AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir”.
Cəbrayıl… Bu ad Azərbaycan tarixində uzun illər ayrılıq və həsrətlə çəkilsə də, bu gün azadlığa qovuşmuş digər yurd yerlərimiz kimi, azadlığın, qayıdışın və yenidən dirçəlişin ünvanlarından biridir. Bir vaxtlar işğalın ağır izlərini daşıyan bu torpaq indi yeni yolların salındığı, yaşayış məhəllələrinin, məktəblərin və digər sosial obyektlərin inşa edildiyi böyük quruculuq meydanına çevrilib. Bu, dağıdılmış şəhər və kəndlərin bərpası deyil, həm də xalqımızın doğma yurduna qayıdışının əyani təzahürüdür.
Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunarkən burada bir şəhər, dörd qəsəbə və 92 kənd yerləşirdi. İşğal nəticəsində rayonun 1050 kvadratkilometr ərazisi nəzarətdən çıxdı, 52 minə yaxın insan doğma yurd-yuvasından didərgin düşdü, köçkün həyatı yaşamağa məcbur oldu. Yaşayış məntəqələri dağıdıldı, infrastruktur məhv edildi, tarixi-mədəni irsə qarşı məqsədyönlü vandalizm həyata keçirildi.
Halbuki işğaldan əvvəl Cəbrayıl özünün iqtisadi və sosial imkanları ilə seçilən rayonlardan biri idi. Burada sənaye müəssisələri, kollektiv təsərrüfatlar, kənd təsərrüfatı sahələri, tibb və təhsil müəssisələri fəaliyyət göstərirdi. Üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq kimi ənənəvi təsərrüfat sahələri əhalinin məşğulluğunda mühüm yer tuturdu. Rayonun mədəni həyatı da zəngin idi. Məktəblər, kitabxanalar, mədəniyyət evləri, musiqi məktəbləri və muzey xalqın mənəvi həyatının ayrılmaz hissəsini təşkil edirdi.
Lakin işğal bu mənzərəni kökündən dəyişdi. Cəbrayılın yüzlərlə tarixi və mədəni abidəsi dağıdıldı, bir sıra yaşayış məntəqələri xarabalığa çevrildi. Qədim körpülər, məscidlər, türbələr, qəbirüstü abidələr və digər tarixi nümunələr vandalizmə məruz qaldı. Bütün bunlara baxmayaraq, Cəbrayıl xalqımızın yaddaşından və qəlbindən silinmədi. Əksinə, doğma yurda qayıdış arzusu illər keçdikcə daha da gücləndi və müqəddəs bir amala çevrildi.
Bu qayıdışın ilk addımlarından biri 1994-cü ilin əvvəlində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlının azad edilməsi oldu. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpənin azad olunması isə Cəbrayıl istiqamətində mövqelərimizin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıdı. Bu döyüşlər Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunu, peşəkarlığını və qarşıya qoyulan tapşırıqları yerinə yetirmək əzmini bir daha nümayiş etdirdi. Bununla belə, rayonun tam azadlığına qovuşması üçün qarşıda daha böyük və tarixi bir mərhələ dayanırdı.
İllərlə sinəndə barıt qoxusu,
Sən qala divarı, sən sipər oldun.
Dağıldı yurdumun qəflət yuxusu,
Zəfər yollarında ilk səhər oldun.
27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi Cəbrayılın taleyində də həlledici dönüş yaratdı. Azərbaycan əsgəri yüksək döyüş hazırlığı və əzmkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqların icrasına inamla başladı. Döyüş meydanında göstərilən qəhrəmanlıq və fədakarlıq Cəbrayılın azadlığına aparan yolun əsasını təşkil etdi.
Döyüşlərin ilk günlərində rayonun bir sıra kəndləri azad edildi. Oktyabrın 4-də isə dövlətimizin başçısının xalqa müraciətində Cəbrayıl şəhərinin azad olunması ilə bağlı xəbəri hər birimizə böyük sevinc hissi yaşatdı. Sonrakı günlərdə rayonun digər yaşayış məntəqələrinin də azad edilməsi ilə Cəbrayıl düşmən işğalından tamamilə xilas oldu.
Lakin Cəbrayıl uğrunda döyüşlər asan keçmədi. Ərazi uzun illər ərzində qurulmuş sədlər və mühəndis-istehkam qurğuları ilə möhkəmləndirilmişdi. Azərbaycan Ordusunun bölmələri bu mövqeləri yararaq irəliləyir, qarşıya çıxan maneələri dəf edir, ağır döyüşlərdə əsl hərbçi iradəsi nümayiş etdirirdilər. Burada hər bir döyüşçünün peşəkarlığı, torpaqlarımızı azad etmək istəyi və Vətən sevgisi böyük əhəmiyyət daşıyırdı.
Cəbrayılın azad olunması təkcə rayonun taleyini dəyişmədi, həm də Vətən müharibəsinin sonrakı gedişinə ciddi təsir göstərdi. Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi çeviklik, əzmkarlıq və yüksək hazırlıq qarşıya qoyulan məqsədlərin ardıcıl şəkildə reallaşdırılmasına imkan verdi. Burada qazanılan uğur digər yaşayış məntəqələrinin və rayonların azadlığına gedən yolun açılmasında mühüm rol oynadı.
Cəbrayılın azadlığının rəmzlərindən biri də tarixi Xudafərin körpüsünün üzərində üçrəngli bayrağımızın dalğalandırılması oldu. Əsrlər boyu Azərbaycan tarixinin şahidi olmuş bu abidənin üzərində dövlət rəmzimizin ucaldılması həm mənəvi, həm də tarixi baxımdan xüsusi məna daşıyırdı. 2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl şəhərində və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını ucaltması azad edilmiş torpaqlarımızda dövlət rəmzimizin əzəmətlə dalğalanmasının parlaq nümunəsi kimi tarixə düşdü.
Azadlıqdan sonra qarşıda dağıdılmış Cəbrayılımızı yenidən qurmaq, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz evlərinə qayıdışını təmin etmək kimi yeni vəzifələr dayanırdı. Bu gün rayonun müxtəlif istiqamətlərində həyata keçirilən irimiqyaslı layihələr həmin məqsədin ardıcıl şəkildə reallaşdırıldığını göstərir.
Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafını müəyyənləşdirən Baş Plan əsasında müasir yaşayış mühiti formalaşdırılır. Yeni yaşayış kompleksləri, fərdi evlər, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və digər sosial obyektlər inşa edilir. Şəhərin siması tədricən dəyişir, illər əvvəl dağıdılmış məkanların yerində müasir və rahat yaşayış infrastrukturu yaradılır.
Cəbrayılın bugünkü mənzərəsində iki fərqli dövr bir-birinə qovuşur: dağıntıların ağrısını yaşadan keçmiş və quruculuqla səciyyələnən bu gün. Burada yüksələn hər bina, salınan hər yol, istifadəyə verilən hər məktəb və işıqlandırılan hər küçə xalqımızın doğma torpağa bağlılığının ifadəsidir. Hər yeni tikili, hər abadlaşdırılan məkan illərlə həsrətində olduğumuz yurda həyatın yenidən qayıtdığını göstərir.
Lakin bütün bu quruculuq işlərinin təməlində azadlıq həqiqəti dayanır. Bu torpaqlarda yenidən həyatın canlanmasını mümkün edən həmin azadlıq şəhidlərimizin qanı və canı, hərbçilərimizin misilsiz şücaəti bahasına qazanılıb. Cəbrayılın hər qarışında onların müqəddəs döyüş yolu, sarsılmaz iradəsi və qəlblərində yaşatdıqları sonsuz Vətən sevgisi yaşayır. Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi fədakarlıq bu gün Cəbrayılın quruculuq mənzərəsində öz əksini tapır.
Azərbaycan Ordusu üçün Cəbrayıl döyüşləri həm də Vətən qarşısında müqəddəs borcun necə yerinə yetirilməsinin parlaq nümunəsidir. Hərbçilərimizin çətin döyüş şəraitində nümayiş etdirdiyi dözümlülük, yüksək mənəvi-psixoloji hazırlıq və digər müsbət keyfiyyətlər Zəfərin mühüm amillərindən oldu. Döyüş meydanında əldə edilən hər uğurun arxasında gecə-gündüz təlim keçən, döyüş hazırlığını durmadan artıran, verilən tapşırıqları yerinə yetirməyə hazır olan hərbi qulluqçularımızın əməyi dayanırdı. Azərbaycan əsgəri bir daha sübut etdi ki, ana Vətənimizin müdafiəsi onun üçün müqəddəs borcdur.
Bu gün Cəbrayılın küçələrində dalğalanan üçrəngli bayrağımız, yenidən qurulan evlərdə yanan işıqlar, doğma yurda qayıdan insanların sevinc dolu baxışları Azərbaycan əsgərinin göstərdiyi şücaətin canlı nəticəsidir. İşğala son qoyaraq torpaqlarımızı azad edən hərbi qulluqçularımız bu gün də ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin etibarlı qoruyucularıdır. Onların ayıq-sayıqlığı, peşəkarlığı və döyüş hazırlığı xalqımızın sülh və əmin-amanlıq içində yaşamasının mühüm təminatıdır.
Cəbrayılın Zəfərdən dirçəlişə uzanan yolu bir daha göstərir ki, Vətən yalnız xəritədəki sərhədlərdən ibarət deyil. Vətən uğrunda mübarizə aparan həmvətənlərimizin, hər qarışını canından əziz bilən, gecə-gündüz, isti-soyuq demədən torpaqlarımızın keşiyində dayanan igid oğullarımızın müqəddəs əmanətidir. Bu torpaq uğrunda canından keçən şəhidlərimizin xatirəsi Cəbrayılın bu günündə də, sabahında da əbədi yaşayacaq.
Bu gün azad Cəbrayıl yenidən nəfəs alır, yurdumuzda həyat canlanır, gələcəyə inam artır. Vaxtilə həsrətlə gözlənilən qayıdış arzusu gerçəyə çevrilir, dağıntıların yerində yeni həyat qurulur. Bütün bunlar Müzəffər Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan xalqının iradəsinin və qəhrəman Ordumuzun qazandığı tarixi Zəfərin nəticəsidir.
Elçin İMANOV
“Azərbaycan Ordusu”