Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2026 14:53

Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

Azərbaycan-Türkiyə münasibətləri iki dövlət arasında diplomatik əlaqələr çərçivəsinə sığmayan, tarixi, milli-mənəvi və siyasi bağlar üzərində formalaşan xüsusi münasibətlər sistemidir. Eyni dil və mədəni köklər, ortaq tarixi yaddaş, qarşılıqlı ehtiram və xalqların bir-birinə yaxınlığı bu əlaqələrin əsasını təşkil edir. Müasir dövrdə isə bu yaxınlıq dövlətlərarası münasibətlərdə siyasi-hüquqi sənədlər, qarşılıqlı səfərlər və müxtəlif sahələri əhatə edən əməkdaşlıq mexanizmləri ilə daha da möhkəmlənib.

Münasibətlərin dövlətçilik tarixində yaddaqalan mərhələlərindən biri Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasındakı əlaqələrdir. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə istiqlaliyyətini elan etməsindən sonra iki dövlət arasında siyasi və diplomatik təmaslar quruldu. 4 iyun 1918-ci ildə Batumda Azərbaycan Respublikası ilə Osmanlı dövləti arasında Dostluq Müqaviləsinin imzalanması bu münasibətlərin hüquqi əsasını formalaşdıran mühüm addım oldu. Sənəd Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə bağladığı ilk rəsmi müqavilə kimi diplomatiya tariximizdə xüsusi yer tutur. Həmin dövrdə yaranmış siyasi və mənəvi yaxınlıq sonrakı tarixi mərhələlərdə də Azərbaycan və Türkiyə xalqları arasındakı münasibətlərin yaddaşında öz izini qorudu.

XX əsrin əvvəllərində baş verən mürəkkəb siyasi proseslər Azərbaycan ilə Türkiyə arasındakı dövlətlərarası münasibətlərdə fasilə yaratsa da, xalqlar arasında tarixi, mədəni və mənəvi bağlılıq qorundu. Bu bağlılıq Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra münasibətlərin sürətlə inkişaf etməsi üçün mühüm zəmin yaratdı. Beləliklə, 1991-ci ildən etibarən tarixi yaxınlıq yeni siyasi və hüquqi məzmun qazanaraq müasir dövlətlərarası əlaqələr sisteminə çevrildi. 

Türkiyə Respublikası 9 noyabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət oldu. 14 yanvar 1992-ci ildə isə iki ölkə arasında diplomatik münasibətlər quruldu. Həmin gün Türkiyənin Bakıdakı Baş konsulluğu səfirlik səviyyəsinə yüksəldildi. Bununla Azərbaycan-Türkiyə münasibətlərinin müasir dövlətlərarası mərhələsinin hüquqi-diplomatik əsası formalaşdı. Azərbaycanın Türkiyədəki səfirliyi isə elə həmin ildən fəaliyyətə başladı.

Diplomatik münasibətlərin qurulması iki ölkə arasında siyasi dialoqun sistemli xarakter almasına şərait yaratdı. Əlaqələr qısa müddətdə yalnız siyasi sahə ilə məhdudlaşmadı, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, humanitar sahə və müdafiə istiqamətlərini də əhatə edən çoxşaxəli əməkdaşlıq müstəvisinə keçdi. 9 fevral 1994-cü ildə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsində mühüm rol oynadı. Bu sənədlə iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafı üçün siyasi-hüquqi çərçivə daha da genişləndirildi.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yüksək səviyyəli siyasi dialoq da mühüm yer tutdu. Dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri, siyasi məsləhətləşmələr və müxtəlif əməkdaşlıq mexanizmləri iki ölkə arasında əlaqələrin ardıcıl inkişafına imkan verdi. 2010-cu ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması münasibətlərin institusional inkişafında mühüm mərhələ oldu. Həmin il avqustun 16-da “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin imzalanması isə əlaqələrin strateji xarakterini daha da möhkəmləndirdi. İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafında enerji və nəqliyyat layihələri xüsusi yer tutur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP kimi layihələr Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin, enerji əməkdaşlığının və regional nəqliyyat imkanlarının genişlənməsinə mühüm töhfə verdi. Bu layihələr iki ölkə arasındakı əməkdaşlığın regional əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycan və Türkiyənin bir-birinə bağlılığının iqtisadi müstəvidə də möhkəmlənməsinə şərait yaratdı. Humanitar və mədəni əlaqələr də münasibətlərin mühüm istiqamətlərindən birinə çevrildi. Təhsil, mədəniyyət, elm, incəsənət və digər sahələrdə əməkdaşlığın genişlənməsi xalqlar arasında mövcud olan tarixi və mənəvi yaxınlığın daha da möhkəmlənməsinə xidmət etdi. Qarşılıqlı əlaqələrin bu istiqaməti Azərbaycan-Türkiyə münasibətlərinin yalnız dövlət qurumları arasında deyil, insanlar və cəmiyyətlər arasında da genişlənən çoxşaxəli xarakter daşıdığını göstərdi.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən birini təşkil etdi. Hərbi təhsil, şəxsi heyətin təcrübə mübadiləsi, birgə hazırlıq tədbirləri, ikitərəfli və çoxtərəfli hərbi təlimlər iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarının inkişafına şərait yaratdı. Bu əməkdaşlıq sonrakı mərhələlərdə də davam etdirilərək iki dövlət arasındakı strateji münasibətlərin mühüm istiqamətlərindən birinə çevrildi.

Azərbaycan-Türkiyə münasibətlərinin siyasi və mənəvi mahiyyətinin aydın göründüyü mühüm mərhələlərdən biri də 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi oldu. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının dost və qardaş ölkə Azərbaycanın yanında olduğunu siyasi səviyyədə açıq şəkildə ifadə etdi. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında Azərbaycanın yanında olduğunu bəyan etməsi iki ölkə arasındakı siyasi həmrəyliyin mühüm göstəricilərindən biri kimi yadda qaldı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də çıxışlarında Türkiyənin müharibə dövründə göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi qeyd edib.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ başlandı. Bu mərhələnin əsas siyasi-hüquqi sənədi 15 iyun 2021-ci ildə Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” oldu. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladılar. Sənəddə iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırıldığı vurğulanır. Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişafının hüquqi-siyasi çərçivəsini daha da genişləndirdi. Sənəddə siyasi, iqtisadi, müdafiə, təhlükəsizlik, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Xarici siyasət məsələləri üzrə məsləhətləşmələrin aparılması və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi də Bəyannamədə öz əksini tapır. Bununla iki ölkə arasında əvvəlki illərdə formalaşmış əməkdaşlıq mexanizmləri daha geniş siyasi-hüquqi çərçivədə birləşdirildi.

Şuşa Bəyannaməsinin mühüm xüsusiyyətlərindən biri də Azərbaycan-Türkiyə münasibətlərinin əvvəlki tarixi və hüquqi mərhələləri ilə müasir müttəfiqlik münasibətləri arasında əlaqəni təsdiqləməsidir. Bəyannamədə 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi, 9 fevral 1994-cü il tarixli Dostluq və Hərtərəfli Əməkdaşlığın İnkişafı barədə Müqavilə və 16 avqust 2010-cu il tarixli Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilə də xatırlanır. Bu sənədlər Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif tarixi mərhələlərində formalaşmış hüquqi-siyasi əsasların davamlılığını göstərir.

Azərbaycan-Türkiyə münasibətlərinin mənəvi mahiyyətini ifadə edən mühüm siyasi yanaşmalardan biri isə Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır. Bu ifadə iki ölkənin dövlətçilik baxımından müstəqil subyektlər olmasına baxmayaraq, xalqlar arasında mövcud olan tarixi, dil, mədəniyyət və mənəvi yaxınlığı lakonik şəkildə ifadə edir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Azərbaycanla bağlı söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikri də iki xalq arasındakı həmrəyliyin siyasi düşüncədə ifadə olunmuş nümunələrindən biridir. Bu yanaşmalar zaman keçdikcə Azərbaycan-Türkiyə münasibətlərinin ictimai və siyasi məzmununda xüsusi yer tutub. Bu gün Azərbaycan-Türkiyə münasibətləri siyasi dialoqdan iqtisadiyyata, enerjidən nəqliyyata, humanitar sahədən müdafiə və təhlükəsizliyə qədər geniş istiqamətləri əhatə edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi məsləhətləşmələr, ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmləri əlaqələrin inkişafını təmin edən əsas vasitələr sırasındadır. Müdafiə sahəsində birgə təlimlərin keçirilməsi və müxtəlif formatlarda hərbi əməkdaşlığın davam etdirilməsi də bu çoxşaxəli münasibətlərin istiqamətlərindən biridir.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf yolu tarixi yaxınlıqdan dövlətlərarası əlaqələrə, diplomatik münasibətlərdən çoxşaxəli əməkdaşlığa, strateji tərəfdaşlıqdan isə Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilmiş müttəfiqlik səviyyəsinə qədər uzanır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında qurulan siyasi əlaqələr, müstəqilliyin bərpasından sonra Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət olması, 1992-ci ildə diplomatik münasibətlərin qurulması, 1994 və 2010-cu illərdə mühüm siyasi-hüquqi sənədlərin imzalanması, 2020-ci ildə nümayiş etdirilən siyasi həmrəylik və 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması bu inkişaf yolunun əsas mərhələlərini təşkil edir.

Bu gün iki ölkə arasındakı münasibətlər tarixi və milli-mənəvi yaxınlıqla yanaşı, qarşılıqlı dövlət maraqları, siyasi etimad və hüquqi sənədlər üzərində inkişaf edir. Tarixin müxtəlif mərhələlərində formalaşan bu münasibətlər müasir dövrdə strateji tərəfdaşlıqdan müttəfiqliyə qədər yüksələrək siyasi, iqtisadi, humanitar, müdafiə və digər sahələrdə yeni məzmun qazanır. Azərbaycan və Türkiyə arasında əlaqələrin gələcək inkişafı da mövcud hüquqi baza, qarşılıqlı etimad və xalqlar arasında dərin tarixi-mənəvi bağlar üzərində davam edir.

Emil MURADLI

“Azərbaycan Ordusu”