Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2026 17:26

Silahlar susanda başlayan böyük mübarizə

Müharibənin sonu atəş səslərinin kəsilməsi deyil. Əsl sınaq bəzən məhz bundan sonra başlayır… Müharibə… Bu sözün özü belə insanda qorxu yaradır. Döyüş meydanı, səngər, əsgər, ayrılıq, göz yaşları, itkilər, yarımçıq qalan arzular… Müharibə haqqında danışarkən çox vaxt onun görünən tərəflərini düşünürük. Döyüşləri, hərbi texnikanı, qəhrəmanlığı, qələbələri… Amma bir də görünməyən müharibə var. Hansı ki, silahların susmasından sonra insanların yaddaşında davam edir. Müharibə bir gün başlaya bilər. Onun nəticələrini aradan qaldırmaq isə illər çəkir.
Ən ağır itki insan həyatıdır. Müharibənin statistik rəqəmlərlə ifadə edilə bilməyən bir tərəfi var - insanların taleyi. Hər itki arxasında bir ailə, ana, ata, övlad, yarımçıq arzular qoyur. Bir əsgərin döyüş meydanında göstərdiyi qəhrəmanlıq tarixə yazıla bilir. Lakin onun ailəsinin yaşadığı ağrını heç bir rəqəm və heç bir statistika tam ifadə edə bilməz. Buna görə müharibəyə yalnız hərbi baxımdan yanaşmaq bəs etməz. Müharibənin insan həyatına vurduğu zərbəni də dərk etmək lazımdır. 
Uşaq üçün dünya oyun, məktəb, dostlar və ailə deməkdir. Müharibə isə bu dünyanı bir anda dəyişə bilər. Bu cür anlara şahid olan uşaqlardan biri kimi qeyd etmək istəyirəm. Müharibə başlayanda mən hələ uşaq idim. Nə siyasətdən anlayırdım, nə də müharibənin nə demək olduğunu dərk edirdim. Amma qorxunu çox yaxşı tanıyırdım. Yaşım az olsa da, yadımdadır, böyüklərin üzündə əvvəlki təbəssüm yox idi. Uzaqdan gələn gurultunun nə olduğunu soruşanda isə mənə “qorxma” deyirdilər. Amma onların səsindəki narahatlıq məni daha çox qorxudurdu. Dayımgil həmin gecə bizə tanımadığım insanlar gətirdilər. İçlərində qoca da vardı, cavan da, uşaq da. Biri qorxudan danışa bilmirdi, biri susub həyəcanlı gözlərlə ətrafa baxırdı. Bəzən bir uşağı qucaqda gətirirdilər - üzündə uşaq saflığı, gözlərində isə yaşına sığmayan bir qorxu olurdu. Nə mən onları tanıyırdım, nə də onlar məni. Müharibə hamımızı bir-birimizə yad olmayan insanlara çevirmişdi. Onların üzündə gördüyüm qorxu, əllərindəki titrəmə, gözlərindəki ümidsizlik uzun illər keçsə də, yaddaşımdan silinmədi. 
O gün anladım ki, müharibə xəbərlərdə gördüyümüz tanklardan və partlayışlardan ibarət deyil. Müharibə bir gecədə evindən çıxmağa məcbur olan qocadır, anasının qucağında susan uşaqdır, arxada qoyduğu evinə son dəfə baxan cavandır... Və bəlkə də ən ağır tərəfi budur, sən onların adını bilmirsən, amma yaşadıqları ağrının şahidi olursan. Bəzi üzlər insanın yaddaşına elə həkk olunur ki, illər keçsə də, onları unutmaq mümkün olmur.  
Sən demə müharibə yalnız cəbhədə baş vermir, evlərə də girir - insanların ürəyinə, yuxularına, xatirələrinə. İndi müharibəyə uşaq gözü ilə deyil, bir gənc kimi baxıram və bir şeyi yaxşı anlayıram ki, müharibə bir günün içində başlayır, amma onun qorxusu bəzi insanların içində illərlə susmadan yaşayır…
Müharibə bitir... Silahlar susur, partlayış səsləri kəsilir. Bəziləri üçün müharibə son güllə atılanda bitir, bəziləri üçün isə illərlə davam edir - xatirələrdə, yuxularda, səssiz gecələrdə… Dağılan evləri yenidən tikmək mümkündür. Yolları düzəltmək, şəhərləri yenidən qurmaq olur. Amma bir insanın yoxluğunu heç nə ilə doldurmaq olmur. Bəzən bir ev yenidən tikilir, amma o evdə əvvəlki səs heç vaxt eşidilmir. Bir ana hər axşam qapıya baxır… Bir uşaq atasını gözləyir... Bir qadın illər keçsə də, sevdiyi insanın səsini unutmaq istəmir... Bir ailədə süfrəyə bir nəfər əskik oturur… Ən ağır tərəfi də budur - həyat davam edir… 
Müharibədən sağ çıxanların da hamısı əvvəlki kimi qayıtmır. Bəziləri bədənində, bəziləri isə ruhunda yaralar gətirirlər. Gecələr sakitlikdə keçmişi xatırlayır, heç kimə danışmadıqları ağrıları içlərində daşıyırlar. Onlar qəlblərində itirdikləri insanın xatirəsi ilə yaşamağa davam edirlər. Bəlkə də müharibədən sonra ən çətin şey yenidən xoşbəxt olmağa cəsarət etməkdir. İnsan bəzən güləndə belə özünü günahkar hiss edir. Çünki onun gülüşünə şərik olan biri artıq həyatda deyil... Və o gülüş boğazında düyünlənib qalır... Amma zaman insana bir həqiqəti öyrədir. Yaşamaq itirdiklərini unutmaq demək deyil, əksinə, gedənlərin xatirəsinə hörmət etməyin ən səssiz yoludur.
Uşağın gülməsi, həyətə yenidən ağac əkilməsi, bir evdə işıqların yanması, ailənin bir süfrə arxasında toplaşması... Bunlar sadə görünür. Amma müharibədən keçən biri üçün bunların hər biri böyük bir möcüzədir. Çünki müharibə insana adi günlərin nə qədər qiymətli olduğunu öyrədir. Sakit bir gecə, qorxmadan yatmaq, ananın səsini eşitmək, atanın evə qayıtmasını gözləmək, uşağın gülüşünü eşitmək, sevdiyin insanı qucaqlamaq. Bunların heç birinin bir anda itə biləcəyini düşünmürük. Ta ki, bir gün itirənə qədər…
Amma bir insanın qəlbində itirilmiş sabahı yenidən qurmaq üçün sevgi, zaman və ümid lazımdır. Müharibə bizdən çox şeyi alsa da, bizə çox şeyi öyrətdi. İnsanın ən böyük sərvəti sevdiklərinin sağ-salamat yanında olmasıdır. Müharibə bitəndə həyat yenidən davam edir. Ancaq o həyat əvvəlkindən fərqli olur. İnsan daha çox düşünür, qiymət verir və ən əsası sülhün nə demək olduğunu dərindən anlayır. Bəlkə də müharibədən sonra ən böyük qələbə yenidən gülə bilməkdir, gələcəyə inanmaqdır.
Müharibə dağıdır, yerlə-yeksan edir, sülh isə qurmağı tələb edir. Dağılan bir şəhəri yenidən qurmaq üçün texnika və maliyyə lazımdır. Amma insanların həmin şəhərə yenidən həyat gətirməsi üçün bundan daha böyük bir qüvvə - ümid lazımdır. İnsanlar evlərinə qayıdırlar, küçələr yenidən canlanır, uşaqlar məktəbə gedirlər, mağazalar açılır, yeni iş yerləri yaranır. Bir vaxtlar səssiz qalan küçələrdə yenidən uşaqların səsi eşidilir. Məhz bu mənzərə müharibədən sonrakı həyatın ən böyük qələbələrindən biridir.
Həkim insan həyatını xilas edərək, müəllim savadlı nəsil yetişdirərək, mühəndis yeni layihələr quraraq, alim elmi inkişaf etdirərək, gənc yaxşı təhsil alaraq ölkəsinə xidmət edə bilər. Vətəni qorumaq qədər onu inkişaf etdirmək də vətəndaşlıq borcudur. Çünki güclü dövlət yalnız güclü ordu ilə deyil, həm də savadlı cəmiyyət, inkişaf etmiş iqtisadiyyat, elm, təhsil və milli birliklə qurulur.
Ordunun əsas gücü yalnız silah və texnika deyil. Ordunun ən böyük gücü insandır. Əsgər Vətənin təhlükəsizliyi üçün ciddi məsuliyyət daşıyır. O, bəzən ailəsindən uzaqda, çətin hava şəraitində, böyük risk qarşısında xidmət edir. Əsgərlik həm fiziki, həm də mənəvi hazırlıq tələb edir. İntizam, cəsarət, dözümlülük, komanda ruhu və Vətənə bağlılıq hərbi xidmətin əsas dəyərlərindəndir. Bu baxımdan güclü ordu yalnız müasir texnikaya sahib deyil. Güclü ordu həm də hazırlıqlı, intizamlı və yüksək mənəvi ruhlu insanlardan ibarətdir. 
XXI əsrdə texnologiyanın inkişafı hərbi sahəyə böyük təsir göstərir. Bu səbəbdən gələcəyin əsgəri yalnız fiziki cəhətdən güclü deyil, həm də savadlı, texnologiyanı anlayan və sürətlə dəyişən şəraitə uyğunlaşan mütəxəssis olmalıdır. Pilotsuz uçuş aparatları, elektron sistemlər, peyk görüntüləri, müasir rabitə vasitələri və süni intellekt kimi əsaslı texnologiyalar artıq hərbi strategiyalarda mühüm yer tutur. Bu isə yeni reallıq yaradır. Artıq yalnız fiziki güc deyil, bilik, texnologiya və informasiya üstünlüyü də böyük əhəmiyyət daşıyır.
Güclü ordu Vətənin təhlükəsizliyini qoruyur, güclü cəmiyyət isə Vətənin gələcəyini qurur. Bəlkə də müharibənin bizə verdiyi ən böyük dərs budur. Vətəni qorumaq qəhrəmanlıq, onu yaşatmaq məsuliyyətdir. Sülhü qorumaq isə gələcək nəsillərə verilən ən böyük vəddir. Onlara təhlükəsiz və firavan gələcək yaratmalıyıq. Çünki hər bir insanın ən böyük arzusu özündən sonrakı nəslə daha yaxşı, sülh içində həyat bəxş etmək olmalıdır. Ona görə də müharibədən sonra qarşımızda xüsusi bir vəzifə dayanır - uşaqlara normal həyatlarını qaytarmaq. Məktəbə gedən, dostları ilə oynayan, gələcəklə bağlı arzular quran uşaq, əslində, bərpa olunan həyatın ən gözəl nümunəsidir.
Bəlkə də bir gün gələcək uşaqlar müharibənin nə olduğunu yalnız kitablardan oxuyacaq, filmlərdən görəcək və biləcəklər ki, bir vaxtlar bu torpaqlarda müharibə olub... Amma biz gələcəyimizi sülhlə qurmağı seçmişik!

Pərvanə İMAMƏLİYEVA “Azərbaycan Ordusu”