AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi peşə öz mahiyyətinə görə xüsusi məsuliyyət tələb edir. Bu peşəni seçən insan üçün hərbi mundir yalnız geyim deyil, üzərinə götürdüyü məsuliyyətin rəmzidir. Hərbçi olmaq nizam-intizama, dəqiqliyə, dözümlülüyə və ən başlıcası, Vətənə sədaqətlə bağlılıq deməkdir. Bu seçimə gedən yol isə çox zaman uşaqlıqdan formalaşan arzu və maraqlardan başlayır.
Bu dəfə yolumuzu Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta saldıq. Məqsədimiz birinci kursda təhsil alan kursantlarla söhbət etmək, onların hərbi peşəyə marağının haradan yarandığını, kursantlıq anlayışını necə dərk etdiklərini və seçdikləri bu müqəddəs yola münasibətlərini öyrənmək idi.
“Azərbaycan Ordusu”
Kursant Əliyev Muhəmməd Rafiq oğlu: “Zabit olmaq uşaqlıq arzum olub. Bu il orta məktəbi bitirib sənədlərimi Milli Müdafiə Universitetinə təqdim etdim. Lazım olan balı toplayıb Heydər Əliyev adına Hərbi İnstituta qəbul oldum. Həmin gün həyatımın ən uğurlu və unudulmaz günü idi. Çünki gələcəyim həmin gündən başlayırdı. Kursant andını qəbul etmişəm. Qarşımda içdiyim andın tələblərini yerinə yetirmək kimi mühüm vəzifə dayanır. Hərbi institutu müvəffəqiyyətlə bitirib “leytenant” hərbi rütbəsində xidmətə başlayacağım günü səbirsizliklə gözləyirəm.
Zabit olmaq şərəflidir. Daşıdığım hərbi mundir mənə böyük məsuliyyət vəd edir. Bu məsuliyyətin öhdəsindən bacarıqla gəlmək isə mənim müqəddəs borcumdur. Çalışacağam ki, burada tədris olunan hərbi bilikləri dərindən mənimsəyim. Çünki zabit kimi ordumuzun sıralarında xidmətə başlayanda tabeliyimdə Vətən müdafiəçiləri də olacaq. Onlara burada qazandığım bilikləri aşılamaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bunun üçün də savadlı zabit olmalıyam ki, qeyd etdiklərimin öhdəsindən layiqincə gəlim.
Atam Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə ilə bağlı mənə öz xatirələrini danışıb. O zaman ordumuzda mövcud olmuş pərakəndəlik torpaqlarımızın işğalı ilə nəticələndi. İkinci Qarabağ müharibəsi isə bunun tam əksi oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında güclü, peşəkar ordu formalaşdı. Qısa müddətdə işğal altında qalmış torpaqlarımız azad edildi. Bu gün bizim üzərimizə azad olunmuş torpaqlarımızı qorumaq kimi böyük məsuliyyət düşür. Bunun üçün əlimizdən gələni etməli, bizə olan etimadı doğrultmalıyıq”.
Kursant Əmirli Əli Yasif oğlu: “Yardımlı rayonunda anadan olmuşam. Tez-tez rayonumuzda əsgərləri görürdüm. Mənə böyüyəndə hərbçi olmağa maraq oyadan mülki adamlardan fərqlənən hərbi geyimli əsgərlər olublar. Orta məktəbdə oxuyanda hərbi peşəyə marağım daha da artdı. Qərara gəldim ki, məktəbi bitirib sənədlərimi Heydər Əliyev adına Hərbi İnstituta verim. Bu gün çox sevinirəm ki, arzu etdiyim ali hərbi təhsil ocağının kursantıyam. Vətənimə, xalqıma şərəf və ləyaqətlə xidmət edəcəyimə and içdim. Hərbi Andı qəbul etməklə üzərimə daha böyük məsuliyyət götürmüş oldum.
Zabit olub ana Vətənimizi qorumaq, torpaqlarımızın keşiyində dayanmaq ən böyük amalımdır.
Kursant olaraq qarşıma hədəf qoymuşam ki, hərbi bilikləri dərindən mənimsəyərək ordumuza töhfə verim. Bunun üçün yaxşı oxumaqla yanaşı, hərbi intizam, çalışqanlıq, məsuliyyət hissi olmalıdır. Bu vərdişləri də özümdə formalaşdırmağa çalışıram.
Kursant olmazdan əvvəl valideynlərim bu peşənin çətinliklərini və üstünlüklərini mənə izah ediblər. Hər bir çətinliyin öhdəsindən layiqincə gələcəyim barədə onlara söz verdim. Ümid edirəm ki, bu hərbi təhsil ocağını müvəffəqiyyətlə başa vurub, zabit kimi qalib ordunun sıralarında xidmətə başlayacağam”.
Kursant Mirzəyev Mehdi Hidayət oğlu: “Vətən sevgisi insanın qəlbində uşaqlıqdan formalaşan və illər keçdikcə daha da möhkəmlənən ali duyğulardan biridir. Bu sevgi mənim də həyat yolumu müəyyən edən əsas amillərdən biri oldu. Uşaqlıqdan Vətənimizi, müqəddəs üçrəngli bayrağımızı, şəhidlərimizi böyük qürur hissi ilə tanımışam, dərk etmişəm, formalaşmışam.
2020-ci ildə Vətən müharibəsinin başlaması və Azərbaycan Ordusunun qazandığı Qələbə mənim həyatımda xüsusi iz buraxdı. Həmin günlərdə hərbçilərimizin göstərdiyi şücaəti izlədikcə Vətən qarşısında xidmət etməyin nə qədər böyük məsuliyyət, eyni zamanda, müqəddəs olduğunu daha dərindən anladım. Qələbə xəbərləri xalqımızda böyük sevinc və qürur hissi yaşatmaqla yanaşı, bir çox gənclərin gələcək həyatı ilə bağlı düşüncələrini də dəyişdi. Vətən müharibəsinin getdiyi o günlərdə mən də belə bir qərar verdim - hərbçi olacağam və qalib Azərbaycan Ordusunun sıralarında xidmət edəcəyəm.
Hərbçi peşəsini seçərkən qarşıda məni çətin, lakin şərəfli bir yolun gözlədiyini bilirdim. Kursant kimi keçirdiyim hər gün hərbi peşənin yalnız forma geyinməkdən ibarət olmadığını, bunun böyük intizam, məsuliyyət və Vətənə sədaqət tələb etdiyini əyani surətdə öyrədir.
Həyatımın ən qürurlu və yaddaqalan anlarından birini yaşayıram. Azərbaycan Respublikasının Dövlət Bayrağı qarşısında Hərbi And içmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Andı səsləndirərkən ailəmi, Vətənimi və bu günə qədər keçdiyim yolu düşündüm. Bu an mənə bir daha göstərdi ki, seçdiyim yolun məsuliyyəti böyükdür və mən bu məsuliyyəti layiqincə daşımağa çalışacağam. Qarşıda məni yeni biliklər, sınaqlar və çətinliklər gözləsə də, məqsədim dəyişməzdir - savadlı, intizamlı və Vətənimə sədaqətli hərbçi olmaq.
Bu gün içdiyim Hərbi Andı həyatımın ən müqəddəs öhdəliklərindən biri hesab edirəm. İnanıram ki, Vətən sevgisi, məsuliyyət hissi və daim öz üzərimdə çalışmağım məni qarşıma qoyduğum məqsədə çatdıracaq. Mənim üçün bu yalnız andiçmə mərasimi deyil, Vətənə xidmət yolunda yeni bir başlanğıcdır”.
Kursant Qəhrəmanov Şaiq Faiq oğlu: “Vətənpərvər bir ailədə dünyaya göz açmışam. Uşaqlıqdan hərbi formaya və bu formanı şərəflə daşıyan insanlara böyük sevgim, rəğbətim olub. Yaxın qohumlarımın arasında hərbçilərin olması mənim bu peşəyə olan marağımı daha da artırıb. Həmişə düşünmüşəm ki, bir gün mən də canımdan çox sevdiyim Vətənimə məhz hərbi qulluqçu kimi xidmət edəcəyəm.
Bir kursant kimi Hərbi And içmək həmin arzuma gedən yolda ən önəmli addımlardan biridir. Mənim üçün andiçmə mərasimində yaşadığım hissləri sözlə ifadə etmək çox çətindir. Bir tərəfdən böyük qürur, digər tərəfdən isə üzərimdəki məsuliyyətin ağırlığı. Artıq bilirəm ki, seçdiyim yol həm çətin, həm də şərəflidir. Qarşıda məni uzun yol və yeni sınaqlar gözləyir. Mən bütün bunlara hazırlıqlı olmağa və hər gün özümdə yeni bir xüsusiyyət formalaşdırmağa çalışacağam.
Kursantlıq illərimi yalnız təhsil dövrü kimi deyil, gələcək zabitliyə hazırlıq mərhələsi kimi görürəm. Ən böyük istəyim hərbi sahədə özümü doğrultmaq və qazandığım bilikləri Vətənimin müdafiəsində istifadə etməkdir. İstəyirəm ki, gələcəkdə tabeliyimdəki əsgərlər üçün məsuliyyətli və savadlı komandir olum.
Eyni zamanda, valideynlərimin mənə olan inamını doğrultmaq və mənimlə fəxr etmələri üçün əlimdən gələni edəcəyəm. Hər bir çətinliyin məni məqsədimə daha da yaxınlaşdıracağına inanıram. Azərbaycan Ordusunun qalibiyyətlərlə dolu tarixinin davamında mənim də kiçik bir izimin olması ən böyük arzularımdandır.
Təhsil müddətində öz üzərimdə çox çalışaraq, layiqli zabit olmaq üçün əlimdən gələni edəcəyəm. İçdiyim andı ömrüm boyu məsuliyyət və şərəflə daşıyacağam. Mənim üçün Vətənə xidmət böyük bir etimaddır. Bu etimadı doğrultmaq üçün var gücümlə çalışacağam”.
Kursant Əlizadə Altun Elburus oğlu: “Azərbaycanın şərəfli döyüş yolu keçmiş və zəngin tarixi ənənələrə malik hərbi təhsil ocağının kursantı adını daşıdığım üçün çox qürurluyam. Bu gün kursant adını daşıyıram, sabah isə Vətənimizin müdafiəsini, ərazi bütövlüyü və suverenliyini qoruyan bir ordunun zabitləri sırasında olacağam. O anları fikirləşəndə çox sevinirəm. O sıralarda fəxrlə dayanmaq üçün məsuliyyətli, nizam-intizamlı olmalı, ömrümü bağladığım peşənin sirlərinə dərindən yiyələnməliyəm. Bütün hazırlıqlarım da yüksək səviyyədə olmalıdır. Biz kursantlar sabaha, gələcəyə böyük inam və ümid hissi ilə baxırıq. Ona görə ki, bizim müstəqilliyi əbədi, dönməz və sarsılmaz olan qüdrətli dövlətimiz, Müzəffər Ali Baş Komandanımız var. Ona görə ki, dünyanın ən güclü orduları sırasında yer alan peşəkar, yüksək döyüş qabiliyyətinə malik ordumuz və bu ordunu özünə güvənc yeri bilən xalqımız var. 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərimiz də dövlət-xalq-ordu birliyinin, monolit vəhdətin nəticəsi idi. Ordumuzun vətənpərvər, fədakar hərbi qulluqçuları qanı və canı bahasına qələbəmizi təmin etdilər. Biz kursantlar şəhidlərimizin şərəfli ömür və döyüş yollarını özümüzə örnək bilirik. Onların Vətən adlı əmanətini göz bəbəyimiz kimi qoruyacağımıza and içmişik. Bütün kursant yoldaşlarıma təhsillərində uğurlar arzulayıram”.
Kursant Həsənli Orxan Vüsal oğlu: “Mən də Heydər Əliyev adına Hərbi İnstitutun kursantı adını daşımağımla qürur hissi keçirirəm. Qarşıda bizi çox məsuliyyətli və çətin bir dövr gözləyir. Hərbi peşə məsuliyyətli, çətin olduğu qədər də, müqəddəsdir, şərəflidir. Biz kursantlar seçdiyimiz ixtisası dərindən öyrənməli, hərbi vərdişlərə mükəmməl yiyələnməliyik ki, gələcəyin peşəkar zabiti kimi formalaşaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixin sınaqlarından çıxmış qüdrətli ordumuz respublikamızın ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır. Qalib Azərbaycan Ordusu gecə-gündüz torpaqlarımızın keşiyindədir.
Ən böyük arzum hərbi təhsilimi uğurla başa vurub işğaldan azad olunmuş ərazilərimizdə zabit kimi xidmət etməkdir. Bilirəm ki, bunun üçün dərslərimə məsuliyyətlə yanaşmalı, seçdiyim ixtisas üzrə nəzəri və praktiki biliklərimi, bacarıqlarımı daima artırmalıyam. Hərbi Andı qəbul etdiyimiz gün həyatımızın ən şərəfli günlərindən biri kimi yaddaşımıza yazıldı. Bu münasibətlə kursant yoldaşlarımı təbrik edir, onlara dərslərində müvəfəqqiyyətlər arzulayıram. Müqəddəs Vətən andınız mübarək, əziz kursant yoldaşlarım!”
Kursant Səttarova Leyla Şamxal qızı: “Bu gün sadəcə öz adımı deyil, dünyaya göz açdığım Masallı elinin adını da burada şərəflə daşıyıram. Özümü təkcə Hərbi Andı qəbul etmiş kursant kimi yox, Vətən qarşısında övladlıq borcunu ödəyən fərd olaraq hiss etməkdən qürur duyuram. Atamın hərbi sahədə keçdiyi yol, qürur və maraqla danışdığı söhbətlər məndə lap uşaqlıqdan bu sahəyə böyük həvəs yaratdı. Özümə inanaraq bu sahə üzrə hazırlaşmağa başladım və yüksək nəticə topladım.
Arzuladığım sahə olsa da, çıxdığım bu yolun necə məsuliyyətli və çətin olduğunun da fərqindəyəm. Heydər Əliyev adına Hərbi İnstitutda ixtisasımın nəzəri və praktiki tələblərini daha dərindən mənimsəyəcək, gələcək xidmətimdə qüsursuz tətbiq edəcəyəm. Mən də atam kimi qarşıma çıxan çətinliklərin öhdəsindən layiqincə gəlmək üçün əzmlə çalışacağam. Çünki əynimdə daşıdığım formanın, seçdiyim peşənin məsuliyyətinin fərqindəyəm. Bu mənim üçün böyük fəxrdir. Buna görə də andiçmə mərasimində Vətənə, Azərbaycan Ordusuna layiqincə xidmət edəcəyimə and içdim”.
Kursant Mirzəyev Əlseyran Müşviq oğlu: “Əslən Şamaxı rayonundanam. Heydər Əliyev adına Hərbi İnstituta qəbul olmaqdan qürur hissi keçirirəm. Hərbçi olmaq, Vətənə xidmət etmək hələ uşaq yaşlarımdan ən böyük arzum olub. Elə buna görə də orta təhsilimi bitirdikdən sonra ali hərbi təhsil almaq üçün sənədlərimi aidiyyəti üzrə verdim.
Bu istəyi məndə hazırda ordu sıralarımızda xidmət edən yaxın qohumum Musa yaradıb. O, da Heydər Əliyev adına Hərbi İnstitutun məzunudur. Onu hərbi geyimdə görəndə həmişə heyranlıqla baxırdım. Buraxılış günlərində evə gələndə mütləq onunla görüşər, xidmət barədə məni maraqlandıran suallar verərdim. Musa hazırda xidmətdədir, baş leytenantdır. İkinici Qarabağ müharibəsində də iştirak edib. Hazırda seçdiyim ixtisas da təsadüfi deyil. Hər zaman bu ixtisas mənə maraqlı olub və bu sahəni öyrənməkdə həvəsli olmuşam. Burada ixtisasımızın incəlikləri ilə yanaşı, çətin vəziyyətlərdə düzgün qərar vermək, liderlik keyfiyyətlərini inkişaf etdirmək və stresə davamlı olmaq kimi bacarıqlar da formalaşır.
Komanda şəklində yerinə yetirilən tapşırıqlar, vaxtdan səmərəli istifadəyə və ən əsası da vətənpərvərlik hissinin formalaşmasına müsbət təsir göstərir.
Müəllimlərimiz arasında peşəkar hərbçilər var ki, onların keçdiyi dərslərin gələcək xidmətimizi düzgün qurmaqda kömək edəcəyinə əminik. Seçdiyim ixtisasın bütün sirlərini öyrənəcəyəm. Qarşıda bizi çətin sınaqlar gözləyir. Bu sınaqlardan üzüağ çıxmaq üçün bütün qüvvəmi səfərbər edəcəyəm.
Daşıdığım hərbi mundirin ağırlığını, məsuliyyətini hiss edirəm. Cəmiyyətimizin və doğmalarımızın qarşısında Vətənə, Azərbaycan Ordusuna sədaqətlə xidmət edəcəyimə söz vermişəm”.
Kursant İbrahimli Elmir Elxan oğlu: “2009-cu ildə Şamaxı rayonunda anadan olmuşam. Hərbi xidmətə olan marağım və Azərbaycan Ordusunun sıralarında zabit kimi xidmət etmək arzum mənim bu peşəni seçməyimdə əsas amillərdən olub.
“Avtomatlaşdırılmış informasiya sistemləri” ixtisası üzrə təhsil alıram. Kursant olmaq mənim üçün çox önəmli idi. Hər zaman hərbi mundir geyinməyi, Azərbaycan Ordusunun sıralarında xidmət etməyi arzulamışam. Bu arzuma çatmaq üçün qarşıma məqsəd qoyaraq çox çalışdım. Bu gün Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almağım mənim üçün böyük qürur və məsuliyyətdir. Burada tədris olunan hər bir fənnin gələcək zabit kimi formalaşmağımızda mühüm əhəmiyyəti var. Dərslərdə qazandığımız nəzəri bilikləri praktiki məşğələlər zamanı möhkəmləndiririk. Eyni zamanda, müasir hərbi xidmət üçün vacib olan xarici dil biliklərinin inkişafına da xüsusi diqqət yetirilir. İnteraktiv tədris metodlarından istifadə olunması dərsləri daha səmərəli və maraqlı edir. İnanıram ki, burada əldə etdiyim bilik və bacarıqlar gələcək xidmətim üçün möhkəm təməl olacaq. Əsas məqsədim göstərilən etimadı doğrultmaq, peşəkar zabit kimi formalaşmaq və Azərbaycan Ordusunun sıralarında Vətənə vicdanla xidmət etməkdir”.
Kursant Əmrahov Adəm Elsəvər oğlu: “2009-cu ildə Ağdam rayonunda anadan olmuşam. Heydər Əliyev adına Hərbi İnstitutda “Avtomatlaşdırılmış informasiya sistemləri” ixtisası üzrə təhsil alıram. Bu gün seçdiyim peşə üzrə təhsil almaqdan məmnunam. Uşaqlıqdan hərbi sahəyə marağım olub. Qohumlarım arasında hərbi qulluqçuların olması bu marağın daha da güclənməsinə səbəb olub. Onların xidmətindən, hərbi peşəyə münasibətindən bəhrələnərək mən də gələcəkdə bu sahədə çalışmağı qarşıma məqsəd qoydum. Hazırda seşdiyim ixtisasın müasir ordu üçün əhəmiyyətli olduğunu düşünürəm. Təhsil müddətində həm ixtisasımız üzrə biliklər əldə edir, həm də hərbi hazırlığımızı artırırıq. Keçirilən praktiki məşğələlər nəzəri biliklərimizi möhkəmləndirməklə yanaşı, qarşıya qoyulan tapşırıqları daha düzgün yerinə yetirməyimizə imkan verir. Burada qazandığımız biliklərin gələcək xidmətimizdə mühüm əhəmiyyət daşıyacağına inanıram. Qarşıda bizi məsuliyyətli bir xidmət yolu gözləyir. Mən də bu gün qazandığım bilikləri daim təkmilləşdirərək savadlı, intizamlı və peşəkar zabit kimi formalaşmağa çalışacağam. Ən böyük istəyim Azərbaycan Ordusunun sıralarında xidmət edərək Vətənin müdafiəsinə layiqli töhfə verməkdir”.
“Eyni kənddən başlayan böyük arzu”
Azərbaycan cəmiyyətində qadınların təhsil almaq, peşə seçmək və ictimai həyatın müxtəlif sahələrində fəal iştirak etmək hüququ dövlət tərəfindən təmin olunan mühüm prinsiplərdəndir. Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin hüquq və azadlıqlarının bərabərliyi təsbit olunub. Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti qadınların müxtəlif peşə və fəaliyyət sahələrində öz potensiallarını reallaşdırmasına imkan yaradır. Bu yanaşma hərbi təhsil və xidmət sahəsində də özünü göstərir. Hərbi peşə seçən qadınlar da bilik və bacarıqlarını artıraraq Vətənin müdafiəsi işinə öz töhfələrini verirlər.
Xumar, Ayan və Fatimə Şamaxı rayonunun eyni kəndində - Göylər kəndində anadan olub, eyni məktəbdə təhsil alıb, eyni mühitdə böyüyüblər. Uşaqlıqdan biri-birini tanıyan bu üç gənc zaman keçdikcə hərbi peşəyə maraqlarını da bölüşüblər. Onlarla söhbət zamanı diqqətimizi çəkən maraqlı məqamlardan biri isə bu il Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan üç gənc qızın hekayəsinin bir çox cəhətdən eyni başlanğıca malik olması oldu. Onların hərbi mundirə olan sevgi, hərbçi peşəsinə maraq, Vətənə xidmət etmək arzusu onları biri-birinə daha da yaxınlaşdırıb. Onlar həvəslənərək bu şərəfli peşəni seçib və bu gün eyni təhsil müəssisəsində kursant kimi gələcək xidmətlərinə hazırlaşırlar.
Onları birləşdirən daha bir mühüm məqam isə ətraflarında hərbi qulluqçuların olmasıdır. Yaxınlarının hərbi xidmətdə olması bu peşə ilə daha yaxından tanış olmalarına, hərbçi həyatına maraq göstərmələrinə və gələcək seçimlərini müəyyənləşdirmələrinə təsir edib. Beləliklə, eyni kənddə, eyni məktəbdə başlayan dostluq bu gün eyni hərbi təhsil ocağında davam edir.
Həmsöhbətlərimizdən ilk olaraq Xumar Sayıdova ilə söhbətləşdik. Onun hərbi peşəyə marağının formalaşmasında hərbi qulluqçu olan bibisioğlu mühüm rol oynayıb.
Xumar hərbi mundir daşımağın onun üçün böyük şərəf olduğunu dedi: “Dövlətimiz tərəfindən bizə göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağıq. Burada yaradılan şərait olduqca yaxşıdır. Tədrisin keyfiyyəti bizə yeni biliklərə yiyələnmək üçün geniş imkan yaradır”.
Xumarın danışığında hərbi peşəyə olan maraq və bağlılıq aydın hiss olunurdu. Onun üçün kursantlıq yalnız hərbi təhsil almaq deyil, gələcək xidmətə ciddi hazırlıq mərhələsidir. Əminik ki, həmsöhbətim qarşısına qoyduğu məqsədə inamla addımlayacaq, gələcəkdə Azərbaycan Ordusunun sıralarında layiqli xidmət edəcəkdi.
Söhbətimizi Ayan Alıyeva ilə davam etdiririk. Eyni məktəbdə təhsil aldığı Xumar və Fatimə ilə birlikdə hərbi peşəyə maraq göstərməsi Ayanın həyatında bu seçimin daha da möhkəmlənməsinə səbəb olub.
Onun sözlərinə görə hərbi peşəyə marağı hələ uşaqlıq illərindən başlayıb. Hərbi mundirə olan xüsusi rəğbəti zaman keçdikcə hərbçi olmaq arzusuna çevrilib. Bu gün isə o, uşaqlıq arzusunun gerçəkləşdiyi bir mühitdə təhsil alır: “Hərbçi peşəsini seçmək çətin ola bilər. Çünki bu peşənin məsuliyyəti böyükdür. Amma bu sahəyə olan sevgi və istək, Vətənə xidmət etmək arzusu həmin çətinlikləri dəf etməyə kömək edir. Yaxınlarımın mənə dəstəyini heç vaxt unutmaram. İndi mən öz arzuladığım yerdəyəm. Həmyaşıdlarıma tövsiyə edərdim ki, onlara da sevdikləri, xəyalını qurduqları peşəyə yiyələnsinlər”.
Ayan Alıyeva Hərbi institutda yaradılan şəraitdən, tədrisin təşkilindən və müəllimlərin fəaliyyətindən də danışdı. Onun fikirlərindən hiss olunurdu ki, hərbi peşəyə marağı sadəcə uşaqlıq arzusu olaraq qalmayıb, artıq məqsədə çevrilib.
Növbəti həmsöhbətimiz isə Fatimə Salahova olur. Fatimənin hərbi peşəyə marağının yaranmasında isə dayısının hərbi xidməti xüsusi yer tutur. Onun sözlərinə görə dayısının Vətən müharibəsində iştirakı və hazırda Azərbaycan Ordusunda xidmətini davam etdirməsi bu sahəyə sevgisinin yaranmasına təsir edən əsas amillərdəndir: “Hərbçi olmaq məsuliyyəti anlamaqdır. Bu sahə nizam-intizamı, məsuliyyəti, durmadan özünü təkmilləşdirməyi sevir. Müəllimlərimiz tədris zamanı biliklərimizin təkmilləşdirilməsi üçün müasir və innovativ metodlardan istifadə edirlər. Deyərdim ki, bir il ərzində bu sahə ilə bağlı çox bilikləri mənimsəmişəm. İnanıram ki, Hərbi institutu uğurla başa vuraraq Azərbaycan Ordusunun sıralarında zabit kimi xidmətimi davam etdirəcəyəm”.
Fatimənin fikirlərindən də görünür ki, seçdiyi peşəyə münasibəti təsadüfi deyil. Ailəsində hərbi xidmət nümunəsinin olması, dostlarının bu istiqamətdə eyni arzunu bölüşməsi və Vətənə xidmət etmək istəyi onun qərarının formalaşmasına təsir göstərib.
Kursantlarla söhbətimizdə bir məqam xüsusilə diqqət çəkirdi. Hər birinin öz hekayəsi, öz təsir mənbəyi var. Lakin bütün bu səbəbləri birləşdirən ümumi amal Vətənə xidmət etmək istəyidir. Digər tərəfdən, onların eyni rayonda, eyni kənddə, eyni məktəbdə təhsil alması və eyni mühitdə böyüməsi bu hekayəyə xüsusi məna verir. Bir vaxtlar eyni məktəbin şagirdləri olan üç qız bu gün eyni hərbi təhsil ocağının kursantlarıdır. Sabah isə eyni ordunun zabitləri sırasında olacaqlar, Vətənə olan borclarını şərəflə yerinə yetirəcəklər.
Bu gün Xumar, Ayan və Fatimə həyatlarının yeni mərhələsini yaşayırlar. Qarşılarında uzun təhsil və xidmət yolu var. Bu yolda onların ən böyük dayaqları əldə etdikləri biliklər, müəllimlərinin tövsiyələri, ailələrinin dəstəyi və biri-birilərinə verdikləri mənəvi ruhdur. Qarşıya qoyduqları məqsəd isə birdir - seçdikləri peşənin layiqli nümayəndəsi olmaq və Azərbaycan Ordusunun sıralarında Vətənə şərəflə xidmət etmək. Xumar, Ayan və Fatiməyə bu yolda uğurlar arzulayırıq. Qoy onların bu gün başladıqları kursantlıq yolu gələcəkdə peşəkar zabitlik zirvəsinə aparsın.