AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan suverenliyini, təhlükəsizliyini və milli maraqlarını tam təmin etməklə yanaşı, həm də regional və qlobal miqyasda öz mövqelərini daha da möhkəmləndirir. Bütün ölkələrlə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipinə əsaslanan bu beynəlxalq əlaqələr, xüsusilə Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların əsas hərəkətverici qüvvəsinə çevrilib.
Ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan irimiqyaslı energetika, nəqliyyat və logistika, strateji kommunikasiya layihələri həm Avrasiya məkanında təhlükəsizliyə töhfə verir, həm də geniş coğrafiyada iqtisadi inteqrasiyanı sürətləndirir.
Dövlətimizin ortaq tarixi, mədəni və strateji baxımdan yaxın olan regionlarla əlaqələrinin yeni müstəviyə qaldırılması prioritet təşkil edir. Bu uğurlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Regionun sürətlə inkişaf edən dövlətlərindən olan Özbəkistan ilə əlaqələr də bu baxımdan böyük əhəmiyyətə malikdir. Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələr və münasibətlər 1995-ci il oktyabrın 2-də qurulsa da, xalqlarımızı əsrlər boyu davam edən sarsılmaz dostluq və qardaşlıq telləri bağlayır. Ortaq tarixi, dini, mədəniyyəti və eyni soy-kökü bölüşən hər iki xalqın münasibətləri qədim dövrlərə gedib çıxır.
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində xalqlarımız arasındakı bu mənəvi bağları belə qiymətləndirib: “İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb”.
Müstəqillik illərində Azərbaycan və Özbəkistan ikitərəfli əlaqələrinin formalaşmasında, iki ölkə arasında münasibətlərin inkişaf strategiyasının qurulmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin özbək liderlərlə səmimi dostluğu münasibətlərin təməlini qoyub. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfəri əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Səfər zamanı ikitərəfli münasibətlərin əsasını təşkil edən bir sıra vacib sənədlər imzalanıb.
Bu gün Ulu Öndərin əsasını qoyduğu bu strateji xətt Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində keyfiyyətcə yeni müstəvidə qurularaq davam etdirilir. İki ölkə liderinin şəxsi dostluğu və qarşılıqlı etimadı dövlətlərarası əlaqələrin sürətli inkişafında həlledici rol oynayır. Dövlətimizin başçısı buna xüsusən də diqqət çəkib: “Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır”.
Liderlərin intensiv qarşılıqlı səfərləri münasibətlərin inkişafında mühüm rol oynayıb. Son illərdə imzalanan "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" ikitərəfli əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirib. Həmçinin təsis edilən Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib.
İki ölkə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində fəal əməkdaşlıq edir, bir sıra regional və qlobal məsələlər üzrə mövqelərini əlaqələndirir.
Xüsusi olaraq onu da vurğulamaq lazımdır ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan və Özbəkistanın əməkdaşlığı müstəsna əhəmiyyət kəsb edir. Hər iki dövlət TDT-ni türk dünyasının siyasi, iqtisadi və mənəvi gücünü artıran mühüm birlik kimi qiymətləndirir. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə "C5" formatının "C6" formatına çevrilməsi regionlararası inteqrasiyanı yeni səviyyəyə qaldırıb. Dövlətimizin başçısı iki ölkənin TDT çərçivəsində əməkdaşlığına toxunaraq qeyd edib: "Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı". Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir.
Nəticə etibarı ilə Azərbaycan-Özbəkistan münasibətləri ortaq köklərə, qarşılıqlı hörmətə və strateji müttəfiqliyə söykənərək yüksələn xətlə inkişaf edir. Dövlətlərimiz arasında imzalanmış çoxsaylı sənədlər və iki ölkə liderinin siyasi iradəsi bu əməkdaşlığı daha da sarsılmaz edir. Əsrlərdən gələn bu dostluq və qardaşlıq münasibətləri bundan sonra da möhkəmlənərək həm xalqlarımızın rifahına, həm də bütün türk dünyasının güclənməsinə xidmət edəcək.
Bu gün Azərbaycan və Özbəkistan münasibətləri sadəcə qonşu və dost dövlətlərin əməkdaşlığı deyil, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan möhkəm müttəfiqlik nümunəsidir. Xalqlar arasında mövcud olan qardaşlıq münasibətləri bu əlaqələrin gələcəkdə də yeni mərhələyə yüksələcəyinə əminlik yaradır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş müttəfiqlik münasibətləri Azərbaycan və özbək xalqlarını daha da doğmalaşdırır. Belə ki, iki ölkə, iki xalq arasında əlaqələrin tarixi uzaq keçmişə bağlıdır. Tarixin ağır dönəmlərində ölkələrimiz ən vacib məsələlərdə daim bir-birinə dəstək olub.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işində Özbəkistanın iştirakı, eyni zamanda, ötən il Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması dövlətlərimiz və xalqlarımız arasında tarixən mövcud olan qardaşlığın, dostluğun bariz təzahürlərindəndir. Həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2023-cü ildə Azərbaycana dövlət səfəri çərçivəsində işğaldan azad olunmuş Füzuli rayonunda Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 960 şagird yerlik məktəb Özbəkistan tərəfindən Azərbaycana hədiyyə edilib.
Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, həm də hərbi əməkdaşlıq istiqamətində ardıcıl şəkildə inkişaf edir. İkitərəfli münasibətlərin vacib elementlərindən biri hesab edilən hərbi-texniki sahədə əməkdaşlıq günü-gündən genişlənməkdədir. İki ölkənin müdafiə nazirlikləri arasında imzalanan fəaliyyət planlarına uyğun olaraq keçirilən birgə taktiki təlimlər, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və hərbçilərin peşəkarlığının artırılmasına yönəlmiş addımlar regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında müstəsna rol oynayır. 2022-ci ildə Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Mütəmadi olaraq iki ölkənin hərbi nümayəndələri arasında keçirilən görüşlərdə hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu bəyan edilir.
Azərbaycanla Özbəkistan 2024-cü ildə müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıb. Burada tərəflər bütün sahələrdə, o cümlədən hərbi sahədə də əməkdaşlığı genişləndirmək niyyətini bəyan ediblər. Hər iki ölkənin Müdafiə Nazirliyi nümayəndələri qarşılıqlı səfərlər həyata keçirib. Özbəkistan hərbçiləri burada iştirakla NATO ölkəsi Türkiyə və müharibədə Zəfər qazanmış Azərbaycandan müəyyən bilgi, bacarıq və təcrübəni nümunə olaraq götürür.
“Birlik-2025” birgə təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində həyata keçirilən ikitərəfli görüşdə iki qardaş ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüş zamanı tərəflər mövcud əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, birgə təlimlərin keçirilməsinin və təcrübə mübadiləsinin vacibliyini xüsusi vurğulayıblar. Hər iki ölkənin müdafiə nazirləri “Birlik-2025” təlimləri çərçivəsində tərəflər arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri də ətraflı müzakirə olunub. Azərbaycanlı hərbi qulluqçuların Özbəkistanda, Özbəkistan hərbi qulluqçularının isə Azərbaycanda müxtəlif hərbi kurslarda iştirakı da əməkdaşlığın mühüm istiqamətlərindən biridir.
Sentyabrın 21-dən oktyabrın 1-dək keçirilən “Birliyin Gücü-2026” təlimlərində Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistanın hərbi qulluqçuları da iştirak edirlər. Təlimlər Qarabağ, Naxçıvan və Xəzər istiqamətlərini əhatə edir. Manevrlərdə quru qoşunları, aviasiya, dəniz vasitələri və pilotsuz uçuş aparatlarından istifadə olunur.
Bu Özbəkistan hərbçilərinin Azərbaycan və Türkiyə hərbçiləri ilə birlikdə ilk belə hərbi təlimidir. Azərbaycan və Özbəkistan arasında keçirilən hərbi təlimlər perspektivə hesablanmış təlimlərdir. Özbəkistan hərbi qulluqçuları da ilk dəfədir ki, “Birliyin Gücü-2026” təlimlərinə qatılıblar.
Qeyd edək ki, üç mərhələdən ibarət olan təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.
Sonda əminliklə deyə bilərik ki, iki qardaş ölkə arasında ortaq tarixə və starteji tərəfdaşlığa əsaslanan bütün əlaqələrin yüksək səviyyəyə çatdırılması dünyada və regionda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfələr verəcəkdir.
Lalə HÜSEYNOVA
“Azərbaycan Ordusu”