Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2026 17:28

Vətənpərvər atalar və oğullar

Bu il də ali məktəblərə yüksək bal toplayanlar sırasında Vətəni canından əziz tutan igid şəhidlərin övladları da olub. Ataları Vətəni düşməndən qorudular, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində misilsiz igidliklər göstərib şəhadətə ucaldılar. Bəziləri davamçılarını xalqa, dövlətə əmanət qoydular. Xalq da, dövlət də şəhid övladlarına arxa-dayaq oldu. Onları bir an belə diqqətdən, qayğıdan kənarda qoymadı. Zamanında körpə, fidan bildiyimiz həmin uşaqların bu gün böyüyüb atalarına layiq yol seçdiklərinin şahidi oluruq. Bəli, ataları hansı məqsəd, amal uğrunda döyüşə getdiklərini və bu döyüşlərdə canlarından keçəcəklərini bilirdilər. Onların özlərindən sonra qoyub getmək istədikləri Azərbaycan adlı bir məmləkət var idi. Bu gün biz Azərbaycanın dövlət kimi möhkəmlənməsinə və inkişaf etməsinə töhfə vermək istəyənlərin sırasında şəhid övladlarını da görürük. Ataları Vətənə döyüşərək töhfə verdilər, övladları isə elmlə, biliklə Vətəni ucaltmaq istəyirlər.
Azərbaycanın hər bir guşəsi gözəldir. Bu dəfə yolumuz Vətənimizin dilbər guşəsi olan Qax rayonunadır. Böyük Qafqaz dağlarının ətəyində yerləşən bu rayon həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə 180-dən artıq şəhid verən rayonlarımızdandır. Qax camaatı vətənpərvərliyi ilə sayılıb-seçilib. Vətənin ağır günündə digər regionlarımız kimi, qaxlılar da sinələrini sipər ediblər. İkinci Qarabağ müharibəsində şəhid olan polkovnik-leytenant Sadiq Məmmədovu Qaxda hər kəs tanıyır, onunla qürur duyur. 
Sadiq Sadəddin oğlu Məmmədov 1981-ci ildə Qax şəhərində sadə, zəhmətkeş ailədə dünyaya göz açıb. Qax şəhəri Namiq Allahverdiyev adına 2 nömrəli tam orta məktəbə gedib. Dərslərini də yaxşı oxuyub. İdmana daha çox önəm verib.  Özünü böyüyəndə hərbçi - zabit görmək istəyib. Bu istək, bu arzu idi Sadiqi orta məktəbi bitirəndən sonra indiki Heydər Əliyev adına Hərbi İstituta gətirən. Özü də “Kəşfiyyatçı” ixtisasına yiyələnib. 2002-ci ildə Sadiq Məmmədov gənc leytenant kimi hərbi xidmətə başlayıb. Onun zabit kimi xidmətinin çox illəri cəbhə bölgəsində, düşmənlə təmas xəttində keçib. Xarici ölkələrdə keçirilən təlim kurslarında iştirak edib. Çətin və  şərəfli xidmət illərində bir dəfə də olsun “yoruldum” deməyib. Əksinə, zabit peşəsinin necə şərəfli, ləyaqətli bir peşə olduğunu yaxşı dərk edib sevirdi. Bu peşənin aliliyini, ucalığını qoruyub saxlayırdı. Hələ kursant olanda onu gələcəkdə nələrin gözlədiyini də yaxşı bilirdi. Müharibə gedən bir ölkədə, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal edildiyi bir dönəmdə zabit olmaq üçün cəsarət, hünər tələb olunurdu. Məhz, Sadiqin bu cəsarəti idi onu yuxarı rəislərə, silahdaşlara və tabeliyində olanlara sevdirən. “Polkovnik-leytenant” rütbəsinə qədər yüksələn Sadiq Məmmədov ölkəmizin müxtəlif yerlərində dislokasiya olunan hərbi hissələrdə xidmət edib.
Sadiq Məmmədov vətənpərvər olduğu kimi, ailəcanlı, övladlarına bağlı bir ata olub. Onu daim düşündürən övladlarının sağlam böyüməsi, tərbiyəli olması və yaxşı oxuması idi. Sadiq bütün varlığı ilə övladlarının gələcəyi üçün çalışıb. Onların uğurlarını görməyə ömür vəfa etməyib, müharibə onun da arzusunu ömrü kimi yarıda qoyub. Həyat yoldaşı Pərvanə xanım deyir ki, Sadiq Sənanı da, Kənanı da idmançı görmək istəyirdi. Sənanı kingboksing idman növünə qoymuşdu. Yaxşı nəticələri vardı. Yaşıdları arasında keçirilən yarışlarda medallar da qazanmışdı. Bunu görən atanın sevinci yerə-göyə sığmırdı. Məşqlərin birində Sənan ciddi zədə aldı. Bundan sonra o, idmana davam edə bilmədi. Dərslərə daha çox vaxt ayırdı.
Pərvanə xanım  Sadiqin nə cür ailə başçısı olduğunu yaxşı bilirdi. Onun arzusuna və istəyinə uyğun övladlarını böyütmək üçün bütün varlığı ilə çalışırdı. Ata cəbhə bölgəsində, səngərdə xidmət yerində idi. Bu səbəbdən də uşaqlarına çox vaxt ayıra bilmirdi. Belə olan halda ailənin böyük yükü ananın üzərinə düşürdü. O da övladlarını atanın görmək istədiyi, arzu etdiyi qaydada böyütmək üçün hər cür əziyyətə qatlaşırdı. 
Sadiqin ailəsində 3 uşaq böyüyürdü. Səbinə, Sənan  və Kənan. Ailə başçısının xidmət yeri ilə əlaqədar olaraq onlar məktəbi tez-tez dəyişmək məcburiyyətində qalırdılar. Bu da onların təhsilinə təsirsiz ötüşmürdü. Uşaqlar məktəbdən və müəllimlərdən razı olanda, dərslərini yaxşı oxuyanda Sadiq özündə bir rahatlıq tapırdı.  
2020-ci il sentyabrın 27-si səhəri hər şey dəyişdi. Ermənilər yeni əraziləri işğal etmək iddiasına düşmüşdülər. Ancaq ordumuzun düşmənlə təmas xəttində yerləşən bölmələri onların arzularını elə arzu olaraq ürəklərində qoydu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əks-hücum əmri verdi, qismən səfərbərlik elan etdi. Polkovnik-leytenant Sadiq Məmmədov hərbi hissənin məsul şəxslərindən biri idi. Hərbi hissə qısa zaman ərzində Füzuliyə dislokasiya olundu. Həmin istiqamətdə ağır döyüşlər gedirdi. Bir çox yaşayış məntəqələrimizin azad edilməsində Sadiq və onun tabeliyindəki döyüşçülər fəallıq göstərdilər. Oktyabrın 26-da səhərə yaxın Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində növbəti döyüş tapşırığını yerinə yetirərkən polkovnik-leytenant Sadiq Məmmədov şəhid oldu...
Şəhid zabitimiz oktyabrın 28-də doğulub boya-başa çatdığı Qax rayonunun Şəhidlər xiyabanında izdihamla torpağa tapşırılıb. Sadiq Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.
Sadiq Məmmədov şəhid olandan  sonra ailəsi doğma Qax şəhərinə qayıdır. Övladları vaxtilə atalarının oxuduğu 2 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirməyə başlayırlar. Qızı Səbinə Məmmədzadə humanitar fənlərə  üstünlük verirdi. Ötən il 520 balla Azərbaycan Dillər Universitetinə qəbul olub. Hazırda “Koreya dili üzrə tərcüməçi” ixtisası üzrə təhsil alır. Sənan Məmmədzadə bacısından fərqli olaraq texniki fənlərə maraq göstərib. 9-cu sinfin buraxılış imtahanında 297 bal toplayıb. O, “Yaşat” fondunun xətti ilə İngiltərənin paytaxtı London şəhərində iki həftəlik səyahətdə olub. Kənan isə 7-ci sinifdə oxuyur. Atasının adını daşıyan sinif otağı onun sinif otağıdır. Kənan da qardaşı kimi yaxşı oxuyur. Qardaşı kimi, o da riyaziyyat, fizika və informatika fənlərinə böyük maraq göstərir.
Sənan Məmmədzadə bu il 621.7 bal toplayıb tələbə adını qazanan şəhid övladlarından biridir. O, Azərbaycan İqtisad Universitetinin “Kompüter mühəndisliyi” fakültəsinə qəbul olub. Sənan orta məktəbin buraxılış və ali məktəblərin qəbul imtahanlarında əldə etdiyi yüksək bala görə əməyi keçən ailəsinə, Qax şəhəri Namiq Allahverdiyev adına 2 nömrəli tam orta məktəbin və Qax Təhsil Mərkəzinin müəllim kollektivinə borclu olduğunu deyir. Sənanın hazırda məqsədi bakalavr təhsilini uğurla başa vurmaqdır. Gələcək planlar haqda nəsə deməyə tələsmir. 
- Üzərimə düşən əsas vəzifə yaxşı oxuyub seçdiyim ixtisas üzrə bacarıqlı, peşəkar mühəndis olub, dövlətimə xeyir verməkdir, - Sənan deyir. Biz də ona bu yeni həyat yolunda uğurlar arzulayırıq.
Şəhid övladlarının təhsildə, idmanda, mədəniyyətdə və elmin müxtəlif sahələrində qazandıqları uğurlar haqqında çox eşidirik. Onların uğurlarının Vətənimizin güclənməsinə, qüdrətlənməsinə səbəb olacağı şübhəsizdir. Ataları övladlarına Vətəni əmanət etdilər, övladları da atalarının canlarından keçdikləri Vətəni qoruyub daha da qüdrətli etməyi qarşılarına məqsəd qoydular. Bəli, ataları döyüş meydanlarında olduqları kimi, övladları da elmlə Vətənə bağlı olduqlarını təsdiqləyirlər.

Bəxtiyar ƏLİYEV “Azərbaycan Ordusu”