müxtəlif yerlərində həyata keçirildi və şəhidlərimiz böyük ehtiramla yad edildi. Bu tədbirlər bir daha göstərdi ki, xalqımız öz qəhrəman övladlarını heç vaxt unutmur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 8 Noyabr - Zəfər Günü elan edildi.
Zəfər Gününün mahiyyəti xalqımızın birliyini, dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasətini, Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolunu, şəhid və döyüşlərdə sağlamlığını itirənlərin qəhrəmanlığını və milli iradəmizi xatırladan mühüm tarixdir.
Tarixi Zəfərdən sonra qarşıda duran yeni və məsuliyyətli mərhələ başladı. İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış şəhər və kəndlər yenidən qurulur, infrastruktur layihələr həyata keçirilir. İllərlə doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər əzəli torpaqlarına qayıdır və öz ocaqlarının istisinə alışırlar. Bu torpaqlarda aparılan bərpa-quruculuq işləri Böyük Qayıdışın real mənzərəsini əks etdirir.
Azərbaycan Ordusunun yaratdığı təhlükəsizlik və sabitlik mühiti isə bu böyük quruculuq prosesinin mühüm dayaqlarından biridir.
Bu gün Zəfər tariximizə nəzər salarkən bir daha görürük ki, xalqımızın ən çətin sınaqlarda nümayiş etdirdiyi birlik böyük gücə çevrilir. Vətən müharibəsi başlayan zaman xalqımız bir yumruq kimi birləşdi. Bu birlik xalqımızı böyük Qələbəyə apardı. Zəfərin 6-cı ildönümü ərəfəsində rəşadətli Azərbaycan Ordusunun keçdiyi keşməkeşli döyüş yolunu xatırlamaq həm də bu günün məsuliyyətini dərk etmək deməkdir. Çünki tarix həm keçmişi xatırlatmaq, həm də gələcəyə doğru, düzgün addımlar atmaq üçündür. Şəhidlərimizin bizə əmanət etdiyi Vətən torpaqlarını qorumaq, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini daha da möhkəmləndirmək hər bir vətəndaşın borcudur.
Bu gün Azərbaycan Ordusu özünün Zəfər Salnaməsini yeni nəsillərə çatdırır. Hərbi hissələrdə, hərbi təhsil müəssisələrində keçirilən tədbirlərdə Vətən müharibəsində igidlik göstərən şəhidlərin həyatı və döyüş yolu gənclərə nümunə göstərilir. Bu da gələcək nəsillərin Vətənə bağlılığının daha da möhkəmlənməsində mühüm rol oynayır.
Qarşıdan gələn 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü xalqımız üçün həm qürur, həm də müqəddəs yaddaş günüdür. Bu tarixdə biz bir daha 44 günlük Vətən müharibəsinin hər gününü xatırlayır, döyüş meydanında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı göz önünə gətiririk. 
İndi işğaldan azad olunmuş bütün ərazilərimizdə üçrəngli Azərbaycan Bayrağı qürurla dalğalanır. Bu bayraq Zəfər tariximizin rəmzidir. Onun ucaldığı hər zirvə xalqımızın birliyini, dövlətimizin qüdrətini, Azərbaycan Ordusunun şücaətini bir daha nümayiş etdirir.
Tarixi Zəfərimiz yaddaşımızdadır. Azərbaycan Ordusunun 44 günlük qəhrəmanlıq yolu isə tariximizin əbədi Salnaməsinə çevrilib. Bu Salnamə Zəfərin işığında yazılıb.

Kifayət ƏLİYEVA “Azərbaycan Ordusu”