AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bəzən bir fotoşəkil uzun illərin tarixini bir neçə saniyəyə sığdıra bilir. Baxdığımız bu görüntü də belə fotolardandır. İlk baxışda qarşımızda qaçan bir qadın və onun əlindən tutduğu balaca uşaq görünür. Arxa planda isə bir neçə insan, dəmir yolu vaqonları və sakit təbiət diqqəti cəlb edir. Lakin bu adi mənzərə deyil. Bu foto İkinci Dünya müharibəsinin ən ağır səhifələrindən birinin son anlarını əks etdirir.
Şəkil 1945-ci il aprelin 13-də Almaniyanın Farsleben kəndi yaxınlığında çəkilib. Həmin gün burada nasistlərin düşərgələrdən birinə apardığı qatar dayanmışdı. Vaqonların içində təxminən 2500 yəhudi məhbus vardı. Onların arasında yüzlərlə uşaq da var idi. İnsanlar Bergen-Belsen düşərgəsindən Theresienstadt istiqamətində aparılırdılar. Onların taleyi isə demək olar ki, əvvəlcədən müəyyən edilmişdi. Bu, adi sərnişin qatarı deyildi. İnsanlar ağır şəraitdə, aclıq və xəstəlik içində vaqonlara doldurulmuşdular.
Lakin müharibənin son günlərində hadisələrin gedişi dəyişdi. Müttəfiq qüvvələri Almaniya ərazisində sürətlə irəliləyirdi. Elə bu zaman qatarın hərəkəti müxtəlif səbəblərdən pozuldu və nəhayət, Farsleben yaxınlığında dayandı. Bu zaman ABŞ-nin 30-cu piyada diviziyasının bölmələri əraziyə çatdı. 743-cü tank batalyonunun iki tankı qatarın olduğu yerə yaxınlaşdı. Qatarı qoruyan alman əsgərləri müqavimət göstərmədən təslim oldular. Vaqonlarda isə aclıqdan və xəstəlikdən taqətdən düşmüş insanlar vardı. Foto da məhz həmin azadlığın ilk anlarını göstərir.
Ön plandakı qadın bir əli ilə balaca qızın əlindən tutur, digər əli isə sanki qarşıda açılan yeni həyata uzanır. Onun üzündə həm sevinc, həm də təəccüb hisslərini aydın şəkildə görmək olur. Qadının addımlarında tələskənlik var. Sanki o, illərdir gözlədiyi azadlığa çatmaqdan qorxur ki, birdən bu an da yoxa çıxar.
Balaca qızın üzündə isə tamam başqa hisslər görünür. O, böyüklər kimi baş verənləri dərk edə bilməzdi. Amma onun baxışlarında yaşadığı dəhşətin izlərini görmək mümkündür.
Fotodakı digər insanlar da müxtəlif istiqamətlərə doğru hərəkət edirlər. Kimi qaçır, kimi əllərini açır, kimi isə sadəcə dayanaraq baş verənləri anlamağa çalışır. Hər birinin üzündə fərqli hiss var. Amma həmin anda hamısını birləşdirən bir məqam var idi: onlar artıq azad idilər.
Bu fotonun maraqlı tarixçəsi də var. Uzun müddət şəkildəki qadının və uşağın kim olduğu məlum deyildi. Sonrakı araşdırmalar nəticəsində qadının Şlima Spitzer olduğu ehtimal edildi. Uşağın isə onun qızlarından biri ola biləcəyi bildirildi. Beləliklə, foto sadəcə naməlum insanların görüntüsü olmaqdan çıxdı və konkret bir ailənin müharibə tarixinin izinə çevrildi.
Bu görüntünün başqa bir mühüm tərəfi də odur ki, burada müharibənin dağıdıcı mənzərəsi deyil, onun içindən çıxan həyat görünür. Şəkildə dağıdılmış şəhərlər, döyüş meydanı və silahlar yoxdur. Əvəzində bir ana və uşaq var. Onların qaçdığı istiqamət isə ölümə yox, həyata doğrudur.
Həmin gün azad edilən insanların hamısı müharibədən sağ çıxmadı. Bəziləri aclıq, xəstəlik və uzun müddət davam edən ağır şərait səbəbindən azadlıqdan sonra da həyatını itirdi. Buna baxmayaraq, Farsslebendəki hadisə minlərlə insan üçün ölüm qatarının sonu oldu.
Bu gün həmin fotoşəkilə baxarkən yalnız 1945-ci ilin bir anını görmürük. Bir qadının əlindən möhkəm tutduğu uşağı, arxadakı insanları və onların üzündəki ifadələri izlədikcə müharibənin insan həyatına vurduğu zərəri də hiss edirik. Eyni zamanda, anlayırıq ki, bəzən bir neçə addım insanın bütün taleyini dəyişə bilər.
Bu foto tarixə yaşanan uzun və dəhşətli hadisələrin xoş bir anı kimi düşüb. Amma həmin anda görünən sevinc, qorxu və ümid bu gün də öz təsirini itirməyib. Çünki foto bizə sadə, lakin çox mühüm bir həqiqəti xatırladır: azadlığa doğru gedilən hər addım, hər yol bəzən insanın həyatındakı ən qiymətli hədiyyədir.
Hüsniyyə NƏSİROVA “Azərbaycan Ordusu”