AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2020-ci il sentyabrın 27-də Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinin əsası qoyuldu. Həmin gün başlayan İkinci Qarabağ müharibəsi 30 ilə yaxın davam edən işğala son qoyulması, ərazi bütövlüyümüzün bərpası və illərlə doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayan minlərlə insanın arzusunun gerçəkləşməsi ilə nəticələndi. Lakin bu Zəfərin başlanğıcında ağır döyüşlər, böyük fədakarlıq və Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı dayanırdı. Məhz buna görə 27 sentyabr xalqımız üçün həm Böyük Qələbəyə gedən yolun başlanğıcı, həm də bu yolda canlarını düşünmədən fəda edən şəhidlərimizin əziz xatirəsinin yad edildiyi gündür.
Artıq altı ildir ki, biz bu müqəddəs günü qürurla yanaşı, kövrək duyğularla qarşılayırıq. Bu gün həm də yaddaş günüdür - dünənimizi xatırlamaq, unutmamaq, şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etmək günü.
Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində apardığı düşmənçilik siyasəti xalqımız üçün ağır nəticələr doğurdu. Tarixi Azərbaycan torpaqları olan Qarabağa ermənilərin Çar Rusiyası dövründə köçürülməsi ilə başlayan proses sonrakı mərhələlərdə xalqımıza qarşı ərazi iddialarına, etnik ayrı-seçkiliyə, deportasiyalara və zorakılığa çevrildi.
Erməni millətçiliyi üzərində qurulan siyasət müxtəlif tarixi mərhələlərdə azərbaycanlı əhalinin öz doğma torpaqlarından sıxışdırılması və qovulması ilə müşayiət olundu. 1905-1907-ci və 1918-ci illərdə baş verən qanlı hadisələr zamanı soydaşlarımızın kütləvi şəkildə qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması xalqımızın yaddaşında silinməz izlər buraxdı.
1918-1920-ci illər ərzində İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Qarabağ və digər ərazilərdə azərbaycanlı əhaliyə qarşı törədilən qətliamlar, yaşayış məntəqələrinin dağıdılması və insanların doğma yurdlarından didərgin salınması bu siyasətin faciəli nəticələri idi.
Sonrakı illərdə də deportasiya siyasəti davam etdirildi. 1948-1953-cü illərdə Ermənistanda yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya edilməsi, 1987-ci ildən başlayaraq yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulması nəticəsində Ermənistan monoetnik dövlətə çevrildi. Bu proses xalqımızın yaddaşında yalnız statistik rəqəmlərlə deyil, yarımçıq qalan həyatlarla, dağıdılmış evlərlə, itirilmiş xatirələrlə, doğma torpağa qayıtmaq arzusu ilə yaşayır.
1988-ci ildə başlayan Qarabağ hadisələri isə vəziyyəti daha da ağırlaşdırdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları silahlı münaqişəyə - müharibəyə çevrildi. Kəndlər və şəhərlər dağıdıldı, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı.
1992-ci il fevralın 26-da törədilən Xocalı faciəsi bu qanlı səhifələrin ən ağır nümunələrindən biri oldu. Xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq qətliam nəticəsində yüzlərlə dinc sakin öldürüldü, qadınlar, uşaqlar və yaşlı insanlar həyatını itirdilər.
Bütün bunların fonunda Azərbaycan uzun illər ərzində məsələnin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə çalışdı. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edildi. Lakin ikili standartlar səbəbindən uzun illər davam edən danışıqlar prosesi nəticə vermədi. İşğal faktı aradan qaldırılmadı, yüz minlərlə insan öz doğma yurduna qayıda bilmədi. Azərbaycan xalqı isə işğalla heç vaxt barışmadı.
Bu barışmaz mövqe 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlərdə bir daha nümayiş etdirildi. Azərbaycan Ordusunun döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı və Vətən uğrunda mübarizə əzmi həmin döyüşlərdə özünü göstərdi.
Lakin Ermənistan bundan heç bir nəticə çıxarmadı. Təxribatlar davam etdi, Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələrimiz atəşə tutuldu. Beləliklə, illərlə davam edən səbir və gözlənti 2020-ci ilin sentyabrında son həddinə çatdı. Belə desək, tam yerinə düşər, səbir kasamız doldu…
Və nəhayət, 27 sentyabr 2020-ci il…
Həmin səhər Azərbaycan xalqı üçün tarix başqa cür yazılmağa başladı. Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladı. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Qarşı tərəfin genişmiqyaslı təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bununla da Vətən müharibəsinin ilk səhifəsi yazıldı.
Bu, əvvəlki atəşkəs pozuntularından fərqli idi. Artıq genişmiqyaslı hərbi qarşıdurma başlamışdı. 30 ilə yaxın davam edən işğala son qoymaq üçün mübarizə siyasi müstəvidən döyüş meydanına keçdi.
Həmin gün xalqımızın uzun illər ürəyində daşıdığı bir arzu gerçəyə çevrildi: Azərbaycan əsgərinə Vətən torpaqlarını azad etmək, işğalı sona çatdırmaq, etimadı doğrultmaq üçün döyüş əmri verilmişdi.
Bu əmr bir gündə yaranmış hazırlığın nəticəsi deyildi. Azərbaycan Ordusunun Böyük Qələbəyə hazırlanması illər əvvəl başlamışdı. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, müasir silah və texnikanın alınması, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi, müxtəlifmiqyaslı hərbi təlimlərin keçirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində irimiqyaslı islahatlar həyata keçirilmişdi.
Əməliyyatların ilk günündə döyüş meydanında görünən nəticələrin arxasında illərlə davam edən böyük hazırlıq dayanırdı. Gecə-gündüz keçirilən təlimlər, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi Azərbaycan Ordusunun döyüş qabiliyyətini artıran mühüm amillər idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi “... Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir”.
Rəşadətli Azərbaycan Ordusu bu hazırlığı sentyabrın 27-də bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgəri döyüş meydanında ancaq irəli gedirdi. Onun qarşısında illər ərzində qurulmuş istehkamlar, minalanmış sahələr, çətin relyef və güclü silahlı müqavimət vardı.
Vətən müharibəsi yalnız döyüş meydanında aparılmırdı. Siyasi müstəvidə də Azərbaycan dövləti ölkəmizin mövqeyini bütün dünyaya bəyan edirdi. Prezident İlham Əliyevin xarici və yerli media nümayəndələrinə verdiyi çoxsaylı müsahibələrdə Azərbaycanın haqlı mövqeyi beynəlxalq auditoriyaya çatdırılırdı.
Azərbaycan öz ərazisində döyüşürdü. Məqsəd işğala son qoymaq, ərazi bütövlüyümüzü bərpa etmək və doğma torpaqlarımıza qayıdışı təmin etmək idi.
Cəbhədən gələn hər xəbər bütün ölkədə böyük həyəcanla izlənilirdi. Azərbaycan Ordusu durmadan, gecə-gündüz yorulmaq bilmədən irəliləyirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin azad olunması ilə Zəfərə aparan yol daha da yaxınlaşırdı.
Lakin qarşıda bizi Zəfərin zirvəsinə çevriləcək bir şəhər gözləyirdi - Zəfərin tacı Şuşa.
8 noyabr 2020-ci il… Bu tarix Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Şuşanın azad edilməsi xəbəri yayılanda ölkəmizi sözlə ifadə edilməsi çətin olan bir hiss bürüdü. 30 ilə yaxın davam edən həsrətin içindən sanki böyük bir işıq doğdu. Artıq Şuşa azad idi. Qəhrəman Azərbaycan əsgəri şanlı bayrağımızı Şuşada dalğalandırmışdı. Qarabağa - tarixi və mədəniyyət beşiyimizə qayıtmışdıq.
Azad edilən hər kəndin, şəhərin, qəsəbənin, yüksəklik və yaşayış məntəqələrinin adı insanların sevincinə səbəb olurdu. Ancaq bu sevincin arxasında gedən döyüşlərdə itkilərin olacağını da bilirdilər. Və hər qələbənin, azad olunmuş yaşayış məntəqəsinin bir dəyəri vardı - şəhid qanı - insan taleyi. Müharibənin ən ağır həqiqəti də buradan başlayırdı və bu həqiqətin ən ağır sözü şəhid sözüdür. O şəhid sözü ki, bir ana oğlunun səsini bir daha eşitmir. Bir ata övladının şəklinə baxaraq susur. Bir həyat yoldaşı ömrünün qalan hissəsini xatirələrlə yaşayır. Bir uşaq atasının yolunu gözləməklə böyüyür.
Qəhrəman əsgərlərimiz isə bütün bunları bilə-bilə döyüşürdülər. Ancaq onların qarşısında daha böyük bir amal vardı - Vətən torpaqlarının azadlığı. Bir qəhrəmanın yarımçıq qoyduğu yolu onun döyüş yoldaşı davam etdirirdi. Beləcə, şəhidlərimizin qanı-canı ilə yazılan yol addım-addım Zəfərə, Böyük Qələbəyə doğru uzandı.
Bu gün azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağımıza baxarkən şəhidlərimizin ruhunu hiss etməmək mümkün deyil. Çünki həmin torpaqların hər qarışında onların adı, fədakarlığı, igidliyi yaşayır.
Bu Vətən, bu torpaq mənimdi deyib,
Üstündə vüqarla gəzdi Şəhidlər.
Əyninə qanından bir köynək geyib,
Düşmənin yolunu kəsdi Şəhidlər.
Məhz buna görə 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə ehtiramın, onların qarşısında mənəvi borcun ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilib. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinə dərin ehtiramın ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi hər il sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunur.
44 gün… Bu günlər Azərbaycan xalqının tarixində bütöv bir epoxaya sığacaq qədər böyük hadisələrlə yadda qaldı.
Əllərdə bayraq, dillərdə “Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey Vətən üçün”, “Öldü var, döndü yoxdur” və s. şüarları ilə küçələrə axışdıq. İnsanlar həm sevinc, həm kədər hissini eyni anda yaşayırdılar.
Müharibə bitdi. Amma Zəfər yolunun yeni mərhələsi başladı. İşğaldan azad edilmiş ərazilər Azərbaycan xalqını ağır mənzərə ilə qarşıladı. Viran edilmiş şəhərlər, dağıdılmış kəndlər, məhv edilmiş tarixi və dini abidələr, minalarla çirkləndirilmiş torpaqlar… İndi qarşıda növbəti vəzifə dayanırdı - həmin torpaqlarda həyatı yenidən canlandırmaq.
Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başladı. Yeni yollar çəkildi, hava limanları istifadəyə verildi, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edildi. Bir vaxtlar düşmənin xarabalığa çevirdiyi şəhərlərdə yenidən həyat canlanır.
Azərbaycan Ordusunun şəxsi heyəti də, öz növbəsində, işğaldan azad olunmuş ərazilərdə Vətənimizin keşiyində ayıq-sayıq dayanaraq genişmiqyaslı bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa öz layiqli töhfələrini verməkdədir.
Zəfərin ən böyük mənalarından biri yalnız şəhərlərin yenidən qurulması deyildi. Ən böyük sevinc illərlə doğma yurdunun həsrətini çəkən insanların öz evlərinə qayıtması oldu.
Bir vaxtlar doğma kəndindən, şəhərindən zorla çıxarılan, didərgin salınan insanlar illər sonra həmin torpaqlara qayıtdılar. Bir zamanlar yalnız xəyallarda canlandırılan mənzərə gerçəyə çevrildi: Qarabağın və Şərqi Zəngəzurun kənd və şəhərlərində yenidən həyat canlandı, toy-bayram səsləri eşidilməyə başlandı.
Beləliklə, 27 sentyabrda başlayan yol Böyük Qayıdışla davam edir.
Lakin tarixi proses bununla da yekunlaşmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlayan, 23 saat davam edən antiterror əməliyyatı Azərbaycanın dövlət suverenliyinin tam bərpa edilməsi ilə nəticələndi. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamında da bu hadisə dövlət suverenliyinin bərpası kimi təsbit edildi və sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan olundu.
Beləliklə, 27 sentyabr 2020-ci ildə başlayan yol 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası ilə yeni tarixi mərhələyə çatdı.
Bu gün Azərbaycan Bayrağı ölkəmizin bütün ərazisində olduğu kimi, azad edilmiş torpaqlarımızda da dalğalanır. Bu qürurun arxasında Azərbaycan hərbçisinin fədakarlığı, xatirəsi əziz olan şəhidlərimizin igidliyi, döyüş əməliyyatları zamanı sağlamlıqlarını itirmiş silahdaşlarımızın şücaəti dayanır.
Bu gün 27 sentyabr tarixini müharibənin başladığı gün kimi xatırlamırıq. Biz o payız səhərini, ilk şəhidlərimizi, sağlamlıqlarını itirən döyüşçülərimizi, “Qarabağı azad etməmiş gəlmə”, - deyərək övladını cəbhəyə yola salan analarımızı da, oğlunun nəşini çiyinlərində daşıyan atalarımızı da, həyat yoldaşlarını itirməklərinə rəğmən dik durmağa çalışan şəhidlərimizin xanımlarını da, atasının yolunu gözləyən, lakin onun qayıtmayacağını illər sonra dərk edən şəhidlərimizin əmanətlərini də xatırlayırıq. Çünki Anım Günü yaddaş günümüzdür.
Buna görə 27 sentyabrda qalib xalq kimi başımızı dik tutaraq qürur duyur, lakin, eyni zamanda, şəhidlərimizin əziz xatirəsi, ölməz ruhları qarşısında ehtiramla baş əyirik.
Uğrunda canınızı qurban verdiyiniz Vətən bu gün bütövdür, igid qardaşlarımız. Dövlətimizin başçısının dediyi kimi: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Elçin İMANOV “Azərbaycan Ordusu”