Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2026 11:48

3 oktyabr 1993-cü il: Azərbaycan tarixinin ən yeni mərhələsi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə tarixi günlər var ki, həmin zamanlarda onun gələcək  taleyini müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə tarixi və əlamətdar günlərdən biri də oktyabrın 3-dür. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçimini etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın etimadını qazanaraq, 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ulu Öndər Heydər Əliyevin seçkilərdə belə böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Dahi Rəhbərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan irəli gəlirdi. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə rəhbərlik edə biləcək Heydər Əliyev kimi Dahi şəxsiyyətə, Müdrik Liderə ehtiyacı var.
Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər və əvəzsiz xidmətləri xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi Ulu Öndərə olan inamı daha da artırmışdı.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.
O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Həm də yenicə qazanılmış müstəqilliyimiz təhlükə altında idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizin dünyada tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin şəxsi nüfuzu böyük rol oynayıb. Məhz O Böyük Şəxsiyyətin sayəsində dünya Azərbaycanımızın haqq səsini eşidə bildi.
Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, güclü ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Ümummilli Lider Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.
Dahi Rəhbər Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq, müstəqil dövlətini və öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.
Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün güclü dövlət və güclü ordu əsas şərtlərdəndir. 12 may 1994-cü ildə Bişkek protokoluna əsasən, cəbhədə atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu.
Bu siyasətin nəticələri 2020-ci ildə özünün ən parlaq ifadəsini tapdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq işğal altında olan ərazilərimizi azad etdi. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Zəfərin mühüm mərhələlərindən biri oldu. Qazanılan qələbələrimiz sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Azərbaycan Ordusu düşmənin məğlubedilməzlik mifini dağıdaraq onun genişmiqyaslı təxribatlarının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi. Azərbaycan Respublikası Prezidentinin çıxışlarında da bu qələbə Ulu Öndər Heydər Əliyevin arzularının və siyasi irsinin davamı kimi qiymətləndirilib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycanın Qarabağ iqtisadi zonasında dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin illər əvvəl qarşıya qoyduğu əsas strateji məqsədlərdən biri - Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində tarixi nəticə əldə edildi. Bu gün Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi, hərbi və diplomatik uğurların təməlində ardıcıl dövlətçilik siyasəti dayanır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmunla davam etdirilir.

Lalə HÜSEYNOVA

“Azərbaycan Ordusu”