Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 2026 19:00

Birliyin gücü döyüş meydanında

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təlimi qarşılıqlı fəaliyyət, döyüş hazırlığı və səhra təminatının vəhdəti ilə yadda qaldı

Sentyabrın 21-dən oktyabrın 1-dək Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə “Birliyin Gücü-2026” birgə hərbi təlimi keçirildi. Təlimin əsas mərhələləri Xocavənd rayonunda yerləşən “Qızılqaya” təlim poliqonunda təşkil olundu. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasındakı “Qarabağlar”, Bakı şəhərindəki “Qaraheybət” təlim mərkəzlərində və Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim sahəsində də müxtəlif istiqamətlər üzrə tapşırıqlar icra edildi. Təlimin məqsədi iştirakçı ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və dostluq əlaqələrinin gücləndirilməsi idi. Qarşıya qoyulan məqsədlərə uyğun olaraq idarəetmə, rabitə, atəş hazırlığı, bölmələrin əlaqələndirilmiş fəaliyyəti və digər praktiki tapşırıqlar yerinə yetirildi. 
Müxtəlif təlim məntəqələrinin seçilməsi şəxsi heyətin fərqli şəraitlərdə fəaliyyət imkanlarının yoxlanılmasına imkan yaratdı. Quru, hava və dəniz istiqamətlərində keçirilən məşqlər ümumi ssenarinin ayrı-ayrı mərhələlərini təşkil etməklə hərbi qulluqçuların müxtəlif şəraitlərdə qərar qəbul etmək və verilən tapşırıqları icra etmək bacarığını möhkəmləndirdi. Qarşıya qoyulan tapşırığın icrası, ilk növbədə, vəziyyətin düzgün qiymətləndirilməsindən başlayırdı. Təlim üzrə yaradılmış vahid qərargahda məlumatlar toplanır, təhlil edilir, bölmələrin qarşısında duran vəzifələr müəyyənləşdirilir və onların icrası əlaqələndirilirdi. Bu prosesdə rabitə sistemlərinin fasiləsiz fəaliyyəti xüsusi əhəmiyyət daşıyırdı. Məlumatların vaxtında ötürülməsi, qəbul edilən qərarların icraçılara çatdırılması və bölmələrdən daxil olan məlumatların dərhal qərargaha ötürülməsi idarəetmənin əsas elementlərini təşkil edirdi. Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə fəaliyyəti isə vahid qərargah qərarlarının səhra şəraitində ardıcıl icrasını tələb edirdi. Qərargahdakı hazırlıqdan sonra əsas fəaliyyət səhra şəraitində davam etdirildi. Bölmələrin müəyyən olunmuş ərazilərə çıxarılması, mövqelərin tutulması, hərəkətin təşkili, atəş vasitələrinin tətbiqi və şərti düşmənin fəaliyyətinin qarşısının alınması üzrə tapşırıqlar yerinə yetirildi. Təlimin dinamik epizodlarından biri helikopterlərdən desantların endirilməsi oldu. 
Hava vasitələrinin müəyyən edilmiş əraziyə yaxınlaşmasından sonra şəxsi heyət desant üsulu ilə əraziyə çıxarıldı. Bölmələr qısa müddətdə mövqelərini tutaraq növbəti tapşırıqların icrasına başladılar. Ərazidə hərəkət edən bölmələr qarşıya qoyulan tapşırıqlara uyğun olaraq mövqeləri tutdular və şərti terrorçu qruplaşmalarının zərərsizləşdirilməsi üzrə fəaliyyət göstərdilər. Atəş vasitələrinin tətbiqi zamanı hədəflərin müəyyənləşdirilməsi və atəşin bölmələrin hərəkəti ilə uzlaşdırılması təmin edildi. Bu mərhələdə şəxsi heyətin hazırlığının ayrı-ayrı elementləri vahid prosesdə birləşirdi. Hərəkət, mövqe tutma, atəşin təşkili və digər fəaliyyətlər ardıcıl icra olunaraq döyüş şəraitinə yaxın vəziyyətdə bölmələrin imkanlarını yoxlamağa imkan verirdi.
Döyüş meydanındakı fəaliyyətin davamlılığı isə arxa cəbhədə görülən işlərdən birbaşa asılı idi. Şəxsi heyətin qidalanması, tibbi xidməti, texniki və nəqliyyat təminatı, eləcə də yerləşdirilməsi əvvəlcədən müəyyən edilmiş qaydada təşkil olunurdu. Səhər saatlarından yeməkxanada hazırlıq işlərinə başlanılırdı. Ərzağın qəbulundan yeməyin hazırlanmasına və paylanmasına qədər bütün proses müəyyən olunmuş qrafik üzrə aparılırdı. Şəxsi heyətin vaxtında qidalanması üçün mətbəx heyəti ilə digər təminat xidmətləri arasında koordinasiya saxlanılırdı. 
Tibbi təminat da fəaliyyətin mühüm istiqamətlərindən idi. Təlim ərazisində tibbi məntəqə və mobil hospital fəaliyyət göstərir, tibbi heyət zəruri hallarda operativ yardım göstərmək üçün hazırlıq vəziyyətində saxlanılırdı. Bununla yanaşı, texniki heyət döyüş və nəqliyyat vasitələrinin sazlığını yoxlayır, aşkar olunan nasazlıqları qısa müddətdə aradan qaldıraraq texnikanı növbəti tapşırığa hazırlayırdı.
Nəqliyyat vasitələri şəxsi heyətin, avadanlıqların və zəruri vasitələrin müxtəlif məntəqələrə çatdırılmasını təmin edirdi. Təlimin bir neçə ərazidə keçirilməsi bu işin dəqiq planlaşdırılmasını tələb edirdi. Belə ki, nəqliyyat təminatında yaranacaq gecikmə digər xidmətlərin fəaliyyətinə də təsir göstərə bilərdi.
Səhra şəraitində yalnız döyüş və təminat məsələlərinin deyil, şəxsi heyətin sosial-məişət ehtiyaclarının da düzgün təşkili vacib idi. Hərbi qulluqçuların yerləşdirilməsi, yataq yerlərinin hazırlanması, məişət ehtiyaclarının qarşılanması və istirahət üçün şərait yaradılması gündəlik rejimə uyğun həyata keçirilirdi.
Günün gərgin məşqlərindən sonra şəxsi heyətin istirahəti və növbəti fəaliyyətə hazırlığı üçün vaxt ayrılırdı. Qidalanma, yuxu, şəxsi gigiyena və digər məişət ehtiyaclarının qarşılanması hərbi qulluqçuların normal fəaliyyət göstərməsi üçün zəruri şərtlər idi. Elə bu səbəbdən sosial-məişət təminatı ümumi hazırlıq prosesindən ayrı deyil, onun mühüm hissəsi kimi təşkil olunurdu.
Təlim meydanında baş verən hadisələrin operativ işıqlandırılması üçün “Təlim-Səhra” qəzeti də hazırlandı. Nəşrin səhifələrində keçirilən məşqlər, döyüş epizodları, şəxsi heyətin fəaliyyəti, təminat işləri və üç ölkənin hərbi əməkdaşlığı ilə bağlı materiallar dərc olundu. Səhra şəraitində hazırlanan qəzet hadisələrin gündəlik xronikasını əks etdirir, təlimin ayrı-ayrı məqamlarını şəxsi heyətə və oxuculara çatdırırdı. Foto və mətn materiallarının hazırlanması da informasiya təminatının çevikliyini göstərirdi.
İntensiv məşqlərlə yanaşı, hərbi qulluqçuların asudə vaxtının təşkili də diqqətdə saxlanılırdı. Tennis və müxtəlif oyunlar istirahət imkanlarını genişləndirirdi. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi konsert proqramları isə günün sonunda şəxsi heyətin asudə vaxtının mənalı keçirilməsinə şərait yaradırdı. Musiqi proqramları və birgə istirahət tədbirləri müxtəlif ölkələrdən olan hərbi qulluqçuların qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan verirdi. Bu görüşlər hərbi fəaliyyət zamanı formalaşan peşəkar münasibətləri gündəlik ünsiyyətlə tamamlayırdı.
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə iştirakı təlimin əsas xüsusiyyətlərindən biri kimi müxtəlif təcrübələrin praktiki müstəvidə qarşılaşdırılmasına imkan yaratdı. Bölmələrin eyni ssenari çərçivəsində fəaliyyəti hərbi qulluqçulara bir-birinin fəaliyyət üsullarını müşahidə etmək və qarşılıqlı təcrübədən yararlanmaq imkanı verdi. Üç ölkə arasında hərbi əməkdaşlığın praktik ifadəsi kimi keçirilən bu tədbirlər həm döyüş hazırlığı, həm də hərbi qulluqçular arasında şəxsi münasibətlər baxımından yadda qaldı. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri, Azərbaycan-Özbəkistan dostluğu və üçtərəfli hərbi əməkdaşlıq təlimin ümumi mühitində öz əksini tapdı.
Beləliklə, təlim meydanında keçirilən döyüş epizodları, qərargah fəaliyyəti və təminat işləri vahid prosesin müxtəlif istiqamətlərini təşkil etdi. Bir tərəfdə qərar qəbul edən və idarə edən qərargah, digər tərəfdə tapşırığı yerinə yetirən bölmələr, onların arxasında isə fasiləsiz təminatı həyata keçirən xidmətlər fəaliyyət göstərirdi. Təlim çərçivəsində keçirilən məşqlər, döyüş atışları, hava-desant epizodları və digər praktiki tapşırıqlar oktyabrın 1-də yekunlaşdırıldı. Bağlanış mərasimində Azərbaycan, Türkiyə və Özbəkistanın hərbi qulluqçuları bir araya gəldilər.
Yekun mərhələdə şəxsi heyət qarşıya qoyulmuş tapşırıqları tamamladı, texnika müəyyən olunmuş məntəqələrə qaytarıldı və təlim ərazisində fəaliyyət başa çatdırıldı. On gün ərzində müxtəlif istiqamətlərdə həyata keçirilən məşqlər hərbi qulluqçuların praktiki hazırlığının möhkəmləndirilməsi ilə yanaşı, üç ölkənin orduları arasında qarşılıqlı fəaliyyət təcrübəsinin genişlənməsinə imkan verdi. Bağlanış mərasimi ilə “Birliyin Gücü-2026” öz işini başa vurdu. Səhra meydanında səslənən son komandalar, yola salınan texnika və bir araya gələn üç ölkənin hərbi qulluqçuları bu birgə fəaliyyətin son mənzərəsini yaratdı. Təlim başa çatsa da, burada qazanılan təcrübə və qurulan peşəkar əlaqələr Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin yaddaşında qaldı.

Tamilla HÜSEYNLİ “Azərbaycan Ordusu”