Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2026 17:31

Kağızın ixtirası insanların həyatında əsl inqilab oldu

Sentyabr ayı payızın gəlişindən xəbər verir. Buludlu, tutqun hava depressiv əhval-ruhiyyə yarada bilər. Bu halların ən yaxşı dostu özünəməxsus qoxusu olan kitab və düşüncələrimizi yaza biləcəyimiz ağ vərəq ola bilər. Hansı peşə ilə məşğul olursunuzsa-olun, mütləq kağızla işiniz olub. Bəs hazırda əlinizdə tutduğunuz 19 əsr yaşı olan kağızın yaranma tarixini bilirsinizmi? Necə hazırlanır bu barədə heç düşünmüsünüzmü?
İnsan sivilizasiyasının inkişafında bəşəriyyətə yön verən kəşflər içində kağızın ixtirası və ilk kağız vərəqənin meydana gəlməsi xüsusi yer tutur. Kağızın meydana çıxmasıyla yazılı məlumatların qorunması, biliklərin nəsildən-nəslə ötürülməsi, elmin, mədəniyyətin və texnologiyanın inkişafı üçün yeni imkanlar açıldı. Kağızın ixtirası insanların həyatında əsl inqilab etdi. 
Ən qədim kağız vərəqinin tarixi Çinlə bağlıdır. Tarixi mənbələrə görə eramızın 105-ci ilində çinli dövlət xadimi və alim Tsay Lun tərəfindən hazırlanıb. O dövrdə Çin imperiyasının sarayında müxtəlif yazı materiallarından istifadə olunsa da, Tsay Lun təcrübə edərək ağac qabığı, kətan parçası, köhnə balıqçı torları, bambuk lifi və müxtəlif bitki tullantılarının qarışığından incə və yüngül vərəqlər düzəltməyə nail oldu. Hazırlanma texnologiyası bir neçə mərhələdən ibarət idi. Bitki və tekstil materiallarının doğranıb suda qaynadılması. Alınan kütlənin əzilməsi və sıxılması, hazır kütlənin tor və ya bambuk süzgəcdən süzülməsi, nəm vərəqin süzgəcdən ayrılıb preslənməsi və qurudulması. Tsay Lun bu texnologiyanı təkmilləşdirib imperator sarayına təqdim etdikdən sonra kağızın istifadəsi sürətlə yayılaraq sarayda və elmi dairələrdə əsas yazı materialına çevrildi.
868-ci ildə Bah Tszenin müəllifliyi ilə ilk qədim kitab, VIII əsrdə “Paytaxt xəbərləri” adlı ilk gündəlik qəzet çapı da Çində yaranıb. Kağız ilk dəfə Çində ixtira olunsa da, sonrakı əsrlərdə ticarət yolları və müharibələr nəticəsində digər ölkələrə yayılmağa başladı. VII əsrdə kağız istehsalı texnologiyası Koreya və Yaponiyaya çatdı. Çinlə müsəlman dünyası arasında baş verən Talas döyüşündən sonra (751-ci il) çinli əsir ustalar vasitəsilə kağızın istehsalı texnikası Mərkəzi Asiyaya, Səmərqənd, Bağdad, Şam və başqa şəhərlərə keçdi. İlk kağız fabrikinin 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzil tərəfindən yaradıldığı ehtimal olunur. IX-X əsrlərdə ərəb ustaları kağız istehsalını təkmilləşdirdilər və onu Avropaya ötürdülər. XIII-XIV əsrlərdə İtaliya, İspaniya və Almaniyada ilk kağız emalatxanaları yaradıldı. Kağızın sürətli yayılması yazı mədəniyyətinə, elm və ədəbiyyatın inkişafına böyük təkan verdi. İslam dünyasında kağız üzərində Quran, elmi əsərlər və poeziya yazılırdı. Avropada isə kağızın kütləvi istifadə edilməsi çap texnologiyasının (Qutenberq mətbəəsi) icadına yol açdı.
Avropada ilk dövrlərdə kağız bir müddət perqamentlə paralel istifadə olunurdu. Ancaq XV əsrdən başlayaraq kağız həm ucuzluğuna, həm də praktiki keyfiyyətlərinə görə digər materialları arxa plana keçirdi. Bütün elmi, inzibati, ədəbi və ticarət sənədləri kağız üzərində hazırlanmağa başlandı. Tarixi mənbələrə görə, Azərbaycanda kağız istehsalına və ilk kağız vərəqlərinin istifadəsinə təqribən IX əsrin sonunda başlanılmışdı. Cənubi Azərbaycan ərazisində yerləşən Xunəc şəhərində kağız fabriki fəaliyyət göstərmişdi. Bu istehsal mərkəzinin adına görə sonralar həmin şəhər Kağızkunan (kağız hazırlayanlar mənasında) adlandırılmışdı. Azərbaycan ərazisində kağız istehsalı Avropanın əksər ölkələrindən (İtaliya, Almaniya, İngiltərə) xeyli əvvələ təsadüf edir. XIII əsrin sonunda görkəmli dövlət xadimi və alim Fəzlullah Rəşidəddin tərəfindən Təbriz yaxınlığında xüsusi kağız fabriki tikdirilmişdi. Gəncə, Təbriz, Şamaxı və Bakı kimi şəhərlərdə kağızdan geniş istifadə zəngin əlyazma nümunələrini meydana çıxardı. Xüsusilə miniatür və xəttatlıq sənətinin inkişafında kağız əsas rol oynadı. Əlyazma sənətində, dövlət sənədlərinin hazırlanmasında, ədəbi irsin qorunmasında əsas material oldu.
Kağızın kəşfi təkcə mədəniyyət və idarəçilikdə deyil, hərbi sahədə də böyük sıçrayışa səbəb oldu. Kağızın yüngül olması cəbhə xəttində əmr və məlumatların daha sürətlə daşınmasına şərait yaratdı. Gizli şifrələnmiş hərbi xəritələr və əmrlər məhz kağız üzərində rahatlıqla saxlanılır və lazım gəldikdə tez məhv edilirdi. Qədim Çində döyüşçülər xüsusi qətranla hopdurulmuş çoxqatlı sıxılmış kağızdan hazırlanan zireh geyinirdilər. Bu zireh poladdan daha yüngül, daha ucuz idi və oxlardan, eləcə də qılıncın kəsici zərbələrindən effektli qoruyurdu. Xüsusi texnologiya ilə hazırlanmış “Kağız Zirehlər” geniş tətbiq olunurdu. Təxminən 10-15 qat qatlanmış, yağlanmış və kip basılmış kağız oxlara, nizə zərbələrinə və hətta dövrün ilk odlu silahlarına qarşı metal zirehlərdən daha yüngül və kifayət qədər davamlı alternativ idi.
Çində barıtın kəşfindən sonra kağız hərbi sursatların hazırlanmasında əvəzsiz rol oynadı. İlk bambuk və kağız borulu “alov nizələri” və kağız korpuslu siqnal partlayıcı bombalar döyüş meydanlarında istifadə edilməyə başlandı. Çin ordusu kağız çərpələnglərdən düşmən düşərgələrinin məsafəsini ölçmək, gecə vaxtı siqnal vermək və ya küləyin istiqamətini müəyyən etmək üçün istifadə edirdi. Rus çarı I Pyotr XVIII əsrin əvvəllərində xüsusi olaraq “kartuz” kağızının istehsalı üçün kağız dəyirmanlarının tikilməsini əmr etmişdi. Bu kağızdan gəmi və səhra top mərmilərinin barıt yükü üçün kisələr (kartuzlar) düzəldilirdi.  Bu kəşf XIX əsrin sonlarında artilleriyanı və atıcı silahları köklü şəkildə dəyişdi. XIX əsrdə metal gilizlər yaranana qədər atıcılar kağız kartriclərdən istifadə edirdilər. Burulmuş borucuğun içərisinə barıt tökülür və güllə yerləşdirilirdi. Xammal qıtlığı yarandıqda kitablardan da istifadə olunurdu. Azot turşusu ilə kimyəvi emal edilmiş kağız sellülozası tüstüsüz barıta və partlayıcı maddəyə çevrilir. Əsgər kağızı dişləyib cırır, barıtı lüləyə tökür və kağızın qalan hissəsindən tıxac kimi istifadə edirdi.
İkinci Dünya müharibəsinin sonunda Yaponiya Sakit okean üzərindən ABŞ-a tərəf bomba daşıyan 10000-ə yaxın hava şarı buraxdı. Bu nəhəng şarların örtüyü ənənəvi möhkəm “vasi” kağızından əllə hazırlanmışdı. 
Kağız müasir orduların logistikasını, xəritəçəkmə dəqiqliyini və hərbi strategiyaların idarə olunmasını kökündən dəyişərək hərb tarixinin ən mühüm dayaqlarından birinə çevrildi. Avstraliyanın “SYPAQ” şirkəti mum hopdurulmuş qalın kartondan hazırlanmış birdəfəlik pilotsuz uçuş aparatları yaradıb. Havada 3 saat qalır, 3 kq-dan-5 kq-dək yük götürə bilir. Bu dronlar metal hissələrinin azlığı sayəsində hava radarlarına düşmür, praktiki olaraq görünməzdirlər.
Yaponiya kartondan hazırlanmış, ucuz və yüngül dron modeli - AirKamuy 150-ni təqdim edib. Maksimum sürəti saatda 120 km, uçuş müddəti isə 80 dəqiqəyə qədərdir. Təxminən 80 kilometr məsafə qət edə bilən bu dronlar həm sürü əməliyyatlarında, həm də tibbi vasitələrin daşınmasında istifadə oluna bilər. ABŞ-də təhlükəli zonalara kəşfiyyat və humanitar yardım, ərzaq, tibbi və digər yüklərin daşınmasını həyata keçirən təyyarədən atılan pilotsuz planerdən istifadə olunur. Oriqami prinsipi ilə hazırlanan sukeçirməz bərk karton və skoçdan düzəldilmiş pilotsuz uçuş aparatı birdəfəlik istifadə üçün nəzərdə tutulub. Aparatın mühərriki və pəri yoxdur. 150 kilometr məsafəni uça bilir, 1 kiloqram yükdaşıma xüsusiyyətinə malikdir. Daxilində mini-kompüter və sensorlar quraşdırılıb, uçuş istiqaməti dəqiq eniş üçün karton qanadların əyilməsi ilə tənzimlənir. Missiyanı yerinə yetirib yükü atdıqdan sonra tam məhv olur ya da parçalanaraq ətraf mühitə yayılır.
Son onilliklərdə elektron texnologiyaların inkişafı kağız istehlakı və kağız sənayesində yeni mərhələnin başlanmasına səbəb olub. Hər il dünyada 350 milyon tondan artıq kağız istehsal edilməklə kağız sənayesi iri texnoloji sahəyə çevrilib. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda kağız məhsulları istehsal edəcək müəssisənin açılışını edib. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.
Kitablar, dəftərlər, broşürlər, etiketlər, vizit kartları, afişalar, fayllar kimi məhsulların qablaşdırılması, sənədləşdirilməsi, arxivləşdirilməsi, surətinin çıxarılması və çap edilməsində istifadə edilən kağız yoxluğu gündəlik həyatımızı qeyri-mümkün edə bilən bir materialdır. VII əsrdən başlayaraq gündəlik həyatımızı qeyri-mümkün edə bilən kağız pul vahidi, istiqraz kimi çox qiymətli kağız növü də var ki, bu da növbəti sayda geniş mətnin mövzusu ola bilər. 

Sevda AŞIROVA “Azərbaycan Ordusu”