Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2026 19:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Müstəqil dövlətin mövcudluğunu təmin edən əsas dayaqlardan biri güclü ordudur. Tarix dəfələrlə sübut edib ki, siyasi iradə, iqtisadi inkişaf və milli birlik yalnız onları qoruyacaq peşəkar silahlı qüvvələrin mövcudluğu ilə real qüvvəyə çevrilə bilir. Azərbaycan da müstəqilliyinin ilk illərində bunu acı təcrübə ilə yaşadı. Dövlət institutlarının yeni formalaşdığı, siyasi sabitliyin pozulduğu, iqtisadi vəziyyətin ağır olduğu bir dövrdə ölkə həm xarici təcavüz, həm də daxili çətinliklərlə üz-üzə qalmışdı. Belə mürəkkəb şəraitdə nizami ordunun olmaması, müxtəlif silahlı dəstələrin vahid komandanlıq altında fəaliyyət göstərməməsi döyüş meydanında ciddi itkilərə səbəb olurdu. Üstəlik, cəbhədə döyüşən insanların qəhrəmanlığı belə sistemsiz idarəetmənin yaratdığı boşluqları doldurmağa kifayət etmirdi.
Birinci Qarabağ müharibəsinin ilk illərində Azərbaycan Silahlı Qüvvələri əslində yeni yaranırdı. Müxtəlif könüllü batalyonlar, yerli özünümüdafiə dəstələri və fərqli silahlı birləşmələr vahid hərbi idarəetməyə tabe olmadığından əməliyyatların koordinasiyası lazımi səviyyədə qurula bilmirdi. Döyüşçülərin fədakarlığı danılmaz olsa da, peşəkar komandanlıq, maddi-texniki təminat və hərbi planlaşdırma baxımından mövcud boşluqlar özünü açıq şəkildə göstərirdi. Nəticədə torpaqlarımızın bir hissəsi işğal altına düşdü, yüz minlərlə soydaşımız doğma yurd-yuvasını tərk etməyə məcbur oldu. Məhz belə bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətin qarşısında duran ən vacib vəzifələrdən birinin güclü, peşəkar və mərkəzləşdirilmiş ordunun yaradılması olduğunu müəyyənləşdirdi. Çünki o yaxşı bilirdi ki, müstəqilliyi qorumağın yeganə yolu nizami silahlı qüvvələr formalaşdırmaqdan keçir. Buna görə də ilk növbədə ölkədə siyasi sabitliyin təmin olunmasına, silahlı dəstələrin ləğv edilərək vahid komandanlıq sisteminə inteqrasiya edilməsinə başlanıldı. 
Dövlət idarəçiliyində yaradılan sabitlik ordu quruculuğunun da əsasını təşkil etdi. 1994-cü ilin may ayında atəşkəsin əldə olunması sadəcə döyüşlərin dayanması demək deyildi. Bu dövr Azərbaycan üçün gələcək güclü ordunun formalaşdırılması baxımından strateji mərhələyə çevrildi. Cəbhədə yaranan nisbi sabitlik Silahlı Qüvvələrin strukturunda geniş islahatlara başlanılmasına şərait yaratdı. Hərbi hissələrin komplektləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, hərbi nizam-intizamın gücləndirilməsi və şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 
Əsas diqqət peşəkar kadrların hazırlanmasına, müasir hərbi təfəkkürün formalaşdırılmasına və hərbi təhsil sisteminin inkişafına yönəldildi. Hərbi məktəblərin fəaliyyəti genişləndirildi, zabit hazırlığı yeni tələblərə uyğun quruldu, gənclərin hərbi xidmətə münasibətində vətənpərvərlik ruhunun gücləndirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrildi. Bununla yanaşı, Silahlı Qüvvələrin hüquqi bazasının təkmilləşdirilməsi də xüsusi əhəmiyyət daşıyırdı. Ordu idarəçiliyini tənzimləyən qanunvericilik aktları qəbul edildi, hərbi xidmətin təşkili ilə bağlı yeni mexanizmlər yaradıldı. Beləliklə, Azərbaycan Ordusu tədricən sovet dövründən qalan köhnə idarəetmə modelindən uzaqlaşaraq müasir dövlət ordusunun prinsiplərinə uyğun inkişaf etməyə başladı. Ümummilli liderin müəyyən etdiyi bu strateji kurs sonrakı illərdə də uğurla davam etdirildi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi müdafiə sahəsinə ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılmasına şərait yaratdı. Müdafiə büdcəsinin ildən-ilə artırılması ordunun maddi-texniki təminatını gücləndirməklə yanaşı, ən müasir silah və texnikanın alınmasına da imkan verdi. Lakin artıq müasir döyüşlərin taleyini yalnız canlı qüvvənin sayı yox, texnologiyanın üstünlüyü də müəyyən edir. Bu reallığı nəzərə alan Azərbaycan rəhbərliyi yüksək dəqiqlikli raket sistemlərinin, müasir artilleriya vasitələrinin, hava hücumundan müdafiə komplekslərinin, pilotsuz uçuş aparatlarının və digər yeni nəsil silahların arsenalımıza daxil edilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdi. Yerli müdafiə sənayesinin inkişafı da bu siyasətin mühüm tərkib hissəsinə çevrildi. Müxtəlif təyinatlı hərbi məhsulların ölkə daxilində istehsal olunması Azərbaycanın müdafiə imkanlarını daha da genişləndirdi. Silahlanmanın yenilənməsi ilə yanaşı, şəxsi heyətin hazırlığı da davamlı şəkildə təkmilləşdirildi. Müasir döyüş yalnız güclü texnika deyil, onu peşəkar şəkildə idarə edən hazırlıqlı hərbçi tələb edir. Bu baxımdan Azərbaycan Ordusunda keçirilən təlimlərin miqyası və keyfiyyəti ildən-ilə artdı. Bütün qoşun növlərinin iştirakı ilə keçirilən genişmiqyaslı taktiki və operativ təlimlər real döyüş şəraitinə maksimum yaxınlaşdırıldı. Dağlıq ərazilərdə, gecə vaxtı, çətin hava şəraitində, müxtəlif ssenarilər üzrə icra olunan məşqlər şəxsi heyətin peşəkarlığını əhəmiyyətli dərəcədə artırdı. Azərbaycan Ordusunun beynəlxalq əməkdaşlığı da yeni məzmun qazandı. NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən tədbirlərdə iştirak, dost və tərəfdaş ölkələrlə birgə təlimlərin təşkili, hərbi təcrübə mübadiləsi zabit və gizirlərin peşəkar hazırlığına mühüm töhfə verdi. Xüsusilə Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlər döyüş hazırlığının yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və müasir əməliyyat prinsiplərinin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi də Ali Baş komandanın diqqətindən yayınmadı. Son illərdə hərbi şəhərciklərin yenidən qurulması, yeni yaşayış komplekslərinin istifadəyə verilməsi, xidməti mənzillərin tikilməsi, hərbi hospital və tibbi xidmət sisteminin müasirləşdirilməsi şəxsi heyətin xidmət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Eyni zamanda, hərbi qulluqçuların əməkhaqlarının artırılması, sosial təminat mexanizmlərinin genişləndirilməsi və ailələrinin rifahına yönəlmiş tədbirlər dövlətin bu sahəyə verdiyi önəmi nümayiş etdirdi. Bu sistemli inkişafın ilk böyük nəticələri 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi. Azərbaycan Ordusu qısa müddət ərzində mühüm strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etməklə həm döyüş qabiliyyətini, həm də yüksək peşəkarlığını nümayiş etdirdi. Aprel döyüşləri bir daha sübut etdi ki, artıq Azərbaycan Ordusu əvvəlki illərin ordusu deyil. Müasir silahlanma, dəqiq planlaşdırma və çevik idarəetmə düşmənə ciddi zərbə vurmağa imkan verdi. 2018-ci ildə Günnüt əməliyyatı isə növbəti uğurlu hərbi əməliyyat kimi tarixə düşdü. Əlverişli yüksəkliklərin nəzarətə götürülməsi strateji baxımdan mühüm üstünlük qazandırdı. Bu əməliyyatlar göstərdi ki, Azərbaycan Ordusu təkcə müdafiə olunmağa deyil, mürəkkəb hücum əməliyyatlarını yüksək peşəkarlıqla həyata keçirməyə tam hazırdır. Nəhayət, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi uzun illər ərzində aparılan ordu quruculuğunun ən parlaq nəticəsini ortaya qoydu. 44 gün davam edən döyüşlərdə Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, müasir silah sistemlərindən səmərəli istifadə, peşəkar komandanlıq və sarsılmaz vətən sevgisi sayəsində tarix yazdı. Hər bir əməliyyat əvvəlcədən dəqiq planlaşdırılır, müxtəlif qoşun növləri vahid mərkəzdən koordinasiya olunurdu. Xüsusilə pilotsuz uçuş aparatlarının tətbiqi, elektron mübarizə vasitələrinin istifadəsi və xüsusi təyinatlı bölmələrin peşəkar fəaliyyəti dünya hərb mütəxəssislərinin diqqətini cəlb etdi. Müharibə günlərində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və onlarla digər yaşayış məntəqəsinin azad olunması Azərbaycan Ordusunun gücünü, mübarizə əzmini nümayiş etdirdi. Şuşa uğrunda aparılan döyüşlər isə hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. Ağır relyefə, əlverişsiz hava şəraitinə və ciddi istehkamlara baxmayaraq, xüsusi hazırlıq keçən hərbi qulluqçular misilsiz qəhrəmanlıq göstərərək şəhəri azad etdilər. Həmin günlərdə bütün dünya gördü ki, uzun illər ərzində formalaşdırılan peşəkar ordu artıq qarşıya qoyulan ən çətin vəzifələri belə uğurla yerinə yetirə bilir. 
10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat Azərbaycanın tarixi Zəfərini rəsmiləşdirdi. Bununla belə, ordu quruculuğu prosesi yekunlaşmadı. Əksinə, postmüharibə dövrü yeni çağırışlar və yeni hədəflər müəyyənləşdirdi. Azad edilən ərazilərdə yeni hərbi hissələr yaradıldı, müasir infrastruktur quruldu, sərhəd təhlükəsizliyi daha da gücləndirildi. Komando hərbi hissələrinin formalaşdırılması, xüsusi təyinatlı bölmələrin imkanlarının genişləndirilməsi və yeni silah sistemlərinin arsenalımıza daxil edilməsi ordunun gələcək inkişafının əsas istiqamətlərinə çevrildi. 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı isə Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələndi. Qısa müddətdə, yüksək dəqiqliklə icra edilən əməliyyatlar Silahlı Qüvvələrin peşəkarlığını bir daha nümayiş etdirdi. Dinc əhalinin təhlükəsizliyinin təmin olunması, qarşıya qoyulan vəzifələrin minimum itki ilə yerinə yetirilməsi ordunun qazandığı təcrübənin və müasir hazırlıq səviyyəsinin göstəricisi oldu. 
Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Davamlı keçirilən təlimlər, yeni hərbi texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı və müasir idarəetmə sistemi ordunun inkişafını dayanmadan davam etdirir. Hər bir təlim, hər yeni texnika, hər hazırlıq proqramı gələcək təhlükəsizlik mühitinə hesablanmış strateji addımdır. Çünki müasir dünyada güclü ordu yalnız müharibə aparmaq üçün deyil, sülhü qorumaq üçün də ən mühüm təminatlardan biridir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında səsləndirdiyi kimi “Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var. İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır”.
Azərbaycanın keçdiyi çətin və keşməkeşli yol güclü ordunun qısa müddətdə yaranmadığını dünyaya göstərdi. Güclü ordu uzaqgörən siyasətin, ardıcıl islahatların, peşəkar hazırlığın, güclü iqtisadiyyatın və ən əsası, xalqın dövlətinə olan inamının nəticəsində formalaşır. Birinci Qarabağ müharibəsinin ağrılı dərslərindən başlayan bu yol Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti ilə möhkəmləndi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında isə zirvəyə yüksəldi. Vətən müharibəsində qazanılan tarixi Zəfər və sonrakı uğurlar həmin siyasətin doğruluğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan əsgəri təkcə sərhədlərimizin keşiyində dayanan hərbçi yox, həm də müstəqilliyimizin, suverenliyimizin və gələcəyimizin ən etibarlı təminatıdır.

Tamilla HÜSEYNLİ

“Azərbaycan Ordusu”