Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2026 14:51

“Əsl döyüşçünü formalaşdıran davamlı təlim, ciddi hazırlıq və qazanılmış peşəkarlıqdır”

Müasir döyüş mühiti dəyişdikcə orduların qarşısında dayanan vəzifələr də mürəkkəbləşir. Bu gün dövlətlərin hərbi üstünlüyü yalnız canlı qüvvənin, döyüş texnikasının sayından və müasir silah arsenalının mövcudluğundan asılı deyil. Müxtəlif qoşun növlərinin vahid idarəetmə altında uzlaşdırılması, mövcud imkanlarından səmərəli istifadə, şəxsi heyətin müxtəlif relyef və iqlim şəraitində, real döyüş mühitinə yaxın ssenarilər üzrə hazırlığının artırılması orduların döyüş qabiliyyətlərinin mühüm göstəricilərindəndir.

Belə bir şəraitdə təlimlər həm də hərbi qulluqçuların nəzəri bilikləri praktiki vərdişlərlə təkmilləşdirdiyi mühüm hazırlıq mərhələsidir. Təlim poliqonunda verilən tapşırıq, qəbul edilən qərar, bölmələr arasındakı uzlaşma gələcək əməliyyat mühitində fəaliyyətin daha dəqiq və çevik icrasına xidmət edir.

Bu baxımdan Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü-2026” birgə təlimi xüsusi əhəmiyyət kəsb edir. Təlim Azərbaycan Ordusunun Qızılqaya və Qarabağlar təlim mərkəzləri, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunub. Şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələri, eləcə də pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlığın artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının təkmilləşdirilməsi, bölmələrin yeni döyüş imkanlarının inkişaf etdirilməsidir. 

“Birliyin Gücü-2026” birgə təlimini yalnız poliqonda yerinə yetirilən taktiki tapşırıqlarla məhdudlaşdırmaq olmaz. Çünki bu təlimin arxasında üç xalqı bir-birinə bağlayan daha geniş və çoxşaxəli münasibətlər dayanır.

Azərbaycan, Türkiyə və Özbəkistan xalqları tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin yaratdığı yaxınlıqla bir-birinə bağlıdır. Bu yaxınlıq dövlətlərarası münasibətlərdə də öz ifadəsini tapıb. Bir tərəfdən strateji müttəfiqlik səviyyəsində inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri, digər tərəfdən də son illərdə siyasi dialoq və çoxşaxəli əməkdaşlıqda yeni mərhələyə yüksələn Azərbaycan və Özbəkistan əməkdaşlığı. 2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında müqavilə Azərbaycan-Özbəkistan əlaqələrinin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib. 2026-cı ildə hər iki ölkənin rəsmiləri münasibətlərin strateji müttəfiqlik xarakterinin inkişaf etdiyini və əməkdaşlığın siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə genişləndirildiyini vurğulayıblar.

Beləliklə, xalqlarımız arasında mövcud olan mənəvi bağ dövlətlərarası əməkdaşlığın müxtəlif istiqamətlərində olduğu kimi, müdafiə və təhlükəsizlik sahəsində də özünü göstərir. “Birliyin Gücü-2026” birgə təlimi məhz bu əməkdaşlığın hərbi müstəvidəki əyani nümunəsidir. Təlimə cəlb olunan üç ölkənin hərbi qulluqçuları yalnız tapşırıqları birlikdə icra etmir, həm də bir-birinin təcrübəsini öyrənir, qarşılıqlı fəaliyyət mexanizmlərini sınaqdan keçirir və müxtəlif əməliyyat şəraitində birgə fəaliyyətin daha səmərəli yollarını mənimsəyirlər.

Xocavənd rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində keçirilən açılış mərasimində Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndirilib. Çıxışlarda belə təlimlərin ordular arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi və birgə tapşırıqlar zamanı qarşılıqlı uzlaşmanın təmin olunması baxımından əhəmiyyəti vurğulanıb. Sonra hərbi qulluqçuların təntənəli keçidi olub, mərasim Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının təqdim etdiyi proqramla davam edib.

Müasir əməliyyatların nəticəsini, ilk növbədə, düzgün planlaşdırma, dəqiq və çevik idarəetmə müəyyən edir. Bu məqsədlə keçirilən komanda-qərargah məşqlərində iştirakçı bölmələrin qərargah fəaliyyətinin, komandirlərin qərarqəbuletmə və idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Qərargahlar müəyyən edilmiş ərazilərdə açılır, yerləşdirilir, maskalanır və fəaliyyətləri təşkil edilir. “Qızılqaya” və “Qarabağlar” Təlim mərkəzlərində, həmçinin “Böyük Zirə” təlim rayonunda yaranmış vəziyyət qiymətləndirilərək onun təhlili aparılır, qarşıya qoyulan tapşırıqların icrası üçün müvafiq qərarlar qəbul edilir.

Qərargah fəaliyyətinin ardınca təlimin taktiki epizodlarında qəbul edilmiş qərarların praktiki müstəvidə necə reallaşdırıldığı nümayiş etdirilib. Müxtəlif təlim-döyüş ssenariləri üzrə tapşırıqların icrasına başlayan bölmələr müxtəlif şəraitlərdə fəaliyyət imkanlarını təkmilləşdirməklə yanaşı, birgə fəaliyyətin konkret nəticələrini də ortaya qoyublar.

Atəş dəstəyi altında himayəli irəliləmə, zirehli texnikadan istifadə etməklə müxtəlif ərazilərdə əməliyyatların keçirilməsi üzrə tapşırıqlar bunun nümunələrindən idi. Şəxsi heyət təhlükəsizlik qaydalarına riayət etməklə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib, praktiki vərdişlərini daha da möhkəmləndirib.

Taktiki fəaliyyətlərin mühüm istiqamətlərindən biri də artilleriya bölmələrinin təlimə cəlb olunması olub. Dəqiq atəş zərbələri ilə şərti terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəfləri məhv edilib. Bu epizodda atəş vasitələrinin imkanları ilə yanaşı, hədəfin müəyyənləşdirilməsi, atəşin düzgün istiqamətləndirilməsi, vaxtında icra və digər bölmələrlə qarşılıqlı fəaliyyətin əhəmiyyəti də özünü göstərib.

Təlim çərçivəsində, həmçinin aviasiya vasitələri müəyyən edilmiş marşrutlar üzrə müxtəlif yüksəkliklərdə manevrlər edib, şərti düşmənin hava hədəflərinə, radar və zenit-raket komplekslərinə, hərbi texnika və yerüstü mövqelərinə zərbələr endirilib. Burada əsas məqsədlərdən biri pilotların praktiki vərdişlərini təkmilləşdirmək, aviasiya vasitələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətini təmin etmək və mürəkkəb hava-relyef şəraitində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi imkanlarını yoxlamaq idi. Bundan əlavə, aviasiyanın imkanları yalnız havadan zərbə endirilməsi ilə məhdudlaşmayıb. Təlimin digər epizodunda helikopterlərdən desantın endirilməsi, operativ mövqenin tutulması və şərti terrorçu qruplaşmalarının zərərsizləşdirilməsi üzrə fəaliyyətlər icra edildi.

Hərbi qulluqçular tərəfindən icra olunan epizodların hər biri bir daha göstərir ki, müasir döyüş mühitində heç bir qoşun növü təkbaşına fəaliyyət göstərmir. Havadan dəstək alan quru qoşunları, artilleriyanın atəş imkanlarından yararlanan bölmələr vahid əməliyyat mexanizminin ayrı-ayrı elementləridir. “Birliyin Gücü-2026” birgə təliminin əsas xüsusiyyətlərindən biri də məhz müxtəlif imkanların vahid məqsəd ətrafında birləşdirilməsi idi.

Təlimin coğrafiyasının quru ilə məhdudlaşmaması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında yerləşən “Böyük Zirə” təlim sahəsində keçirilən hazırlıq məşqləri birgə təlimin dəniz komponentini meydana çıxarıb. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmilərinin cəlb olunduğu məşqlərdə hər üç ölkənin hərbi qulluqçuları fəal iştirak ediblər.

Burada dəniz və sahil infrastrukturunun mühafizəsi, terrorçular tərəfindən ələ keçirilmiş gəminin və girovların azad edilməsi, ərazinin minalardan təmizlənməsi, adaya dəniz desantının çıxarılması, terrorçu bazasının məhv edilməsi, yaralıya ilkin tibbi yardım göstərilməsi və onun təxliyəsi üzrə fəaliyyətlər icra edilib. Beləliklə, quru və hava mühitində sınaqdan keçirilən qarşılıqlı fəaliyyət prinsipləri bu dəfə dəniz şəraitinə uyğunlaşdırılıb.

Əməliyyatların istənilən mərhələsində isə şəxsi heyətin sağlamlığı və tibb təminatı xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan təlim rayonunda yaradılan səhra hospitalı da “Birliyin Gücü-2026” birgə təliminin mühüm elementlərindən biri idi. Müasir avadanlıqlarla təchiz edilən mobil səhra hospitalının NATO-nun 2-ci səviyyəli tibbi yardım standartlarına uyğun olaraq xəstə və yaralıların qəbuluna hazır vəziyyətə gətirilməsi göstərir ki, təlimin məqsədi yalnız döyüş tapşırıqlarının icrasını yoxlamaqdan ibarət deyil.

Müdafiə Nazirliyinin rəhbər heyəti tərəfindən təlimin gedişatına baxış zamanı əvvəlcə burada yaradılmış birgə qərargah da əməliyyatların planlaşdırılması və icrası ilə bağlı komandir heyətinin məruzələri dinlənilib. Daha sonra müdafiə naziri və nazirliyin digər vəzifəli şəxsləri səhra hospitalının fəaliyyəti, şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti və təminat məsələləri ilə tanış olublar. Təlim rəhbərlərinə hazırlıq məşqlərinin nəticələri ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hərbi qulluqçunun döyüş meydanında özünü inamlı hiss etməsi üçün onun mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılmasına və asudə vaxtının səmərəli təşkilinə də diqqət yetirilməlidir. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təlim meydanının gərginliyindən sonra müxtəlif janrlarda səsləndirdiyi vətənpərvərlik mahnıları Azərbaycan, Türkiyə və Özbəkistandan olan hərbi qulluqçuların zövqünü oxşayaraq yüksək əhvali-ruhiyyəsinə öz töhfəsini verib. Musiqinin dili üç ölkənin hərbi qulluqçularını bir araya gətirən daha bir gözəl körpüyə çevrilib.

Təlimin bütün mərhələlərinə nəzər saldıqda görünür ki, komanda-qərargah məşqlərində qəbul edilən qərarlar sonrakı taktiki fəaliyyətlərə istiqamət verib. Artilleriyanın atəş dəstəyi piyada bölmələrinin irəliləməsinə imkan yaradıb. Aviasiya vasitələri ilə Quru Qoşunları bölmələrinin fəaliyyəti uzlaşdırılıb. Helikopterlərdən desantlar endirilib və qısa müddətdə mövqelər operativ tutulub. Daha sonra eyni qarşılıqlı fəaliyyət prinsipləri dəniz mühitində tətbiq edilib.

Birgə təlimdə, həmçinin mühəndis təminatı, kiberəməliyyat fəaliyyəti, eləcə də digər tapşırıqlar yüksək səviyyədə yerinə yetirilib.

Beləliklə, təlimin hər bir mərhələsi ümumi məqsədin ayrı-ayrı hissələrini tamamlayıb. Bu məqsəd isə müəyyən ssenariləri icra etməklə yanaşı, üç ölkənin hərbi qulluqçularının müxtəlif əməliyyat şəraitində birgə fəaliyyət imkanlarını daha da təkmilləşdirmək, qarşılıqlı fəaliyyət mexanizmlərini sınaqdan keçirmək və əldə olunan təcrübəni gələcək hazırlıq prosesinə yönəltmək idi. 

“Birliyin Gücü-2026” birgə təlimi həm də Azərbaycan Ordusunun öz imkanlarını tərəfdaş ordularla birgə fəaliyyət müstəvisində nümayiş etdirdiyi hazırlıq meydanıdır. Azərbaycan Ordusu artıq müxtəlif əməliyyat mühitlərində əldə etdiyi döyüş təcrübəsini təlimlər vasitəsilə sistemləşdirir, müasir yanaşmaları mənimsəyir və onları praktiki fəaliyyətə çevirir. Eyni zamanda, qardaş və tərəfdaş ölkələrin hərbi qulluqçuları ilə birgə fəaliyyətlər də hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsindən yararlanmasına imkan verir.

Ordunun gücü yalnız silahının gücündə deyil. Əsl güc həmin silahı idarə edən əsgərin hazırlığında, komandirin qərarında, bölmənin intizamında, qərargahın çevikliyində və bütün bu elementlərin vahid məqsəd ətrafında birləşməsindədir. “Birliyin Gücü-2026” birgə təlimində icra olunan fəaliyyətlər, yerinə yetirilən tapşırıqlar da məhz bunu göstərir.

Bu baxımdan qələbələr ilə başa çatan döyüş əməliyyatlarından sonra Azərbaycan Ordusunun qarşısında dayanan vəzifələrdən biri də şəxsi heyətin peşəkarlığının artırılması, yeni texnologiyaların tətbiqi və mənimsənilməsi, müxtəlif şəraitlərə uyğunlaşma və döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasıdır. Görkəmli fransız sərkərdəsi, generalı Napoleon Bonapartın söylədiyi kimi, “İnsanları bir araya gətirmək hələ ordu yaratmaq demək deyil. Əsl döyüşçünü formalaşdıran davamlı təlim, ciddi hazırlıq və qazanılmış peşəkarlıqdır”. Təlim meydanında tökülən tər də məhz bu deyilən fikrin göstəricisidir.

Plana uyğun olaraq mütəmadi keçirilən təlimlər bir məqsədə xidmət edir - qalib Azərbaycan Ordusu daim hazırlıqlı olmalıdır. Çünki torpaqlarımızın ərazi bütövlüyü və ölkəmizin suverenliyinin qorunması yüksək döyüş hazırlığı tələb edir. “Birliyin Gücü-2026” birgə təlimi bir daha göstərir ki, Azərbaycan Ordusunun döyüş hazırlığı əldə edilmiş nəticələrin qorunması ilə bərabər, gələcək çağırış və təhdidlərə hazır olmaq üzərində qurulur. Bu hazırlığın hər mərhələsində isə Azərbaycan əsgərinin iradəsi, peşəkarlığı, Vətənə olan sonsuz sevgisi və sədaqəti dayanır. Hər bir tapşırığı yerinə yetirməyə hazır olan ordumuz var olduqca üçrəngli bayrağımızın dalğalandığı hər qarış torpaq əmin əllərdə olacaqdır. 

Elçin İMANOV

“Azərbaycan Ordusu”