AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hər bir insanın həyatında ona doğru yolu göstərən, öyrənməyə həvəs yaradan, qarşısına qoyduğu məqsədlərə inamla addımlamasına kömək edən müəllimin xüsusi yeri var. Müəllimin fəaliyyəti yalnız dərs demək, kitabdakı məlumatları şagirdə çatdırmaq deyil, o, həm də şəxsiyyət yetişdirərək dünyagörüşü formalaşdırır, düzgün seçim etməyə istiqamət verir.
5 oktyabr - Müəllimlər Günü münasibətilə bu müqəddəs peşənin sahiblərini ehtiramla xatırlayarkən onların cəmiyyət qarşısındakı böyük məsuliyyətini də bir daha qeyd etmək yerinə düşür. Xüsusilə hərbi təhsil sahəsində müəllimin üzərinə düşən vəzifə daha da böyük məna yükü daşıyır. Çünki burada yetişdirilən gənclər gələcəkdə Azərbaycan Ordusunun zabitləri, komandirləri və rəhbər heyətinin nümayəndələri olurlar.
Azərbaycan Ordusunun peşəkar və savadlı hərbi qulluqçularla kompleksləşdirilməsində hərbi təhsil müəssisələrinin mühüm rolu var. Bu müəssisələrdə hərbi elmlə yanaşı zabit üçün vacib olan idarəetmə bacarıqları, qərar qəbul etmək qabiliyyəti, məsuliyyət, intizam, liderlik və mənəvi keyfiyyətlər də aşılanır. Bütün bunların formalaşmasında isə müəllimlərin və pedaqoji heyətin əməyi əvəzsizdir.
Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Liseylər də gənc nəslin hərbi peşəyə hazırlanmasında mühüm təhsil ocaqlarından hesab olunur. Burada təhsil alan kursantlar ilk növbədə hərbi xidmətin mahiyyətini, nizam-intizamın əhəmiyyətini və komandir məsuliyyətini öyrənirlər. Onların dünyagörüşünün formalaşmasında müəllimlərin verdiyi biliklərlə yanaşı, onların şəxsi təcrübələri də mühüm rol oynayır.
Bu gün auditoriyada əyləşən gənc sabah bölüyə, tabora və ya digər bölmələrə rəhbərlik edə bilər. Bununla da müəllimin auditoriyada dediyi hər bir fikir, öyrətdiyi hər bir qayda gələcək zabitin fəaliyyətində öz əksini tapır.
Heydər Əliyev adına Hərbi İnstitut da Azərbaycan Ordusu üçün yüksək ixtisaslı zabit kadrlarının hazırlanmasında mühüm rolu olan təhsil müəssisələrindən biridir. Burada hərbi təhsillə ali təhsil bir-birini tamamlayır. Bu baxımdan professor-müəllim heyətinin əməyini xüsusi vurğulamaq lazımdır.
Xəritə üzərində aparılan məşğələ, taktiki tapşırığın həlli, hərbi fənn üzrə keçirilən dərslər gələcək zabitin peşəkar hazırlığının mühüm tərkib hissəsidir. Bu prosesdə müəllimin təcrübəsi və tələbkarlığı yeni biliklərin əldə edilməsi baxımından kursant üçün mühüm əhəmiyyət kəsb edir.
Müasir dövrdə ordunun qarşısında duran vəzifələr dəyişdikcə hərbi təhsilə olan tələblər də artır. Texnologiyanın sürətli inkişafı, müasir silah və idarəetmə sistemlərinin tətbiqi, yeni döyüş üsullarının meydana çıxması hərbi qulluqçunun, eləcə də müəllimlərin daim təkmilləşməsini tələb edir. Bu baxımdan müəllim də daim öz üzərində işləməli, yenilikləri izləməli və qazandığı bilikləri tədris prosesində tətbiq etməlidir.
Milli Müdafiə Universitetinin yaradılması Azərbaycanın hərbi təhsil sisteminin inkişafında mühüm mərhələlərdən biridir. Universitetin tərkibində fəaliyyət göstərən müxtəlif hərbi təhsil müəssisələri vahid təhsil sisteminin formalaşmasına, hərbi kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir.
İdarəetmə İnstitutunda təşkil olunan tədris prosesi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki ordu üçün savadlı, peşəkar və idarəetmə bacarığına malik rəhbər heyətin hazırlanması da vacibdir.
Hərbi təhsildə tərbiyə məsələsi də bilik qədər vacibdir. Əsl zabit yalnız öz ixtisasını yaxşı bilməklə kifayətlənməməlidir. O, tabeliyində olan şəxslərə münasibətdə ədalətli, davranışda nümunəvi, qərarlarında məsuliyyətli olmalıdır. Vətənə sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Hərbi Anda sadiqlik kimi dəyərlər də məhz təhsil və tərbiyənin vəhdətiylə formalaşır.
Bu gün hərbi təhsil müəssisələrində dərs deyən müəllimlərin yetişdirdiyi zabitlər müxtəlif hərbi hissələrdə xidmət edir, torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunmasına öz töhfəsini verirlər. Auditoriyada gələcəyin zabitlərinə dərs deyən müəllim sabah onun yetirməsinin uğuru ilə qürur duyur. Çünki müəllim üçün ən böyük mükafat yetişdirdiyi insanın Vətənə layiqli xidmət etməsidir. Azərbaycan Ordusunun gücü yalnız silah və texnika ilə deyil, həm də savadlı, peşəkar, mənəvi cəhətdən hazırlıqlı hərbi qulluqçularla ölçülür. Belə hərbi qulluqçuların yetişməsində isə müəllimlərin zəhməti danılmazdır.
Hüsniyyə NƏSİROVA “Azərbaycan Ordusu”
Dünyada elə bir peşə, elə bir sənət yoxdur ki, orada müəllim əməyi olmasın. Tarixən filosoflar da, alimlər də, dahilər də müəllim adına, müəllim peşəsinə yüksək dəyər veriblər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev də həyatda ən müqəddəs peşə müəllim peşəsi olduğunu demişdir. Elə bir insan yoxdur ki, onun həyatında müəllim əməyi olmasın. Dünyada ilk dəfə 5 oktyabr 1966-cı ildə YUNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda “Müəllimlərin statusu haqqında” sənəd imzalanmışdır. Bu, beynəlxalq səviyyədə müəllimlik peşəsinə verilən ilk qiymət idi. 1994-cü ildən 100-dən artıq ölkədə hər il 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
Azərbaycan Ordusunda xidmət edən zabitlərin, gizirlərin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanmasında müəllim əməyi danılmazdır. Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən təhsil müəssisələrində yüzlərlə müəllim çalışır. Onlar ordumuz üçün yüksək bilikli kadrların yetişdirilməsində əvəzsiz rola malikdirlər. Əməkdaşlarımız hərbi təhsil sahəsində çalışan bir qrup müəllim-professor heyəti ilə görüşüblər. Onların Beynəlxalq Müəllimlər Günü ilə bağlı ürək sözlərini sizinlə bölüşürük.
Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Əhmədova Yeganə:
- Müəllim kimi əsas məqsədimiz gələcəyin savadlı və hazırlıqlı komandirlərini yetişdirməkdir. Qarşımızda əyləşən kursantlar Azərbaycan Ordusunun gələcək zabitləridir. Onların hər bir dərsi gələcək xidmətlərinə hazırlığın bir hissəsidir. Bu gənclərin arasında gələcəkdə bölmələrə, birliklərə və hərbi hissələrə rəhbərlik edəcək şəxslər olacaq. Hətta onların sıralarından gələcəyin generalları yetişəcək. Buna görə biz hər bir kursanta fərdi yanaşmağa çalışırıq. Onlara biliklə yanaşı, intizamı, dəqiqliyi və məsuliyyəti aşılayırıq. Ən böyük arzumuz yetirmələrimizi Azərbaycan Ordusunun layiqli zabitləri kimi görməkdir.
Müəllim üçün bundan böyük qürur ola bilməz. Müəllimlər Günü münasibətilə bütün həmkarlarımı təbrik edir və onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.
Heydər Əliyev adına Hərbi Liseyin müəllimi İlahə Həsənova:
- Hərbi kollektivdə çalışmaq və gələcəyin hərbçilərinin yetişməsində iştirak etmək mənim üçün böyük məsuliyyətdir. Təhsil prosesində məqsədimiz hər bir kursantın öz sahəsini dərindən mənimsəməsinə şərait yaratmaqdır.
Peşəkar hərbçi olmaq üçün möhkəm biliklə yanaşı, düzgün qərar vermək bacarığı da vacibdir. Biz gənclərə qarşıya çıxan çətinliklərdən çəkinməməyi və üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyi öyrədirik. Hər bir kursantın potensialını üzə çıxarmaq müəllim üçün ən böyük uğurlardan biridir.
Düşünürəm ki, keyfiyyətli təhsil güclü və hazırlıqlı Azərbaycan Ordusunun formalaşmasının əsas şərtlərindəndir.
Bu baxımdan müəllimlərin üzərinə düşən vəzifə böyük diqqət və fədakarlıq tələb edir.
Biz öz fəaliyyətimizlə Vətənə xidmət edəcək yeni nəslin formalaşmasına töhfə verməyə çalışırıq.
Bütün həmkarlarıma möhkəm cansağlığı, tükənməz enerji və şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram.
Naxçıvan Hərbi Kollecinin müəllimi Sevil Hüseynova:
- Mənim üçün müəllimlik həm də gələcəyin şəxsiyyətinin formalaşmasına, onun dünyagörüşünün, düşüncə tərzinin və həyata münasibətinin inkişafına öz töhfəsini verən insandır. Hərbi təhsil ocağında bu məsuliyyətin daha böyük olduğunu düşünürəm. Çünki burada biz yalnız müəyyən fənn üzrə bilik və bacarıqlara yiyələnən gənclər hazırlamırıq. Biz gələcəkdə Azərbaycan Ordusunun sıralarında xidmət edəcək, Vətən qarşısında mühüm məsuliyyət daşıyacaq hərbi qulluqçuların yetişməsində iştirak edirik.
Kursantlarla hər bir dərs mənim üçün həm də böyük məsuliyyətdir. Çünki bu gün auditoriyada öyrətdiyimiz hər hansı bir bilik, izah etdiyimiz bir mövzu və ya formalaşdırdığımız bir düşüncə tərzi sabah onların xidməti fəaliyyətində, qarşılaşacaqları hər hansı vəziyyətdə düzgün qərar qəbul etməsinə kömək edə bilər. Buna görə də müəllim daim öz üzərində işləməli, biliyini artırmalı və kursantlara nümunə olmalıdır.
Müəllim həmkarlarımı 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıram. Arzu edirəm ki, hər bir müəllim yetişdirdiyi gənclərin uğurlarını görsün və bunun qürurunu yaşasın. Çünki müəllimin ən böyük mükafatı aldığı hər hansı təltif və ya təşəkkürdən əvvəl, yetişdirdiyi kursantın savadlı, intizamlı, Vətəninə və peşəsinə sadiq bir insan kimi formalaşmasıdır.
Naxçıvan Hərbi Kollecinin müəllimi Nuranə Əliyeva:
- Hərbi təhsil ocağında müəllim kimi fəaliyyət göstərmək mənim üçün böyük məsuliyyət olmaqla yanaşı, həm də şərəfli bir missiyadır. Qarşımızda hərbi xidmətə hazırlaşan, gələcəkdə müxtəlif istiqamətlərdə xidmət edəcək gənclər dayanır. Biz onlara yalnız tədris etdiyimiz fənnin nəzəri əsaslarını və praktiki biliklərini öyrətmirik. Eyni zamanda, onların gələcəkdəki xidməti fəaliyyətində mühüm rol oynayacaq məsuliyyət hissinin, nizam-intizamın, düzgün qərar qəbul etmək bacarığının və Vətənə sədaqət duyğusunun formalaşmasına öz töhfəmizi verməyə çalışırıq.
Ən böyük istəyimiz isə odur ki, auditoriyada qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində layiqincə tətbiq edən, qarşısına çıxan çətinliklər qarşısında məsuliyyətli və düzgün qərarlar verən hərbi qulluqçular yetişdirək. Bu gün onlara verdiyimiz biliklərin sabah Vətən qarşısında xidmətə çevrildiyini görmək bizim üçün ən böyük mənəvi dəyərdir.
Fürsətdən istifadə edərək bütün müəllim həmkarlarımı peşə bayramları münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Hər birinə möhkəm cansağlığı, fəaliyyətində uğurlar, pedaqoji əməyində yeni nailiyyətlər arzulayıram.
Naxçıvan Hərbi Kollecinin müəllimi Qurban Məmmədov:
- Müəllim üçün ən böyük məsuliyyətlərdən biri yetişdirdiyi gənclərin gələcəyinə öz töhfəsini verməkdir. Hərbi təhsil ocağında bu məsuliyyət daha xüsusi məna daşıyır. Çünki qarşımızda yalnız təhsil alan gənclər deyil, gələcəkdə Azərbaycan Ordusunun sıralarında xidmət edəcək zabitlər, komandirlər dayanır.
Dərs prosesində çalışıram ki, kursantlara yalnız nəzəri bilikləri çatdırmaqla kifayətlənməyim. Onlara öyrətdiyimiz hər bir mövzunun gələcək xidmətləri ilə əlaqəsini izah etmək, əldə etdikləri bilikləri düzgün tətbiq etməyin yollarını göstərmək də bizim vəzifəmizdir. Çünki hərbi qulluqçu üçün bilik qədər məsuliyyətli davranmaq, verilən tapşırığı dəqiq yerinə yetirmək, çətin vəziyyətdə soyuqqanlılığını qorumaq və düzgün qərar qəbul etmək bacarığı da vacibdir.
Mənim üçün müəllimlik həm də nümunə olmaq deməkdir. Kursant bizdən yalnız dediklərimizi deyil, davranışımızı, işimizə münasibətimizi və məsuliyyətimizi də öyrənir. Buna görə müəllim daim öz üzərində işləməli, peşəsinə məsuliyyətlə yanaşmalı və gənclərə layiqli örnək olmağa çalışmalıdır. İnanıram ki, auditoriyada formalaşdırılan düzgün düşüncə və verilən dəyərli məsləhətlər gələcəkdə kursantların xidmət yolunda onlara böyük dayaq ola bilər.
Müəllimlər Günü münasibətilə bütün həmkarlarımı səmimi-qəlbdən təbrik edirəm. Hər bir müəllimə möhkəm cansağlığı, işində yeni uğurlar və böyük səbr arzulayıram. Ən böyük arzumuz isə yetişdirdiyimiz kursantların gələcəkdə öz peşələrinə, Hərbi Anda və Vətənə sədaqətlə xidmət etdiklərini görməkdir.
C.Naxçıvanski adına Hərbi Liseyin müəllimi Nərgiz Məmmədova:
- İllər keçdikcə müəllimlik peşəsinin mahiyyətinə daha dərindən bələd olmuşam. Bu peşəyə kənardan baxanda əsas diqqət dərs deməyə yönəlir. Lakin müəllim sinfə daxil olduğu andan etibarən qarşısında daha böyük bir vəzifənin dayandığını dərk edir. Sən şagirdə, kursanta, tələbəyə yalnız müəyyən bir mövzunu öyrətmirsən, onun düşüncə tərzinin formalaşmasına da təsir göstərirsən. Buna görə müəllim öz peşəsinin məsuliyyətini daim hiss etməlidir. Burada kursantlara “Fizika” fənnini tədris edirəm. Çalışıram ki, kursantlar öyrəndikləri biliklərin mahiyyətini başa düşsünlər. Müəllimlik peşəsinə bağlılığımın əsas səbəblərindən biri illər ərzində yetişdirdiyim kursantların uğurlarını görməkdir. Hərbi liseydə çalışmaq müəllim qarşısında əlavə məsuliyyət qoyur. Burada təhsil alan kursantlar gələcəkdə zabit kimi Azərbaycan Ordusunun sıralarında xidmət edəcəklər. Ona görə onların təhsilinə yalnız ayrı-ayrı fənlərin mənimsənilməsi kimi yanaşmaq düzgün olmaz. Dəqiqlik, intizam, məsuliyyət və analitik düşüncə gələcək hərbçi üçün vacib keyfiyyətlərdir. Biz də öz fənnimizin imkanlarından istifadə etməklə bu keyfiyyətlərin formalaşmasına töhfə verməyə çalışırıq.
C.Naxçıvanski adına Hərbi Liseyin müəllimi Arif Musayev:
- Müəllimlik uzunmüddətli zəhmət tələb edir. Bu peşədə nəticə bir günün, bir dərsin və ya bir tədris ilinin göstəricisi ilə ölçülmür. Əsl nəticə kursantın qazandığı bacarıqlarda və sonrakı fəaliyyətində üzə çıxır. Mənim üçün müəllim əməyinin ən yaxşı göstəricisi kursantın qarşısına çıxan məsələni müəllimin köməyi olmadan təhlil edə və düzgün həll yolu tapa bilməsidir.
Hərbi liseydə “Riyaziyyat” fənninin tədrisinə də bu baxımdan yanaşıram. Gələcəyin zabitləri üçün çevik və məntiqli düşünmək, vəziyyəti düzgün qiymətləndirmək və əsaslandırılmış qərar qəbul etmək mühüm əhəmiyyət daşıyır. Riyaziyyat dərslərində formalaşdırılan məntiqi yanaşma bu bacarıqların inkişafına müəyyən zəmin yaradır. Riyaziyyat fənninin özünəməxsusluğu ondadır ki, burada nəticəyə təsadüfən gəlmək mümkün deyil. Hər bir cavabın arxasında müəyyən məntiq, ardıcıllıq və əsaslandırma dayanır. Mən dərslərdə də bu prinsipi əsas götürürəm. Kursantlarımız məsələləri həll edərkən yalnız cavabı tapmamalı, hansı addımlarla həmin nəticəyə gəldiyini də izah edə bilməlidir. Bu bacarıq onun yalnız “Riyaziyyat” fənni üzrə deyil, ümumilikdə düşünmə qabiliyyətinin inkişafına təsir göstərir.
34 illik pedaqoji fəaliyyətim ərzində çoxsaylı kursantlarla işləmək, onların bilik və bacarıqlarının formalaşmasına töhfə vermək imkanım olub. Bu illər müəllimin əməyinin nəticəsini, ilk növbədə, kursantın qazandığı bilikdə, formalaşan dünyagörüşündə və müstəqil düşünmək bacarığında özünü göstərir. Vaxtilə dərsdə çətinlik çəkən kursantın sonradan uğur qazandığını görmək, onun əldə etdiyi nailiyyətlərə şahid olmaq müəllim üçün böyük qürur hissidir. Düşünürəm ki, insanı bu peşədə uzun illər çalışmağa sövq edən də məhz belə məqamlar, gördüyü əməyin nəticəsini hiss etməsidir. Mənim üçün müəllimlik yalnız bilik vermək deyil, gələcəyə öz töhfəni verməkdir.
Heydər Əliyev adına Hərbi İnstitutun müəllimi Zaur Hüseynov:
- Mənim üçün müəllimlik yalnız bilik öyrətmək deyil, gənclərin dünyagörüşünün, xarakterinin və həyata baxışının formalaşmasına təsir göstərməkdir. Ordu sıralarında xidmət etdiyim illərdə qazandığım təcrübə bu gün pedaqoji fəaliyyətimdə mənə böyük dayaq olub. Birinci Qarabağ müharibəsində Füzuli və Laçın istiqamətlərində keçdiyim döyüş yolu Vətən qarşısında məsuliyyətin nə demək olduğunu daha dərindən dərk etməyimə imkan verib. 2014-cü ildən Heydər Əliyev adına Hərbi İnstitutda müəllim kimi fəaliyyət göstərərək əldə etdiyim bilik və təcrübəni gənc kursantlarla bölüşürəm. Texniki fənlərin tədrisi ilə yanaşı, onların qarşısında duran vəzifələrə məsuliyyətlə yanaşmalarına, nizam-intizamlı və məqsədyönlü olmasına xüsusi önəm verirəm. Hesab edirəm ki, müəllimin əməyinin ən böyük bəhrəsi dərsdə deyil, illər sonra yetişdirdiyi gənclərin Vətənə və xalqa xidmətində görünür. Bu baxımdan hər bir kursantın qazandığı uğuru öz fəaliyyətim üçün mənəvi dəyər hesab edirəm. Müəllimlər Günü münasibətilə bütün həmkarlarımı təbrik edir, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıram.
Heydər Əliyev adına Hərbi İnstitutun müəllimi Aytən Həsənli:
- Müəllimlik həyatımda seçdiyim bir peşədən daha çox, hər gün yenidən mənasını kəşf etdiyim bir yoldur. Tarix müəllimi olduğum üçün keçmişi öyrətməklə yanaşı, tələbələrimdə tarixə qarşı maraq oyatmağa və onları hadisələrin arxasındakı səbəblər haqqında düşünməyə sövq etməyə çalışıram. “Azərbaycan tarixi” və “Antik tarix” dərslərində mənim üçün ən dəyərli məqam kursantın mövzuya münasibətinin dəyişdiyini, sual verməyə və araşdırmağa başladığını görməkdir. Pedaqoji fəaliyyətimin ilk illərində hər dərsin mənə də yeni bir təcrübə qazandırdığını və müəllim olmağın daim öyrənməyi tələb etdiyini daha yaxından hiss etdim. Mən inanıram ki, yaxşı müəllim hazır cavabları təqdim edən deyil, kursantlara doğru yanaşmanı aşılayan insandır. Tarixi sevdirə bilmək mənim üçün xüsusi məsuliyyətdir, çünki öz keçmişini tanıyan gəncin bu gününü daha yaxşı dəyərləndirəcəyinə və gələcəyini daha inamla quracağına inanıram. Müəllimlər Günü münasibətilə bütün həmkarlarımı ürəkdən təbrik edir, onların əməyinin cəmiyyətin gələcəyinə səssiz, lakin çox böyük təsir göstərdiyinə inanıram. Mənim üçün müəllimlik illər sonra xatırlanacaq bir peşəyə sahib olmaq və kursantlarımın həyatında faydalı bir iz buraxmaq arzusudur.
Bakı Hərbi Kollecinin müəllimi, ehtiyatda olan polkovnik-leytenant Əhməd Hacıyev:
- Bakı Hərbi Kolleci yarandığı gündən burada pedaqoji fəaliyyətimi davam etdirirəm. 2013-cü ildən Azərbaycan Ordusu sıralarından tərxis olunduqdan sonra keçmiş Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) uzun illər müəllim kimi çalışmışam. Səy göstərmişəm ki, bu günün kursantları, sabahın isə zabitləri həm nəzəri, həm də praktiki biliklərə dərindən yiyələnsinlər. Ordu sıralarında qazandığım zəngin təcrübəmi hər zaman böyük həvəslə kursantlara öyrətmişəm. İrkutsk Hərbi Aviasiya Mühəndisliyi Məktəbində “Təyyarə, vertolyot və aviasiya mühəndisləri” ixtisası üzrə təhsil almışam. Keçmiş sovet ordusunda hərbi xidmətə başlasam da, 1992-ci ilin iyulundan 2013-cü ilədək müstəqilliyini yenidən bərpa edən doğma Vətənim Azərbaycanda ordu sıralarında hərbi xidmətimi qürurla davam etdirmişəm. Bütün peşələrin özəllikləri var. Müəllimlik peşəsinin özəlliyi cəmiyyətimizi maarifləndirməkdir. Gələcəyin işıqlı, ziyalı insanlarını yetişdirməkdir. Müəllim ailəsində doğulub böyümüşəm. Atam 19 il Şəkinin Baş Göynük kənd orta məktəbinin direktoru olub. Ailədə bir bacım, iki qardaşım, qızım müəllimdir. Bu gün fəxr edirəm ki, ordumuzun sıralarında yüksək rütbəli, komandir heyətində xidmət edən çoxlu sayda yetirmələrim var. Müəllim üçün bundan böyük sevinc ola bilməz. Mən dərs zamanı həmişə deyirəm ki, müstəqil Azərbaycanımızın hava sərhədlərinin keşiyində dayanmaq sizlərin - bu günün müdavimlərinin taleyinə yazılmışdır. Bütün müəllim həmkarlarımı 5 Oktyabr - Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinə işlərində yeni uğurlar arzulayıram.
Bakı Hərbi Kollecinin müəllimi Tural Vəlizadə:
- 12 illik pedaqoji fəaliyyətim var. Azərbaycan Beynəlxalq Universitetini “Tarix və ictimaiyyət” ixtisası üzrə yüksək nəticələrlə bitirmişəm. Təhsilin magistratura və doktorantura pillələrini Bakı Dövlət Universitetinin “Tarix” fakültəsində uğurla davam etdirmişəm. 2014-2017-ci illlərdə Bakı Dövlət Universiteti və 2018-2024-cü illərdə Qərbi Kaspi Universitetində çalışıb, gənc nəslin maariflənməsində əməyimi, savad və bacarığımı əsirgəməmişəm. Gənclər bizim gələcəyimizdir. Biz müəllimlər onların yoluna işıq salmalı, dövlətimizə əsl vətəndaş olan doğru, düzgün və sağlam ruhlu gənclik yetişdirməliyik. Bunlar biz müəllimlərin müqəddəs amalıdır. 2024-cü ilin sentyabrından isə Bakı Hərbi Kollecində Vətənimizin gələcək müdafiəçilərinə və keşikçilərinə şanlı tariximizi öyrədirəm. Tarix fənni ilə yanaşı, eyni zamanda, Azərbaycanın geosiyasi vəziyyəti fənnini də kursantlara tədris edirəm. Kursantlar Zəfər tariximizi böyük həvəslə öyrənirlər. Biz müəllimlər yalnız hərbçi deyil, həmçinin sabahın güclü, qüdrətli Azərbaycan Ordusunun müstəqil qərar verəcək məsuliyyətli, peşəkar hərbi qulluqçusunu formalaşdırırıq.
1988-ci ildə Laçın rayonunda doğulmuşam. Anam Səmayə Əzimova Laçın şəhər 11 saylı məktəbdə ingilis dili müəllimi işləyib. Müəllimlik peşəsinə olan sevgim də anamla bağlıdır. Taleyimə çox kiçik yaşlarımdan qaçqınlıq, köçkünlük həyatı yaşamaq düşüb. Şükürlər olsun bu günə. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər və 2023-cü il 19-20 sentyabr tarixlərində keçirdiyi uğurlu antiterror əməliyatları nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Artıq mən və doğmalarım ata yurdumuz olan Laçınımıza qovuşmuşuq.
Şərəfli peşə sahibləri olan Azərbaycan müəllimlərini ürəkdən təbrik edir, çətin fəaliyyətlərində müvəfəqqiyyətlər arzulayıram.