Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2026 14:59

27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib

27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyi xəbər verir ki, anım mərasimlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, eləcə də yaralanaraq sağlamlığını itirən soydaşlarımızın Vətənə şərəfli xidmətlərindən qürurla bəhs ediblər.

Tariximizə qızıl hərflərlə yazılmış şanlı Zəfərin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi birliyi və fədakarlığı, eləcə də qəhrəman oğullarımızın nümayiş etdirdiyi igidlik və şücaət nümunələri iştirakçıların diqqətinə çatdırılıb.

Mərasimlərdə Vətən müharibəsi, eləcə də postmüharibə dövründə ordumuz tərəfindən həyata keçirilmiş digər uğurlu əməliyyatların regionda sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi qeyd edilib.

Silsilə tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını, şəhid ailələrini ziyarət edib, şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsinə ehtiram nümayiş etdiriblər.

Şəxsi heyət üçün təşkil edilmiş hərbi vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlərdə döyüş iştirakçıları xatirələrini bölüşüb, Vətən müharibəsi haqqında sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, hərbi qulluqçuların təşəbbüsü ilə ağacəkmə aksiyaları həyata keçirilib.

Qeyd edək ki, eyni zamanda, Anım Günü münasibətilə 27 Sentyabr saat 12:00-da Azərbaycan Ordusunun bütün şəxsi heyəti tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

* * *

27 Sentyabr - Anım Günü münasibətilə “Birliyin Gücü-2026” birgə hərbi təlimində iştirak edən ölkələrin hərbi qulluqçuları üçün mədəni-kütləvi tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində qonaqlar üçün Qarabağ iqtisadi rayonu və Naxçıvan şəhərində ekskursiyalar təşkil olunub. 

Türkiyə və Özbəkistandan olan hərbi qulluqçulara xalqımızın Vətən müharibəsində qazandığı şanlı Zəfər, igid övladlarımızın göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri barədə məlumat verilib. 

Ölkəmizin gəzməli-görməli yerlərində olan, həmçinin tarixi-diyarşünaslıq muzey və abidələrini ziyarət edən qonaqlar xalqımızın zəngin keçmişi və milli-mədəni dəyərləri ilə yaxından tanış olublar.

 

* * *

Azərbaycan xalqının yaddaşında elə tarixlər var ki, onları zamanın axarı belə silə bilməz. Əksinə, uzun illər keçdikcə həmin günlərin mənası daha da dərindən dərk olunur, xalqın milli yaddaşında daha dərin yer tutur. 27 Sentyabr - Anım Günü də məhz belə müqəddəs tarixlərdəndir. Bu müqəddəs tarix müharibənin başlandığı gün olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsinə ehtiramın ifadəsidir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması ilə başlanan genişmiqyaslı əks-hücum hərbi əməliyyatları Azərbaycan xalqının həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etdi.

Vətən müharibəsinin hər günü Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə çevrildi. Döyüş meydanında hərbi qulluqçularımızın göstərdikləri misilsiz şücaət, arxa cəbhədə xalqımızın nümayiş etdirdiyi birlik, həmrəylik, dövlət başçımızın siyasi iradəsi və qətiyyətli rəhbərliyi qazanılan tarixi Zəfərin əsas amillərindən oldu. Bu tarixi Qələbənin ən ağır yükünü isə Vətən uğrunda canlarından keçən şəhidlərimiz öz çiyinlərində daşıdılar. İgid oğullarımızın həyatı, onların döyüş yolu, son nəfəsədək Vətənə sədaqəti gənc nəslə örnəkdir. Bu qəhrəmanlıq salnaməsinin qorunması, onun gələcək nəsillərə çatdırılması üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Çünki şəhidlərin bizə miras qoyduğu ən böyük dəyər azad, müstəqil və suveren Azərbaycandır. 

Məhz bu müqəddəs amalın ifadəsi olaraq Azərbaycan Hərb Tarixi Muzeyində 27 Sentyabr - Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunmuş “Vətən sevgisinin əbədiyyət ünvanı!” adlı tədbir keçirildi. 

Tədbirdə çıxış edəm Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Elşad Pənahov 27 Sentyabrın Azərbaycan tarixindəki xüsusi əhəmiyyətindən danışaraq bildirdi: “Bu tarix xalqımızın yaddaşında həm ağır, həm də qürurlu duyğularla yaşayır. Çünki məhz həmin gün Azərbaycan Ordusu uzun illər işğal altında qalmış torpaqlarımızın azadlığı uğrunda böyük mübarizəyə başladı. Vətən müharibəsinin 44 gün davam etməsi və Azərbaycanın qələbəyə nail olması bir sıra amillərin vəhdəti ilə şərtləndi. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, Azərbaycan Ordusunun döyüş hazırlığı və Vətənə bağlılığı, hərbi qulluqçularımızın şücaəti, eləcə də xalqın milli həmrəyliyi bu qələbənin əsas amilləri sırasında yer aldı”. 

Muzeyin rəisi onu da qeyd etdi ki, “Azərbaycan xalqı üçün 27 Sentyabr həm böyük itkilərin xatırlandığı, həm də milli iradənin, birlik və həmrəyliyin təcəssüm edildiyi tarixi gündür. 27 Sentyabr yalnız keçmişi xatırladan bir tarix deyil. O, Azərbaycanın müasir tarixində bir dönüş nöqtəsi, Zəfərə aparan yolun başlanğıcı və şəhidlərimizin müqəddəs xatirəsinin yaşadıldığı əlamətdar gündür”.

Azərbaycan Hərb Tarixi Muzeyinin tədqiqatçı baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov çıxış edərək dedi: “Artıq 6 ildir xalqımız 27 Sentyabrı kədərdən, üzüntüdən daha çox qürur, mərdlik günü kimi yada salır. Bu tarix xalqımızın yaddaşında şəhidlərimizin əziz xatirəsi, Vətən müharibəsinin başlanğıcı və Azərbaycanı Zəfərə aparan yolun mühüm amili kimi yaşanacaq”.

Vətən müharibəsi veteranı baş leytenant Xəzər Nəsibli döyüş xatirələrini bölüşərək bildirdi: “O günlər bizim üçün sadəcə hərbi əməliyyat günləri deyildi. Hər gün, hər saat, hər dəqiqə Azərbaycanın gələcəyi uğrunda mübarizə aparırdıq. Hamımızın bir məqsədi var idi - torpaqlarımızın işğaldan azad olunması, Azərbaycan Bayrağının Qarabağda dalğalanması. Döyüş meydanında insan çox şeyi başqa cür dərk edir. Orada Vətən, torpaq, bayraq və şəhidlərin müqəddəsliyi haqqında nəinki danışmaq, bunları bütün varlığınla hiss etmək olur. Biz döyüş yoldaşlarımızla çətin günlərdən keçdik və torpaqlarımızı işğaldan azad etdik”.

Vətən müharibəsi veteranı baş leytenant Əli Vəliyev Vətən müharibəsi başlayanda indiki Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kursunda təhsil aldığını vurğuladı: “Təhsil almağıma baxmayaraq, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi özümə borc bildim. Sentyabrın 29-da döyüşə yollandıq. Mən də öz üzərimə düşən tapşırığı Azərbaycan Ordusunun zabiti kimi ən layiqli şəkildə yerinə yetirməyə çalışdım. Torpaqlarımız azad edildi və biz düşmənə öz yerini göstərdik”.

Hərb Tarixi Muzeyinin tədqiqatçı elmi işçisi, Qarabağ müharibəsi veteranı Vaqif Qasımov çıxış edərək bildirdi ki, 2020-ci il sentyabrın 27-si tarixi hafizəmdən, yaddaşımdan heç vaxt silinməyəcək. O, döyüşlərin ilk gününü xatırlayarkən Vətən müharibəsinə həsr etdiyi şeirindən bir bəndini söylədi:

 

Horadiz yolunda qaş qaralanda, 

Başımız üstündən mərmilər keçdi.

Cəsur əsgərimiz yara alanda

Axdıqca qanını qəlpələr içdi...

 

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin hərbi vətənpərvərliyi tərənnüm edən mahnıların ifası ilə başa çatdı.

 

Kifayət ƏLİYEVA

“Azərbaycan Ordusu”

 

Ordubad və Şahbuz rayonlarında Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş rayon sakinlərinin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.

Ordubad və Şahbuz rayon İcra hakimiyyətlərinin, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin və mədəniyyət qurumlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, rayon sakinləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər qonaqlar iştirak ediblər.

Ordubad rayon Mədəniyyət Sarayında keçirilən “Qəhrəmanlıq salnaməmizin başlandığı gün” adlı tədbirdə rayon icra hakimiyyətinin başçısı Nurlan Hacıyev, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, şəhid Vüqar Nəcəfovun anası Şəmsiyyə Nəcəfova və müharibə əlili Raqib Baxşıyev çıxış ediblər.

Çıxışlarda 27 Sentyabr - Anım Gününün şəhidlərimizin əziz xatirəsinə ümumxalq ehtiramının ifadəsi olduğu vurğulanıb, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycanın tarixində şanlı səhifə açdığı bildirilib. 44 gün davam edən döyüşlərdə hərbi qulluqçularımızın   göstərdikləri igidlik şəhidlərin şücaəti və döyüşlərdə sağlamlığını itirənlərin fədəkarlığı xüsusi qeyd olunub.

 Həmçinin şəhid ailələri və döyüş əməliyyatlarında sağlamlıqlarını itirənlərə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin gücləndirilməsi və qayğılarının həlli istiqamətində görülən işlərdən bəhs edilib.

Sonra Ordubad rayon Mədəniyyət Sarayı və Ordubad Peşə Liseyinin birgə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiyada şəhidlərimizin qəhrəmanlığı, Vətən uğrunda göstərdikləri şücaət və xalqımızın həmrəyliyi bədii təqdimatlarla əks olunub. Şahbuz rayonunda keçirilən tədbirdə isə Şahbuz rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi Üzeyir Məmmədov, şəhid anası Məhparə Rzayeva və Röyal Abdullazadə çıxış ediblər.

Çıxışlarda Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların həyat və döyüş yolundan, göstərdikləri şücaət və fədakarlıqdan söz açılıb. Şəhidlərin müqəddəs xatirəsinin yaşadılmasının, onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığı bildirilib.

Tədbirin bədii hissəsində Şahbuz rayon Mədəniyyət Sarayının əməkdaşları tərəfindən 27 Sentyabr - Anım Gününə həsr olunmuş kompozisiya təqdim olunub. 

Keçirilən tədbirlərdə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi, onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılacağı vurğulanıb.

 

Bəxtiyar ƏLİYEV

“Naxçıvan Şəhid Ailələri” İctimai 

Birliyinin mətbuat katibi