AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bölmənin gündəlik fəaliyyətinə, şəxsi heyətin nizam-intizamına, döyüş hazırlığına və qarşıya qoyulan vəzifələrin dəqiq yerinə yetirilməsinə komandirin necə yanaşması birbaşa təsir göstərən amillərdəndir. Əsgər üçün komandir, ilk növbədə, rütbə sahibi deyil, təcrübəli hərbi lider, çətin məqamda güvənə biləcəyi, qərarına etibar edəcəyi şəxsdir. Buna görə də komandirlik yalnız vəzifə deyil, ciddi məsuliyyət tələb edən liderlik missiyasıdır. Rəisin davranışı, danışıq tərzi, qərarları, hətta mürəkkəb vəziyyətlərdə nümayiş etdirdiyi münasibət şəxsi heyət tərəfindən diqqətlə sezilir. O, bir çox hallarda bölmənin ümumi ab-havasını müəyyənləşdirən əsas şəxslərdən biridir.
Güclü komandir tabeliyində olan şəxslərdən yalnız tələb etmir, eyni zamanda, onların qarşısına qoyduğu tələblərə özü də əməl edir. Əsgər komandirinin güzgüsüdür, ailədə olduğu kimi. Komandir xidmət müddətində əsgər üçün nümunə olmalıdır. Rəis intizamı qoruyur, məsuliyyəti bölüşdürür, səhvləri düzgün qiymətləndirir, xidməti öyrədir, onu əsgərə aşılayır və qəbul etdiyi qərarların nəticələrinə görə cavabdehlik daşıyır. Belə yanaşma komandirin şəxsi heyət arasında nüfuzunun formalaşmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaradır.
Hərbi liderliyin əsas xüsusiyyətlərindən biri şəxsi nümunədir. Komandirin tələbkarlığı onun öz davranışı ilə təsdiqlənmədikdə bu tələbkarlıq effektivliyini itirə bilər. Vaxtında xidməti yerində olmaq, nizamnamələrin tələblərini yerinə yetirmək, verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq, müəyyən olunmuş qaydaları düzgün tətbiq etmək və çətinliklər qarşısında soyuqqanlı davranmaq şəxsi nümunənin əsas göstəricilərindəndir. Şəxsi heyət komandirin dedikləri ilə etdikləri arasındakı fərqi tez hiss edir. Bu səbəbdən liderlik yalnız sözlə deyil, davranışla formalaşır. Sözdə deyilənlər, əməldə də öz təsdiqini tapmalıdır.
Komandirin digər mühüm keyfiyyəti qərarvermə bacarığıdır. Hərbi xidmət müxtəlif vəziyyətlərlə müşayiət olunur və komandir bəzən məhdud zaman, natamam məlumat və yüksək məsuliyyət şəraitində seçim etməli olur. Belə məqamlarda qərarın düzgünlüyü qədər onun vaxtında və operativ qəbul edilməsi də əhəmiyyət daşıyır. Bunun üçün komandir mövcud məlumatları təhlil etməli, mümkün riskləri qiymətləndirməli, alternativləri nəzərdən keçirməli və konkret vəziyyətə uyğun qərar verməlidir. Qərarvermə bacarığı yalnız sürətli seçim etmək deyil, nəticələri əvvəlcədən düşünmək və qəbul edilmiş qərarın məsuliyyətini daşımaq qabiliyyətidir. Bu keyfiyyətin də əsas açarları təcrübə, peşəkarlıq və dünyagörüşüdür.
Burada məsuliyyət anlayışı xüsusi əhəmiyyət kəsb edir. Komandirin səlahiyyəti artdıqca onun məsuliyyəti də artır. Uğurlu nəticəni öz şəxsi nailiyyəti kimi təqdim etmək asan ola bilər, lakin çatışmazlıqlar və uğursuzluqlar zamanı məsuliyyəti üzərinə götürmək əsl liderliyin göstəricilərindən biridir. Komandir səhvin səbəbini müəyyən etməli, onu təhlil etməli və eyni problemin təkrarlanmaması üçün müvafiq qabaqlayıcı tədbirlər görməlidir. Bu yanaşma şəxsi heyətdə məsuliyyətli davranışın formalaşmasına da müsbət təsir edir.
Ədalət və obyektivlik də hərbi liderliyin əsas dayaqlarındandır. Şəxsi heyətin idarə olunmasında eyni meyarların tətbiqi komandirə olan etimadı gücləndirir. Tələbkarlıq bütün hərbi qulluqçulara münasibətdə ardıcıl və əsaslandırılmış olduqda intizam daha sağlam mühitdə formalaşır. Komandir şəxsi münasibətləri xidmət tələblərindən ayırmağı bacarmalı, qiymətləndirmələrdə obyektivliyi qorumalıdır. Ədalətli münasibət, həmçinin kollektiv daxilində qarşılıqlı hörmətin möhkəmlənməsinə kömək edir.
Lakin hərbi liderlik yalnız intizam və tələbkarlıqdan ibarət deyil. Şəxsi heyətlə işləmək bacarığı da komandirin peşəkarlığının mühüm hissəsidir. Fərdlərin imkanlarını, hazırlıq səviyyəsini, güclü və zəif tərəflərini bilmək komandirə tapşırıqları daha düzgün bölüşdürməyə imkan verir. Bunun üçün komandir dinləməyi, izah etməyi və lazım gəldikdə düzgün istiqamət göstərməyi bacarmalıdır. Tələbkarlıqla hörmət arasında tarazlığın qorunması xüsusilə vacibdir. Çünki hərbi kollektivdə sağlam münasibətlər intizamı zəiflətmir, əksinə, onun şüurlu şəkildə qəbul edilməsinə şərait yaradır.
Digər mühüm keyfiyyət psixoloji dayanıqlıqdır. Gərgin vəziyyətlərdə komandirin emosional davranışı birbaşa şəxsi heyətə təsir göstərə bilər. Qeyri-müəyyənlik, vaxt məhdudiyyəti və yüksək məsuliyyət şəraitində komandirin özünü idarə etmə bacarığı vacibdir. Bu, emosiyaların tamamilə aradan qaldırılması deyil, onların qərarvermə prosesinə mənfi təsir göstərməsinə imkan verməkdir. Sakit və ardıcıl davranan komandir mürəkkəb şəraitdə şəxsi heyətin diqqətini əsas vəzifəyə yönəldə bilir.
Müasir hərbi mühitdə liderlik anlayışı davamlı inkişaf tələbi ilə də sıx bağlıdır. Hərbi texnologiyaların, idarəetmə üsullarının və döyüş yanaşmalarının dəyişməsi komandirin də öz biliklərini daim yeniləməsini tələb edir. Peşəkar komandir əldə etdiyi təcrübə ilə kifayətlənmir, yeni biliklər öyrənir, təlimlərdən nəticə çıxarır və tabeliyində olan şəxslərin hazırlığının yüksəldilməsinə çalışır. O, həmçinin təşəbbüskarlığı dəstəkləməli, şəxsi heyətin müstəqil düşünmə və düzgün qərarvermə bacarıqlarının inkişafına şərait yaratmalıdır.
Bütün bu xüsusiyyətlər bir-birindən ayrı deyil. Qərarvermə bacarığı məsuliyyətlə, tələbkarlıq ədalətlə, peşəkarlıq isə şəxsi nümunə ilə tamamlandıqda hərbi liderlik daha effektiv olur. Komandirin əsas vəzifələrindən biri yalnız tapşırığın icrasını təmin etmək deyil, eyni zamanda, qarşıya qoyulan məqsədə aparan prosesin düzgün təşkilinə nail olmaqdır. Bu baxımdan liderlik həm idarəetmə, həm də insan amilini nəzərə alan kompleks fəaliyyət kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə komandirin gücü yalnız onun rütbəsi və tutduğu vəzifə ilə müəyyən olunmur. Əsl liderlik verilən səlahiyyəti məsuliyyətlə həyata keçirmək, çətin məqamda düzgün qərar qəbul etmək, şəxsi heyətə nümunə olmaq və ədalətli idarəetmə mühiti yaratmaq bacarığında özünü göstərir. Komandir şəxsi heyətin qarşısında yalnız əmr verən deyil, həm də istiqamət göstərən, məsuliyyət daşıyan və etimad qazanan şəxsdir. Onun peşəkarlığı bölmənin fəaliyyətinə, liderlik keyfiyyətləri isə kollektivin birliyinə və dayanıqlığına təsir göstərir. Buna görə də hərbi liderliyin formalaşdırılması yalnız ayrı-ayrı komandirlərin deyil, ümumilikdə ordunun peşəkar inkişafının mühüm istiqamətlərindən biridir.
Fuad CƏFƏROV “Azərbaycan Ordusu”